Şəhidlərimizi tanıyaq, tanıdaq!

İkinci Qarabağ savaşının üçüncü günü Babayevlər ailəsinə qara niyətli, qara rəngli xəbər gəldi: İgid kəşfiyyatçı zabit Ramil Babayev öz bölüyü ilə Murovdağ uğrunda gedən ağır döyüşdə şəhid olub. Ancaq al bayraqlı tabutunun yolu çox uzun oldu – 4 ay. Dörd ay yol gözlədi dərdli ana, beli bükülmüş ata, yarıtmadığı yarı, körpə Mədinəsi, ölümündən sonra dünyaya gələcək , adını daşıyacaq oğlu...
Babayev Ramil Taqət oğlu
Vətən müharibəsinin qəhrəman şəhidi kapitan Ramil Taqət oğlu Babayev
1991-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. Onun 5 yaşı olarkən ailə rayon mərkəzinə köçüb və Ramil ilk təhsilini Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə alıb. Doqquzuncu sinfi bitirdikdən sonra Ramil öz istəyi ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verir və müvəffəqiyyətlə liseyə qəbul olur. Daha sonra təhsilini H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirərək oranı da müvəffəqiyyətlə bitirərək zabit rütbəsi alır. Xidmətə ilk olaraq Goranboy rayonunda başlayan Ramil Vətənə ləyaqətlə xidmət edir, dəflərlə komandirləri tərəfindən mükafatlara layiq görülür. Ramil Babayev Vətən müharibəsinin ilk günündən kəşfiyyatçı kimi Quru Qoşunlarda döyüşə qatılır. O, sentyabrın 29-da Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşür.
Müharibənin ilk günlərindən barəsində heç bir məlumat olmayan Ramil Babayevin nəşi ölümündən 4 ay sonra 2021- ci ilin yanvarın 31-də ailəsinə təhvil verilir və həmin gün də rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılır.
Vətən müharibəsində göstərdiyi rəşadətə görə Ramil Taqət oğlu Babayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Ramil ailəli idi, onun bir qızı və ölümündən sonra dünyaya gələn bir oğul övladı bizlərə yadigar qalıb. Körpəyə şəhid atasının adı verilib.
***
Əbu Turxanın belə bir müdrik kəlamı var: “ Hər bir insan ancaq öz boyuna biçilmiş bir həyat yaşayanda xoşbəxt ola bilər.” Ramilin boyuna uca Tanrım ölümlərin ən şərəflisini, hətta həyatdan da dəyərlisini – Şəhidliyi biçdi. Dahi şairimiz Hüsey Cavidin təbirincə desək:
Ölüm var ki, həyat qədər dəyərli!
Həyat var ki, ölümdən də zəhərli!...
Ramil kimi igid oğulların Şəhadətə yüksəlməsi dahi şairimizin kəlamının gerçəkliyinin isbatıdır...
Sənin ölümün bir ayrı cür oldu, Ramil. Sənin bayraqlı tabutunun yolu çox uzun oldu, günlər, həftələr, hətta aylarla yol gözlədik. İtgin siyahılar arandı, adsız məzarlar soraqlandı...Yarın, bacın sağ xəbəri çıxacaq, - ümidilə nəzir-niyaz götürdü. Ayları ötürdükcə atan, qardaşın dilinə gətirməsə də, tabutuna qurban götürdü... Anansa sən gedən yollara boylanıb, asta-asta oxşadı:
Karvan gedir, haxlayın,
Kimsə qalar, yoxlayın!
Balam itgindən dönsə,
Məni muştuluxlayın...
İlhamə Babayeva - Ramilin anası: Ramil körpəlikdən göyçək, sarışın, toppuş uşaq olub. Kəsik-kəsik, şirin danışığı, məzəli hərəkətləri hamıya maraqlı gəlirdi. Qohum-qonşunun, tanış-bilişin sevimlisinə çevrilmişdi. Qucaqdan düşməzdi. Sağlam uşaq olub, heç ağlamayıb, xəstələnməyib, bizi incitməyib. Kənddə doğulmuşdu. Dörd-beş yaşı olanda köçdük rayon mərkəzinə, indiki evimizə. 6 yaşı olandan sonra şəhər 1 saylı məktəbdə I sinfə apardım. Mən sinif otağından çıxanda dalımca ağladı, əlimi buraxmadı. Məcbur olub 1 həftə oturdum yanında. Sonra uşaqlara, müəllimə öyrəşdi. Yaxşı oxuyurdu, əlaçı idi. Şərəf lövhəsində şəkli vardı. Yuxarı siniflərdə əlaçı olmasa da, 4-5 qiymətlərlə oxuyurdu. Ramil müharibə filmlərinə çox baxırdı.Uşaq vaxtı da avtomat, tapança, tankla oynayardı. Doqquzuncu sinfi bitirəndə sənədlərini C.Naxçıvanski adına hərbi liseyə vermək istədi. Müəllimləri dedilər ki, çox yaxşı oxuyur, başqa sənət seçə bilər. Nə bizi, nə də müəllimlərini eşitdi. Sənədlərini hərbi liseyə verdi və qəbul oldu.
Ramilin idmana çox həvəsli idi. Orta məktəbdə oxuyanda idman kompleksinə gedir, yarışlarda iştirak edirdi. Hərbi liseydə də idmanla çox məşğul olurdu, normativləri yerinə yetirirdi. İctimai işlərdə iştirak edirdi. Valideyn yığıncaqlarına gedirdim ildə bir dəfə. Haqqında ancaq tərifli sözlər eşidirdim. Hərbi liseyi qurtarıb sənədlərini Hərbi Akademiyaya verdi. Atası adını qəbul olanların siyahısında görə bilmədiyini mənə zəng edib deyəndə, pis olmadım, əksinə, ürəyimin dərinliyində buna sevindim. Sonra Ramil zəng vurub deyəndə ki, qəbul olmuşam, susdum.
- Ana, sevinmədin deyəsən? - soruşdu.
- Niyə ki? Allah işini avand eləsin! – dedim.
Akademiyada da əla qiymətlərlə oxudu. Yaxşı sorağın alırdıq ancaq. Leytenant rütbəsi ilə Akademiyanı bitirib, diplomunu aldı. Diplomunu evə gətirəndə həm sevindim, həm də ağladım. Oğlum zəhmətinin bəhrəsini görmüşdü. Bu təbii ki, məni sevindirirdi. Ancaq onun həyatını ömürlük hərbi işə bağlanmasına kədərlənirdim. O, artıq mənim deyildi, Vətənin əsgəri idi...
Gündüzlər başım qarışır, özümü toxtaq tuturam. Amma gecələr Ramilin körpəliyindən son günlərinədək bütün hərəkətləri gözümün qabağından kino lenti kimi gəlib keçir. İndi mənim təskinliyim , həmdəmim həmin xatirələrdi: Bir dəfə kəndə xəbər yayıldı ki, həkimlər evbəev gəzib uşaqlara peyvənd vuracaqlar. Həkim briqadası həyətə girən kimi uşaqları çağırıb sıra ilə peyvənd vurdurduq. Ramil əlimizdən çıxıb qaçdı. Nə qədər qovdum tuta bilmədik. Ramil qaçıb neft çəlləyinə girmişdi. Yaxşı ki, çəlləkdə neft az imiş. Yoxsa uşaq iydən boğulardı. Həkim gedən kimi çəllək aşdı və Ramil çölə çıxdı. Yenidən tutmağa cəhd etdik ki, həkimi geri qaytaraq, yenə qaçdı. Bir evin külfəti, qonşular nə qədər cəhd etsək də Ramili tuta bilmədik.
Ramilin uşaqlığı nə qədər dəcəl, şıltaq olsa da, eyni zamanda, çox qayğıkeş, istiqanlı, qohumcanlı, qonaqpərvər idi. Hamı ilə maraqlanar, can yandırardı. Keçən yayda Goranboyda - Ramilin yanında idim. Qardaşım qızı zəng vurub dedi ki, bibi, anam qəza keçirib, vəziyyəti pisdi. Mən Ramilə zəng vurub dedim ki,təcili rayona qayıtmalıyam. 5-10 dəqiqə sonra maşın qapıda dayandı. Sürücüyə bildirdi ki, bir saata rayona çatmalıyıq. Yolda radara düşdük, polis saxladı, düşüb nə dedisə, polislər çest verdilər. Maşına oturan kimi:
- Sür, dediyim kimi, bir saat ərzində Kürdəmirdə olmalıyıq. Elə də oldu. Qardaşımın yoldaşını təcili yardımla Bakıya apardıq...
Ramil işi, işinin çətinlikləri barədə heç vaxt danışmazdı. Bu mövzuda sualları heç vaxt cavablandırmaz, araya söz qatardı. Mən kəşfiyyatın nə qədər çətin olduğunu bu 4 ayda onu axtaran zaman danışılanlardan eşitdim. Ramil heç vaxt işin asanına getməzdi. Hər şeyi çətinliklərlə əldə etməyi, əziyyətlə qazanmağı sevirdi, bundan zövq alırdı. Aprel döyüşlərində iştirak etməsindən, Lələtəpə uğrunda döyüşməsindən bir il sonra xəbər tutduq, bizə sonralar dedi. Ramil erməni dilini təmiz bilirdi, kəşfiyyatçı ixtisası seçəndə öyrətmişdilər. İtkin düşəndən sonra eşitdik ki, o dəfələrlə Ermənistan tərəfə kəşfiyyata keçibmiş...
Evimizə son gəlişi 25 sentyabrda oldu. Mən onlarda idim. Məni rayona gətirəndə hərbi komissarlığın qarşısında çoxlu adam gördük. Səfərbərlik imiş. Məni maşından düşürüb:
- Hərbi komissarlığa baş çəkib gəlirəm, - dedi və sürücüsü ilə getdi.. .
Mən mətbəxdə onlara yemək hazırlayırdım. Qapını açıq qoymuşdum. Ramili ciddi gördüyümdən qulağım onlarda idi. Bilmək istəyirdim ki, orda niyə o qədər adam yığışıb. Sürücü dedi ki, müharibə başlasa öndə biz gedəcəyik. Ramil ona göz vurdu, söhbəti dəyişdilər. Yola salanda narahatlıqla soruşdum:
- Ramil, müharibə başlayacaq? Sizi birinci aparacaqlar?
- Ay ana, nə müharibə? Göz qortuxmaq üçündü, narahat olmağa dəyməz.
Bir də ki, ya öndə, ya arxada, gedəndə hamımız bir yerdə gedəcəyik. Torpağı azad etmək bizlikdi, bizim işimizdi...
( 44 günlük Vətən müharibəsinin kürdəmirli şəhidlərinin qısa, lakin şərəfli həyatından bəhs etdiyim “Ölümü ömür seçənlər” kitabından.)
Filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı
Digər Xəbərlər

Sabah 40 dərəcə isti olacaq

Bəzi rayonlara leysan yağıb, güclü külək əsib

DİN bu sürücülərə müraciət etdi - VİDEO

Milli parklara səfər edən turistlərin sayı artıb

Bakıda çimərlikdəki ilanlar təhlükəlidirmi? – Açıqlama

Bakıda 39, rayonlarda 30 dərəcə isti var - FAKTİKİ HAVA

Xocavənddə bu il 1 552 ev təmir olunacaq
