adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Mart 2023 16:13
303
GÜNDƏM

Toyunda özünə şəhidlik arzuladı, Xocalı qurbanlarının qisasını aldı, ermənilər başına pul qoydu...  

Xəbər verdiyimiz kimi bu gün 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan, Xüsusi Təyinatlı gizir Pəncəli Nurməhəmməd oğlu Teymurovun doğum günüdür. 

Adalet.az şəhid Pəncəli Teymurov haqqında maraqlı faktları təqdim edir:

Pəncəli Teymurov 1981-ci il martın 24-də  qarlı bir gündə Astaranın Əzərüd kəndində anadan olub. Atası ona dostu Pəncəlinin adını qoyub. Pəncəli orta məktəbi bitirdikdən sonra 1999-cu ildə hərbi xidmətə yollanıb. O, kəşfiyyatçı kimi hərb sənətinin sirlərini öyrənib. Hələ uşaq ikən Xocalı faciəsində ermənilərin azərbaycanlıları qətlə yetirməsindən sonra hərbçi olmağa və düşməndən qisas alacağına söz verir. Pəncəli 17 il Azərbaycan Ordusunda xidmət edir. 

Bu qisas 2015-ci ildə baş verir. O, həmin il kəşfiyyat qrupu ilə 4 erməni zabitinin və 20 əsgərin olduğu “Ural” markalı maşını partladaraq düşməni məhv edir. Bu hadisədən sonra ermənilər Pəncəlinin başına 1 milyard dram pul qoyurlar, amma nə qədər çalışsalar da onu ələ keçirə bilmirlər. Üstəlik ermənilər Pəncəlini tutmaq üçün pusquya salır, amma o isə 21 gündən sonra pusqudan çıxaraq düşməni təəccübləndirir. Bu əməliyyatına görə Pəncəli ölkə başçısı tərəfindən “İgidliyə görə” medalıyla təltif edilir. 


 

Deyilənlərə görə Pəncəli düşmən tərəfə keçərək erməni kafesində çay içdikdən sonra masanın üstünə Azərbaycan pulu qoyaraq oradan gedib. Pəncəli yeganə şəhiddir ki, öz toyunda özünə şəhidlik arzulayıb. Onun toyunu isə tanınmış müğənni Manaf Ağayev aparıb. O, 2013-cü ildə toyunda çıxışı zamanı bunları deyib:

 “Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”. 

Bu çıxışından cəmi 3 il sonra, 2016-cı il Şanlı aprel döyüşlərində Pəncəli arzusunda olduğu şəhidlik zirvəsinə ucalır. Müğənni Manaf Ağayev Pəncəlinin yas mərasiminə gedir, məzarı başında “Vətən oğlu” mahnısını oxuyur. Müğənni əməkdaşımızla söhbəti zamanı deyib ki, Pəncəlinin toyunda ona verilən pulu yas mərasimində valideynlərinə qaytarmaq istəyib, amma şəhidin ata-anası buna razı olmayıb. Çox təəssüf ki, şəhidimiz ailə qursa da, övladı olmayıb.

Pəncəli xidmət etdiyi illər ərzində “İgidliyə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” ikinci dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli, “Azərbaycan Ordusunun 90 illik yubiley” medalı və “Azərbaycan Ordusunun 95 illik yubiley” medallarıyla təltif edilib. 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn