adalet.az header logo
  • Bakı -°C
01 Dekabr 2025 12:20
50
SİYASƏT
A- A+

“Düşmən buna görə Laçını döyüşsüz qaytarmağa məcbur oldu...” – Ədalət Verdiyev

“Laçın Azərbaycan üçün daim böyük strateji əhəmiyyət kəsb edib. Bura sadəcə bir rayon ərazisi deyil. Laçın Ermənistanla sərhəddə yerləşən və otuz ildən artıq davam edən işğal dövründə məhz Ermənistanın Qarabağ ilə əlaqəsini təmin edən bir coğrafi məkan idi. Bu ərazinin böyük bir hissəsinin bir güllə atılmadan belə Azərbaycanın nəzarətinə keçməsi qəhrəman ordumuzun müharibədə götərdiyi böyük fədakarlığın, qəhrəmanlığın nəticəsi idi ki, düşmən digər iki rayonumuzla bərabər Laçını da Azərbaycana qaytarmağa məcbur oldu”. 

Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Laçının işğaldan azad olunması haqda danışarkən deyib. 

O, bildirib ki, Laçının işğal tarixini deyil, işğaldan azad edilməsi gününü qeyd etdiyimiz üçün çox xoşbəxtik:

“Bu gün Laçın dağlarında Azərbaycan bayrağı dalğalanır. Laçının azad olunması və Laçında sərhəd-keçid məntəqəsinin qurulması birmənalı olaraq Azərbaycanın sərhəd bötüvlüyünün təmin olunması ilə başa çatdı. Bu gün biz Laçında hərbi infrastrukturlar yaratmışıq, kifayət qədər ciddi sayda hərbi hissələr yerləşdirmişik, əsgərimiz Laçın dağlarından tarixi torpaqlarımızı müşahidə altında saxlayır”. 

Ekspert deyib ki, bu gün ermənilər artıq əmin olublar ki, Azərbaycan əsgərinə qarşı istənilən fəaliyyət onlar üçün çox böyük fəlakətlərə gətirib çıxara bilər:

“Digər azad olunmuş ərazilər kimi Laçın dağlarında üçrəngli bayrağımız qürurla dalğalanır və hər bir Azərbaycan vətəndaşı, ordusuyla, bayrağıyla, azad edilmiş əraziləri ilə, o cümlədən Laçını ilə qürur duyur və fəxr edir. Bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdə olan Laçının hər dağında, hər daşında, hər qayasında qəhrəman Azərbaycan əsgərinin nəfəsi duyulur. Biz bu torpaqları şəhidlərimizin qanı və canı bahasına azad etmişik və bu torpaqlarda əbədi yaşayacağıq”. 

Vasif ƏLİHÜSEYN