Sözümüzün və ömrümüzün Çiçəyi - Tural ADIŞİRİN yazır

Ulu diyarımız Gəncədən sözümüzə və ömrümüzə bəzək vuran bir Çiçək boylanır. O, könül dünyamızda taxt quran, ömrümüzə, günümüzə varlığıyla yaraşıq verən Çiçək Mahmudqızıdır. İllərdir ki, yorulmaq, usanmaq bilmədən milli-mənəvi dəyərlərimizin keşiyində duran, milli-mənəvi dəyərlərimizi bitməz-tükənməz eşq ilə fədakarcasına təbliğ edən, yaşadan Çiçək Mahmudqızı..
Onun rəhbəri olduğu “İncəgülü”, “Könül körpüsü” musiqili-bədii layihələri milli ədəbiyyatımızın, ozan-aşıq sənətimizin qorunmasına, inkişafına və yaşamasına ən böyük xidmətdir.
Müsahibələrinin birində Çiçək Mahmudqızı özünü könül qulu, söz qulu, eşq qulu adlandırır. Özünü ulu SÖZə qul bilənlər hər zaman uca söz tərəfindən zirvələrə qaldırılıb, adı dillər əzbəri olub. Bu gün sözün həqiqi mənasında Çiçək Mahmudqızı ismi, Çiçək Mahmudqızı sözü, səsi onu sevənlərin, tanıyanların dilində ballanır. Çiçək Mahmudqızının apardığı layihələr, ədəbiyyat, söz naminə gördüyü misilsiz işlər ona sonsuz sevgilər qazandırıb, könüllərdə yeri ən uca zirvədə qərar tutub, ünvanına onlarla şair şeir, nəğmə qoşub. Deyərdim ki, Çiçək Mahmudqızı ona ünvalanan bal kimi çiçəkli sözlərin hər birinə layiqli addır.
Çiçək Mahmudqızı imzası şeir, ədəbiyyatsevərlər, ədəbi cameə üçün də tanışdır, doğmadır. İllərlə ömrünü, gününü saza, sözə hazırladığı verilişlərə qurban versə də, Çiçək xanım öz şeirinin odunda da odlanmağı bacarıb. Müasir qadın şairlərimiz içində onun da öz çəkisi, söz çəkisi vardır.
Çiçək Mahmudqızı sözünün mayası, şəhdi-şəkəri qolça qopuzdan, qaraca sazdan, İncə dərəsinin havasından, sufi-ürfani düşüncədən gəlir. Onun şeirlərinin öz ahəngi, öz ritmi, öz aurası vardır. Çiçək Mahmudqızı poeziyasında sazımızın, sözümün yaddaşı, xalqın yaddaşı əks olunur.
Sözümüzün, sazımızın yaddaşı qədər bizə doğma, əziz olan Çiçək Mahmudqızının 60 illik yubileyini qutlayır, ona möhkəm cansağlığı arzulayıram. Sazımızın, sözümüzün uca dostuna salam olsun!
AMEA-nın Şəki REM-nin elmi işçisi,
Gənc Alim və Mütəxəssislər Şurasının sədri