adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Sabirdən Ayxan Ayvaza cavab məktubu

12684 | 2018-01-24 12:31
Ey əzizim, xələfım, mayeyi-izzü şərəfim, ruhi-rəvan, munisi-can, tabü təvan, tazə cəvanım ki, on ildən bəridir ömri-giranmayəmi, yalqız demirəm dinimi, imanını, insafımı, vicdanımı, irfanımı, həm canımı da, cümlə qonum-qonşu deyil, el də bilir ki, sənə vəqf eləyib, şamü səhər, hər nə qədər rəncü kədər, xeyrü zərər, fitnəvü şər səndən ötər dövri-qədərdən yetişibdirsə mənə, canıma minnətlə qəbul etmişəm, ancaq atalıq həqqimin ifası üçün, mehrü məhəbbətlə, nə izzətlə, nə halətlə sənə tərbiyə, təlim edərək, sərv-qədin bəsləmişəm, canü dilimdən səni çox istəmişəm, bir para sırf axmaq olub öz gözünün nura olan sevgili övladını tədrislə təzyi və təzyiq eləyən cahilü gümrah atalar tək səni zindani-mədarisdə müqəyyəd eləyib, elmü maarif deyilən boş, əbəs, insana cəfəng işlər ilə fıkrini, həm əqlini, vicdanını məhdud qılıb ruhunu incitməmişəm, zəhmətinə bitməmişəm, küçədə, bazarda öz qəsdinə iqdam edərək, hər günü bayram edərək, günləri axşam edərək, xoşladığın tək dolanıb, gəzməyinə razı olub, mən səni bir sənətə də qoymamışam, hər gecə hər yerdə qonaq qalmağını, zövqü səfa almağını, zurna, qaval çalmağını xoşlamışam, öz başına boşlamışam, həmd xudayə ki, olubsan belə qüvvətli, məhabətli, şücaətli cəvan, şiri-jəyan, bəbri-bəyan; vəqt о zamandır dəxi bundan belə bir ad çıxarıb, iş bacarıb, ilxı qovub, mal aparıb, dəhrə qiyamət qoparıb, yolları məsdud eləyib, aləmi məhdud eləyib, hasili-məqsud eləyib, sən məni xoşnud eləyib adəti-quldur olasan, yol vurasan, el qırasan, gərçi qaçaqlıqda tutulmaq da var, əmma, onu fikr eyləmə əsla ki, dutulsan, ələ düşsən də tərəhhümlüdür ərbabi-hökümət, sənə eylər hamı hörmət, olasan həbsdə rahət, çörəyin gərm, suyun saf, yerin künci-fərağət, sənə bir kimsədə cürət olamaz etsin əziyyət, nola bir gün düşə fürsət qaçasan qurtarasan həbsdən; əlbət ki, əgər qaçmağa da olmaya imkan, işini qət edə divan, olasan əhli-pasilyan, nə qəmin var, sənə qurban ki, о yerlərdə nə çoxdur sən özün xoşladığın Sonya kimi qünçə-dəhən, sim-bədən, rəşki-çəmən, zülfü səmən, gözləri ahuyi-xütən, göpgözəl, ağappaq, о ismətli, vəcahətli, səbahətli, məlahətli madamlar, birin əlbəttə alarsan, desə rus ol, nə çətin şeydir, olarsan, dəxi bir xaç da salarsan, bu əməldən ucalarsan....


İvan namın alarsan,

Amilyanov olarsan,

Nə qədər olsa da ömrün

О yerlərdə qalarsan.

TƏQVİM / ARXİV