Rəşid Behbudov qollarını açıb Fikrət Qocanı qarşılayır - Eminquey yazır

EMİNQUEY AKİF
388715 | 2022-05-05 11:14

Bilmirəm, külək əsməyə, yağış yağmağa cəld tərpəndi, yoxsa Fikrət Qoca ölməyə?! Yazdırmı, payızdırmı, bilmirəm, amma üşütdüyü dəqiqdir.

İnsan bəzən ən ali həqiqətlərə soyuq divarlar arasında üşüyə-üşüyə çatır, Fikrət Qoca da mayın əvvəllərində özünə küləkli, yağışlı, soyuq bir gün seçib öz ali həqiqətinə - ölümünə çatdı.

***

Azərbaycan Nəşriyyatında – “Ədalət” qəzetinin redaksiyasında iş yoldaşlarımızla son günlər dünyasını dəyişən ictimai adamları yad edirdik. Ki, Nadir Rzalının zəngi gəldi.

- Alo, necəsiz? Fikrət Qocanın dəfninə gedəcəksiniz?

- Yaxşıyıq, hə. Səsin niyə belə gəlir?

- Xəbəri eşidəndən dəhşət kövrəlmişəm, ağladım da... Onda belə edək, birgə gedərik. Sizi məscidin yanında gözləyəcəm.

Yolu məsciddə başlayıb məzarda bitirmək də yəqin günün bir ayrı mistikasıdır.

Vədələşirik, görüşüb gedirik..

***

Birinci fəxri xiyaban...

Kimlər, kimlər yatır burda.

Orxan Saffari, Nadir Rzalı ilə söhbətləşirik.  Hələ cənazə gəlməyib.

İçəri girən kimi birinci Rəşid Behbudovun qolları açıq büstünü görürük. Burada dəfn olunan hər kəsi ən birinci o qarşılayır, “Xoş gəldin aramıza” deyib qucaqlayır. Bu dəfə də Fikrət Qocanın yolunu hamıdan əvvəl o gözləyir.

Yolumuzu birinci dünyanın ən kasıb prezidentinin heykəlindən salırıq. Hər dəfə I Fəxri Xiyabana gələndə biixtiyar yolum sağa – Elçibəyin məzarına sarı burulur. Elə bilirəm, yanına getməsəm, özü durub gələcək yanıma, sonra aparacaq məzarı üstünə, “Sakarya” şeirini oxuyacaq, sonra əllərini önündə cütləyib qayıdacaq heykəl halına, məzar halına. Ruhuna fatihə oxuyuruq!

Sonra..

Sonra heykəlləri seyr edə-edə dəfn yerinə qayıdırıq.

Qılıncı, qələmi ilə sakit-kirmiş yatan Məmməd Səid Ordubadinin yanına.

Ara-sıra tanış adamlar gəlir, salamlaşırıq, hal-əhvallaşırıq.

Jurnalist dostları görünməyə başlayır. Mirmehdi Ağaoğlu, Ülviyyə Heydərova, televiziya işçiləri, Fikrət Qocanın dostları, Sabir Rüstəmxanlı, Elçin Əfəndiyev, Səlim Babullaoğlu...

Daha kimlər kimlər.

“Cənazə nə vaxt gələcək?” - bir-birimizdən soruşuruq. Elə bu dəm qəfil başlayan yağışla Fikrət Qocanın cənazəsinin gəlişi bir olur.

Susqunluq, soyuq, fotoaparat səsləri.

Yazıçı Anar, Rəşad Məcid... Cənazənin ətrafında dostları, qələm, iş yoldaşları onun son evinə qədər ötürür.

***

Külək əsir, yağış yağır, yamyaşıl otların, ağacların başında quşlar ötüşür, altında isə molla Fikrət Qocanın nəşi ilə danışır, fəhlələr şairin fotosu olan qara lövhənin arxasında beton qarışdırır, jurnalistlər gah Raşad Məcidin, Sabir Rüstəmxanlının kədərini dinləyir, gah da Ağalar Bayramov şairin şeirini deyir. Yazıçı Anarın səsini isə yalnız mikrofonlar, bir də çox yaxınında durmuş adamlar eşidir.

*** 

Payızın gəlişinə, quşların gedişinə şeir yazan şairin hüzuruna gəlib – küləklər də, yağışlar da, quşlar da. Ömrünün sonuncu yazını yola salmaq üçün. Fikrət Qoca bundan sonra torpağın altında cismani payızını yaşayacaq.

Sağlığında yazdığı “Yatmadığım gecələrdə” əsərinə yenidən göz gəzdirəcək.

Şairi yeni evində tək-tənha qoyub uzaqlaşırıq.

Yağış kiriyir.

Rəşid Behbudovun qollarını açmış büstü.

Kim istəməz ki, onu son mənzilinin baxçasında Rəşid Behbudov qarşılamasın...

 

6 may 2021

 

TƏQVİM / ARXİV