adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Rafiq Hacıyev fenomeni: yeniyetmə istedadından zəhmətkeş peşəkarlığına

13493 | 2019-06-11 16:19

"İstedadsız insan yoxdur” deyirlər, ancaq onu demirlər ki, istedadın çoxluğu-azlığı, ağırı-yüngülü, dəymişi-kalı da var. İstedad var ki, yaradır-qurur, istedad da var ki, yaradılanı dağıdır, qurulanı uçurur.

İstedad var, tez parlayıb, tez də sönür. İstedad var, kökü yerin dərin qatlarında olan bulaq kimi axdıqca axır…

Yazıçı-jurnalist Rafiq Hacıyevin istedadı zəhmətkeş (və hər yönü ilə yaradıcı, qurucu!) istedaddır.

O, bu dünyaya 1954-cü ildə ziyalı ailəsində gəlib, uşaqlıq, yeniyetməlik illərində, xüsusilə bizim hər birimizin "ilk universiteti” olan orta məktəb mühitində sübut edib ki, onun ən azı üç sahədə təbii istedadı var: rəsmdə, musiqidə və ədəbiyyatda. Əlbəttə, hər üç istedad təmayülünün bir yeniyetmədə təzahürü öz-özlüyündə böyük xoşbəxtlik sayıla bilər, ancaq Rafiq bu xoşbəxliklər içərisindən birini seçməli idi. O da sözü-jurnalistikanı seçdi…

Orta məktəbin son siniflərində oxuyanda artıq rayon qəzetinin ştatdankənar müxbiri kimi o yaşda hər kəsə qismət olmayan mötəbər bir vəzifə daşıyırdı. Və 1975-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olana qədər mətbəədə həm çapçı işləmiş, həm də linotipçiliyi, mürəttibliyi öyrənmişdi. Yəni jurnalist sənətinin "mətbəx”i ilə elə əvvəlcədən tanış olmağa imkan tapmışdı.

Jurnalistika fakültəsində təhsil aldığı illərdən Rafiq Hacıyev respublikanın baş mətbuat orqanı olan "Kommunist” qəzetində çalışmış, müxbirlikdən məsul katibliyə qədər əmək-yaradıcılıq yolu keçmiş, 1986-cı ildə Azərbaycan KP MK-nın nümayəndəsi kimi Laçın rayonunda çıxan "Laçın” qəzetində uzunmüddətli yaradıcılıq ezamiyyətində olmuşdu…

Qəzet işinə dərindən yiyələnən jurnalist ölkəmizin müstəqillik uğrunda mübarizə apardığı 1991-1993-cü illərdə həmin mübarizənin ön sıralarında gedən "Azərbaycan”, "Həyat” qəzetlərində məsul katib, "Vətən” Cəmiyyətinin orqanı "Odlar Yurdu” qəzetində baş redaktor kimi fəaliyyət göstərmiş, 1993-1995-ci illərdə isə AZƏRTAC-ın müxbiri və buraxılış redaktoru işləyərkən dahi dövlət qurucusu, ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi müxtəlif formatlı dövlət tədbirlərinin mətbuatda işıqlandırılmasında peşəkar jurnalist olaraq fəal iştirak etmişdir.

1995-ci ildən Azərbaycan Respublikası Baş Prokurorluğu mətbuat mərkəzinin məsul əməkdaşı olan Rafiq Hacıyev həm də ali hüquqşünaslıq təhsili almış, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir ki, bu, onun, hər şeydən əvvəl, çalışdığı işə məsuliyyətli münasibətinin göstəricisi, peşəsinə peşəkar ehtiramının təzahürüdür. Və elə həmin peşəkarlığın, məsuliyyətin (və heç şübhəsiz, ilk növbədə təbii yaradıcılıq istedadının!) nəticəsidir ki, Rafiq Hacıyevin müəllifi olduğu yüzlərlə irili-xırdalı yazıların janrından asılı olmayaraq hamısının dəqiq ideya təyinatı, informativ enerjisi, estetik təsir gücü var. Nədən yazırsa yazsın, əvvəlcə mövzunun mahiyyətinə varır, məzmun-mündərəcəsini dərindən öyrənir, yalnız ondan sonra əlinə qələm alıb sözün ağır-yüngülünü, polifoniyasını, başlıcası isə spektrlərini seçməyə başlayır. Və onun təhkiyeyi-kəlamında söz təkcə mənası ilə yox, həm də musiqisi, rəngi ilə – istedadla peşəkarlığın vəhdətində zühur edir.

Təsadüfi deyil ki, tanınmış jurnalist Müsəllim Həsənov öz həmkarı və dostu Rafiqin altmış illik yubileyinə həsr elədiyi məqaləsini "Gözəl rəssam da ola bilərdi, istedadlı xanəndə də… amma taleyini həmişəlik jurnalistikaya bağladı” adlandırır.

Rafiq Hacıyevin istedadı ilə peşəkarlığının harmoniyası barədə tanınmış ziyalılar çox maraqlı fikirlər, mülahizələr söyləmişlər. Cəmil Əlibəyov, Ramiz Məmmədzadə, Səyavuş Sərxanlı, Allahverdi Eminov, Şakir Yaqubov, TofiqAbdin…

Görkəmli şair, publisist Vaqif Bəhmənli hələ neçə illər bundan əvvəl yazmışdı: "Rafiq Hacıyev Azərbaycan mətbuat aləmində beş-altı professionaldan biridir. Mən bu sözləri tam səmimiyyətlə deyirəm. Və bilirəm ki, fikrimə şərik çıxanlar çox olacaq… Hər hansı bir qəzet, nəşr canlı orqanizmdir, onun doğuluşunda, dünyaya gəlib yaşam qazanmasında elə bir məqam yoxdur ki, Rafiqdən gizli qalsın…”

Rafiq jurnalistikanın "mətbəx”inə nə dərəcədə bələd olmuşdusa, hüquqşünaslığın "mətbəx”ini də, demək olar ki, o səviyyədə mənimsəyə bildi.

Nə qədər paradoksal olsa da, tarix boyu hamı hakim, müstəntiq olmağa can atır, ancaq hamı nə vaxtsa müttəhim kürsüsündə oturur… Nə "Əhdi- ətiq”in, nə "Əhdi-cədid”in, nə də "Qurani-kərim”in məntiqində hakim-müstəntiq insan yoxdur, yalnız insan-müttəhim var. Hətta Roma hüququ insana "ittihamçı” statusu verəndə həmin "ittihamçı”nı müdafiə edən bütöv bir "sistem” yaratmağa məcbur oldu…

Ən böyük istintaqçı, ən böyük ittihamçı isə jurnalistdir. Çünki jurnalistin nə günahı olur, nə də bilavasitə cəza vemək imkanı…

Əlbəttə, Rafiq Hacıyev, ilk növbədə, jurnalistdir, ancaq, jurnalistliyin ən azı üç sahəsində peşəkar fəaliyyət göstərir: jurnalist-hüquqşünas, jurnalist-sənətşünas və jurnalist-yazıçı.

"İstintaqı peşəkarlar aparır” (1999) jurnalist-hüquqşünas Rafiq Hacıyevin ilk kitabı olsa da, təcrübəli qələmin məhsulu kimi müəllifinə kifayət qədər böyük şöhrət gətirdi. Hər şeydən əvvəl ona görə ki, Rafiq prokurorluq işinin təfərrüatlarını təfsilatına qədər öyrəndi, ikincisi isə, onun qələmi publisistik kəsərini itirmədən bədii təhkiyəyə keçmək ustalığına yiyələndi.

Əməkdar jurnalist Rəfael Nağıyev kitaba yazdığı ön sözdə deyir ki, "Rafiq Hacıyevin qəhrəmanları cinayətkarlar deyil, cinayətkarları ifşa edən, cəmiyyətimizin belələrindən təmizlənməsi üçün var qüvvəsini əsirgəməyən müstəntiqlərdir, prokurorlardır, polis əməkdaşlarıdır. Rafiq Hacıyev hər cinayəti ona görə təfərrüatı ilə təsvir edir ki, hüquq mühafizə orqanları işçilərinin məharətini daha geniş və əhatəli şəkildə işıqlandırsın.

…Oçerklərin əksəriyyəti qəzetlərdə dərc olunmuşdur. Onları kitab üçün hazırlayarkən müəllif düzgün, mən deyərdim ki, nəcib hərəkət etmişdir – hüquqşünasların adlarını olduğu kimi saxlamış, cinayətkarların adlarını isə dəyişmişdir. Axı onların bəziləri həyatdan köçmüş, bəziləri islah yerlərindən qayıtdıqdan sonra faydalı əməyə qoşulmuş, çoxu öz əməllərindən peşman olmuşdur. Üstəlik, oğul-uşaqları var”.

Əlbəttə, publisistikanın öz, ədəbiyyatın da öz qanunları var. Jurnalistdən fərqli olaraq yazıçı hadisələrin (və zamanın!) fövqünə daha çox qalxmalı, böyük ideallar naminə güzəştə getməyə qadir olmalıdır. Odur ki, "İstintaqı peşəkarlar aparır” haqqındakı məqaləsində Səyavuş Sərxanlı doğru deyir ki, "müəllifin qələmindən mərhəmət damcılayır”…

Rafiq cinayətkarı bağışlamır, cinayətə gətirib çıxaran "maraqlar”ın iqtisadi, sosial, mənəvi mahiyyətini ortaya çıxarmaq üçün nə qədər mümkündürsə o qədər "dərinlər”ə gedir. Ancaq unutmur ki, "İstintaqı peşəkarlar aparır”da o, müstəntiq deyil, jurnalistdir, yazıçıdır..

"Müstəntiq” oçerkində də müstəntiqin yox, insanın obrazını yaradır…

"…Alqış sədaları onu xəyaldan ayırdı. Baş prokuror sözünü bitirirdi:

– Ümidvar olduğumu bildirmək istəyirəm ki, Sizin keçdiyiniz böyük həyat yolu, biliyiniz və zəngin təcrübəniz ölkəmizdə qanunçuluğun möhkəmləndirilməsi, gənc nəslin tərbiyəsi işinə bundan sonra da xidmət edəcəkdir…

Yaşı yetmişi haqlamış Ağaverdi Abbasov cavab nitqində çox danışmadı. Kövrəlmişdi. Xoş sözlərə görə təşəkkür etdi və axırda dedi:

– Nə yaxşı ki, birlikdəyik. Nə yaxşı ki, siz varsınız”…

Bü sözləri demək Ağaverdi Abbasovun, qələmə almaq isə Raifq Hacıyevin insanlığı, humanizmidir… Nə edək ki, İnsan İnsanı ittiham etməyə məcburdur. Tanrının özü uzaqlarda, səbri isə yüzlərlə insan nəslinə bəs edəcək qədər böyükdür!..

Bəlkə də, İnsanı müdrik yox, sənətkar edən onun səbirsizliyi, hövsələsizliyidir…

Mən neçə illərdir ki, "Ədalət”də, "525-ci qəzet”də Rafiqin böyük sənət adamları haqqında olduqca böyük eşqlə, məhəbbətlə yazdığı məqalələri oxuyuram… "Mən elə maestroyam ki…”, "Əhsən sənə, Əhsən!..”, "Novator”, "Ürəyi alovlu Əhsənlə ərköyün Qədirin sənət möcüzəsi”, "Barmaqların dilində oxunan nəğmələr…”. Bu yazıların hər biri mükəmməl sənətşünaslıq əsəridir…

Böyük Rəsul Rzanın "Rənglər” silsiləsi barədə az yazılmayıb, ancaq Rafiqin yazısı öz analitik təhlil metodu, idyea-estetik ümumiləşdirmələrilə yenidir. Və mütəvaze iddia ilə qələmə alınmış bu essenin, demək olar ki, hər cümləsində müəllifin ədəbiyyata, musiqiyə, rəssamlığa dərindən aşinalığı duyulur: "Bu düşüncələrimdə poeziyanın novator bayraqları kimi xalqımızın qəlbində yaşayan qüdrətli "sözlər sərkərdəsi”nin – "rənglər nəğməkarı” maestronun öz poetik "Rənglər” deyimlərində "kimsənin çalmadığı telləri” musiqinin dili ilə verməyə çalışdım.

"Rənglər”in ifadə etdiyi sevinci, kədəri melodiyanın cazibədar palitrası ilə "göstərməyə” və onları duyğularla, düşüncələrlə və xəyallarla bağlamağa can atdım…”

Rafiq dərk etdiklərini heç kimlə paylaşmaq, öz duyğularına heç kimi şərik etmək iddiasında deyil, ancaq onun inamlı izharları israrla təlqin edir ki, onun düşüncələri ilə paylaşa, duyğuları ilə şərik olasan…

"Ədalət”in son saylarında gedən "Şəhrizadın… tarzən Ramiz Quliyev nağılı”nın janrını müəllif oxunuşca daha şirin, daha mənalı "Min bir gecə” hekayələrinin üslubuna salınmış lirik süjetlər kimi müəyyən edir. Və bu "süjetlər”də zəmanəmizin görkəmli sənətkarının yaradıcılıq tərcümeyi-halına elə bir miqyaslı fəlsəfi-poetik işıq tutulur ki, elə bil Ramiz Quliyevin tarla dediklərini Rafiq Hacıyev qələmlə deyir. Orta əsrlər şərq-müsəlman eposunun dünya şöhrətinə, min illik poetexnoloji təsir təcrübəsinə əsaslanan müəllif yeni bir epos – Ramiz Quliyev nağılına rəvac verir…

"Ramiz Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan çox böyük sənətkardır. O, Tanrı vergisi olan dünya şöhrətli ifaçı, təkrarolunmaz səhnə ustalığı və unikal musiqi duyumuna malik tarzən, planetin ən yaxşı simfonik orkestrləri ilə misilsiz uğurla çıxış edən virtuoz musiqiçidir.

Dünyanın ən mötəbər səhnələrində Azərbaycan incəsənətini təmsil etmək hüququ qazanmış Ramizin hər bir konserti böyük mədəniyyət hadisəsi olaraq onun fitri istedadının yeni çalarlarını aşkar edir”…

Bu publisistik "təhkiyə sxematizmi”ndə mən Rafiqin hıçqırıqlarını eşidirəm…

Əlbəttə, Ramiz Quliyevin tarından danışanda gərək söhbəti Qarabağdan başlayasan. Və Şəhrizadın "ifa”sında Rafiq Hacıyev nə qədər Ramiz Quliyevdən danışırsa, az qala o qədər də Qarabağdan deyir.

Rafiq Hacıyevin həm təbii istedadı, həm yaradıcı peşəkarlığı, həm də zəhmətkeşliyi həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Jurnalistlər, Yazıçılar, Hüquqşünaslar birliklərinin və Rəssamlar İttifaqının üzvüdür. Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi, Yazıçılar Birliyinin Cəfər Cabbarlı və Rəsul Rza ədəbi mükafatlarına layiq görülmüşdür.

İgid oğlu dayısına çəkər deyərlər. Raifq dayısıına yox, dayılarına çəkib… Dayılarından biri "Gənc işçi”nin məsul katibi, iki dəfə "Kommunist”in, İranda çıxmış "Vətən uğrunda” qəzetinin baş redaktoru, "Azərinform”un baş direktoru, Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri, uzun illər isə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyətinin sədri olmuş, onlarla kitablar müəllifi Rza Quliyev, digəri isə Naxçıvan MSSR-in xalq maarif komissarı, Azərbaycan SSR xalq maarif komissarının və ədliyyə nazirinin müavini, "Kommunist” nəşriyyatının direktoru, sonra isə SSRİ Silahlı Qüvvələri Baş Siyasi İdarəsində şöbə rəisi olmuş, bir çox kitablar müəllifi Həsən Quliyevdir. Hər iki görkəmli ictimai xadimin şəxsiyyəti, heç şübhəsiz, Rafiqin taleyinə təsirsiz qalmamışdır… Ancaq bir məsələ də var ki, hər kəs öz taleyini nəticə etibarilə özü yaradır…

Rafiq Hacıyevi tanıyanlar yaxşı bilirlər ki, o həmişə iş başındadır, öz tərcümeyi-halını hər gün, hər saat zənginləşdirməyə köklənmiş bu dəyərli ziyalının qələmi heç vaxt dayanmır. O, Azərbaycan prokurorluq orqanı əməkdaşlarının çətin, eyni zamanda şərəfli işindən bəhs edən iki roman, iki povest və əlli sənədli hekayədən ibarət üçcildliyi, "Başsız qadının sirri…” romanı üzərindəki yaradıcılıq işini yekunlaşdırmış, görkəmli tarzən Əhsən Dadaşova həsr edilmiş "Əhsən sənə, Əhsən!..” kitabını isə çapa təqdim etmişdir.

Və bunlar hələ, necə deyərlər, aysberqin üzdə olan hissəsidir… Rafiqin yaradıcılıq planlarının, heç şübhə etmirəm ki, bitib-tükənməz alt qatı da var…

O istedad ki Tanrıdan gəlir, insanı bütün həyatı boyu müşayiət edir. Və heç vaxt sönmür… Rafiq Hacıyevin yeniyetməlik illərindən özünü göstərən rəssamlıq, musiqi və ədəbi istedadı altmış beşdən yetmişə getdiyi müdriklik yaşında da gənclik təravəti ilə onun yaradıcılıq axtarışlarının miqyasına (və məhsuldarlığına!) təravət verməkdə davam edir…

01.05.2019


TƏQVİM / ARXİV