adalet.az header logo
  • Bakı -°C
03 Sentyabr 2026 13:52
64
SİYASƏT
A- A+

“Bakı üçün ən optimal strategiya bütün təxribatlara baxmayaraq müharibəyə...”

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti İranı Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyət göstərdiyi müharibə və silahlı münaqişə şəraitində olan dövlətlər kateqoriyasına aid edib. Bu qərarın arxasında siyasi və təhlükəsizlik mühitinin yenidən qiymətləndirməsi dayanır. Başqa sözlə, Azərbaycan öz diplomatlarının İrandakı fəaliyyətini artıq adi diplomatik missiya kimi deyil, yüksək riskli təhlükəsizlik şəraitində həyata keçirilən fəaliyyət kimi rəsmiləşdirir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib. 

O, bildirib ki, qərarın praktiki nəticəsi diplomatların və diplomatik heyətin təhlükəli şəraitdə fəaliyyət göstərməsinə görə əlavə təminat və kompensasiya mexanizmlərinin işə düşməsidir:

“Hörmüz boğazında baş verən və Yaxın Şərqdə onsuz da kövrək olan vəziyyəti yenidən kritik həddə çatdıran son hadisə isə avqustun 30-da baş verib. Həmin gün ABŞ İranın Lark adasında iki raket qurğusuna zərbə endirdi. Vaşinqtonun versiyasına görə, bu qurğular SEPAH tərəfindən Hörmüz boğazına mina yerləşdirmək üçün hazırlanırdı. Tehran isə ABŞ-nin hücumunu yeni təcavüz aktı kimi qiymətləndirdi və “təcavüzkara cəza” əməliyyatının başladıldığını açıqladı. Beləliklə, bir neçə həftəlik nisbi sakitlikdən sonra ABŞ və İran arasında hərbi qarşıdurma yenidən alovlandı. İranın cavabında əsas hədəflərdən biri ABŞ hərbi kontingentinin yerləşdiyi İordaniyadakı bazalar oldu. Bununla da qarşıdurmanın coğrafiyası yenidən genişlənmək təhlükəsi ilə üz-üzə qaldı”. 

Politoloqun fikrincə, Azərbaycanın son qərarını Lark əməliyyatının nəticəsi ilə əlaqələndirmək düzgün olmazdı:

“Azərbaycan İran ətrafında formalaşan təhlükəsizlik vəziyyətini bundan əvvəl ciddi risk kimi qiymətləndirib. Qərarın geriyə — 1 mart 2026-cı il tarixindən tətbiq edilməsi də bu baxımdan diqqətəlayiqdir. Belə ki, Azərbaycan hökuməti İran ərazisindəki təhlükəsizlik vəziyyətini son günlərdə yaranmış müvəqqəti problem kimi deyil, 2026-cı ilin əvvəlindən davam edən və diplomatik fəaliyyət üçün xüsusi risk yaradan proses kimi qiymətləndirir. Bu isə Bakının bütövlükdə İrana yox, İranda gedən müharibəyə münasibətində yeni təhlükəsizlik prizmasının formalaşdığını göstərir. Ümumiyyətlə, diplomatik nümayəndəliklərin müharibə və silahlı münaqişə şəraitində fəaliyyət göstərən qurumlar kateqoriyasına daxil edilməsi dövlətin öz diplomatlarının təhlükəsizliyinə dair məsuliyyət mexanizmini gücləndirir. Bu diplomatik nümayəndəliyin fəaliyyətinin məhdudlaşdırılması demək deyildir. Diplomatik fəaliyyət heç bir məhdudlaşma olmadan tam gücü ilə davam edir. Lakin dövlət həmin fəaliyyətin normal diplomatik şəraitdə deyil, xüsusi risk şəraitində həyata keçirildiyini rəsmən tanıyır”. 

Q.Əlibəyli deyib ki, bu baxımdan Nazirlər Kabinetinin qərarı həm də Bakının Tehrana münasibətdə “riskin idarə edilməsi”-nin yeni mərhələsinə keçdiyini göstərir:

“Yəni söhbət İranla diplomatik münasibətlərin dayandırılmasından və ya məhdudlaşdırılmasından deyil, bu münasibətlərin təhlükəsizlik riskləri nəzərə alınmaqla idarə edilməsindən gedir. Xatırlatmaq lazımdır ki, Azərbaycanhələ aprel ayında, İran ərazisində hərbi əməliyyatların dayandırılmasından və iki həftəlik atəşkəsin elan edilməsindən qısa müddət sonra Tehrandakı səfirliyimizin fəaliyyətini bərpa etdi. Lakin Bakı da bunu tam heyətlə deyil, məhdud sayda diplomatik və inzibati əməkdaşla həyata keçirdi və fəaliyyətin mərhələli şəkildə genişləndiriləcəyini açıqladı.Yəni Azərbaycan təhlükəsizlik risklərinə baxmayaraq diplomatik kanal açıq qalmalıdır mesajını apreldə İranla qonşuluq və ikitərəfli münasibətlərin əhəmiyyətindən çıxış edərək verdi. Bu, Azərbaycanın İran məsələsində tutduğu xəttin mahiyyətini də göstərir: İranla münasibətləri hərbi qarşıdurmanın dəyişən dinamikasına qurban verməmək, diplomatik kanalı mümkün qədər açıq saxlamaq. Bu risklərin idarə olunmasının Azərbaycan modelinin əsas cəhətidir”.

Onun sözlərinə görə, ümumiyyətlə Azərbaycan üçün İranla münasibətlər həmişə ikili xarakter daşıyıb:

“Bir tərəfdən iki ölkə arasında uzun sərhəd, tarixi əlaqələr, iqtisadi münasibətlər, nəqliyyat layihələri və ciddi regional maraqlar mövcuddur. Digər tərəfdən isə son illərdə geosiyasi müstəvidə münasibətlərdə təhlükəsizlik problemi getdikcə daha çox ön plana çıxıb. ABŞ-İsrail cütlüyünün İrana qarşı apardığı müharibə vəziyyət daha mürəkkəbləşdirir. Azərbaycanın cənub qonşusunda müharibə gedirsə, bu müharibənin nəticələri Azərbaycan sərhədindən yüzlərlə, bəzi istiqamətlərdə isə daha az məsafədə hiss oluna bilər. Burada təhlükəni yalnız raket və dron zərbələri ilə ölçmək düzgün olmaz. Azərbaycan üçün daha geniş təhlükəsizlik spektri meydana çıxır”. 

Politoloq bildirib ki, ABŞ–İran qarşıdurmasının İranın bütün ərazisinə və regiondakı ABŞ bazalarına yayılması yeni risklər yaradır:

“İranın hərbi cavabının müxtəlif istiqamətlərə yönəlməsi hərbi eskalasiyanın coğrafi genişlənməsinin nəzəri ehtimal olmadığını göstərir. İranın bəzi rəsmilərinin tez-tez Azərbaycanı hədəfə alan bəyanatlarla çıxış etməsi vəziyyəti daha da gərginləşdirir. Və Azərbaycan üçün əlavə problemlər yaradır. Müharibə şəraitində hava məkanının bağlanması, uçuşların dayandırılması və sərhəd-keçid rejiminin dəyişməsi Azərbaycan üçün birbaşa logistika problemi yarada bilər. Bundan başqa, Hörmüz boğazında vəziyyətin pisləşməsi yalnız neftin qiymətinə təsir etmir. Bu, bütün regional nəqliyyat və enerji marşrutlarında risklərin yenidən hesablanmasına səbəb olur. İran daxilində hərbi qarşıdurmanın dərinləşməsi həmçinin sərhəd bölgələrində qeyri-sabitlik, qaçqın axını, qaçaqmalçılıq və digər transsərhəd riskləri ehtimalını artıra bilər. Bütün bu amilləri nəzərə alaraq Azərbaycan siyasi və diplomatik dialoqu qorumaqla yanaşı təhlükəsizlik risklərinə hazırlığı artırmaq xəttini tutub. Artıq məlumdur ki, ABŞ-İran müharibəsinin ən həssas məsələsi artıq İranın nüvə proqramı və raket imkanları deyil, Hörmüz boğazına nəzarətdir. Hörmüz boğazına nəzarət məsələsi strateji qarşıdurmanın mərkəzinə çevrilib və bu, bütün region üçün təhlükəlidir. Çünki boğazda hərbi qarşıdurma uzun müddət davam edərsə, məsələ tədricən ABŞ–İran münasibətlərindən çıxaraq qlobal enerji və logistika böhranına çevrilə bilər.Belə bir şəraitdə Azərbaycanın bir dövlət kimi vəziyyəti xüsusilə həssas olaraq qiymətləndirilməlidir. Azərbaycan bir tərəfdən ABŞ və Qərblə strateji münasibətlərini inkişaf etdirir, digər tərəfdən İranla yaxın qonşudur”. 

O, bildirib ki, bu baxımdan Bakı üçün ən optimal strategiya bütün təxribatlara baxmayaraq müharibəyə qoşulmamaq, öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan verməmək, lakin siyasi və kanalları açıq saxlamaqla müharibənin mümkün nəticələrinə hazır olmaqdır:

“Bu gün Azərbaycanın regional geosiyasi və hərbi qarşıdurmada seçdiyi yol məhz bu yönümdədir. Başqa sözlə, Azərbaycan bu qarşıdurmada tərəf olmaqdan daha çox onun nəticələrinin idarə edilməsinə hazırlaşır.Bu baxımdan diplomatların müharibə zonasında fəaliyyət göstərən əməkdaşlar kateqoriyasına salınması qərarı mühüm mesaj kimi də qiymətləndirilə bilər. Bu qərarın mesajı ilk növbədə İranda fəaliyyət göstərə Azərbaycan diplomatlarına yönəlib və onların fəaliyyət göstərdikləri şəraitdə təhlükəsizlik risklərinin nəzərə alındığını göstərir. Lakin qərardan irəli gələn mesaj təkcə bununla məhdudlaşmır. Azərbaycan bununla göstərir ki, İran ətrafında yaranmış hərbi-siyasi vəziyyəti yaxından izləyir və lazım gəldikdə diplomatik, təhlükəsizlik və inzibati tədbirlər görməyə hazırdır. Başqa sözlə Azərbaycan artıq İran istiqamətində diplomatik fəaliyyəti yalnız siyasi münasibətlər prizmasından deyil, təhlükəsizlik riskləri prizmasından da idarə edir. Lark adasında edilən son hücumlar Bakının bu qiymətləndirməsinin nə qədər ciddi olduğunu bir daha göstərdi. Bu qərar həmçinin İran–ABŞ qarşıdurmasının Azərbaycan sərhədlərinə çatmadan onu necə idarə etmək və mümkün nəticələrini necə minimuma endirmək barədə düşündüyünü bir daha nümayiş etdirir. Bu məsələdə sərhəd təhlükəsizliyi, enerji siyasəti, nəqliyyat, fövqəladə vəziyyətlərə hazırlıq və ən başlıcası, Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin nə dərəcədə çevik olması həlledici rol oynayacaq”.

Vasif ƏLİHÜSEYN