25 Noyabr 2023 13:47
1227
ƏDƏBİYYAT

“Müşfiqin “Yenə o bağ olaydı” şeirinin ünvanı o xanım idi...”- Turan xanım

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında  xatirə yazılarına start verib.

Əvvəli ötən sayımızda....

Turan xanımın müsahibəsini davamını təqdim edirik:

- Ömər Faiq Nemənzadəni xatırlayırsınız?

- Yaxşı xatırlayıram. Get-gəlimiz vardı. Orta boylu bir adamdı. Evləri Nizami küçəsiynən indiki Səid Rüstəmov küçəsinin kəsişdiyi yerdəydi.

Amma çox təəssüf ki, belə bir şəxsiyyətin yaşadığı binaya adi bir xatirə lövhəsi də vurulmayıb. 

- Müşfiq onlardan xeyli gənc olub. Dostluqları necə tuturdu? 

- Müşfiq Cavidi hədsiz istəyirdi. Müşfiq üçün göydə Allah, yerdə Cavid vardı. Cavid də Müşfiqə xüsusi məhəbbət bəsləyib. Müşfiqin şairliyi Cavid üçün çox qiymətliydi. Evimizə də ən çox Müşfiq gəlib-gedərdi. Cavidin olduğu məclislərdə onun şeirlərini yalnız Müşfiq oxuyardı. Hafizəsi qeyri-adiydi. Cavid isə öz şeirlərini əzbər söyləməzdi. Heç bəlkə öz şeirlərini əzbər bilmirmiş. Hər halda, öz şeirlərini əzbərdən dediyinin şahidi olmamışam. 

- Müşfiqi sonuncu dəfə nə vaxt gördünüz?

- 1937-ci ildə. İndi Nizami heykəlinin yerləşdiyi ərazidə, Azərnəşrin yanında. Mən “Ədəbiyyat qəzeti”ni alıb evə gəlirdim. O isə iş yerinə - Azərnəşrə gedirdi. Artıq qəzetlərdə Cavidə qarşı hücumlar başlanılmışdı.Görüşdük. Dərslərimlə maraqlandı. Cavidi soruşdu.

- “Yenə o bağ olaydı” şeirinin yaranması barədə qəribə söhbətlər danışılır.

- Səbəbsiz deyil. Bağ mövsümlərinin birində Müşfiq Arifə Məmmədxanlını sevmişdi.  Ənvərin bacısı Arifəni. “Yenə o bağ olaydı” şeirinin obyekti də Arifəydi. Bunu mənə Həbibə söyləmişdi. Sonralar məlum oldu ki, Arifə ərə getməzdən qabaq ələ keçməsin deyə “Yenə o bağ olaydı” şeirinin əlyazmasını məhv edib. Həmin əlyazmanı Müşfiq özü vermişdi Arifəyə. Arifəgilin evi İçərişəhərdəydi. Dərsdən gələndə bir neçə dəfə Müşfiqlə rastlaşmışdı. Belə təsadüfi görüşlərin birində Müşfiq “Yenə o bağ olaydı” şeirinin əlyazmasını Arifəyə verir. Arifə isə bunu heç kəsə, hətta Həbibəyə də göstərmir. Həbibə bunu mənə danışanda çox təəssüfləndim. Heç olmasa şeiri mənə verəydi, heç kəsə göstərməyib saxlayardım. 

- Ənvər Məmmədxanlı bunu bilirdi?

- Yox. Axıra qədər bilmədi, yox, yox, nə Ənvər, nə də Rəsul bunu bilmədilər. Amma sonralar, deyəsən, Həbibə Anara söyləmişdi. 

- Deməli, “Yenə o bağ olaydı” şeirinin “obyekti” Arifə Məmmədxanlıdı?

- Dəqiq o idi. Bir də axı ordakı sözlər, bənzətmələr də Müşfiqin qanuni arvadına uyğun gəlmir. Sonralar çoxları bunu öz adına çıxdı. 

- Ənvər Məmmədxanlıyla Müşfiq yaxın olublar?

- Çox yaxın. Müşfiq Ənvərin anasını öz doğma anası kimi əzizləyirdi. Elə İmmihani xanım da mehrini ona salmışdı, axı Müşfiq anasını çox erkən itirmişdi. İmmihanı xanım da ciddi, möhkəm xarakterli qadın idi. Böyük bacısı Rəsulun anası Məryəm xanım isə xeyli mülayim, zarafatcıl, açıqdanışan idi. Zahirən də çox fərqlənirdilər. Amma hər ikisi gözəl insanlardı. 

- Seyid Hüseyn daha təmkinliydi,-dediniz. Qumral Sadıqzadı atalarınızın çox yaxın dost olduqlarını yazır. 

- Çox yaxın dost idilər. Seyid Hüseyn Məhəmməd Əmin Rəsulzadənin bacanağıydı, xanımı Ümmi Gülsüm Əmin bəyin xanımı Ümmül Bənin bacısıydı. Cavid 1918-ci ildə Bakıya köçəndən sonra Mişkinaz xanımla Bakıda ilk yay mövsümünü Seyid Hüseynin Novxanıdakı bağında keçirib. Seyid Hüseynin evi İçərişəhərdəydi. Müntəzəm görüşərdilər. İçərişəhər Cavidin tez-tez baş çəkdiyi başqa bir ev isə Mirmöhsün ağanın eviydi. Mirmöhsün ağaya böyük ehtiramı vardı. Ağanın qardaşı oğluyla da yaxın dost idilər. 

- Sağlığında Cavidin adını daşıyan məktəb varmış...

- Orta məktəbdi. Qızlar təhsil alırdılar. Bu barədə Kövsəb Səfərəliyeva öz xatirələrində geniş yazıb. Məktəbdə Cavid gecəsi keçiriblər. Tədbir ərəfəsində Nəriman Nərimanov məsləhət görüb ki, qızlar Cavidin əsərini hazırlasınlar. Onlar da “İblis”i tamaşaya qoyublar. Gecəsin döş nişanı da olub. İndi həmin nişanlardan biri muzeydədi. Ümumiyyətlə, baba gənclərin təhsilinə xüsusi diqqətlə yanaşırdı. Eşitdiyimə görə, o illərdə Bakıda Hüseyn Cavid adına Xeyriyyə Cəmiyyəti də fəaliyyət göstərib. 

- Xeyriyyə Cəmiyyəti?

- Bəli. 

- Evinizdə telefon vardı? 

- Yox. Pənah Qasımovgil köçənə qədər onların telefonundan istifad edirdik. 

- Yaşadığınız binada həm də Mərkəzi İcraiyyə Komitəsi yerləşib. Cavid rəsmi dövlət aparatının fəaliyyət göstərdiyi binada yaşamaqdan sıxılmırdımı?

- 1992-ci ildə seminariya başqa yerə köçürüldü. Mərkəzi İcraiyyə Komitəsinin sədri Sultan Məcid Əfəndiyev Cavidə xüsusi rəğbət bəsləyirdi. Cavid yeni ev təklif etmişdi. O isə burdan köçmək istəmirdi”.

 

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn