13 Oktyabr 2025 12:27
138
DÜNYA

“Pakistan-Əfqanıstan gərginliyi ən çox Pekini narahat edir...”

“Əfqanıstan-Pakistan sərhədində yenə döyüşlər olub. Tərəflər bir-birlərinin ərazilərini artileriya atəşinə tutublar. Döyüşlərdə hərbi təyyarələrdən də istifadə edilib. Taliban Pakistan hərbi təyyarələrinin Əfqanıstanın hava sahəsini pozduğunu iddia edir. Hər iki tərəfdən ölən və yaralananlar var. İl ərzində iki ölkə arasında müxtəlif silahlı toqquşmalar baş verir və bu zaman onlarla hərbçi həlak olur. Tərəflər baş verən silahlı toqquşmalarda bir-birlərini ittiham edirlər”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Pakistanla münasibətlərdə gərginlik yaşayır: 

“Halbuki, vaxtilə Talibanın yaranmasında Pakistanın rolu olub. Ancaq Əfqanıstan ərazisindəki “Pakistan Talibanı” (Təhriki Pakistan) adlanan silahlı qrup Pakistanın sərhəd məntəqlərinə hücumlar təşkil edir. Bu zaman Pakistan Əfqanıstan ərazisindəki həmin qüvvələrin yerləşmə yerlərinə zərbələr endirir. Gərginliyi artıran səbəb iki ölkə arasında sərhədin qeyri-müəyyənliyidir”. 

Onun sözlərinə görə, 2670 km uzunluğundakı sərhədi 1893-cü ildə ilgilis müstəmləkəçiləri müəyyənləşdiriblər:

“Əfqanıstan “Durand xətti” adlanan sərhədi rəsmi olaraq tanımır. Bu isə öz növbəsində gərginliyə səbəb olur. Pakistan sərhədi keçməyə çalışan müxtəlif silahlı qruplara zərbə endirdəndə Taliban bunu Əfqanıstan ərazisinə hücum kimi qiymətləndirir və cavab zərbələri endirir. Taliban döyüşçüləri Pakistan ərazisində müxtəlif postları ələ keçirəndə bunu qonşu ölkənin ərazisi kimi qiymətləndirmir. Əfqanıstanla Pakistan arasında lokal silahlı toqquşmalar böyük müharibəyə səbəb olmasa da, bölgədə gərginlik ocağı yaradır”.

Politoloq deyib ki, Pakistan-Əfqanıstan gərginliyi ən çox Pekini narahat edir:

“Çünki, Çinin həm Pakistana, həm də Əfqanıstana yatırımları mövcuddur. Pakistan-Əfqanıstan gərginliyi bu iki ölkəni əhatə edən müxtəlif regional layihələrə də təhlükə yaradır. Bütün hallarda Əfqanıstanla Pakistan arasında sərhəd müəyyənləşməyənə qədər gərginlik azalmayacaq. Sərhədin müəyyənləşməsi üçün isə ikitərəfli komissiya formalaşmalıdır. Problem ondadır ki, bölgənin digər ölkələri arasında da dağlıq hissələrdən keçən sərhədlər dəqiq müəyyənləşməyib”.

Vasif ƏLİHÜSEYN