04 May 2022 13:43
619
MƏMLƏKƏT

Şam ağacında alma bitmir - Kubra Məhərrəmova yazır

Övladlarınızı məhv etməyin

Heç bir imtaham, heç bir imtahanın nəticəsi uşağa travma yaşatmalı deyil! Valideynlər sanki yarışa çıxıb kim öz uşağını daha tez öldürəcək deyə.

Mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib. O, özünü eyvandan aşağı atmışdı.

***

Bir neçə gün əvvəl mamayla kardioloqa getmişdik. Həkimə 15-16 yaşında qız da gəlmişdi. Anasının dediyinə görə qız müəllim yanına, hazırlıqlara gedir və çox yorulur. Ürək aritmiyası təyin oldundu. Həkim də dedi ki, uşağı çox incitməyin. Bu hələ düşünən, uşağa qayğı göstərən valideyndir. Nə qədər ağına-bozuna baxmayan "valideynlər" var.

Bəli, hamı istəyir ki, uşağı ən gözəl ali məktəblərdə təhsil alsın, daha sonra ən gözəl vəzifələrdə çalışsın. Amma hər uşağın bir potensialı var. Biri doğulandan dahi doğulur, kvant fizikası onun üçün 2+2 kimi asan olur. Biri də daha zəif potensialda dünyaya gəlir.

Neynək, öldürək zəifi? Döyə-döyə müəllim yanına göndərib xəstə edək? Ya üstünə o qədər gedək ki, "bizi qohum-qonşuda biabır elədin" deyib uşağı intihara sürükləyək?

Təbiət dediyin bir amil var sonunda. Şam ağacında alma bitmir və bitməyəcək.

Öz eqomuzu, bəhsəbəsliyimizi uşaqların başında nə vaxta qədər sındaracağıq?

Cəmiyyət kütləvi psixoz yaşayır.

Hər kəs "mən daha bahalı maşın alacağam, daha bahalı evdə yaşayacağam, uşağım daha bahalı məktəbdə oxuyacaq və s. " deyir, düşünür və bunu aqressiv hala gətirib.

Lexusdan düşüb moped sürücüsünü döyən adam da bu aqressiyanın nəticəsidir. Mən, mən, mən!!! Daha böyük, daha zırpı, daha yekə!

Biz artıq balaca evlərdə xoşbəxt yaşaya bilmirik. Biz texnikum diplomlu övladımızı sevə bilmirik. Biz hamımız "Forbes" jurnalının üz qabığında olmaq üçün yaranan adamlarıq axı. Nəttər yəni?!

Hər gün daha çox anlayıram ki, mən burada yaşamaq istəmirəm. Bu qədər aqressiya, paxıllıq, neqativ dünyanın heç bir yerində yoxdur.

İnsanlarımız hündür mərtəbəli binalara ona görə köçdülər ki, uşaqlarını oradan öz eqolarına, ad-sanlarına qurban versinlər...