"Məhəbbət əbədi ömür deməkdi": Yazar Əlibala Hacızadə ömrü
jpg-1630134390.jpg)
Güman edirəm, sovet dönəminin son 15-20 ilində "Heykəl gülür", "Məhəbbət olmayan evdə", "Unutmaq olmur", "Təyyarə kölgəsi", "Vəfalım mənim", “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası və digər sevilən və əldən ələ gəzən əsərləri oxumayan çox az adam olar. Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Əlibala Hacızadənin adı, əsərləri yazıçının getmədiyi, bəlkə də adını belə bilmədiyi kəndlərdə, qəsəbələrdə sevilə-sevilə çəkilirdi.
Yadıma gəlir, hətta doqquzuncu sinifdə oxuyanda “Təyyarə kölgəsi” kitabını sinif yoldaşım oxumaq üçün məndən istədi. Məktəblikən guya “yaşımıza uygun olmadığı üçün” belə kitablar oxuduğumuzu müəllimlərimizdən gizlədərdik. Sinif yoldaşıma o kitabı rahat vermək üçün ona qəzetdən üz çəkdim. O kitab bütün məktəbdə gəzdi. Axırda kimdə qaldı heç bilmədim. Hamı Əlibala Hacızadənin kitablarını axtarırdı, oxuyurdu.
Hə yadıma düşdü: O vaxt hamımız "Xatirə dəftəri " tuturduq. Uşaq yaşımızla ağlımıza nə gəldi ora qeyd edirdik. Bir də təzə eşqə düşənlərin sirr dəftəri idi o "Xatirə dəftəri". Kimin dəftərində bu şeirlər vardısa, bilirdik ki, kimisə gizlicə sevir "Xatirə dəftəri"nin sahibi:
Bilməm nədən belə doğmasan mənə
Bir belə qohumun, yadın içində.
Tək sənin adını yazmışam gülüm
Qəlbimə min gözəl adın içində.
Eşqinlə çağlayan bir bülbül oldum
Sənə nəğmə oldum, qızılgül oldum,
Sən məni yandırdın, yanıb kül oldum
Mən səni qoymazdım odun içində…
Təsəvvür edin uzaq bir kənddə gənclər də, yaşlı nəsil də tanımadığı, üzünü görmədiyi bir yazarı yaratdığı əsərlərə, əsərlərdəki insanlara, insan talelərinə görə sevirdi. Məncə, hər yazara qismət olmayan bir xoşbəxtlikdir ki, səni əsərlərinə görə sevələr, səni öləndən sonra da xatırlayalar, hörmətlə analar.
Ölüm bu dünyanın o üzündədi,
Bu üzü dünyanın güldü, çiçəkdi.
Ölməzlik məhəbbət zirvəsindədi,
Məhəbbət əbədi ömür deməkdi.
Sızlama ürəyim, sən dözümlü ol,
Bu dünya həm acı, həm də şirindi.
Bir gözlə sən ağla, bir gözünlə gül,
Bu dünya əzabına dözənlərindi...
Hicranın yolları bitməz, tükənməz,
Vüsal yollarına qar ələnibdir.
Ömrünü eşqinə qurban deyən kəs,
Xəyanət əliylə güllələnibdir...
Çox eee, çox sonralar bildik ki, belə gözəl şeirlərin müəllifi də "İtkin gəlin"in yaradıcısı, atası Əlibala Hacızadə imiş.
"Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də... Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!.."
Bu sözlər yazıçının "Təyyarə kölgəsi" romanının qəhrəmanı Nadirənin gündəliyindən götürülüb. Amma hiss olunur ki, yazıçı yaşadığı həyatı boyunca bu sözləri özünə and yeri, amal, amac bilib.Bəli məhz ona görə bu gün də kitabsevərlərin ehtiramına layiqdir.
Əfqanıstan gündəliyi
Bu gün sevimli yazıçının doğum günüdür: Əlibala Hacızadə tarixin bu günü 1935-ci il avqustun 28-də anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin (Azərbaycan Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb. Azərbaycan Milli Elmlər Akademiyası Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. Sonralar 1966-1970-ci illərdə Əfqanıstanda mütərcimlik edib. Ömrünün qısa bir hissəsini Əfqanıstanda keçirib. Əfqanıstanda 4 il tərcüməçi işləyib. SSRİ-nin Müdafiə Nazirliyinin xətti ilə bu ölkəyə yol almışdı. O zaman Əfqanıstanda sovet hərbi texnikası işlədirdilər. Əlibala Hacızadə isə bu texnikalardan istifadə etmək qaydalarını əfqan hərbçilərinə tərcümə edirdi.
Özünün "Şah əsəri" olan "İtkin gəlin"i də elə həmin ölkədə yaradıb. Çoxları onu öz adı ilə yox, elə bu əsərin müəllifi kimi tanıyır. "Əfsanəsiz illər", "Ayrılığın sonu yoxmuş", "Təyyarə kölgəsində" kimi əsərlərin həmişəyaşar müəllifi olan Əlibala Hacızadə. Özünün yaradıcılığımın zirvəsi hesab etdiyi "İtkin gəlin" romanını da elə Əfqanıstanda olarkən yazıb. Senzuradan kənarda yaradılan bu əsərdə bütün ürəyində olanları qələmə ala bilib. Buna görə də, bu əsər ona daha doğma və əzizdir.
Yazar ömrü
Yenidən Bakı həyatı başlayıb. Bir müddət Əfqanıstanda çalışdıqdan sonra yenidən AMEA-nın Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsinə təyin edilir. 1976-cı ildən başlayaraq, ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışıb. Bu institutla ömrünün 51 ilini bağlayıb.
Əlibala Hacızadə 1994-96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olub. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə "Gəncliyin səsi" almanaxında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxışları olub. "İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilib.
Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. Bu, təbii ki, onun yarım əsrdən artıq çalışdığı mühitlə əlaqədardır. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı. "Vəfalım mənim" romanı üstündə başı çox bəlalar çəkdi. Kitabın içindəki obrazlar canlı şəkildə qarşısına çıxdılar. Hətta onu öldürməyə, işdən qovmağa çalışırdılar. Bir dəfə işdən də çıxartmışdılar, yenə mübarizə meydanında olan Əlibala Hacızadə yenidən öz işinə qayıtdı.
Əsərlərinin belə məzmunlu və oxunaqlı alınması insanlara olan sevgisi ilə izah olunur. Özünün dediyi kimi, "tək özümün dərdimi çəkməmişəm. Ölənlə öldüm, sevənlə sevdim, ac qalanla ac qaldım". Odur ki, oxucu tələbatı nəticəsində kitabları 100 minlərlə tirajla çap olub. Özü də dəfələrlə.
Möcüzənin “Möcüzə”si
1980-ci illərin ikinci yarısında Əlibala Hacızadənin qələmə aldığı "Möcüzə" romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi. Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərrux Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu, böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa, o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala Hacızadə, həmçinin, bir sıra orta əsr mənbələrini dilimizə tərcümə edib.
Yeri gəlmişkən yazıçı-publisist Əlövsət Bəşirlinin yazıçı haqqında qeydlərində belə bir hissə var, istərdim ki, oxucularım, bunu da bilsin:” Heydər Əliyev o zaman pambıq yığımı mövsümlərində böyük bir qrupla rayonlara gedir, zona müşavirələri keçirirdi. 1980-ci ildə yayın qızmar günlərindən birində Saatlı rayonunda hansısa kolxozun briqadasına gedir, qızları başına yığır, onlara bu ağır zəhmətləri üçün təşəkkür edir və sonra soruşur:
- Bəlkə sizin nəyəsə ehtiyacınız var, maşına, mebelə... utanmayın, deyin...
Pambıqçı qızlardan biri utana-utana qabağa çıxıb:
- Heydər müəllim, çox sağ olun. Bizim heç nəyə ehtiyacımız yoxdur, hər şeyimiz var, - deyir, - ancaq bir xahiş eləmək istəyirik... Bu yaxınlarda "İtkin gəlin" kitabı çap olunub. Ondan bizim kəndə bircə nüsxə gəlib çıxıb. Qızlarımız onu oxumaq üçün növbəyə durublar. Əgər mümkünsə, deyin, o kitabdan bir az çox buraxsınlar, biz də oxuya bilək.
...Deyirlər, şahların sözü sözlərin şahıdır. O söhbətdən sonra "İtkin gəlin" iki dəfə də hərəsi yüz min tirajla çap olundu və satıldı".
Əlibala Hacızadə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. İranda "Ölməz şəxsiyyətlər" mükafatına layiq görülüb. Çoxillik elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilib.
Yazıçının qızı Asya Hacızadə atası haqqında xatirələrini belə bölüşüb:Ömrünün son günlərini xəstə halda keçirdi. Həkimlər ona diaqnoz qoydular. Amma mən buranın həkimlərinə inanmadım, dedim, gəl, Moskvada yenidən yoxlatdıraq. Gəldi. Amma kaş yoxlatdırmazdıq. Çünki rus həkimləri sərtdilər. Onlar bizim gizlətdiyimiz diaqnozu birbaşa xəstənin üzünə deyirlər. Orada da təəssüf ki, eyni diaqnoz qoyuldu - onkoloji problem. Biz birinə inanmaq istəməyib, o biri klinikaya aparırdıq. Sanki birindən o birinə ümidlə gedirdik ki, ola bilsin, bayaqkı xəstəxananın qoyduğu diaqnoz səhv çıxsın. Amma təəssüf ki, hər yerdə eyni şeyi dedilər. Bəziləri, hətta sərt şəkildə, vəziyyətin düzəlməyəcəyini bildirdi.
Atam onsuz da həssas insan idi və onda bir az da ruhdan düşdü. Elələri var idi ki, artıq nəyinsə düzəlməyəcəyini bilə-bilə pul qazanmaqdan ötrü əməliyyat etmək istəyirdilər. Bir xəstəxana deyirdi ki, 11 saat narkozda qalmalıdır. Nə bilim, nəyisə harasa tikəcəyik, filan. Atam onsuz da yaşlı və ürəyi o qədər də güclü olmayan adamıydı. Amma yenə də son ümid kimi əməliyyat barəsində düşünürdük. Moskvada azərbaycanlı bir gənc həkim var, Samir Əliyev, ona da yoxlatdırdıq. O da daha gec olduğunu və əməliyyatın lazımsızlığını bildirdi. Bütün həkimləri gəzəndən sonra tərəddüd edirdik əməliyyat olunsun, ya yox. Bu məqamda həmin Samir adlı həkim zəng vurdu. Dedi ki, Asya xanım, əməliyyata gərək yoxdu, onu incitmayin, aparın evə və Allah nə qədər ömür veribsə, yaşasın. Elə atamın özü də bunu istəyirdi. Deyirdi ki, bilet alın, evə gedirəm. Bax, onunla sonuncu görüşümüz belə oldu. Tanınmış yazıçı 2009-cu ilin oktyabr ayında vəfat edib.
Ehtiram
Bu yazı, sevdiyim, əsərlərini oxuduqca qəhrəmanlarla birgə sevindiyim, güldüyüm, ağladığım, kədərləndiyim yazıçıma bir vəfa borcumdur. Ruhu şad olsun!
Sən Allah, yuxuma girmə gecələr,
Qorxuram sevincdən öləm yuxuda.
Yaman istəyirəm hamıdan gizli,
Mən özüm yuxuda gələm yuxuna.
Gələm tufan kimi, gələm sel kimi,
Öpəm gözlərindən, dodaqlarından.
Uyuyum qoynunda qızıl gül kimi,
Nə səhər açıla, nə sökülə dan.
Sənə nəğmə deyəm incədən incə,
Ürəyim qəşş edə xoşbəxtliyindən.
Sərxoş dodaqların hey pıçıldaya:
“Sənsiz neyləyirəm xoşbəxtliyi mən?”
Beləcə, yuxunda yaşayam sənin,
Görmək istəmirəm kimi-kimsəni.
Dünyanın xoşbəxti say özünü sən
Mənim tək kim sevər, axı kim səni?
Əntiqə Rəşid
Digər Xəbərlər

Qəzetlər niyə bütün dünyada oxunur, Azərbaycanda yox - Hamar Quluzadə yazır

Dünənin “dəmir topuğu”, bu günün “dəmir yumruğu”- Nurcan İsmayılova yazır

“Sevgi və Eşqin Əfsanə İsmi: Yunus Əmrə”

ŞİKAYƏTNAMƏ BİR QƏZETİN TALEYİ

Bəxtiyar Vahabzadə yaradıcılığına Vaqif Aslan prizmasından baxış

Mübarək məkana ünvanıq: Tanrı duasında, arzu dəryasında...

YUBİLYAR İLHAMƏ MƏHƏMMƏDQIZININ YENİ KİTABI TƏQDİM EDİLDİ
