13 Iyun 2024 12:14
10117
MÜSAHİBƏ

"İlk pilotumuz Vaqif Qurbanov sağdırmı?" -  MÜSAHİBƏ

13 iyun Qarabağ müharibəsi zamanı rus hərbi aerodromundan təyyarə qaçırıb, düşmənin başına od ələyən azərbaycanlı gənc pilot Vaqif Qurbanovun anım günüdür.


Mövzu ilə bağlı I Qarabağ müharibəsinin canlı şahidi, hərbi jurnalist Asəf Quliyev Adalet.az-ın suallarını cavablandırıb.


-Asəf müəllim, qəlbimizi iftixar hissi ilə dolduran, Azərbaycan Respublikasının hərb tarixində ilk pilot, ilk “təyyarə oğrusu” kimi məşhurlaşmış Vaqif Qurbanov haqqqında oxucularımıza necə tanıda bilərsiniz?


- Əvvəlcə deyim ki, Vaqifəslən n Tovuz rayonunun Qovlar kəndindən olsa da, 1967-ci ildə Bakıda doğulub. Orta məktəbi də burda bitirib. Sonra Borisoqlebsk Ali Hərbi Aviasiya Məktəbinə daxil olub və oranı da 1989-cu ildə əla qiymətlərlə başa vurub və təyinatla SSRİ Hərbi Hava Qüvvələrində- Sitalçaydakı Aviasiya polkunda zabit kimi xidmətə başlayıb. İşə başladığı polk Rusiya - Əfqanıstan müharibəsi zamanı SSRİ-nin istifadə etdiyi əsas aviasiya idi.Həm də "Su-25" təyyarələri ilə komplektləşdirilmiş dövrü üçün müasir tipli bir polk idi.


- Qarabağ müharibəsi başlamasaydı, həmyerlimiz bu aviasiya polkunda bəlkə də general rütbəsinə qədər ucalardı...


- Düşmənlərimizin başlatdığı bu münaqişə- müharibə çox həyatları, əməlləri, məqsədləri yarımçıq qoydu. O vaxt hər kəs gücü çatdığı qədər düşmənə qarşı hərəkətə keçməyə, ərazilərimizi qorumağa hədəflənmişdi. Əli silah tutanlar Qarabağa axışırdı.


- Bəs, rusların göz bəbəyi kimi qoruduğu qapalı polkdakı Vaqif kimin ağlına gəldi ki, onu da mübarizəyə qoşdular...


-1992—ci ilin iyun ayı elə ilk gündən gərgin ay olaraq yaddaşlarda qaldı. İyunun 12-də Azərbaycan ordusu cəbhəboyu hücuma keçdi. Füzulidən tutmuş düz Goranboya qədər bütün rayonlar Ağdam, , Tərtər tərəfdən Ağdərəyə, Əsgərana, Xankəndiyə , Xocavəndə tərəf hücum əmri verilmişdi . Ordumuz qarşısında tək erməni olsaydı çox güclü idi və qələbə mütləq idi. Amma ermənilərlə bərabər rus hərbçiləri də müasir texnikalarla bizə qarşı döyüşürdülər. Bu böyük itkilərə səbəb ola bilərdi . Hücum planını hazırlayan dövlətin güc strukturları hələ aprel ayından bu hücum üçün dövlət səviyyəsində məxfi plan qurmuşdular, tədbirlər görmüşdülər.

- Plan nə idi?

- Həmin planlardan biri də Sitalçaydan hərbi təyyarənin qaçırılması və Xocalı aeroportunun dağıdılması planı idi. Akif Hacıyev vardı. Daxili İşlər Nazirliyində məsul vəzifə tuturdu. Hacıyev pilot Vaqif Qurbanov axtarıb tapır, əlaqə yaradır və onu DİN çağırıb görüş keçirir.


- Hacıyev nə deyir, Vaqifə?Nə təklif edir?


- Hacıyev planın Vaqifə açıqlayır. Deyir ki, təlim uçuşu vaxtı Xocalıya uçsun və aeroportu bombalasın. Vaqif təlim təyyarəsinin silah tutumunu çox az hesab etdiyi üçün, böyük bir aeropotun təlim təyyarəsində olan sursatla vurulmasını yetərli hesab eləmir. Vaqif bu plandan imtina etsə də, deyəsən “təyyarə qaçırmaq” ideyasını bəyənir. Həm də deyəsən ideya təkcə Vaqifin yox,  texniki heyətdə çalışan digər azərbaycanlı hərbçilərin də ürəyindən olur. Beləki,, Vaqif Qurbanov, Fuad Məmmədov, Akif Quliyev, Gülbudaq Bunyadov, Bəşir Əliyev, Tofiq Şalbuzov, Elman Cəlilov “Su-25”-i qaçırmaq qərarına gəlirlər.


- Amma təyyarəsi oğurlanmış Rusiyanın əlindən hara qaçmaq olar ki?


- İstəyəndə qaçmaq olur. O vaxt milli batalyonlara silah-sursatlarla yardım edən Surət Hüseynovla görüşürlər . Planı ona açırlar. Sürət bu planı bəyənir və istənilən köməyi göstərməyə hazır olduğunu bildirir. Nəhayət 8 aprel 1992-ci ildə plan həyata keçirilir. Bort nömrəsi 27 olan “Su-25” təyyarəsi Müstəqil Dövlətlər Birliyinin Sitalçaydakı Aviasiya Polkundan qaçırılır. 12 dəqiqədən sonra təyyarə Yevlax Mülki Aeroportuna endirilir.


-Sözün doğrusu, belə hadisəyə bizdə belə deyirlər: İlanın boğazından qurbağa qaçırtmaq... Rusiyanın necə qəzəbləndiyini təsəvvür edirəm...


- Təsəvvür edin, bu olay 70 il dünyanı qorxudan SSRİ kimi qüdrətli bir dövlətin varisi sayılan Rusiyanın başına gəlib. İmici yaralanmış Rusiya həmin gün göstəriş verilir ki, Su-25 təyyarəsini harda aşkar etdinizsə, elə ordaca xəbərdarlıqsız və qeyd şərtsiz məhv ediin. O vaxt Azərbaycana soxulmuş erməni-rus agentlərini, Yevlaxın da Qarabağa yaxın yerdə olduğunu nəzərə alsaq, belə bir müqəddərat mümkün idi. Təyyarə təcili Şəkiyə aparılır. Mahir İlyasov (Şəki rayon Polis İdarəsinin rəis müavini) təyyarənin Şəkidə gizlədilməsini təşkil edir.


-Deməli, təyyarə bir də 12 iyunda havaya qalxır?


- Yox, ondan əvvəl də, 1992-ci ilin may ayının 8-də ermənilərin Şuşanı işğal etdiyi gün təyyarə Şəkidən ilk uçuşunu edir. Vaqif iki gün Şuşaya uçuş edir. Mayın 9-da da  Şuşaya uçur və hər dəfə də qayıtdıqdan sonra idarəetmə mərkəzinə bildirir ki, verilən koordinatlarda heç nə yoxdur. İdarəetmə mərkəzindən ona bildirilir ki, ermənilər maskalanıb, ola bilməz ki, Şuşanı işğal edən ermənilər şəhərə daxil olmasınlar. Vaqif israrla bildirir ki, şəhərdə heç bir hədəf yoxdur: "Mən 50-100 metr hündürlükdə uçuram şəhər boşdur". Amma ona inanmırlar.


- Bayaq yarımçıq qoyduğumuz 12 iyun söhbətimizə qayıdaq. Əslində təyyarə bu döyüşdə iştirak üçün qaçırılmışdı deyilmi?


- 12 iyun “Ağdərə əməliyyatı” kimi yaddaşlarda qalan əməliyyat zamanı təyyarəylə hücum ordumuz üçün önəmli idi. 12 iyunda Vaqif Qurbanovun idarə etdiyi Su-25 təyyarəsi Şaumyan(Goranboy) istiqamətində düşmənin müdafiə xəttini yarır və nəticədə 20-dək yaşayış məntəqəsi erməni hərbi birləşmələrindən azad edilir.
Qurbanov həmçinin Martunidə(Xocavənd), Əsgəran rayonunun Şoş və Xramort kəndlərində, eləcə də Çaykənddə döyüşlərdə iştirak edib. Nəticədə qarşı tərəf ağır itkilər verir. İyulun 13-də Vaqif yenə Goranboy-Ağdərə istiqamətində işləyir. Ağdam-Əsgəran istiqamətində vəziyyət ağırlaşır. 3 döyüş uçuşundan sonra Vaqif Əsgərana uçur və vurulur.
Həmin gün Vaqifin Əsgəran istiqamətində uçduğunu görmüşdüm. Amma çox keçmədi xəbər gəldi ki, təyyarəmizi vurdular.
Yeri gəlmişkən, Vaqifin Yevlaxın bir çox uçuşlarına o vaxt Səfər Əbiyev(sabiq müdafiə naziri) rəhbərlik edib. Səfər Əbiyev də, Nəcməddin Sadıxov da Vaqifi şəxsən tanıyıblar.


- Sizin Vaqif Qurbanovla bağlı YouTube kanalında yayılmış filminizdən başqa ona aid dövlət səviyyəsində çəkilmiş sənədli bir film tapa bilmədim... Niyə belə? Axı o bizim ilk və qəhrəman pilotumuz idi?


-Qaçırılan təyyarə ilə bağlı bəzi sualları Sürət Hüseynovla görüşərkən ondan soruşdum. 2006-cü il idi. S. Hüseynov ancaq Qovlarda olan qohumlarının əli ilə Vaqif Qurbanov haqda dəqiq məlumatlar toplaya biləcəyimi dedi. Qovlarda qohumlarını tapdım, sonra həyat yoldaşını tapdım. Onun əli ilə Fuad Məmmədovu, Akif Hacıyevi tapdım.Araşdırma yazım hazır olandan sonra elə həmin il Mehriban Ələkbərzadə məni yenidən Space TV ilə əməkdaşlığa dəvət etdi. Və orada “Tam məxfi” silsiləsindən ilk filmim məhz Vaqif Qurbanov haqda oldu. Ailəsi Müdafiə Nazirliyinə ünvanlığı müraciətlərin cavabsız qaldığı söyləyirdi. Yeri gəlmişkən, igid pilotun  Sevinc adlı bir qız övladı yadigar qalıb.


-Asəf müəllim, maraqlı müsahibəyə görə, təşəkkür edirik! Çox dolğun məlumatlar idi, çox sağ olun...


*************

Zəruri qeyd və yaxud, son söz!


İyunun 13-ü saat 4-5 radələrində Naxçıvanik yaxınlığında Vaqifin təyyarəsi düşmən tərəfindən “Şilka” deyilən qurğu ilə vurulur. Şahidlərin söylədiyinə görə, həmin anlar Vaqif Qurbanov paraşütlə atıla bilir, lakin düşmən onu yerdən atəşlə vurur. Həmin günlər Naxçıvanikdə döyüşən tabor komandiri Fred Asifin qardaşı Ədalət Məhərrəmov Vaqifin təyyarədən atıldığını və ermənilər tərəfindən aramsız atəşə tutularaq yerə salındığını gözləri ilə gördüyünü xatırlayır. Bizimkilər Vaqifi düşmən əlindən almaq üçün hücuma keçsə də, artıq gec olur.

Vaqifin sağ qalıb-qalmaması dəqiq bilinmir



Ermənilərin canına qorxu salan təyyarəçinin ölümü qarşı tərəfdə sevinclə qarşılandı. Erməni televiziyası təyyarənin qalıqlarını dönə-dönə nümayiş etdirdilər. "Su-25"-in bortunda Azərbaycan bayrağının şəkli həkk olunmuşdu.

Ancaq Vaqifin sağ olub-olmaması haqda dəqiq məlumat bilinmir. Şayiə yayılır ki, Vaqif minalanmış əraziyə düşüb. Kəşfiyyat dəstəsi həmin yerə yollansa da, əliboş dönür. Belə bir söz-söhbət də gəzir ki, guya Vaqif sağ qalıb, Ağdam xəstəxanasına gətirildikdən sonra naməlum istiqamətə aparılıb. Dostu Fuad Məmmədova xəbər çatır ki, onu yaralı vəziyyətdə Zabrat aeroportunda görüblər. Lakin bu məlumatlardan heç biri təsdiqini tapmır. Əsir, İtkin və Girov Düşmüş Vətəndaşlarla İş üzrə Dövlət Komitəsinin sədri Namiq Abbasovun göstərişi ilə Vaqif Qurbanovla bağlı araşdırma aparılır. Amma bu da bir nəticə vermir. Son ümid yeri kimi ailə üzvləri ekstrsens və falçı yanına da gedirlər. Nə qədər qəribə olsa da, heç
bir “görücü” onun öldüyünü demir...

Artıq Vaqif Qurbanova Milli Qəhrəman adı verilməsiylə bağlı təqdimat hazırlanır. Lakin həmin vaxt baş nazir müavini olan S.Hüseynov sağ olacağı halda bunun Vaqif üçün ermənilərin münasibəti baxımından mənfi nəticələr verəcəyini əsas gətirərək bir qədər gözləməyi məsləhət bilir. Sonrakı dövrlərdə isə məsələyə yenidən baxılmır.
Təəssüf ki, bu günə qədər nə Vaqif Qurbanov, nə də onun silahdaşları Azərbaycan Respublikasının fəxri ad və mükafatlarına layiq görülməyib. Baxmayaraq ki, aradan tam 32 il keçib! Bu igidlərimizə qarşı biganəlik deyilmi?Gənc nəslin vətənpərvərlik ruhuna zərbə deyilmi?

P.S. Əlimdə sübut olmasa belə sövq təbiilə hiss edirəm ki, Vaqif Qurbanovun müəmmalı itkisində qisasçı ruhlu Rusiyanın və o qisasçıya nökərlik edən, hər addımda qeyrətli Azərbaycan hərbçisini məhv edən böyük bir qrupun əli var! Sübut olaraq deyim ki,  12 iyun 1992-ci ildə maşınla keçəcəyi yola  mina düzülən Allahverdi Bağırov da, ondan cəmi 6 gün sonra eyni üsulla məhv edilən başqa Şirin Mirzəyev və 4 döyüşçünün  də ölümü  məhz həmin qrupun xəyanətkar planlarıdır.  

Əntiqə Rəşid