26 Fevral 2024 15:53
549
GÜNDƏM

Roma Papası  Azərbaycanı və Ukraynanı sülhə çağırır, amma ƏDALƏTi unudur?

Mən Roma Papasını tanıyan gündən o gah bəşəriyyəti sülhə çağırıb, gah da əzilən xalqları ...

Deməli, Qarabağ ermənilər tərəfindən işğal olunandan bu günə qədər Roma Baş yepiskopları, Roma Katolik Kilsəsinin başçıları, Katolik xristianların dini liderləri olan Papaların hamısı Ermənistanı sülhə Azərbaycanla birgə çağırıb. O Ermənistan adını da ora "xala, xətrin qalsın" deyə qoşublar. Daha bunun biri işğalçı, digər işğala məruz qalandır- deməyiblər, düşünməyiblər.

2013-cü ildən də Fransisk adlı dindar Papa olandan sonra sürəkli Azərbaycanla Ermənistanı sülhə səsləyib. Nə vaxt könlünə düşdü, nə vaxt gördü ki, Ermənistanda revanşist küçüklərin qulağı çəkilib və zingildəşirlər , o dəqiqə taxtına çıxıb ərz edib ki, bəs siz mütləq regionda sülhə nail olmalısınız. Sonuncu dəfə isə Roma Papası Fransiskinin Azərbaycana "sülh" təşəbbüsü bu ilin yanvarına təsadüf edir. Papa Azərbaycan və Ermənistanı sülhə çağıraraq, Vatikanda akkreditə olunmuş diplomatlara müraciət edib. O, Azərbaycan və Ermənistanı sülhə nail olmağa səsləyib. Həmçinin Cənubi Qafqazdakı durumdan narahatlığını bildirib. Sonra da deyib ki, dini abidələrə hörmətlə yanaşmaq çox vacibdir.

Əziz oxucular, bilirsiniz, məlun qonşularımız Qarabağda Alban abidələrini mənimsəyərək özününkülədirib. Möhtəşəm qələbəmizdən sonra 30 illik işğal altında qalıb dağılan, yaxud dağılmaq təhlükəsi altında qalan Alban abidələrini bərpa etməyə çalışan Azərbaycan dövlətinin gördüyü təxirəsalınmaz bərpa işlərini ermənilər dünyaya "qədim erməni irsinin dağıdılması" kimi sırıyıb. Yəqin ki, ermənilərin yalanlarına İncil ayəsi kimi inanan Papa Fransisk təəbəsinin sözünü bizə belə çatdırır. Day araşdırmır ki, bu erməni Qarabağa nə vaxt gəldi, necə gətirildi, niyə gətirildi... 

1828-ci il budu bura, hardan çıxdı o, "qədim erməni irsi"? Yox, bunları araşdırmaq Fransisk Papaya sərf eləmir. Təki ermənilərin kefini kökəltsin. O zaman sual çıxır ortaya . Əgər bir din lideri bu qədər ədalətsizdirsə. xidmət göstərdiyi din də, dini kitab da ona qənim olmayacaq? Bunu buraxırıq Allahın məhkəməsinə...

Bu gün Papa Fransiskin erməni mediasında yeni bir yeni bir sülh çağırışı ilə qarşılaşdım. Deməli,  dünən Roma Papası Fransisk Ukraynada sülhün bərqərar olması naminə diplomatik həll yolu tapmağa çağırıb. Yəni, Ukraynanı sülhə dəvət edib. Bu barədə Müqəddəs Taxt-Tacın Vatikan xəbər agentliyi məlumat yayıb. O, həmçinin dindarları Fələstin, İsrail və hazırda müharibənin məngənəsində olan və konkret yardıma ehtiyacı olan bir çox başqa xalqlar üçün dua etməyə çağırıb.

(Görən, Papanın duası neçə xalqın qırğınını dayandıraca? deyib acı-acı gülməkdən özümüzü saxlaya bilmirik).


Maraqlıdır , əgər Roma Papası  işğalçı Rusiyanı yox, işğala məruz qalıb, öz torpağı uğrunda vuruşmaq məcburiyyətində qalan Ukraynanı sülhün bərqərar olması naminə diplomatik həll yolu tapmağa çağırırsa, day bu dünyadan ədalət, həqiqət gözləməyə dəyməz.
Axırda da Katolik Kilsəsinin yepiskopu deyib ki, güclü soyuqdan əziyyət çəkən Monqolustan xalqına səbr diləyirəm:" Bəllidir ki, iqlim problemlərinin ciddi humanitar fəsadlara səbəb olur". 
Əgər Roma Baş yepiskopunun, Roma Katolik Kilsəsinin vəzifəsi bu məntiqsiz çıxışlardan ibarətdirsə, vay bu bəşəriyyətin gününə...

 Əntiqə Rəşid