adalet.az header logo
  • Bakı 12°C
26 May 2023 09:00
2761
LAYİHƏ

Qırx dörd günün möhtəşəm qələbəsi

Azərbaycan tarixinin şanlı səhifələri çox olub və bu tarix bizə sanki bir dərs keçib. Dərs keçib ki, dövlət güclü olanda, onun başında müdrik və uzaqgörən siyasi şəxsiyyət olanda həmin ölkə ən çətin andan çıxmağı bacarır, özünün dövlətçiliyini, ərazi bütövlüyünü qoruyur. Təbii ki, dövlət həm də o vaxt güclü olur ki, onun arxasında xalq dayanır. Xalqın qoruduğu və sevdiyi rəhbəri isə nə xarici, nə də daxili düşmənlər məhv edə bilir.

Bəli, Azərbaycan da belə bir tarixi an yaşayıb. Aydındır ki, ölkəmizin 20 faiz torpaqları nə az, nə çox düz otuz il erməni işğalı altında olub. Amma nə dövlət rəhbəri, nə də Azərbaycan xalqı bununla heç vaxt barışmayıb. Hətta beynəlxalq güclər və dünyanı idarə edən ölkələr nə qədər çalışsalar da dövlət başçımıza heç bir təsir göstərə bilməyib və bizə hər hansı bir sənədi imzalatdırmağı bacarmayıb. Çünki Azərbaycan dövlətinin rəhbəri öncə Ulu Öndər Heydər Əliyev, sonra da Prezident İlham Əliyev olub və hər iki böyük siyasətçi gələcəyi yaxşı görürdü və bu istiqamətdə ölkəmizin iqtisadi, hərbi, sosial gücünü artırmaq üçün çox böyük işlər görmüşdülər. Əlbəttə, Azərbaycan nəhəng dövlətlərin yanında kiçik bir ölkədir. Amma kiçik bir ölkənin çox böyük uzaqgörən siyasi şəxsiyyətləri var idi. Bayaq dediyimiz kimi, bu, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev idi.

Artıq zaman yavaş-yavaş bizi torpaqlarımızın işğaldan azad olunması gününə yaxınlaşdırırdı və biz zaman-zaman 2020-ci il sentyabrın 27-ə bir az da yaxınlaşırdıq. Erməni silahlı qüvvələri qudurmuş və yenidən atəşkəsi pozmuşdular. Elə gün, elə saat olmazdı ki, onlar cəbhə bölgəsində atəşkəsi pozaraq, ərazilərimizi atəşə tutmasınlar. Hətta Tovuz istiqamətində və eləcə də Tərtər, Ağdam istiqamətində ermənilərin dəfələrlə hücumu olmuşdu. Amma bunların qarşısı qüdrətli Azərbaycan Ordusu tərəfindən çox yüksək səviyyədə alınmış, onlar geri çəkilmişdilər. 2016-cı il aprel döyüşlərində Füzuli, Ağdam, Tərtər istiqamətində Azərbaycan Ordusu strateji yüksəklikləri ələ keçirmiş, min hekiarlarla ərazimizi erməni işğalından azad eləmişdilər. Ancaq bütün bunlar da ermənilərə dərs olmurdu. Onlar yenə bizə «ağız» atır və tez-tez atəşkəsi pozurdular.

Təbii ki, dövlət başçısı bütün bu vəziyyəti diqqət mərkəzində saxlayırdı. Səbrlə, təmkinlə hərəkət edirdi. Ermənilərin atəşkəsi pozması və tez-tez cəbhə bölgəsində ağır artilleriyadan istifadə edərək, insanlar arasında vahimə yaratması Prezident İlham Əliyev tərəfinən beynəlxalq kürsülərdə səsəlnir, onların təcavüzkar planları ifşa olunaraq BMT-nin, ATƏT-in və dünya ictimaiyyətinin diqqətinə çatdırılırdı. İdeoloji cəhətdən çox böyük üstünlük əldə edən Azərbaycanın tay bu qədər səbr göstərməyi yetərdi. Ona görə də 2020-ci il sentyabr ayının 27-də Ordumuz Füzuli və Cəbrayıl istiqamətində əks hücuma keçdi. Ermənilərin 30 il düzəltdikləri müdafiə sistemləri darmadağın edildi. Onlar deyirdilər ki, heç bir ordu bizim müdafiə sistemimizi yarıb keçə bilməz. Amma Azərbaycan Ordusu onların 30 il yaratdığı mifi bir neçə günün içində alt-üst elədi, erməni əsgərlərini pərən-pərən saldı, öz gücünü onlara göstərdi. Bir neçə gün ərzində Füzulinin və Cəbrayılın 8 kəndi erməni işğalından azad olundu.

Həmin döyüşlər zamanı mən də jurnalist olaraq Füzuli rayonu istiqamətində fəaliyyət göstərirdim. O anlarda dəstə ilə hərəkət edən Azərbaycan Ordusunun zabitlərinin və əsgərlərinin necə nikbin olduğunu və döyüşə yüksək ovqatla getdiklərinin şahidi idim. Və həmin anlarda dəstə ilə hərəkət edən hərbi maşınları və texnikaları minlərlə sakinlər əhatə eləmişdilər. Onlar Azərbaycan əsgərinə arxa durur, kimisi maşında döyüşə gedən əsgərlərimizə çörək, yemək, meyvə, siqaret verir, kimisi də isti geyimlər, mineral və şirəli suları döyüşə gedən əsgərlərimizə paylayırdılar və əsgərlərimiz də deyirdilər ki, biz ölümə yox, torpaqlarımızı azad eləməyə gedirik və 3 gün də neçə-neçə kəndimiz erməni işğalından azad olundu.

Heç yadımdan çıxmaz, sentyabr ayının 30-da Füzuli və Cəbrayıl istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərərək, tankla hücuma keçən Elçin Tehran oğlu Süleymanov neçə kəndimizin azad olunmasında öz sözünü demişdi. Elçin həm də mühasirə şəraitində olan bir neçə əsgərimizi xilas etmiş və onlara köməklik göstərmişdir. Belə döyüşlərin birində Elçin Sülemanov qəhrəmancasına həlak olmuşdu. Elçin son nəfəsinə qədər döyüşmüş və Cəbrayılın bir neçə kəndinin azadt olunmasında erməni mövqelərini tankla darmadağın dağıtmış və axırda da şəhid olmuşdur. Sözümüzün canı odur ki, 44 günlük İkinci Qarabağ Savaşında biz Elçin Süleymanov kimi qəhrəman oğullarımızın hesabına topaqlarımızı erməni işğalından azad elədik. Cənab Prezident İlham Əliyev də 44 günlük İkinci Qarabağ Savaşı ilə bağlı çıxışlarında həmişə bir fikri xüsusilə vurğulayır ki, torpaqlarımızı erməni işğalından Azərbaycan əsgəri azad elədi və onların hər biri aslan kimi döyüşdülər. Bəli, bu Azərbaycan Prezidentinin Azərbaycan əsgərinə verdiyi ən böyük dəyər və qiymətdir və təsadüfi deyildir ki, müharibənin ilk günlərində şəhidlərimiz olarkən cənab Prezident çox kövrəlib və onların ailəsinin dərdinə şərik olduğuun bildirib. 44 günlük müharibədə Azərbaycanın Zəfər yolunu heç bir qüvvə dayandıra bilmədi. Bu barədə də Azərbaycan Prezidenti İham Əliyev dəfələrlə deyib ki, biz nə qədər xahişlər və təziyqlər olsa da, heç kəs bizi tutduğumuz yoldan döndərə bilməz və heç bir xarici dövlət Azərbaycanın işinə burun soxa bilməz.

Azərbaycanın 44 günlük Qarabağ Savaşında qazandığı qələbə çox möhtəşəm bir qələbə idi. Çünki bizim arxamızda ermənilərinki kimi havadarlarımız yox idi. Belə ki, erməniləri həm Avropa ölkələri, həm də Rusiya müdafiə edirdi və uzun illər çalışırdılar ki, Qarabağ problemi yerində saysın və dondurulsun. Düz 30 il onlar bu problemi həll etmək əvəzinə, uzatdılar. Amma Azərbaycan 44 günlük möhtəşəm döyüşlə 20 faiz torpaqlarımızı öz gücü hesabına işğaldan azad elədi.

Artıq bizim qələbəmizin hərbi sirləri dünyanın inkişaf etmiş qabaqcıl ölkələri tərəfindən təhlil edilir, araşıdırlır və öyrənilir. Və bizim də qələbəmizin ən böyük sirri Prezident İlham Əliyevin Ali Baş Komandan kimi möhtəşəm qətiyyəti, addımları və Azərbaycan Ordusunun qüdrətli, güclü olması idi. O, Ali Baş Komandanın və o Ordunun qarşısında heç bir qüvvə dayana bilməzdi. Allah Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevi və Azərbaycan Ordusunu qorusun!

 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.