adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Oktyabr 2022 17:50
1136
LAYİHƏ

Regionda yeni layihələrə hesablanan və təhlükəsizlik məsələsinin gündəmdə olduğu səfər

“Enerji və nəqliyyat layihələri regionda qonşularımızla xüsusilə Gürcüstanla olan münasibətlərin dərinləşməsinə gətirib çıxarıb”. Bunu KİV-ə açıqlamasında YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı Mətanət Səfərli deyib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında həm iki tərəfli həm də çoxtərəfli əməkdaşlıq mövcuddur: “Bildiyiniz kimi Azərbaycanın müəllifi olduğu Bakı-Tiblisi-Ceyhan, Bakı Tiblisi-Qars və bir sıra beynəlxalq layihələrdə Gürcüstan Azərbaycanın tərəfdaşıdır. Bu layihələr Gürcüstan ərazisindən keçir. Bununla yanaşı hər iki ölkə GUAM çərçivəsində əməkdaşlıq edir. Bu əməkdaşlıq müxtəlif cəhətlərdən eyni zamanda azad ticarət rejiminin mövcudluğu baxımdan əhəmiyyətlidir”.
M.Səfərli onu da bildirib ki, oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərin məzmunu gələcək perpektivə hesablanıb: “Görüş çərçivəsində mətbuata verilən açıqlamada Azərbaycan və Gürcüstanın yeni iqtisadi layihələrdə birgə addım atacağı qeyd olunur. Eyni zamanda bu gün dünyanı narahat edən təhlükəsizlik məsələsində əməkdaşlıq və dövrün çağırışlarına cavab verən təhlükəsizlik sistemin qurulması istiqamətində səylərin birləşdirilməsi dövrün çağırışlarından qaynaqlanır ki, bu istiqamətdə əldə olunan uğurlar yeni layihələrin əhəmiyyətindən xəbər verir”.
M.Səfərli onu da deyib ki, səfərdə əsas diqqət regional təhlükəsizlik mühitinin yaradılması və qorunmasına yönəlib ki, bu da müştərək layihələri gələcək risklərdən sığortalamağın modulunu tapmaq üçün regional təhlükəsizlik mühitini sağlam məntiqlə təhlil etməyə əsas verir: “Rusiya-Ukrayna müharibəsinin davam etməsi ilə Moskva postsovet məkanında itirdiyi resursların heyfini Gürcüstandan çıxmaq riskləri hazırda siyasətçiləri düşündürən mövzudur. Təbii ki, mövcud vəziyyətdə bu risk ciddi əhəmiyyət kəsb etmir. Ancaq belə hal olarsa təbii ki, müştərək layihələrdən çıxış edərək hərbi-siyasi əməkdaşlıq qaçılmazdır. Ekspertlər bu kimi halların baş verdiyi təqdirdə burada Azərbaycan-Türkiyə-Gürcüstan üçbucağı ön plana çıxır. Bakı da, Ankara da Gürcüstanın təhlükəsizlik zəmanətçisinə çevrilmək yolunda böyük məsafə qət ediblər. Rusiyanın Gürcüstanda yaratdığı ərazi münaqişələrinin həllində Azərbaycanla Türkiyə yarıgizli və ya aşkar vasitəçilik missiyasını həyata keçirə bilər, çünki hər iki ölkənin Kremllə münasibətləri üstün tərəfdaşlıq prinsiplərinə söykənir”.
YAP əməkdaşı onu da vurğulayıb ki, bu səfər nəqliyyat-enerji infrastrukturunun qorunması, üç ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın dərinləşdirilməsi, regionda sabitlik və təhlükəsizlik şəraitinin düzgün proqnozlaşdırıla bilməsinə hesablanıb: “Maneələrin dəf edilməsi ümumi regional sabitliyi gücləndirir və təhlükəsizliyə əhəmiyyətli töhfələr verir.Töhfələr Cənubi Qafqaz dəhlizini etibarlı edir ki, bu da Mərkəzi Asiya və Avropa kimi qonşu regionlar üçün faydalı olacaq”.