03 Iyun 2025 14:37
552
İDMAN

Taleh Məmmədov:""Döyülən Taleh" mən deyiləm, bu jurnalist səriştəsizliyidir"

Artıq bir neçə gündür ki, bütün bildiyiniz sosial şəbəkələr Ağdamda dünya çempionunun bir neçə nəfər tərəfindən döyüldüyünü yazır. İş o yerə çatıb ki, ciddi media orqanları da şəkil, video, şahid fikirləri olmadan , xəbərin dürüstlüyünü yoxlamadan bu xəbəri öz səhifələrində paylaşıblar.
Söhbət Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədovdan gedir.
Desinformasiya yayan sayt və sosial şəbəkələr iddia ediblər ki,  güləş  üzrə dünya çempionu, güləş üzrə Gəncə şəhər çempionu və Avropa üçüncüsü Taleh Məmmədov Ağdam rayonun Qızılı Kəngərli kəndində bir neçə nəfər tərəfindən döyülüb.
1-cisi: Xəbəri yazan səriştəsiz jurnalist idmançının özündən açıqlama almamış yazını sayta qoyur! Görəsən ağlı da kəsmir ki, güləş üzrə dünya çempionunu döymək üçün sıradan , adi adamın neçəsi o əlbəyəxa döyüşə girməlidir ki, Taleh kimi güclü bir idmançını döyə bilsin? Ən azı 10-12 nəfər...

Hadisəni  guya "ətraflı "yazan jurnalistlər idda edib ki, kənd ərazisindəki şirkətlərdən birinin həyətində maşın saxlayarkən şirkətin anbar müdiri Ruhil adlı şəxs ona avtomobili həyətdən çıxarmağı tələb edib. Anbar rəisi ilə dünya çempionu arasında mübahisə yaranıb və nəticədə, Ruhil Taleh Məmmədovu qəfil vuraraq yerə yıxıb. Daha sonra şirkətin Saleh adlı direktoru hadisə yerinə gələrək yerdən götürdüyü bel və dəyənəklə Talehə zərbələr endirərək onun qalxmasına mane olub. Şirkətin digər işçiləri də direktor və anbar rəisinə köməyə gələrək, dünya çempionunu dəyənək və bellə döyüblər.


2-cisi: Bilirsiniz bu Taleh hansı Talehdi? 2022-ci ilin 12-14 sentyabrında Ermənistan silahlı qüvvələrinin bölmələri qəflətən, xaincəsinə Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdi, döyüşlər zamanı Ordumuzun 80 hərbi qulluqçusu şəhid oldu, 282 döyüşçümüz isə yaralandı . Bax həmin günlərdə - 22 sentyabrda Belqraddakı dünya çempionatında Ermənistan təmsilçisi Hraçya Poqosyanla qarşılaşan, qəzəbindən Hraçyanı quçağına alıb , yerə çırpan, 10:4 hesabı ilə qalib gələrək bürünc medal qazanan Talehə Ağdamda, Qarabağda kiminsə əli qalxıb, zərbə vurardımı? Heç vaxt!

Ağına-bozuna baxmadan, faktı araşdırmadan, mənsub olduğu saytı gözdən salan jurnalistdən əlimizi üzüb, Taleh Məmmədovun özü ilə əlaqə saxladıq.
Taleh Məmmədov çoxdandır Bakıdan kənara çıxmadığı halda , bu şayiənin haradan qaynaqlandığını bilmədiyini söylədi: " Məlumatı mənə məşqçimiz deyəndə"elə şey olmayıb" dedim və fikir vermədim. Sabahı günü qohumlarım, tanışlarım , dostlarım ard-arda zəng vurub narahatlıqlarını bildirdilər. Bacımın , qardaşımın narahatlığı düzü məni üzdü. Anam həyəcanlanmışdı, elə bilirdi doğrudan məni döyüblər, mən bunu ondan gizlədirəm. Anamın kövrəlməsindən sonra mən də narahat oldum. Xəbər bu qədər adamı məşğul etmişdi, nigarançılıq yaratmışdı. Xəbəri paylaşanalara, Tiktok səhifəsində təntənəli şəkildə sərgiləyənlərin telefon nömrəsini bilmədim ki, məlumatın yalan olduğunu çatdırım. Mövzu da beləcə sürətlə yayıldı.


- Sizcə, bu xəbər tək bu səbəbdən  belə sürətlə yayıdı?


- Tək səbəb bu deyil. Həm də indi hamı özünü jurnalist kimi aparır. Bir xəbər olan kimi çıxıb öz sosial platformasında danışır. Faktı yoxlamır, kimin kim olduğunu bilmir. Təki tiktok səhifəsinə baxış çoxalsın, hədiyyə yağsın. Hansı kənddəsə bir Taleh Məmmədov döyülübsə, o Taleh Məmmədov sosial istifadəçilər tərəfindən maraq kəsb eləmir. Ona görə də "döyülən Taleh"in qarşısına bir "güləşçi" sözünü əlavə edirlər və "xəbər "partlayır". Məni də kifayət qədər tanıyan olduğu üçün xəbər bir çoxunu narahat edir, təəssüfləndirir, elələri var ki, hətta qəsdən məni gözdən salmaq üçün bunu yayır, paylaşır. Aydındır ki, həm də bu üzdən "döyülmə" xəbəri sürətlə yayıldı.


- Taleh bəy, Allah eləməsin, birdən elə bir situasiya ilə qarşılaşdınız, dalaşarsınız?


- Qətiyyən, heç vaxt özümdən gücsüz insanlara əl qaldırmaram və qaldırmamışam. Birdə ki, danışmaq, problemi çözmək qabliyyətimiz varkən yumruğa nə ehtiyac?Tanıyanlar bilir ki, qazandıqlarımla dikbaşlıq etməmişəm, Azərbaycanın hansı bucağında , hansı elində-obasında olmuşamsa, hər zaman özümə qarşı bir hörmət, bir doğmalıq görmüşəm.

Qeyd edək ki, Hraçya Taleh Məmmədovun yeganə erməni rəqibi deyil. O , 2019-cu ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 2019 -Güləş üzrə Avropa Çempionatında - 63 kq çəkidə bürünc medal qazandığı  görüşdə, Ermənistan güləşçisi Slavik Qalstyanı məğlub edib.


Əntiqə Rəşid