adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
19 Yanvar 2022 09:46
1417
MÜSAHİBƏ

Rasim Sadıxov: “ ÖZÜMÜ HƏBSDƏ HESAB EDİRDİM ” - MÜSAHİBƏ

“Müəyyən anları bir – bir çərçivəyə salırsan, o anlar donub qalır və anı əbədiləşdirirsən”, “ Bəlkə biz olmadıq, amma bizdən sonrakı nəsil bu tarixi unutmasın ” deyən fotomüxbir Rasim Sadıxov 33 yaşlı 20 Yanvar faciəsindən, o cümlədən sənət tarixçəsindən danışır

 

Müsahibim çəkdiyi şəkilləri Azərbaycan foto və video salnaməsi üçün unikal xəzinə olan,əsrlər boyu onu həmişə Azərbaycan mətbuatında və tarixində layiqincə yaşada bilən Rasim Sadıxovdur. Rasim Sadıxov hazırda Azpress.AZ video – foto agentliyinin və saytının rəhbəridir ( təsisçi və baş redaktoru ). Yeri gəlmişkən, görüş yerimiz də məhz onun fotoları ilə tarixi böyük olan iş yerində oldu. Rasim Sadıxov eyni zamanda ulu öndər Heydər Əliyevin, prezident İlham Əliyevin, həmçinin bir çox elm, ədəbiyyat, incəsənət adamlarının, məşhur ziyalılarının bir – birindən maraqlı şəkilərinin müəllifidir. Hətta ölkəmizə bu sənəti gətirən, tanıdan da məhz elə Rasim Sadıxovdur desəm hesab edirəm ki, yanılmaram. O ən ağır, dəhşətli 20 Yanvar faciəsinin həm canlı şahidi, həm də tarixi lentə köçürən, qandan qorxan, fəqət Vətəni üçün canından belə keçməyə hazır, güllə ilə üz – üzə dayanıb onu fotoya alıb bu günə qədər tariximizi dünyaya çatdıran yeganə şəxslərdən biridir. Onun nəinki özü, həm də şəkilləri danışacaq… Elə isə onunla peşəsi ilə bağlı ən maraqlı söhbətimizi sizlərə çatdırıram.

Rasim müəllim, xoş gördük, xoş gəlmisiniz. Maraqlıdır ki, neçə ildir bu sahə ilə məşğulsunuz?

- Xoş gördük, təşəkkür edirəm dəvətiniz üçün. 1969 – cu ildə bu sənət üzrə ilk mükafatımı aldım. O vaxt “ Pioner pravda ” deyilən Moskvada çıxan qəzet var idi. 40 günlük Komsomol pioner düşərgəsinə pulsuz ezamiyyət bileti qazanmışdım məhz adım yazılı. Onu da necə bildim? Bir nəfər səhvən bileti başqasına vermək istəyirdi amma gileylənərək demişdi ki, “ buna bax, adını da elə yazıblar ki, dəyişmək də mümkün deyil ”. O zaman anladım ki, öz adamlarını göndərmək üçün bəzən ezamiyyət vərəqlərində ad olan hissələri boş saxlayırlar. Mənim adımı isə şəxsən qeyd etmişdilər. Sovet vaxtı cəmi 100 mükafat verilmişdi, biri də mənə. Mən onda kənddə idim. Sumqayıtın katibi və polis gəlmişdi bizə. Nənəmgil qorxmuşdu ki, nə məsələdi polis qapıya gəlib, “ ay aman, uşağı polis apardı ”. Rəsmi professional şəkildə 1981 – ci ildən Azərbaycan Televiziyasının Gənclik redaksiyasında işləməyə başlamışam. Redaktorum İlyas Tapdıq, rejissorum isə Rauf Mirzəyev idi. Çox gözəl insanlar idi. 1983 – cü ildə televiziyada kiçik nöqsan səbəbindən uzaqlaşdım. O vaxtlar Nəriman Həsənzadə həmişə məni yanında görmək istəyirdi, mənə deyərdi ki, təki səni işdən çıxarsınlar, gəl yanıma. Gəlib Nəriman müəllimə deyəndə, ilk dəfə idi işdən çıxdığıma bu qədər sevinən adam var idi. 1983 – 1990 – cı ilədək Nəriman müəllimin yanında “ Ədəbiyyat və İncəsənət ” qəzetində çalışdım. Foto və illusturasiya şöbəsi var idi orada və mən fəaliyyətimi bu qəzetdə davam etdirdim. O şöbənin rəhbəri olmuşam. 1990 – cı ildən “ Azərbaycan ” qəzeti yaradılan gündən artıq buraya foto-müxbir olaraq gəldim. Məni qəzetdən uzaqlaşdırdılar bir müddət. Amma çox çəkmədi. Ulu öndər Bakıya gəldikdən sonra Fatma xanım Abdullazadənin rəhbərliyi altında çalışmağa başladım. Bu ulu öndər dünyasını dəyişən günədək davam etdi. Ondan 2 il sonra mənə məsləhət gördülər ki, video-foto jurnalistikasını öyrədən məktəb, redaksiya aç. Açığı bu mənim də ağlımda idi, foto - video agentliyi saytı yaratdım, ətrafıma da foto – müxbirləri topladım. 2006 – cı ildən bu saytın həm təsisçisiyəm, həm də baş redaktoruyam. Paralel olaraq da müxtəlif yerlərdə ikinci dərəcəli işlərim olur.

Dünya kiçik çərçivəyədən necə görünür?

- Müəyyən anları bir – bir çərçivəyə salırsan, o anlar donub qalır və anı əbədiləşdirirsən.

Niyə məhz fotoqrafiya sahəsi?

- Neft və Kimya insitutunda oxumuşam. Orada 2-ci kursda oxuyanda qaçmışam universitetdən. O zamanlar bu sənətlə bağlı fakültə və s. yox idi. Tallində idi və mən sənədlərimi oraya göndərdim, qəbul etdilər. Orada qiyabi təhsil aldım. Bundan ailə üzvlərimin xəbəri yox idi. Onlar düz bir ildən sonra xəbər tutdular ki, mən insitutdan qovulmuşam. Mən düşünürdüm ki, buradakı təhsil mənə bir şey verməyəcəkdi.

Rasim müəllim, fotoqrafiya sahəsində elə bir hədd, elə bir qanun varmı ki, o qanunlardan, o çərçivələrdən kənar çıxmaq olmaz?

- Konkret qanun deməzdim, amma bu sənətə xəyanət etməməlisən. Bu sənətin məsuliyyəti böyükdür. Sən düzgün informasiyanı çatdırmalısan oxucuya, tamaşaçıya. İlk növbədə görüntü şərtdir. İstənilən halda sənətinə sadiq qalmalısan. Hərdən şagirlərim olur onlara sual verirəm ki, müəyyən situasiyaları hesab edin ki, yaşayırsınız. Məsələn, bir işğalçı gəlib bir ailənin həyətinə girərək ailə başçılarını öldürür və sən bu anları çəkmisən. Bu amansızlığı kadrlara alırsan və cinayətkar səni görmür. 3 – 4 yaşındakı uşaq bunların nə olduğunu bilmir və cinayətkar silahı körpəyə tuşlayıb onu öldürmək istəyir bu anı çəkə də bilərsən, övladı xilas edib o dəhşətin qarşısını da ala bilərsən. Hansını seçərsən? Əksəriyyət deyirdi ki, xilas etməyi seçərəm. Çox gözəl. Sən onun üzərinə hücum çəkərsən, vurub səni öldürə bilər. Onda necə? Sən çəkdiklərin də oradaca qalacaq. Hətta cinayətkarın əlinə keçsə onları da məhv edəcək. Sənin informasiyan nə yerdə qalacaq? Kimə çatdıra biləcəksən bir ailənin məhvini? Foto – jurnalistika bax budur, işində mütləq soyuqqanlı olmalısan. Sənin ilk növbədə işin, hücumun həmin dəlilləri, fotoları dünyaya çatdırmaq olmalıdır. Bax o zaman o öləcək. Mənəvi cəhətdən o şəxs öləcək, fiziki cəhətdən də o məlumatlar dünyaya çatdırılanda onu tapıb öldürəcəklər. Bu qaydaları var sahəmizin, bunlara əməl etməlisən. Baş verən hadisələri lentə almalısan. İndi Qazaxıstandakı hadisələrin fotoları hələ ortada yoxdur, amma əminəm ki, tezliklə bəlli olacaq. Çünki indi hər cür şərait var. Əvvəllər şərait yox idi, amma indi fotoaparat olmasa belə telefonlar var. Biz Sovet ordusunun amansızlıqla, vəhşiliklə törətdiyi qırğınları indiki şərait olsaydı yerindəcə dünyaya çatdıra bilərdik. Düşünürəm ki, bizim çəkdiklərimiz çox az idi.

Elə sözün bu yerində, müasir texnologiyalar inkişaf edib və hər əlinə telefon alan özünü xəbər jurnalisti hesab edir, eləcə də, fotoaparat alan özünü fotoqraf hesab edir. Müasir texnologiyanın inkişafı peşəkar foto – jurnalistikanı geri salmırmı? Buna münasibətiniz necədir?

- Qətiyyən hesab etmirəm. Milyonlarla insanların əlində ən sonuncu model telefon olsa belə peşəkarlıq sayılmır bu. Peşəkar hər zaman peşəkardır. Elə anlarım olub ki, mübahisə də etmişəm dəfələrlə bu mövzuda. Hansısa fotoda qüsur tapanda deyiblər ki, yanımda heç nə olmayıb, telefonla çəkmişəm. Yaxşı, razıyam, olsun telefon. Demək ki, sənin çəkilişin telefon kamerasından irəli gedə bilmir. Bəs kadr hanı?!. Gözün işləyə bilirsə fərqi yoxdur telefon ya fotoaparat, kadrı tutmalısan. 1990 – cı illərin əvvəllərində “ smena ” deyilən kameralar var idi və onu uşaqlar əllərində gəzdirərdi. Mən o smena ilə nazirin şəkillərini çəkmişəm. Təsəvvür edə bilirsiniz?. Heç kimi inandıra bilmirdim ki, həmin şəkillər smena ilə çəkilib. Özümü tərifləmək kimi bir niyyətim yoxdur. Sadəcə düşünürəm ki, sənət insanın qanına hopmalıdır, çəkdiyi bütün şəkillər şedevr olmalıdır.

Bildiyim qədərilə bir neçə universitetlərdə tələbələrə müəllim olaraq dərs demisiniz. Hazırda dərs deyirsinizmi, gələcək üçün tələbə hazırlaşdırırsınızmı?

- Bir neçə dəfə universitetlərdə foto – jurnalistikanın əsasları fənnini tədris etmişəm. Müəllim sənəti ağır, məsuliyyətli və şərəfli peşədir. Burada həm psixiki olaraq da möhkəm olmalısan. Hər bir şəxslə təmasda olub dərsi xüsusi olaraq izah etməlisən.

Stressə davamlı daha dəqiq desək...

Bəli, eynilə. Auditoriyada tələbə sayı çox olur. Bu sahə elədir ki, gərək ki, hər tələbəyə xüsusi keçəsən dərsi. Bu arada qeyd edim ki, həmin gündən sonra müəllimlərə sevgi və hörmətim daha da artdı. Müəllim elə müəllimdir. Əvvəllər ən uca peşəni öz peşəm hesab edərdim. Amma müəllimlik düşünürəm ki, ən uca olanıdır. Dərslər maraqlı keçirdi, məsələ burasındadır ki, bu dərsləri ümumi kütləyə demək doğru deyil. Axı bu sənət nəzəriyyədən daha çox təcrübəyə əsaslanır. Bəzən tələbələrimə təcrübə zamanı əllərinə çərçivə verərək onlara tapşırıq verirəm ki, bu çərçivəyə nəyi sığışdıra bilərsən, mənə an, məqam göstər. Yeri gəlmişkən, tələbələrimi 15 – dən artıq götürmürəm. Çünki ələnəndə yerdə az qalır. Əsl peşəkar yetişdirməlisən. Məhz “ şəkil çəkən ” yox foto – jurnalist. Biri var sənətə pul qazanmaq niyyətilə gələsən, biri var sənətkar olmaq eşqi ilə. Sənətə pul qazanmaq niyyətilə gəldinsə heç vaxt alınmaz. Sən sənətin arxasınca qaçsan artıq pul özü sənin arxanca qaçmağa başlayacaq.

Kəpənək effekti, qaçan qovalanar məsələsi...

- Tamamilə razıyam. Bu faktdır. Onun üçün də hər zaman şagirdlərlə yol çıxanda, hətta dəqiq xatırlatma edim ki Hüsü Hacıyev küçəsindən düz Füzuli abidəsinə qədər gedirdik və onlara deyirdim ki, bu yolda kim mənə ən çox efffektiv kadr verin. Ən maraqlı, effektiv kadrlara qiymət verirdim. Məkana çatana qədər artıq uşaqlar həvəslənib daha çox kadr verməyə çalışırdı. O artıq kamera olmasa belə kadrı görə bilirdi. Hərdən onlara şəkillər də verirdim ki, bir şəkildən kadrlar seçin. Biz buna “ raskadirovka ” deyirik. Müxtəlif kadrlar seçmək də baxışı genişləndirir, inkişaf etdirir. Görmə qabiliyyətini artırır. Beləliklə də istedad vərdişə çevirilir. Hətta bəzən müəyyən məqamlarla da rastlaşıram. Elə dünən nostalji rəsmlə qarşılaşmışdım. İçərişəhərdə çəkilmişdi, bir nəfər paltar yuyurdu, biri uşaq çimdirirdi, qəribə tarixi foto idi. Əvvəl onu çəkən adam bəlkə də düşünməzdi ki, nə vaxtsa bu şəkili tarix ola bilər. Əsl həyat da onda idi. Məsələn indi qapıbir qonşumuzu tanıya bilmirik çoxumuz. İnsanlar yadlaşır, heç indi smartfonlar çıxandan bu yana evdəkilər bir – birlərini tanıya bilmir. Biz həyatdan get – gedə uzaqlaşırıq. Düşünürəm ki, ayağını qoyduğun torpağı da, havanı da hiss etməlisən, duymalısan. Həyat budur. Bizim məqsədimiz də ən maraqlı anları necə deyərlər, tutub saxlamaqdan ibarətdir. Professional sənətkar üçün foto çəkiliş aparmaq artıq keyfiyyətli iş ortaya qoymaq deməkdir. Peşəkar yetişdirmək üçün maksimum 6 nəfərdən ibarət qrup olmalıdır. Çox olanda keyfiyyət itir. Bu 6 nəfərin sözü bir olmalıdır. Duyumu, baxışı bir olmalıdır, bölünməməlidir. Hər kəsin yumruğu bir yerə vurularsa, necə deyərlər, o zaman keyfiyyətli nəsə gözləmək olar. Amma sırf diqtə ilə foto – jurnalistikanı izah edə bilmərsən. Mən uşaqları daha çox təcrübəyə yönəldirəm, adicə çərçivə verib əllərinə şəhərə çıxarıram. İlk mərhələdə fotokameranın olmağı şərt deyil. O çərçivəyə hansı kadrı yerləşdirə bilər, mənə o maraqlıdır. Biz ona raskadirovka deyirik. Onu yerləşdirmək lazımdır. Bir şəkildən 10 kadr çıxarmaq lazımdır. Bu yaxınlarda tələbələrimdən biri zəng edib dönə - dönə təşəkkür etdi ki, çox sağ olun ki, bunları bizə vaxtında öyrətdiniz. Bizə bunları heç kim öyrətməyib. Adicə bir çiçəyi göstərərdim və o çiçəkdən ən azı 4 – 5 unikal kadr çıxarardım. Yəni bunları görmək lazımdır. Bu isə 20 – 25 nəfərlə yox, 5 – 6 nəfərlik qrup şəklində mümkün idi və sırf 5 – 6 ay kifayət edərdi ki, peşəkarlığa doğru istiqamətin ola.

Peşəkar foto - jurnalistika sahəsinə yiyələnmək üçün 6 ay kifayət edir?

- 6 ay ilkin mərhələdir. Ondan sonra istiqamətini bəlli etməlisən. Bünövrəsini qurduqdan sonra ardı problem olmur. Amma elə şəxslər olur ki 6 ay sonra irəliyə gedə bilmir. Bəzən toxum səpirsən tarlaya və görürsən ki, sahədə bir hissədə toxumlar cücərir, bir hissədə isə bu alınmır. Bu da elə bir şeydir. Həqiqətən sənətini sevirsənsə alınacaq. Bəzən tələbələrim olur pul arxasınca qaçırlar. İlk olaraq baxırsan ki, gedib toy çəkirlər. Axı bu foto – jurnalistika deyil. Ümumiyyətlə fotoqrafiya deyil. Şəkilçəkən tamam başqa bir şeydir. Sadəcə kameranın düyməsini basmaqla iş bitmir. Peşəkarlıq tamam başqa şeydir. Hər çəkdiyin fotodan sözün həqiqi mənasında ləzzət almalısan. Çəkdiyim reportajlardan hər zaman həzz alıram. Çünki çəkdiyim şəkillərdə sözə ehtiyac qalmır. Çəkilən şəkillər mütləq danışmalıdır. Fotolara əlavə söz yazmağa, başlıq yazmağa gərək olmamalıdır. O artıq sənətin ən yüksək pilləsidir.

Maraqlıdır, hansı çəkilişinizlə daha çox qürur duyursunuz, daha çox o istiqamətdə çəkiliş edirsiniz?

- Mən ən çox müşahidə aparmağı sevirəm. Haraya gedirəmsə gedim, ilk növbədə insanları izləyirəm. Fikrim hansısa tədbirdə, kiminsə çıxışından daha çox onun təəssüratıdır, onların psixoloji görünümləridir. Mən artıq öz zehnimdə onları çərçivəyə salıram.

Xəyali gücünüzü işlədirsiniz yəni...

- Bəli, bəzən tədbirin yekununda özümə də maraqlı gəlir ki, bunlar nədən danışırdı? Çünki məqsədim insanları müşahidə etməkdir. Əgər kamera ilə gedirəmsə, sizə zəmanət də verə bilərəm ki, orada ən yaxşı, ən eksklüziv kadrlar mənimki olacaq. Qeyri – adi kadrlarım, reportajlarım da var. Hansı ki, onlar bu günədək yayımlanmayıb. Amma danışan şəkillərdir.

Ən çox nələri çəkməkdən zövq alırsınız?

- Dinamik hadisələri. Təşkil olunmamış qəfil baş verənləri. Öncədən planlanmamış hadisələri. Məsələn 20 Yanvar hadisələrini heç birimiz gözləmirdik. Amma hadisə baş verdi və mən də əlimdən nə gəldisə bacardım ki, onu edim.

Daha çox təbiiliyə qaçırsınız...

- Bilirsiniz, hər şey təbii, original olmalıdır. Mən hətta Azad Mirzəcanzadəni çəkmişəm. Hansı ki, onun fotosessiyasını məndən başqa kimsə etməyib. Onun fotolarını çəkmək üçün ona dəfələrlə müraciət etmişəm. Mənə cavab verməyib və birbaşa insituta getmişəm və görmüşəm ki, dərsə girəcək. Amma ondan dönə - dönə xahiş etmişəm ki, təsəvvür edin ki, mən yoxam. İcazə verin ki, mən sizi çəkim, səsim də gəlməyəcək. Hətta mənə deyib ki, kamera “ çık-çık” etməyəcək ki? Demişəm, narahat olmayın, qətiyyən yox. Beləcə razı salmışam. Bir küncdə dayandım və çox maraqlı kadrlar alındırdım. Hansı ki, bütün şəkillər təbii idi. Bəzən olur ki, toylarda görürlər kameranı və yemək yedikləri yerdə əllərini saxlayırlar. Amma onda da maraq itir axı. Hətta o vaxtda da maraqlı şəkillər əldə etmək mümkün olur.

Paparazzi?

- Deməzdim. Məsələn adətən valideynlər gəlin köçürəndə baxırsan ki, gəlinlər necə sıxır özünü, sərbəstliyini itirir. Amma o təbii hallarını demədən çəkmək daha məqbuldur.

Rasim müəllim peşəkar fotoqraf olmaq üçün qabiliyyət, istedad şərtdir, yoxsa təhsil?

- Peşəkar foto – jurnalist olmaq üçün ən birinci sənətə sevgi olmalıdır. İnsan var hobbisi kinolarla maraqlanmaqdır, amma ixtisasca həkimdir. Bu bədbəxtlikdir. Bir az öncə dediyim kimi mən Azərbaycan Neft və Kimya İnsitutunda avtomatlaşdırılmış idarə sistemləri fakültəsində təhsil alırdım, proqramlaşdırma ixtisaslarını alimlər tədris edirdi. Təsəvvür edin ki, o vaxt mənim ürəyimi üzürdü. Uşaqlıq illərindən foto – jurnalistikaya olan sevgimi sıxıb saxlamışdım. Evdə deyirdilər ki, get insitutu bitir, əlinə diplom al, sonra da hamı əlinə kamera alıb sən də çəkərsən. Lakin mən ikinci kursda qərara aldım ki, insitutdan imtina edim. Çünki daxilən özümü həbsdə hesab edirdim. Oxuduğum ixtisas həbsxana kimi gələrdi mənə. Mənə deyirdilər ki, şəkil çəkmək hobbidir. Amma ən böyük xoşbəxtlik odur ki, hobbisi onun işi ilə üst – üstə düşür.

Necə deyərlər, xoşbəxt insan odur ki, evindən işinə, işindən evinə tələsir.

- Tamamilə razıyam. Bir dəfə mənə sual vermişdilər ki, səni məhv etmək üçün nə etmək olar? – cavabında demişdim ki, kameramı əlimdən al, məni dörd divarlı bir yerə sal və bir həftə möhlət ver. Təbii ki, bir həftəyə kimi ölərəm mən. Çünki mən bu sənətlə nəfəs alıram. Mənim üçün bu sahə başqa bir həyatdır. Mən az da yaşaya bilərdim. Çox şeylərdən keçmişəm, necə deyərlər, içimi yeyə - yeyə... Sənət doğrudan da insanı yaşadır. İşinə sevərək yanaşmalısan. Şagirdlərim içərisində də həmişə deyirəm: “ Məişəti sıradan çəkən şəxs olmayın ”. Mən Beynəlxalq Mətbuat Mərkəzində tədbirlərə gedirəm və oraya tələbələrimi aparırdım ki, çəksinlər, özlərini yetişdirsinlər. Çəkiliş sonrası müzakirələr aparardıq. Bir dəfə mənə bir sifariş gəlmişdi, mən ötürdüm tələbələrimdən birinə ki, get çək və qazancın da olsun. Amma iş elə gətirdi ki, sifarişi verən adam az məbləğ təklif etdi, amma bu ödəniş heç lentlərin pulunu etmirdi, qaldı ki, şəkillərin çıxarılması hələ. Tələbəm dedi ki, müəllim bəlkə necə var elə verək. Dedim ki, elə şey olmaz. Əksinə daha keyfiyyətli iş təqdim etməliyik bu bizim adımızdır, loqomuzdur. Belə də oldu. Verilən məbləği də götürmədik, çünki adımıza layiq etməli idik. Son məqama qədər müştərini razı saldıq və üstündən nə az, nə çox iki il keçdi və həmin adamın qızı mənə zəng vurdu ki, müəllim sizin bir tələbəniz var idi, o vaxt bizi çəkmişdi, o şəxs mənim tədbirimi gəlib çəksin. Mən ona iki il öncəni xatırladaraq imtina etdim. Təsəvvür edin xanım həmin tələbəmə görə atası ilə dalaşıb ki, o tədbiri məhz həmin fotoqraf çəkməlidir, işini bəyəndiyi üçün. Mən tələbəmlə danışıb yenidən razı saldım. Bu çəkiliş baş tutdu, inanmarsınız ki 1000 manat verəcək adam düz nə az, nə çox 10 000 manat pul verdi. Sözümün canı odur ki, insan öncə pulun arxasınca getməli deyil, işin keyfiyyətli olursa pul səni gəlib tapacaq.

Rasim müəllim, pandemiya dönəmində teatrlardan tutmuş bir çox incəsənət sahələrinə köklü zərbə dəydi. Amma həmin dönəmdə fotoqrafiya sahəsinə maraq çoxaldı sanki. Sosial şəbəkələrdə də bu axını rahatlıqla görə bilərik. Baxsan bəlkə də bu sahədə təhsil və təcrübələri belə yoxdur. Bu nədən qaynaqlanır?

- Əvvəla onu deyim ki, pandemiya həqiqətən də çox böyük zərbə vurdu bütün sahələrə, o cümlədən də bizim sahəyə. Tələbələrim bu səbəbdən sənətlərini də dəyişdilər. O ki, qaldı kütləvi axına, buna iki cür izah vermək olar. Birincisi, qeyd edim ki, tələbələrimin bir hissəsi müəyyən dövlət qrumunda çalışırdı və işləri zəif idi. mən onlara dedim ki, bir gün peşəkar insanlar nə vaxtsa ortaya çıxıb iş təqdim etdiklərində siz kənarda qalacaqsınız. Sənətə başdansovdu yanaşmayın. Peşəkarların olmamağına görə də bu boşluq yarandı və o bacarıqsız şəsxlər də ortaya çıxıb. Peşəkar olan yerdə qeyri-peşəkar insanlar olmur. Sənətdə yaxşılar olduğu kimi yaxşı olmayanlar da olacaq əlbət ki. Elə bir an yaranıb ki, hər kəs çəkir, amma nə çəkdiyini heç kim bilmir. Professional şəkillər olduqda isə heç kim səni sorğu – suala çəkə bilməz. Təsəvvür edin elə insanlar olub ki, elə adamlarla şəkil çəkdiriblər ki, mən o şəkilləri cırıb tullamışam. Aşağı keyfiyyətdə olan iş iş deyil zənnimcə. Peşəkarlıq yüksək keyfiyyətli işin təqdimatıdır. Çünki ona qiymət qoyan xalqdır. Və həmin insanlar bu gün yüksək pilləyə gəlib çata biliblər.

Məlumdur ki, 20 Yanvar faciəsinin də canlı şahidi olmaqla yanaşı, tarixi lentə köçürən ilklərdənsiniz. Nələr gördünüz, nələrlə rastalşdınız? Bununla bağlı danışardınız.

- Nələr görmədim ki?... Meyidlər, dağıdılmış maşınlar, insanlar küçələrə tökülüşüb, artıq qorxu belə itmişdi insanlarda. Bu qorxulu, dəhşətli vəziyyətdə işimi düşünürdüm. O an bir gülləyə qurban gedə bilərdim, üstəlik kameranı görsəydilər bir an da salamat qalmazdım. Kamera da ağır və böyük. Bu cinayəti də çəkdiyim üçün müxtəlif planlar qurub məni anında yox edə bilərdilər. Heç kim də məni araşdırmazdı ki, bu kimdi dünyasını dəyişib. İndiyədək öldürülənlər də kimin gülləsinin qurbanı olduğu müəyyən olunmayıb. Elə bir hal baş versəydi bəlkə də bu günümüzə bu qədər fotolar gəlib çıxmazdı. Geri qayıdıb plan cızdım özüm üçün. Bir neçə nəfəri özümlə götürdüm, 50 lent götürdüm və çəkiliş etdiyim zaman kimsə məni əsir ala bilərdi, güllələyə bilərdi o an fəaliyyətim məhv olardı. Qəhrəmanlıq təkcə bir işi görməklə bitmir, əsas onu çatdırmaq lazımdır. Jurnalistikanın da əsas şərti odur ki, operativ məlumatı xalqa çatdırasan. Ətrafımda götürdüyüm adamlara dedim ki, sizə lentləri verəcəm və aparacaqsınız Azərbaycan Nəşriyyatına verəcəksiniz İntiqama və mən ondan götürəcəm. Onda bizdə bir polis var idi – İntiqam, hansı ki, o fotoların bu günədək gəlib çıxmasının əsas səbəbkarlarından biri idi. Axşamlar gəlib lenti götürüb bu otaqda o lentləri kimyəvi yolla yuyub çap edərdim. Bu yolla onlara xəbər edərdim gəlib lentləri az – az götürüb aparardılar. Buradan piyada cinayət yerinə gedib çəkilişləri apardığım vaxt ardımca gələn olsa hara qaçıb gizlənə biləcəyimi də hesablayırdım. Adicə Olimp mağazasına düşənə kimi, orada hər şey göz qabağında idi və gizli çəkiliş aparmaq üçün təyinat nöqtələri yox idi. Çünki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfdə tanklar, zirehli texnikalar daha çox idi. düşünün Rus əsgərləri idi və onlar insana da bənzəmirdi, nə desən edərdilər. Düşündüm ki, bəlkə də elə sonum məhz elə bu məkandadır. Son anda ağacın altına tərəf çəkildim və kameramı gizlətməyə çalışdım. Onda da kameranı öz qabında deyil bazar paketində götürürdüm ki, diqqət çəkən olmasın. Keçdim Olimp mağazasının arxasına və qaçdım gizlənmək üçün yer axtarmağa. Elə yol üstü yanmış , dağıdılmış maşınları da çəkirdim. Oradan 20 Yanvar metrosu tərəfə piyada getdim və meyidlər nə qədər idi, İlahi... Amma tez – tez yığışdırırdılar, əməllərini təmizləyirdilər. Ancaq yollarda qan izi var idi. Amma mən o meyidləri də çəkə bildim. Çəkiliş zamanı insanların münasibəti də mənə qarşı pis idi və onlar məni sorğu – suala tuturdular ki, niyə çəkirsən, kim üçün çəkirsən?!. Onlara başa salmağa çalışırdım ki, bu Azərbaycanın tarixidir. Bəlkə biz olmadıq, amma bizdən sonrakı nəsil bu tarixi unutmasın. Görsünlər ki, biz nələrdən keçmişik, başımıza nələr gəlib. Bu təbliğat daha önəmli idi. Düzgün təbliğat aparmasaydım düşmənlərdən öncə elə özümüzünkülər bizi öldürərdi yerindəcə. İndi çoxları üçün bu asan gələ bilər bəlkə də, amma ölümlə üz – üzə dayanaraq bunları etmək asan bir iş deyildi. Biz 44 günlük Vətən müharibəsində bunlara hazır idik və şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olundu. Təbliğat işlərimiz düzgün aparıldı. Hər kəsin sözü, əməli bir oldu. Onda bu şərait yox idi. Bu gözlənilməz hadisə idi. Hətta o vaxt hadisələri çəkən fotoqraflar çox az idi və onlardan qətl günlərində biri belə yox idi. Yanvarın 22 – də nə qədər fotoqraf peyda oldu bilmərsiniz. Onda hətta dəfn mərasimində mən özümü saxlaya bilməyib əsəb keçirərək üzümü onlara tutub dedim ki, axı siz hardaydınız indiyədək?!. Niyə mən tək qaldım?!

Bu nədən irəli gəlirdi ki, məhz həmin gün üzə çıxdılar?

- Düşünürəm ki, onların da millətçilik hissi o vaxt oyandı... Halbuki millətçisənsə, azərbaycanlısansa 20 Yanvar günü çəkiliş belə aparmasan, küçəyə çıxmalı idin. Axı siz çox olsaydınız biz daha çox çəkiliş edə bilərdik. Maşın da yox idi. O zaman bütün yolları piyada gedirdim. Olimp mağazasından 20 Yanvar metrosuna kimi nə qədər yollar keçdim piyada və meyidlərin, maşınların, dağıntıların arasından. Oradan da Azərbaycan Nəşriyyatına qayıtdım. Axı Bakının təkcə bu yollarında deyil hər yerində qırğınlar törədilmişdi. O istiqamətlərdən təəssüf ki bircə dənə olsa belə foto yoxdur. Airoport tərəfdən qırğın başlamışdı. Oradan belə foto yox idi... Amma çəkə bilərdilər. Bu yaxınlarda hörmətli depuatımız Rafael Hüseynovla araşdırma apardıq ki, məhz 20 Yanvar günü çəkiliş edən olubmu? 6 nəfər ad açıqlandı. Amma siz onlardan bir dənə şəkil istəsəniz, ortaya nəsə çıxmaz. Çünki çəkməyiblər. Gətirənlər də olur amma ki, dəfn mərasimindən, Yanvar ayının 22 – dən, 24 –dən. Axı onlar kimə lazımdır?! Elə fotolardan yüzlərlə çəkmişəm. Məhz qırğını çəkmək lazım idi. Hansı ki, iz itirmək üçün elə ayın 20 – dən meyidlər yığışdırılırdı. Heç olmasa qan izlərini çəkərdilər... İnsanlar qanlar üzərinə güllər səpirdi...

Rasim müəllim, o vaxtlar itib – batan fotolarınız oldumu?

- Təbii, olub. O başqa bir günün mövzusudur ki, bir dəfə bir şəxsə kitab çıxartdıracaqdı guya, məndən foto istədi və ona 80 eksklüzif foto verdim. O vaxtlar da rəngli fotoların dublikatı olmazdı. Neqativ ancaq bir ədəd olardı. Və düşünün bir ədəd olan neqativdən 80 ədədini mən həmin adama verdim. Təxminən bir aydan sonra həmin adamı görüb şəkillərin aqibətini soruşduqda mənə həmin şəkilləri itirdiyini dedi. Simamdakı qəzəbi görsəydiniz bəlkə də həmin insanı yox edə bilərdim.“ Narahat olma, Azərbaycan xalqının başına belə hadisələr az gəlməz, yenə də çəkilişlər edərsən ” – dedikdən sonra həmin insana nifrət oyandı içimdə. Bu adam o vaxt insan hüquqlarını müdafiə edən şəxlərdən idi. üstündən 30 ildən vaxt keçib. Oşəkillərdə adımın olmasını belə istəmirəm yeri gələrsə, amma o fotolar bu gün ortalığa çıxsın. Onlar tarix idi... Sırf kitaba salınsın deyə mən ən eksklüziv kadrları vermişdim oraya. İllərdir gözləyirəm ki, o şəkillər ortaya çıxsın və xalq bu tarixi görsün. Kaş ki, o şəkillərə əlim çata... kaş ki... ( kövrəlir) Axı bu Azərbaycanın tarixidir, necə olasan ki, tarixi siləsən?!.

Olubmu ki, belə situasiya ilə rastlaşdıqda sənətdən soyuyasınız?

- Əsla. Daha da özümü təkmilləşdirmişəm, daha da profesional çəkilişlər etmişəm. İnsanları tanımışam. Hətta məndən bəzən soruşurlar ki, bir gün işlərini yığıb aparıb yox etsələr nə edərsən? Demişdim ki, ünvanımı dəyişərəm və hara gedə biləcəyəmsə orada o şəkilləri çap etdirəcəyəm. Soruşanda ki, bəs necə edəcəksən bunu, axı hər şey məhv olub? – Cavabında demişəm ki, başım daşdan – daşa dəyib. İndi fotolarım bir yox, bir neçə nüsxədədir. İxtisaslaşmışam, bu yolda bərkimişəm, necə deyərlər. Bəzən mənə deyirlər ki, sənin fotoların dünyaya çatır, ancaq adın verilmir. Mühim olan xalqa çatmağıdır. Müəlliflik hüququm hər nə qədər simvolik olsa belə, əsas odur ki, mən onu dünyaya çatdıra bildim. Bunlar gələcək nəsillərə rəsmi sənəddir. Tariximiz unudulmamalıdır, bu hadisə nə zamansa da təkrarlana bilər. Tarix əbədiləşdirilməlidir hər zaman. Qanımız canımız bahasıına bu reportajları çəkib bu günədək səsimizi dünyaya çatdıra bildik. Bu faciələr unudulmamalıdır. İlk vəzifəmiz tarixin foto salnaməsini yaratmaqdır.

Yaratmaqdan söz düşmüşkən, Azpress.AZ video – foto agentliyinin və saytının rəhbərisiniz. Saytınızda nə kimi yeniliklər var?

- Bu sayt 2006 – cı ildən fəaliyyət göstərir. Saytın adı da məhz video – foto agentliyi gedir. Azərbaycanda məhz foto və videonun daha çox təşkil etdiyi sayt yaratmaq niyyətində olmuşam və yaratmışam. Müəyyən qədər nail oldum bu istəyimə. Amma Anadolu agentliyindən mənə təklif bildirəndə çox gözəl təşəbbüs irəli sürdüyümü desələr də, bu ölkədə inkişafın yetəri qədər olmayacağını demişdilər. Bizdə o vaxtlar internet də güclü deyildi. Həm kommersiya baxımından, həm də digər mövqelərdən uğurlu deyildi. Çünki şəklin keyfiyyəti də əsas rol oynayırdı. Yüksək keyfiyyətdə çəkilmiş şəklin pikseli də böyük olur və o şəkilə baxmaq, endirmək də yüksək internet tələb edirdi. Onda foto – müxbirləri ətrafıma topladım.

Bəs niyə foto – video?

- Çünki sayt yaradılandan bütün kameralarda foto da, video da lentə almaq mümkün idi. Foto – müxbir nəinki şəkil çəkməli, sayt üçün video reportaj da hazır etməyi bilməlidir. İndi telefonlarda da bu var. Hətta o vaxt Amerikadan ödənişli Kodak firmasından 1000 gb yer almışdım. Buradan yükləmək olurdu bütün şəkil və videoları. Amma bu sistemi nə qədər yaratsaq da, baş tutmadı. Düşünün iki manat verib şəkilləri yükləməkdənsə, zəif pikselli şəkilləri yükləyib 25 manat verib loqonu şəkildən silirlər və keyfiyyət daha da ölür. Belə hallarla rastlaşanda sadəcə dəhşətə gəlirəm. Çünki o vaxtlar adicə internetlə ödəniş etməyi belə çox insan bacarmırdı. Halbuki 2 manata yüksək səviyyəli şəkli köçürmək olardı. İndi paralel olaraq xəbər saytıdır. O da şərait elə oldu ki, maraq yarandı və mənə təklif etdilər ki, saytda xəbər də paylaşılsın, buna tələbat var. Nəinki xəbər əsasında foto dayanmalıdır. Video olsa belə maksimum 30 – 40 saniyə. İnsanlar şəkildən başa düşmək istəyir. Danışan şəkillər olmalıdır.

Rasim müəllim, sizinlə tamamilə razıyam, hətta II Qarabağ müharibəsi zamanı da elə şəkillər çəkilmişdi ki, danışan şəkillər silsiləsinə şamil etmək olardı.

- Peşəkarlar nə istədiklərini bilməlidir. Mən şəkilə baxıb fikirləşməli deyiləm ki, görəsən nə demək istəyib?ona görə də oxucu sayı əvvəllər daha çox idi. Amma belə də olmur, çünki müəyyən xəbər göndərirlər ki, bunu sayta yerləşdirin. Məcbur yerləşdiririk. Bu halda da artıq həm də xəbər saytı olur.

Son olaraq nə demək istəyərsiniz?

- Burdan sözüm gənc nəsillərədir, ələxsus da foto – müxbir olanlara. Sənətinizə əsla xəyanət etməyin. Məlumatı doğru, dürüst çəkin. Ekstrimal vəziyyəti hər kəs çəkə bilməz, amma istənilən halda elə çəksinlər ki, şəkil altı sözə ehtiyac olmasın. Çox sağ olun ki, mənimlə həmsöhbət oldunuz. Dərin minnətdarlığımı bildirirəm. Və arzu edirəm ki, istər yazıda, istərsə fotoda daima zəfərimizi, xalqımızın xoş günlərini qeydə alaq.

 Söhbətləşdi: Şəlalə Camal

(AJB –nin üzvü)