adalet.az header logo
  • Bakı -°C
06 Aprel 2026 10:39
68
SİYASƏT
A- A+

“Bu qələbələr qanların, canların və böyük əzabların bahasına qazanılıb”

“Dövlətin təhlükəsizliyinin sarsılmasının qarşısını almaq milli ideologiyamızın sərrast, mütərəqqi və müdrik xarakterindən xəbər verir.Azərbaycan dövlətini hər zaman öz çirkli və məkirli niyyətləri ilə sarsıtmağa çalışan, arxadan zərbə vuran region və regiondan kənar qüvvələrin düşmənçilik planlarını bu xalq və bu vətən dəfələrlə görüb. Lakin hər xainlikdən sonra öz qürurunu və milli kimliyini qoruyub saxlayan uca xalqımız, ən yaxşı dəyərləri özündə cəmləşdirməklə, dünyada simasını nümayiş etdirib”. 

Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

Onun sözlərinə görə, məhz bu keyfiyyətlər səbəbindən başımıza bir çox müsibətlər gətirilib:

“Tarixi reallıqlar nəzərə alındıqda, Azərbaycan təhlükəsizliyi sarsılmazdır və heç bir güc onu zəiflədə bilməz. Çünki sarsılmaz əsaslar üzərində qurulan milli təhlükəsizlik konsepsiyasını yaradan Lider ölkəni idarə edir. Biz bu gün bizə qarşı düşmənçilik edən xəyanət dənizininn sakinlərinin yaşatdığı şoku bir daha gördük. Bu, üzərimizdə uzun müddət basqı yaratmağa xidmət edən ideologiyanın məhvi idi. Belə əzəmətli qələbəyə, belə müqəddəs zəfərə nail olmaq xalqımız tərəfindən dərin dəyərləndirmə ilə qarşılandı və yüksək qiymətləndirildi. Tarixi proseslər açıq şəkildə göstərir ki, dövlətimiz milli təhlükəsizliyini təsadüfi amillər üzərində deyil, möhkəm siyasi iradə, güclü ordu və xalq–dövlət birliyi əsasında qurub”. 

O, bildirib ki, keçmişdə üzləşdiyimiz təhdidlərin qarşısına isə real gücümüz, diplomatiyamız, strateji düşüncəmiz, uzaqgörənliyimiz və böyük siyasi iradəmizlə, dağılmaz və sarsılmaz siyasi sədd çəkmişik:

“Cənab Prezidentimizin Böyük Azərbaycan, bütöv və qüdrətli Azərbaycan ideyasını mükəmməl şəkildə həyata keçirməsi gücümüzü regionda sabitliyin əsas dayaqlarından birinə çevirdi. Bu gün hələ də şok vəziyyətində olan bəzi qüvvələrin, sapı özümüzdən olan namərd baltaların bu dövlətin qalxdığı zirvəyə kölgə salmaq cəhdlərinə baxmayaraq, güclü və qalib dövlətin qanunları buna imkan vermir və verməyəcək. Adlarını çəkməyə belə lüzum görmədiyim nə Əlilər, nə Cəmillər, nə Ramizlər, nə də onların ətrafında olan tikanlar bu prosesdə siyasi və şərəfli qələbələrimizə zərrə qədər də olsun zərər vura bilməzlər. Bu qələbələr qanların, canların və böyük əzabların bahasına qazanılıb. Nə bu dövlət, nə də bu xalq sizə imkan verəcək buna əmin olun! Özünüzü yalandan və riyakarlıqdan yoğrulmuş, xarici siyasi mərkəzlərin limanlarında hazırlanmış zəhərli ideologiyalarla aldatmayın. Çünki əzəmətli və uca xalqımız sizin kim olduğunuzu artıq çoxdan bilir”.

Vasif ƏLİHÜSEYN