27 Oktyabr 2025 09:33
99
MÜSAHİBƏ

Müasir dövrdə kitabxanalar biliklər kompleksidir - MÜSAHİBƏ

"Ədalət" qəzeti Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Elçin Əhmədovla müsahibəni təqdim edir:

–    Elçin müəllim, tətil günlərində də işlədiyinizi, vaxtınızı elmə sərf etdiyinizi bilirik, amma istədik, təcrübənizi oxucularla bölüşmək üçün bir neçə saatlıq vaxtınızı alaq. Suala belə başlayaq: siz də işləyəndə dincələn ziyalılardansınız? 

–    Əslində, görüləcək işlərin əksəriyyətini iş yerində, iş saatında görürəm, Labüd olanda kənarda, istirahət vaxtı məşğul oluram. Təbii ki, istirahət vaxtı işləməyin dincəlmək kimi xarakterizə edilməsi işin mahiyyətindən asılıdır. İşimiz elmi-tədqiqat işi, dərs vəsaiti, proqram yazmaqdı. İstirahət  vaxtı bunlara ehtiyac olursa, ərsəyə çatdırdığım elmi- tədqiqat işi, dərs vəsaitinin, proqramın yerinə yetirilməsi, sözsüz ki, məni məmnun edir, bu da qismən dincəlmək sayıla bilər.

–    Elmi ədəbiyyatlardan Kitabxanaçılıq şöbəsinin 1947-1948-ci illərdə Filologiya fakültəsində yaradıldığını, bu günədək böyük inkişaf yolu keçdiyini öyrənmişik. Onu da bilirik ki, şöbənin ilk ixtisas müəllimi Xalq yazıçısı Süleyman Rəhimov olub. Bunları xatırladığıma görə “neçənci ilin məzunu olmusunuz və  yazıçıdan dərs almaq maraqlıdırmı” suallarını vermək istədim.   

–    Qeyd etdiyiniz kimi, Kitabxanaçılıq ixtisası şöbə formasında bir müddət Filologiya fakültəsinin, daha sonra isə Şərqşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərib. M.F.Axundov adına Respublika Dövlət Kitabxanasının direktoru Hüseyn Tağıyev, direktor müavini Məryəmxanım Səmədova, kitab palatasının rəhbəri Əliheydər Qəhrəmanov bu şöbədə kitabxanaçılıq ixtisası üzrə dərs keçiblər. Süleyman Rəhimov həmin dövrdə mədəni-maarif müəssislərinə rəhbərlik etdiyindən kitabxanaçılıq şöbəsinin yaradılmasında xidmətləri olub. Eyni zamanda, həmin fakültədə dərs keçib, lakin mənim təhsil aldığım dövrə təsadüf etməyib, onun müəllimlik fəaliyyəti XX əsrin 50-ci illərinə aiddir. Yazıçının tədris prosesində iştirakını əlamətdar hal sayıram. Bu, tələbələr üçün maraqlı olur. Əsasən qeyd etmək istəyirəm ki, 1955-ci ildə Kitabxanaçılıq şöbəsinin buraxılışında Abuzər Xələfovun məzun olaraq sonrakı missiyası daha böyük olub. Azərbaycanda kitabxanaçılıq təhsilinin, kitabxanaşünaslıq elmi məktəbinin formalaşmasında A.Xələfov misilsiz xidmət göstərib. O, bir müddət kitabxanaçılıq şöbəsinin müəllimi olduqdan sonra, 1962-ci ildə Kitabxanaçılıq fakültəsi müstəqil fakültəyə çevrilmişdir və Kitabxanaşünaslıq kafedrası yaradılmışdır. Bu tendensiya Azərbaycanda kitabxanaçılıq təhsilinin formalaşmasına əsaslı təsir etmişdir. Fakültə yarandığı gündən tədris planlarının hazırlanması, qabaqcıl təcrübəyə malik olan pedaqoji prosesin tətbiq edilməsi, kitabxanaşünaslıq kafedrasında həm ixtisas müəllimlərinin, həm də kitabxanaşünaslıq, kitabşünaslıq, biblioqrafiyaşünaslıq ixtisası üzrə elmlər namizədi, elmlər doktoru titulu almış müəllimlərin hazırlanması prosesi baş vermişdir. A.Xələfov özü bu ixtisas üzrə ilk elmlər namizədi, ilk elmlər doktoru səviyyəsinə yüksəlmişdir. Eyni zamanda, Abuzər Xələfov fakültənin formalaşmasının ilk illərində prof. Z.Əliyev, dos. H.Həsənov, dos. Ə.Xələfov, dos. T.Quliyev, dos. R.Kazımov və adlarını çəkmədiyim onlarla ziyalılarla birlikdə kitabxanaşünaslıq elmi məktəbini formalaşdırmağa nail olmuşdur. 

–    Müstəqil fakültə kimi 1962-ci ildən fəaliyyət göstərən Kitabxanaçılıq şöbəsi sonralar Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılıb. Hazırda isə İnformasiya və sənəd menecmenti olaraq dəyişdirilib. Addəyişmə nəyi dəyişdi? Bu, hansı zərurətdən doğdu? 

–    Müstəqil kitabxanaçılıq fakültəsinin yaranması keçmiş SSRİ məkanında bir sıra ali məktəblərdə tədris prosesi olaraq həyata keçirilirdi. Bizim fakültənin tədris planlarının hazırlanması daha çox Moskva Mədəniyyət İnstitutunun və Vilnüs Dövlət Universitetinin kitabxanaçılıq təhsil proqramı əsasında hazırlanırdı. A.Xələfov özü dəfələrlə ali tədris planlarını gətirib bizim proqramlara inteqrasiya edilməsinə çalışıb və yüksək nəticələrə nail olmuşdur. Bu minvalla müstəqil kitabxanaçılıq fakültəsi ali kitabxanaçılıq təhsilinin təkmilləşdirilməsinə təsir edə bilirdi. Onun rəhbərlik etdiyi kitabxanaşünaslıq kafedrası artıq kadr potensialı baxımından o qədər zənginləşirdi ki, Kitabxanaşünaslıq kafedrasından Biblioqrafiyaşünaslıq kaferdasının yaranması, Kitabxanaşünaslıq kafedrasının bazası əsasında Kitabxana fondlarının təşkili və idarə edilməsi kafedrasının yaradılması artıq ali kitabxanaçılıq təhsilinin elmi və pedaqoji fəaliyyətinin formalaşmasına əsaslı surətdə təsir göstərmişdir. Müstəqillik illərinə qədər ali kitabxanaçılıq təhsili yüzlərlə, minlərlə ali təhsilli kitabxanaçı kadrların hazırlanmasına şərait yaratmışdır. Müstəqillik illərində təhsilin Bolonya prosesinə (kredit sisteminə) keçirilməsi, magistatura, doktorantura, dissertantura pilləsinin formalaşması kitabxanaçılıq informasiya təhsilinin də müasir meyarlara yiyələnməsinə təsir göstərmişdir. Fakültədə müstəqillik illərindən sonra ali kitabxanaçılıq təhsilində informatif  meyilli fənlər tədris olunub. İnformatika fənninin tədris olunması tələb etdi ki, fakültənin adında dəyişiklik edilib Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılsın. Bir müddət sonra fakültənin adı dəyişdirilib İnformasiya və sənəd menecmenti ilə əvəz edildi. Dediyiniz kimi, burda söhbət ad dəyişmədən getmir. İnformasiya təmayüllü yeni ixtisasın qəbul planına salınması, Muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə fakültəyə 25 nəfər qəbul planının verilməsi adın yenilənməsini zəruri etdi. Həm kitabxana- informasiya fəaliyyəti, həm də Muzey, arxiv işi və abidələrin qorunması ixtisası sənəd-informasiya dövriyyəsini, sənəd-informasiyasının idarə edilməsini, sənəd-informasiya proseslərinin menecmentini özündə ehtiva etdiyinə görə fakültə hazırkı adı daşıyır. Fakültənin qəbul planına yeni ixtisasın verilməsi, kitabxana-informasiya fəaliyyətinin ümumilikdə elmi-tədqiqat prosesləri, elmi-pedaqoji prosesin təkmilləşdirilməsi məhz İnformasiya və sənəd menecmenti adı altında öz yerini tapdı. Hesab edirəm ki, bu da məmnunluqla qarşılandı. Hər il 25 yer Muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə qəbul planı verilir. Eyni zamanda, 90 nəfər kitabxanaçılıq-informasiya fəaliyyəti üzrə verilən plan yeri yüz faiz təmin olunur. İnformasiya və sənəd menecmenti fakültəsində aparılan elmi-pedaqoji fəaliyyət, elmi-tədqiqat fəaliyyəti, sosial fəaliyyət bu ixtisasların yeniləşməsinə ixtisaslaşmanın innovasiyalarla təmin edilməsinə yeni şərait yaradır. Uğurlarımız çoxdur fakültə birincilər sırasındadır. Aparılan elmi-pedaqoji fəaliyyət, demək olar ki, bir çox strukturlar üçün nümunəyə çevrilib. 

Hal-hazırda bizim Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsində 4 kafedra strukturu fəaliyyət göstərir. Əlliyədək əməkdaşımız var, onlar fakültənin yeni istiqamətlə inkişafına nail olurlar. Fakültə rəhbərliyi istər elmi-pedaqoji sahədə, istərsə də elmi-tədqiqat sahəsində ümumilikdə götürüldükdə İnformasiya və sənəd menecmentinin tədris prosesini uğurla idarə edir. Bütün bunlar fakültədə aparılan mükəmməl elmi-pedaqoji fəaliyyətə əsaslanır. Universitet rəhbərliyi fəaliyyətimizi daim dəstəkləyir, bu da fakültənin iş prinsipinə, inkişafına səmərəlilik gətirir. 

–    Əmək fəaliyyətinizə Basarkeçər rayonunun kitabxanasında müdir kimi başlamısınız, indi isə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasında çalışırsınız. Kitabxanaçılıq ixtisasını tədris etməklə praktiki iş görməyin fərqindən danışa bilərsinizmi?

–    Bəli, Basarkeçər rayonunun Dərə kənd kitabxanasında, yəni öz kəndimizdə kitabxanada işləmişəm. Bunun ilk səbəbi təbii ki, orta məktəbi bitirəndən sonra universitetə qəbul olunmaq istəyim idi. Onda universitet təkcə Azərbaycan Dövlət Universiteti idi. İrəvan, Gəncə şəhərlərində Pedaqoji İnstitutlar vardı, təhsil almaq üçünsə mən ancaq Azərbaycan Dövlət Universitetini istəyirdim. İstəyim bu idi ki, humanitar fakültədə oxuyum. Hansı fakültənin olmasının fərqi yox idi, çünki o dövrlər humanitar fakültələr sırasında Hüquq, Tarix, Şərqşünaslıq fakültələrinə qəbul olunmaq çətin idi. Mənə təklif edildi ki, sənədlərimi Kitabxanaçılıq fakültəsinə verim.  Yaşadığım ərazidə xarici dil tədris olunmurdu, attestatımıza qiymət yazılmırdı, ona görə universitetə qəbul imtahanında xarici dildən mexaniki 3 qiymət yazılırdı, müsabiqədən keçmirdim. Bu qarışıqlığı aradan qaldırmaq üçün mənə bildirildi ki, kitabxanaçılıq stajın olsa müsabiqədən keçə bilərsən. Buna görə mən kəndimizdə kitabxana müdiri təyin edildim. Bir müddət fakültəyə girmək üçün staj səbəbilə kitabxanaçı vəzifəsini yerinə yetirdim. Peşənin xoşagəlimliyi ilə bağlı deyim ki, kəndin mərkəzindəki kitabxanaya getməyimdən, kənd uşaqlarının mütaliəsi ilə məşğul olmağımdan məmnundum. Kənd əhalisinə, uşaq və  məktəblilərə kitabı təbliğ edirdim. Bu proses mənim üçün xoşagələn idi. Kəndin sakinlərindən kitabxanada işlədiyim müddətdə özümə qarşı ehtiram, hörmət gördüm. İnsanların xoş münasibətindən məndə bu peşəyə maraq yarandı. Staj yığandan sonra fakültəyə qəbul olundum və buranı müvəffəqiyyətlə bitirdim. Bundan sonra gənc mütəxəssis olaraq təyinatla Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında işlədim. Bir müddət sonra Moskva şəhərində uşaq mütaliəsi, uşaq kitabxanalarının metodik təminat sistemi ilə bağlı təkmilləşmə kursuna getdim Qayıtdıqdan sonra məni Bakı Dövlət Universitetinə dəvət etdilər. Kitabxanaçılıq fakültəsinin aspiranturasına daxil oldum və “Azərbaycanda uşaqlara kitabxana xidməti” mövzusunda dissertasiya müdafiə etdim. Əvvəl müəllim, sonra baş müəllim, dekan müavini oldum və hazırkı vəzifəyədək yüksəldim. Bu müddət ərzində 6 kitabım çap olunub 200-ə qədər məqalənin müəllifiyəm. Səkkiz məqaləm xarici ölkələrdə ingilis dilində nəşr olunub. Kitabxanaşünaslığın elmi-təcrübi fəaliyyət sahəsi, informasiya və elmi-nəzəri məsələləri var. Biz, eyni zamanda, elmi tədris edirik. Bunlar bir-birini tamamlayan prosesdir. Kitabxana-informasiya fəaliyyətinin təcrübi fəaliyyət sahəsi dinamik inkişaf, elmi-tədqiqat işləri ilə bağlıdır, yəni innovasiyalar kitabxanaşünaslıq tədqiqatlarında özünü tapır, qismən də iş təcrübəsinə şamil olunur.  Təcrübi fəaliyyət sahəsi üstündür, yaxud  elmi nəzəri fəaliyyət üstündür deyərək fərq qoymaq mümkün deyil. Bunların hər ikisi bir-birini tamamlayandı. Nəzəriyyə ilə təcrübə bir-biri ilə sıx bağlıdır. Hər bir ixtisasın elmi-nəzəri sahəsi olduğu kimi kitabxana informasiya fəaliyyəti də elmi-nəzəri məsələlər əsasında fəaliyyət göstərir. 

–    Bugünkü abituriyentləri bu ixtisasa cəlb edən hansı üstünlüklər var? 

–    İxtisasın üstünlüyü əmək bazarında olan şəraitlə bağlıdır. Azərbaycanda tipologiyasından asılı olaraq bir sıra kitabxanalar – Prezident Kitabxanası, Parlament Kitabxanası, Milli Kitabxana, respublika səviyyəli kitabxanalar, rayon mərkəzləşdirilmiş kitabxana sistemləri, məktəb və uşaq kitabxanaları, arxivlər, muzeylər fəaliyyət göstərir. Təkcə məktəb kitabxanalarını götürəndə, beş min məktəb, hər birinin nəzdində bir kitabxananın olması yaxşı göstəricidir. Yetmiş rayonda da Mərkəzləşdirilmiş Kitabxana Sistemi var. Naxçıvan bölgəsindəkiləri və digər kateqoriyalı kitabxanaları da sadalasaq, görərik ki, bu kitabxanalar əmək bazarında özünü göstərə bilib. Kitabxana-informasiya fəaliyyəti, arxivşünaslıq, muzeyşünaslıq bu cür sosial təsisatların kəmiyyətcə çoxluğu abituriyentlərin özlərində stimul yaradır, yəni onlar fakültəyə qəbul olunsalar, hansı sosial təsisatlarda işləyəcəklərini artıq bilirlər. Kitabxana-informasiya müəssisələri, arxivlər, muzeylər həmişə dinamik inkişafda olan sosial təsisatlardır. Burda fərdi-psixoloji faktor da var. Necə ki, kitabxanaçılıq peşəsinə məndə stimul yarandı, gəlib təhsil aldım, eləcə də abituriyentlərin özlərində də istək olur. Çox vaxt tələbələrdən hansı maraqla bu ixtisası seçdiklərini soruşuram.  Könüllümü, yaxud hər hansı səbəbə görəmi seçdikləri maraqlı görünür. Birinci kurslarda 65-75 faiz tələbə ixtisası könüllü seçdiyini bildirir. 

–    “Azərbaycanda uşaqlara kitabxana xidmətinin təşkili (1901-1995)” adlı dissertasiyanız olub. Bu sahənin araşdırıcısı kimi fikrinizi bilmək vacibdir. Kitabxanalar bugünkü uşaqlara necə xidmət edir? 

–    1988-ci ildə fakültəni yaxşı qiymətlərlə bitirdikdən sonra Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına metodist vəzifəsinə təyin edildim. Bu kitabxanada 5 il işləməyim mənim peşə biliyimin formalaşmasına, elmi biliklərimin dərinləşməsinə müsbət təsir göstərdi. İşimizin mahiyyəti respublika uşaq kitabxanalarında elmi-metodik işin gücləndirilməsi, uşaq mütaliəsinin səmərəlilik meyarına təsiri vasitələrilə məşğul olmaq idi.  Əvvəldə qeyd etdiyim kimi, o vaxt təkmilləşdirmə kursları Moskva şəhərində təşkil olunurdu. Orda uşaq kitabxanalarının metodik rəhbərlik sistemi adlı kursda işrirak etdim və sertifikat aldım Beş il ali təhsil aldıqdan sonra uşaq mütaliəsi və uşaq kitabxanalarının işi ilə məşğul oldum. (Uşaq kitabxanalarının yoxlanması, metodiki və təftiş işləri və s.) 1993-cü ildə BDU-ya dəvət olunanda A.Xələfov bildirdi ki, uşaq kitabxanalarında işləyib kifayət qədər təcrübə yığmısan, sənə dissertasiya mövzusu təqdim edirik. Mən də aspiranturanı bitirən ili dissertasiya işini müdafiə etdim. Hazırda pedaqogika üzrə fəlsəfə doktoru, dosentəm. Onu da qeyd etmək istəyirəm ki, doktorluq işim “Müstəqillik illərində uşaq və gənclərə kitabxana-informasiya xidməti”dir və bu işi də başa çatdırmışam. Monoqrafiyası da artıq çap olunub. Yəqin ki, qarşıda bu işi də bitirəcəyim  məqam yetişəcək. 

–    M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları elmi fəaliyyətiniz haqqında virtual sərgi hazırlamışdılar. Təqdim edilən kitablarınızını gördükcə ömrünüzün necə zəhmətlə ötdüyünü təsəvvür etmək çətin olmur. Bunlar vizualdır, amma insanın görünməyən tərəfi də var.

Bəxtiyar Vahabzadə bunu şeir dili ilə gözəl deyib:
İnsan göydə Ay kimidir,
Görünməyən tərəfi var.

Elçin Əhmədov elmi fəaliyyətdən kənarda necə insandır; həssas ya soyuqqanlı? 

–    Milli Kitabxana bizim ən böyük təcrübə obyektimizdir. Ordan da çox bəhrələnirik. Həmin virtual sərgi 60 yaşımla bağlı təşkil edilmişdi.  Kitabxana əməkdaşları kitabxanaşünas alim kimi elmi yaradıcılığıma nəzər salıb virtual sərgi hazırlamışdılar. Onlara bir daha minnətdarlıq hissimi yetirirəm. Milli Kitabxanada mənim kitablarım var, məqalələrim silsilə olaraq oraya verilir. Kitabxana daima fakültəmizlə təmasda olur. 

 Kitablar əvvəlki dövrdə təhsil nazirliyindən qrif alır, Nazirliyin nəşriyyat şöbəsindən keçirdi. Bu cür ədəbiyyatları yazıb hazırlamaq çətin idi. Mənim kitablarım hamısı tədris, elm ədəbiyyatdır. Bunları yazıb başa çatdırmaq təbii ki, zəhmət tələb edir. Kitabxana-informasiya fəaliyyətini, arxivşünaslıq, muzeyşünaslığı inkişaf etdirmək üçün yeni innovasiyalar tətbiq etmək, eyni zamanda, fəlsəfi, sosioloji, riyazi yanaşmalar lazımdır, yəni bizim bu elm sahəsi bunların əsasında yenilənib inkişaf edir. Təbii ki, hər bir vəsaitin, proqramın hazırlanmasında zəhmət tələb olunur. Ortaya elmi məhsul gətirilirsə, zəhmət sərf etməli, intellekt qoymalısan ki, onlar üzə çıxa bilsin. Qaldı görünən-görünməyən tərəflərim, hesab edirəm ki, insani keyfiyyətlərə malikəm. Təxminən 22-23 ildir, fakültə daxilində struktur rəhbəriyəm; 15 il dekan müavini, 8 ilə yaxın kafedra müdiri vəzifəsində olmuşam. Buna çalışmaq üçün də xarakter vacibdir, sərt də olmaq mümkündür, həlim də. Bu keyfiyyətlərin hər biri olmalıdır. Xaraktercə ciddi insanam. 

–    Cənublu qardaşlarımızın taleyinə laqeyd qalmadığınızı bilirik. Ordakı soydaşlarımızın ana dilində təhsil almaqlarını da dilə gətirmisiniz. Bəs ana dili bu tayda necə qorunur? Çalışdığınız sahədə ətrafınızda olanların dilə münasibətindən razısınızmı? 

–    Cənubda ana dili mövzusu ilə bağlı iki məqaləm dərc edilib. Bunu həmişə məqbul saymışam. Bizdə də isə ana dilimiz dövlət dilidir. Yazışmalar hamısı ana dilindədir. Ana dilinə rəğbətlə yanaşıram. Başqa cür ola bilməz. Ana dilinin işlənmə səviyyəsinə gəldikdə isə deyə bilərəm, bəzi nəslə məxsus insanlar var ki, nitqlərində rus dilinə meyillik hiss olunur, hətta rusların bəzi sözlərinin lüğətimizə salınmasını da təklif edirlər. Ayrı-ayrı şəxslər, KİV də bunu qabardır. Tamamilə bunun əleyhinəyəm. Azərbaycan dlinin saflığı qorunub saxlanmalıdır. 

–     Kitabxana sahəsində son dövrlər hansı yeniliklə gözlənilir? 

–    XX əsr informasiyalaşdırılma əsri adlandırıldı. Elm və texnika əsrində elm və texnologiyanın tədricən sosial təsisatlara daxil olması prosesi baş verdi. Artıq müasir dövrdə kitabxanalar biliklər kompleksidir. Müxtəlif tip kitabxanaların hər birinin özünəməxsus sənəd-informasiya fondu var. Bu fondlar da kitabxanaları biliklər sistemi səviyyəsinə gətirib. Kitabxanalar informasiya mərkəzi də adlandırılır. Müasir mərhələdə, xüsuslə cəmiyyət informasiyalaşdırıldıqda XXI əsrin birinci rübündə artıq kitabxanalarda, arxiv və muzeylərdə əsas iş proseslərinin elektronlaşdırılması, avtomatlaşdırlması, elektron kataloqların yaradılıb tətbiq olunması, kataloq axtarışının avtomatlaşdırlıması, avtomatlaşdırlmış metodla informasiyanın əldə olunması, kitabın məzmunun məsafədən alınması kimi iş prosesləri tətbiq olunur. İnformasiya texnologiyaları müəyyən qədər formalaşıb.  Kitabın başqa modeli olan elektron nəşrlər, kitabxanalarda biblioqrafik axtarışın, elektron kataloqların yaradılması, eyni zamanda,  informasiyanın məsafədən, kitabxanadan, arxivdən ötürülməsi, informasiyanın saxlanması, axtarılması, ötürülməsi kimi iş prosesləri texnoloji modeli formalaşmışdır. Bu da sənəd-informasiya menecmentinin atributlarına tamamilə uyğundur. Müasir kitabxanlarda texnoloji modelin formalaşması müəyyən qədər özünü göstərir və kitabxanalar kitabxana-informasiya texnologiyası nəticəsində elektron kitabxanalar statusuna daxil olur. Bu tip kitabxanalar sistemli formada fəaliyyət göstərir.

–    Fakültəyə maraq necədir? Tələbə qəbulu sayında artma, yaxud azalma varmı?

–    Maraq ürəkaçandır. Fakültədə Muzey, arxiv işi və abidələrin qorunması, kitabxana-informasiya fəaliyyəti üzrə ixtisasa 130 nəfər qəbul planı ayrılıb. Bu da yüz faiz yerlərin dolması ilə müşahidə olunur. Hazırda fakültədə aparılan elmi-pedaqoji tədqiqat, ictimai-siyasi iş o səviyyədədir ki, fakültənin adı nümunəvi hallandırılır. Abituriyent sarıdan kəm-kəsirimiz olmur. Bu da abituriyentlərin fakültəyə marağının bariz nümunəsidir. 

–    Tələbə yoldaşı ilə iş yoldaşı olmaq fərqlidir, yoxsa eyni? Fikir ayrılıqlarınız olurmu? Münasibətlərinizi müşahidə edəndə adama elə gəlir ki, bir-birinizlə həmişə razılaşırsınız.

–    Təxminən bu cürdür. Fakültədə həmkarlarımız çoxdur. Həmkarlar deyəndə alimləri nəzərdə tuturam. A.Xələfov kitabxanaşünaslıq elmi məktəbi yaratmış, bizim sahə üzrə alimlər ordusu yetişdirmişdir. Fəlsəfə doktorları və geniş təcrübəyə malik olan elmi dərəcəsi olmayan əməkdaşlarımız var. Hal-hazırda fakültədə olan sosial-psixoloji vəziyyət ünsiyyət normaldır. Əməkdaşlar, həmkarlar bir-birinə hörmətlə yanaşır, elmi-tədqiqat sahəsində disskusiyalar daim mədəni şəkildə yekunlaşır. İş yoldaşları ilə işdən kənar münasibətlər də normaldır. Fakültədə işgüzar tendensiya yüksək səviyyədədir. 

–    Kitabxanaçı-oxucu ünsiyyətinin azalması, kitabxanaların elektronlaşması, getdikcə texniki yeniliklərlə zənginləşməsi oxucuların duyğusallıqdan uzaqlaşmaqlarına səbəb olmur ki? 

–    Kitabxana-informasiya texnologiyalarının tətbiqi qismən elə şərait yaradır ki, kitabxanaçı-oxucu ünsiyyəti bir qədər azalır. Bu əsasən, arxivlərə, akademik kitabxanalara aiddir, çünki bu cür sosial təsisatların sənəd tələbatçıları mütəxəssislər, doktorlar, akademiklərdir, yəni bu cür oxucu kontingenti özlərinə məxsus informativ xarakterli informasiyanı elektron sistemlər vasitəslə kitabxanaçı olmadan ala bilirlər. Bu tip kitabxanalar mövcuddur və elektron kitabxanalar elektron fondlar, internet axtarışı vasitəsilə sənəd informasiyasını alır, təbii ki, burda elmi informasiyanı vasitəçisiz də götürə bilirsən. Bu məsələnin bir tərəfidir, çünki burda oxucu kontingenti, akademik oxuculardan ibarətdir. Onlar müxtəlif iqtisadiyyat və sənaye sahələrinin, nazirliklərin nazir müavinləri, şöbə müdirləri, sektor müdirləridir. Müxtəlif fəaliyyət sahələri var, orda çalışan mütəxəssislər bu fəaliyyət sahələrini innovasiyalarla təmin etmək üçün elmi informasiyalar əldə edirlər. Bunları məsafədən almaq olur, bunlar üçün kitabxanaçı ilə ünsiyyətə qismən ehtiyac olur. Digər oxucu kontingentlərini – məktəblilər, azyaşlı oxucular, kütləvi oxucular, təqaüdçülər və yaşlıları ənənəvi xidmətlə təmin etmək daha vacibdir. Uşaq oxucuların özlərinin 4 növü var; məkətəbəqədər yaşlılar, kiçik məktəbyaşlılar, orta məktəb yaşlılar, yuxarı məktəb yaşlılar. Eyni zamanda, məktəbli oxucuların kateqoriyaları var və nəzərə alsaq ki, bu tip kitabxanalarda oxucu-kitabxanaçı ünsiyyətinin olmamasını düzgün saymazdım, çünki uşaq mütaliəsinə rəhbərlik məktəblilərin mütaliəsinə rəhbərliyin pedaqoji-psixoloji normaları var. Uşaq ədəbiyyatı onların yaş qruplarına görə çap olunur. Kitabların təsvirində  kiçik məktəblilər, məktəb yaşlıları, orta məktəb yaşlılar, yuxarı məktəb yaşlılar üçün ədəbiyyatın təsvir ünsürü qeyd edilməlidir.  Uşaq tərbiyə sistemi var: əxlaq, vətənpərvərlik tərbiyəsi, ideoloji tərbiyə, təhsil tərbiyəsi, musiqi tərbiyəsi və s. Uşaq mütaliəsində bunlar hamısı nəzərdə tutlulan rəhbər ünsürlərdir. Bu tip oxucuları kitabxanaçıdan uzaq tutub sırf vizual məkana kökləmək onların uşaq tərbiyə sistemində ənənəvi formalara üstünlük etməməlidir.  Eyni zamanda, yaşlı nəsil üçün təbii ki, oxucu-kitabxanaçı ünsiyyəti vacibdir. Ənənəvi iş sisteminə söykənən kitabxanalarda informasiya texnologiyaları tətbiq olunması ənənəvi iş sistemindən əl çəkmək deyil. Baxırıq Türkiyə kitabxanalarına, böyük klassik kitabxanalarda böyük oxucu kontingenti var. Peşə bilikləri o səviyyədə olar ki, kitabxanaçı ilə ünsiyyətə ehtiyac olmaya bilər. Məsələn, sənaye sahəsinin mütəxəssisləri, neft sənayesinin yüksək çinli mütəxəssisləri informasiya əldə etmək üçün təbii ki, Milli Kitabxanada, Prezident Kitabxanasında, Sahəvi Respublika kitabxanalarında birbaşa elektron formada sənəd-informasiya daşıyıcılarının məzmununu əldə edirlər.

–    Dövrümüzdə çap olunan uşaq kitablarının məzmunu sizi qane edirmi?

–    Müasir dövrümüzdə daha çox vətənpərvərlik ədəbiyyatı nəşrinə üstünlük verilir. Torpaqlarımız işğal olundu və illər sonra işğaldan azad edildi. Torpaq itkisi uşaqlarda vətənpərvərlik ruhu yaratdı  və uşaq yazıçıları əsərlərini daha çox vətənpərvərlik mövzusuna həsr etdilər. Bu, ədəbi mühitə böyük stimul verdi, uşaq ədəbiyyatı daha çox yayıldı. Güman edirəm, bundan sonra da mənəvi, peşə tərbiyəsi ilə bağlı da uşaq ədəbiyyatları özünə daha çox yer tutacaq. Eyni zamanda, nəşr olunan uşaq ədəbiyyatları kitabxanalarda oxucu konfransı, disput, biblioqrafik icmal və digər təbliğat formaları əsasında təbliğ olunmalı, uşaq kitabxanasına daxil olan yeni ədəbiyyatların tövsiyə siyahısı məktəblərə göndərilməlidir. Uşaq tərbiyə sistemi daim yazıçıların yaradıcılığında əsas istiqamət olmalıdır. Elmi ədəbiyyatlarda uşaq mütaliəsi üçün nələrin vacib olduğunu göstəririk, əsərlər uşaqlara zərərli informasiya ötürməməlidir, onların yaş səviyyəsi nəzərə alınmalıdır. Təbii ki, bu qaydalara cavab verməyən ədəbiyyat bizi qane edə bilməz. 

–    Uşaqların mütaliəsi ilə bağlı valideynlərə nə tövsiyə edirsiniz?  

–    Mütaliə prosesinin özündə iki yanaşma var; vasitəli mütaliə, vasitəsiz mütaliə. Təbii ki, uşaqların məktəb proqramına yiyələnməsində vasitəli mütaliə üstünlük təşkil edir, istəyərdim, valideynlər uşaqları, eyni zamanda vasitəsiz mütaliəyə sövq etdirsinlər. Vasitəsiz mütaliə o deməkdir ki, uşaq heç bir vasitədən istifadə etmədən öz gündəlik istirahət vaxtının bir hissəsini heç bir təsir olmadan mütaliəyə sərf etsin. Vasitəsiz mütaliəyə ehtiyac duyulur. Dünya ölkələrinin təcrübəsinə baxırıq ki, kitabxanalardan istifadə yüksək səviyyədədir, yəni mütaliəyə münasibət hədsiz dərəcədə yaxşıdır. Mütaliənin bünövrəsi vasitəsiz mütaliədir. Heç kəsin göstərişi olmadan şəxsi marağa uyğun mütaliə. Bu prosesi bizdə dirçəltmək lazımdır. Kitabxanaların əksəriyyətində monitorinqlər keçirərkən görürük ki, iştirak edən oxucuların çoxu məktəblilərdi.  Bunlar dərs proqramlarının yerinə yetirlməsi məqsədilə mütaliə edirlər. Çalışmaq lazımdır ki, yay tətilində dərsdən kənar vaxtlarda da uşaqlar, məktəblilər, tələbələr, gənclər vasitəsiz mütaliəyə üstünlük versinlər. 

–    Fakültənin məzunları arasında elmlər doktorları, professorlarla yanaşı, Milli Məclis üzvləri, peşəkar jurnalistlər, tanınmış yazıçılar, şairlər, hüquq mühafizə orqanı işçiləri  və digər nazirliklərdə çalışanlar var. Bunlar tələbələr üçün stimul olurmu? 

–    Biz tələbələrlə ilk dərs günlərində fakültənin tanınmış məzunları haqqında məlumat veririk. Əlbəttə, bu peşəni sevdirmək rəğbət bəsləmək üçün atılmış addım olur. Eyni zamanda, fakültənin məşhur məzunlarını fakültəyə dəvət edirik, görüşlər, ustad dərsləri təşkil edirik.

–    Kitabxanalarda milli ideologiyanın təbliğatı aparılmalıdırmı?

–    Əlbəttə. Kitabxanalar elə ideoloji müəssisədir. Kitabxana- informasiya fəaliyyəti məlumat təbliğini dövlətimizin ideoloji siyasəti üzərində qurur. Həm bakalavriyyat, həm magistr pilləsində ideologiya ilə bağlı fənlər tədris olunur. Həmin fənlərin tədrisi tələbələrin milli ideologiya istiqamətində tərbiyə olunmasına təsir göstərir. Fakültəmizdə hazırda dövlətimizin il boyu müəyyənləşdirdiyi milli vətənpərvərlik, ictimai-siyasi fəaliyyətlə bağlı elmi seminarlar təşkil olunur. Tələbələr kütləvi şəkildə konfrans məruzələri dinləyirlər. 

–    İşin qızğın vaxtında intervü üçün vaxt ayırdığınıza görə təşəkkür edirəm. Bizim üçün də maraqlı oldu, məncə, kitabxana sahəsində çalışanlar, gələcəkdə bu ixtisası seçəcək abituriyentlər üçün də faydalı olacaq.  

–    Ümid edək. 
                                                                                 

Söhbətləşdi: Pərvanə Bayramqızı