adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
02 Noyabr 2022 11:27
1950
MÜSAHİBƏ

Qurban Məsimov: “Elə aktyorlar var ki, kloun kimi tanınmaqdan utanırlar” - MÜSAHİBƏ

“Adalet.az”ın bu günki müsahibi bir çox rolların ifaçısı, tanınmış aktyor Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimovdur.

-Bildiyimiz kimi Kukla Teatrının tamaşaçıları daha çox uşaqlardı. Az yaşlılar üçün iş görmək və onlarla çalışmaq isə insanı mütləq ki əyləndirir. Bəs işinizin çətinliyi nədədir?

-İşimizin ən çətin tərəfi odur ki, elə əsas tamaşaçılarımız uşaqlardı. Uşaq ən birinci səmimiyyət sevir. Səhnədə aktyor özü və ya idarə etdiyi kukla mütləq səmimi olmalıdır. Səmimiyyət yoxdursa, uşaqların marağını cəlb etmək alınmaz.
 

-Uşaqları aldatmaq asandır ?

-Xeyr. Böyükləri aldatmaq asandır, uşaqları aldatmaq isə çox çətindir. Uşaqlar daha çox hadisələri məntiqlə deyil, hisləri ilə, hərəkətlər ilə, bədən dili ilə qəbul edirlər. Sözü o qədər dinləmirlər, daha çox hərəkətlərə diqqət edirlər. Sözlə yalan danışmaq olur, ancaq bədən hərəkətləri ilə yox. Ona görə də bu, uşaqlara möcüzə kimi görünür. Uşaqlar Kukla teatrında tamaşaya qoyulan tamaşaları möcüzə kimi dərk edirlər. Təsəvvür edin ki, uzun müddət oynatdıqları kuklaları birdən- birə geniş səhnədə hərəkət edən və danışan vəziyyətdə görürlər. Uşaqlar bu teatra gəlməklə teatr mədəniyyəti ilə tanış olurlar. Balaca bir uşağın tamaşaçı zalı, səhnə, aktyor, tamaşa görməyi təbii ki, mütləq şəkildə onun düşüncəsinə öz müsbət təsirini göstərir. Bu minvalla uşaqlar teatr anlayışını burdan öyrənirlər. Burda teatr anlayışı onlara necə təqdim və təlqin olunursa, o cür də teatrı yadda saxlayırlar. Bütün teatrlar üçün tamaşaçını biz hazırlayırıq. Əgər biz səhnədə böyük bir səhvə yol versək, bütün teatrlar tamaşaçılarını itirə bilərlər.

Uşaqlar tamaşaya baxanda ilk dəfə möcüzə gördükləri üçün təəccüblənirlər. Ancaq valideynlər dana çox nostalji hislər keçirirlər. Hər bir valideyn həmin tamaşaya öz içindəki uşaq gözü ilə baxır. Ancaq elə valideynlər də var ki, onlarda öz övladları ilə birlikdə hələ indi- indi teatr mədəniyyəti formalaşır.

Mən tamaşaları hazırlayanda çalışıram ki, iki xətt üzrə getsin. Həm böyüklər üçün maraqlı olsun, həm də uşaqlar üçün. Bəzən uşaq tamaşaçı deyerək baxdığımız tamaşada elə replika olur ki, o, məhz böyüklərə aid olur. Onlar anlayıb gülürlər, uşaqlar isə sadəcə həmin səhnəni heç nə anlamadan seyr edirlər.

Dünyanın heç bir ölkəsində belə bir qayda yoxdur ki, bu teatr uşaq teatrıdır, yoxsa böyüklər üçündür. Bir çox festifallarda kukla tamaşalarının adının qarşısına “18+” yazılır. Bu o demək deyil ki, tamaşada hansısa erotik səhnələr var. Xeyr, sadəcə tamaşanın fəlsəfi yükünə görə qeyd olunur ki, ancaq gənclər, orta nəsil və yaşlı nəsil baxa bilər. Yeniyetmələr hələ o ağır fəlsəfi səhnələri dərk edəcək qədər inkişaf etməyiblər.

-Demək Kukla teatrı tamaçaşını teatr üçün yetişdirməkdə “məktəbdir”…

-Bəli. Bizdən başlayır uşağın teatr dünyası. Uşağın teatr zövqü formalaşır (öz yaşına uyğun).
Kloun adı ilə uşaqların qarşısında çıxış edən insanlar var ki, onlar uşağın zövqünü korlayırlar.Sonra isə həmin uşaq böyüyüəndə kloundan zəhləsi gedir.
 

-Kloun olmaq üçün nələr vacibdir ?

- İlk növbədə səmimiyyət mütləqdir. Hər adam səmimi ola bilmir axı. İndi kloun adı ilə çıxış edənlərin heç biri nəhəng Klaunada haqqında heç nə bilmirlər. Sadəcə üzlərini rəngləyib, pul qazanırlar. Bəzən elə olub ki, həmin klounlara demişəm ki, niyə bu qədər qrimdən istifadə edirsiniz? –Deyiblər ki, axı istəmirik kimsə bizi tanısın. Hətta bunlar kloun kimi tanınmaqdan da utanırlar və gördükləri işdən də utanırlar. Uşaqları güldürmək xatirinə yerli- yersiz hər sözdən istifadə edirlər.

İndi yeni çəkilən komediyalarda da aşağı səviyyəli zarafatlar da məhz tamaşaçını güldürmək üçündür. Onlara maraqlı deyil ki, tamaşaçı nəyə gülür və niyə gülür. Yetər ki, gülmək xatirinə gülsünlər.
 

-Gülüş üçün edilən hər hərəkət aktyorluq qabliyyətidir?

- (Gülür) əlbəttə yox.Teatr aşağı enməməlidir, əksinə tamaşaçını yuxar qaldırıb arxası ilə aparmalıdır, yüksək zövqə və yüksək estetikaya doğru… Tamaşaçıya gülüş xatirinə bayağı zarafatlar təqdim etmək həmin komediyanı və ya həmin teatrı da aşağı səviyyəyə endirir axı. Bu tip filmlərin və ya tamaşaların tamaşaçısı azalıb.
Tamaşaçı düşünməyə başlayıb və artıq bayağı zarfatalara gülə bilmir.
Əslində tarixən belə olub ki, düşünən beyin cəmiyyətdə azlıq təşkil edib. Tamaşaçı daha çox əylənməyə meyil edir.
 

- Aktyor Qurban Məsimovun ifa etmək istədiyi rol hansı roldur ?

-Əvvəllər “aktyor Hamleti oynamaq eşqi ilə yaşamalıdır” fikini şablon şəkildə aktyorlara təbliğat edirdilər. Mən o amilə inanmıram. O fikri qətiyyən qəbul etmirəm və “Hamlet”i heç də yaradıcılığımın zirvəsi sayılacaq obraz kimi görmürəm. Hamletə qlobal obraz kimi baxmıram.

Hökmən deyil ki, aktyor baş rolu ifa etsin. Kino və teatr tariximizə nəzər salsaq görərik ki, o qədər epizodik rolları ifa edən aktyorlar var ki, həmin rolların replikaları indi də dillər əzbəridir.

Aktyor oturub xəyallar qurub hansısa rollar azulamaqdansa , ona verilən rolu yaxşı ifa edib tamaşaçıya çatdırmaq barədə düşünsə daha yaxşı olar.
 

-Sizin üçün səhnədə rolun fərqi var?

-Xeyr.Ancaq bəzi məqamlar var ki, aktyor həm də özünün meneceri olmalıdır. Azərbaycan aktyorunun demək olar ki, heç birinin meneceri yoxdur, bütün işləri özləri görürlər.
 

-Elə olubmu hazırladığınız tamaşa son anda ləğv olunsun ?
 

- Xeyr, mən olduqca işimi dəqiq görən insanam. Hətta elə olub ki, kimlərinsə işi gecikəndə və ya dayananda mənə maraciət edən kimi mən həll etmişəm və hər şey qaydasına düşüb. Heç nəyin qarşısında aciz qalan insan deyiləm. Düşünürəm ki, bu da aldığım təhsil və tərbiyədən irəli gəlir. Musiqi təhsilim var, hal-hazırda öz peşəm üzrə çalışıram, rəssam kimi əl qabliyyətim var- müxtəlif sahələrdə çalışdığım üçün universallıq mənə o qədər də çətin görünmür.
Teatr aktyorun evidir. Aktyor kinoya, televiziyaya, radioya qonaq gedir.
 

-Teatr aktyoru bu qədər istedadlı olsa da, nədənsə film təkliflərini heç vaxt rədd etmirlər. Əksinə, özləri seriallarda çəkilməyə can atırlar. Bunu madiyyatla əlaqələndirmək olar, yoxsa ümumiyyətlə həvəsdir ?

- Burda iki xəttə var:- həm madiyyatla bağlıdır, həm də aktyor istəyir ki, tanınsın. Aktyorun tanınmasi üçün teatrda oynadığı rollar kifayət etmir. Gəlin etiraf edək ki, teatra həftədə bir dəfə 100 nəfər tamaşaçı gəlirsə, seriallara həftədə beş gün görün nə qədər insan baxır. Seriallara çəkilmək bir növ aktyorun reklamıdır. O da tanınmaq istəyir və buna görə də heç kəs aktyoru qınaya bilməz.
 

-O zaman aktyor öz istedadını seriallara sərf edir və yorulur…

-Xeyr,mən deməzdim ki, yorulur.Aktyor serialda və filmdə heç bir istedadını xərcləmir. Əksinə, aktyor teatrda qazandıqlarından seriallarda istifadə edir. Teatrda nə təcrübə toplayıbsa kinoda oyandığı obraza da həmin təcrübədən istidafə edir.
 

-Deyirlər ki, teatr aktyor üçün qazanc mənbəyi deyil…

-Bilirsiniz, mən sevdiyim işlə məşğulam. Əgər buna görə mənə pul verirlərsə nə xoş mənim halıma (gülür).
Əvvəllər bir qrup gənc toplaşırdı ki, teatr naminə nəsə etsinlər. İndi aktyorlar teatrda işləməyə başlayanda düşünürlər ki, mənim bu teatrdan qazancım nə olacaq. Əgər aldıqları maaş onları qane etmirsə, 3- 4 aydan sonra ya başqa işlə məğul olurlar, ya da asanlıqla öz iş yerlərini dəyişirlər.
 

-Etiraf edək ki, madiyyatsız yaşamaq da çətindir…

- İndiki zamanda tək aktyorları deyil, heç kəsi qınamaq olmaz. İndi danışacağım sözü ilk dəfə sizə etiraf edirəm və heç yerdə bunu danışmamışam. Elə vaxt olub ki, saat 14:00-dan sonra gəlib teatrda məşq eləmişəm, axşam çıxıb tamaşada rol ifa etmişəm. Ancaq heç kəs bilməyib ki, səhər saat 06:00-da mən bazarda qarpız satırdım.
 

- Qarpız satan aktyoru bazarda tanıyanlar olurdu ?

- Yox, o vaxtlar o qədər də tanınmırdım. Etiraf edim ki, çox maraqlı satıcı idim. Qarpızlara şeirlər qoşa- qoşa, əyləncəli halda onları satırdım.

Bunu sizə etiraf etməklə onu demək istəyirəm ki, heç kəsdən heç nə gözləmək lazım deyil. Əksinə, nələrisə əldə etmək üçün addım atmaq lazımdır. Sadəcə sosializmdən kapitalizmə keçidi elə insanlar var ki, hələ də qəbul edə bilmirlər. Əsasən bu söz orta və yaşlı nəsilə aiddir.Çünki gənclər Sosializmdən xəbərsizdirlər, onlar doğulandan kapitalizm dövründə yaşayırlar.
 

Əntiqə Kərimzadə