“Ukraynada mövcud hökumət bunu qəbul etsə...”
“Ümumiyyətlə, ABŞ-nin hazırladığı bu yeni sənədlə Ukraynanın ərazisinin bir hissəsini itirməsi deməkdir. Donald Trampın hakimiyyətə gəldiyi bu günə qədər əsas məqsədi müharibəni dayandırmaqdır. Amma məsələ burasındadır ki, müharibəni dayandırmaq üçün şərtlər tərəflərə uyğun olsun”.
Bunu Adalet.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Rusiya və Ukraynanın təklif etdiyi şərtlər bir-birini qane etmir:
“Rusiya iddia edir ki, Donbas onun prinsipial ərazisidir. Krımdan isə söhbət açılmasını istəmir. Bu da o deməkdir ki, Krım məsələsində sərt mövqedə dayanıb. Burda da faktiki olaraq Ukrayna ərazi itirəcək. Əgər bu cür olacaqsa, inanmıram ki, Rusiya təkcə Ukrayna ilə kifayətlənsin. Rusiyada Putin hakimiyyəti daxildə Qərbə, NATO-ya qalib gəldiyini servis edəcək və bu da cəmiyyətdə mövcud hökumətə inamı artıracaq. Eyni zamanda, beynəlxalq səviyyədə Rusiyanın nüfuzu möhkəmlənə bilər ki, bu da Qərbin nüfuzunun aşağı düşməsidir. Bununla da artıq yeni bir mərhələ başlaya bilər. Tramp məsələyə bir az biznes tərəfdən baxırsa, amma Avropa dövlətləri burda təhlükəsizlik məsələsini önə çıxarırlar. Rusiyanın növbəti hədəfi Polşa, Baltikyanı ölkələrin olmayacağına təminat da yoxdur. Ona görə də düşünmürəm ki, Ukrayna bu təklifi istəsin. Ukraynada mövcud hökumət bunu qəbul etsə, bu artıq nəinki onun sonu olacaq, hətta daxildə ciddi problemlərə səbəb ola bilər”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

