Azərbaycan klublarının Avropa macərası

Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda keçirilən futbol üzrə Azərbaycan kubokunun finalı olduqca gərgin və maraqlı oldu. “Sabah” əzmkarlıq nümayiş etdirərək son çempion “Qarabağı” 119-cu dəqiqədə vurduğu qolla məğlub etdi və kubokun 10-cu sahibi oldu. Bundan sonra ölkəmizi avrokuboklarda təmsil edəcək komandaların tam siyahısı məlum oldu.
Finalda məğlubiyyətə baxmayaraq, “Qarabağ” yenə də Çempionlar Liqasında gücünü sınayacaq.Ölkə liqasını 89 xalla 1-ci pillədə başa vuran Qarabağ Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.Hər il olduğu kimi, bu il də “Qarabağ”a ümidlər böyükdür.Lakin, transfer yoxluğu və gözlənilməz “Sabah” məğlubiyyəti azarkeşlərdə müəyyən suallar doğurur.
"Köhlən atlar"ı məğlub edərək adını tarixə salan masazırlılar tarixində ilk dəfə Avropa liqasında iştirak etmək hüququ qazanıb. "Bayquşlar" indiyədək 23/24 və 24/25 mövsümlərində Konfrans liqasının təsnifat mərhələsində çıxış ediblər. Təcrübə baxımından düşünsək, bunu olduqca az qiymətləndirmək olar.Həm də bir məqam da var ki, “Sabah” bu mövsüm qeyri-stabil çıxış edib və liqanı 5-ci pillədə başa vurub.Gözlənilməz məğlubiyyətlər, xal itkiləri klubda bir növ inamsızlıq yaradıb. Mövsümün uğursuzluqlarını unutmaq istəyən “Bayquşlar” Avropa liqasında çıxışına böyük ümidlər bəsləyir. Komanda kifayət qədər səviyyəli futbolçulara sahibdir. Üstəlik daha güclü heyətin formalaşdırılacağına dair mesajları da var. Əgər baş məşqçi mövzusunda da “Sabah” uğurlu olsa, qrup mərhələsinə də iddia edə bilər. Diqqətçəkən məqam budur ki, komandanın potensial rəqibləri arasında böyük adlar var. Ona görə də püşkatma onların iddiasına təsir edə bilər.
74 xalla liqanın 2-ci pilləsində qərarlaşan "Zirə" mövsümün sonuna bir neçə tur qalmış Konfrans liqasında iştirakı təmin etmişdi. Bu, "Qartallar"ın ilk təcrübəsi deyil. Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda dəfələrlə avrokuboklarda çıxış edib və müəyyən bir təcrübəyə malikdir.Onlar ötən yay pleyy-offa qədər irəliləmişdilər.İndi isə hədəf daha böyükdür- qruplarda çıxış etmək. Qəsəbə təmsilçisi yaxşı oyun sisteminə malikdir.Hər şey istədiyimiz kimi alınsa bu yay “Zirə”ni Konfrans liqasının daha üstün mərhələlərində görə bilərik.
Avropaya yollanacaq son klub "Araz-Naxçıvandır". Mövsüm ərzində əzmkar futbol nümayiş etdirən "Boz Qurdlar” liqanı 58 xalla 3-cü pillədə başa vurub. Bu, Naxçıvan təmsilçisinin ilk Avropa macərası olacaq. Elmar Baxşıyevin yetirmələri eyni əzmkarlığı Avropada da nümayiş etdirə bilsə, bu futbolumuz adına böyük töhfə olar.Baxşıyev bacarıqlı və savadlı məşqçidir.Bu səbəbdən futbol ictimaiyyəti ona inam bəsləyir.Klub rəhbərliyinin isə illərlə toplanan təcrübəsi var.
Transferlər və azarkeş dəstəyi olsa, biz bu yay maraqlı oyunlara şahid ola, şansımız da gətirsə yeni bir tarix yaza bilərik.Təbii ki, bütün bunlar sadəcə təxəyyüldür və olacaqları görmək üçün təsnifat mərhələsinin ilk matçlarını-iyul ayının əvvəlini gözləməliyik.
Rafael Məcidov
Digər Xəbərlər

"Oyunçularım nələr istədiyimi bilirlər" - Fernandu Santuş

Mbappedən daha bir rekord

Millətlər Liqası: İspaniya Fransaya qalib gəldi, finala adladı

Millətlər Liqasında ikinci finalçı müəyyənləşir - İspaniya Fransaya qarşı

Portuqaliya Almaniyanı məğlub edərək finala yüksəldi - VİDEO

Millətlər Liqasında yarımfinal həyəcanı - Almaniya Portuqaliya ilə üz-üzə

"Araz-Naxçıvan" onlarla yeni müqavilə imzaladı
