adalet.az header logo
  • Bakı 20°C
10 Fevral 2023 15:09
2748
LAYİHƏ

“Qeyri-formal təhsilin əsasları” layihəsi çərçivəsində təlimlərə start verilib

Azərbaycan Gənclər Fondu və "İrəli” İctimai Birliyinin dəstəyi ilə "Qeyri-formal təhsilin əsasları” layihəsi çərçivəsində təlimlərə start verilib.

"İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Adalet.az-a məlumat verilib ki, bununla əlaqədar keçirilən tanışlıq görüşündə çıxış edən "İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı gəncləri salamlayaraq, onları layihəyə seçilmələri münasibətilə təbrik edib. Təşkilat olaraq fəaliyyətlərin qeyri-formal təhsilin əsas prinsiplərinə uyğun olaraq təşkil olunduğunu qeyd edən Şahin Rəhmanlı diqqətə çatdırıb ki, layihədə iştirakçı olan gənclər Birliyin fəaliyyətində aktiv iştirak edərək, öz bilik və bacarıqlarını artıra bilərlər.

"Qeyri-formal təhsilin əsasları” layihəsinin rəhbəri Raziyə Dadaşzadə çıxışı zamanı layihə çərçivəsində baş tutacaq fəaliyyətlər haqqında məlumat verib. Bildirilib ki, dövrümüzdə təhsilin inkişafı bu sahənin daha effektiv və maraqlı olması üçün interaktiv metodlar, praktiki təcrübələrdən istifadəni şərtləndirir. Bu səbəbdən bir çox təhsil müəssisələrində qeyri-formal təhsildən istifadə olunur. Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilən layihənin əsas məqsədi də gənclərlə işləyən şəxslərin bacarıqlarını təkmilləşdirmək, habelə qeyri-formal təhsil metod və alətləri üzrə biliklərini inkişaf etdirməkdir.

Çıxışların davamında təlim proqramına start verilib. Qeyd edək ki, 1 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində gənclərlə iş, öyrənmə zonaları, inkluziv təhsil, təqdimat bacarıqları və digər mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulur. Layihənin sonunda iştirakçılar qrup şəklində praktiki sessiyalar təşkil edərək, təlimçilərlə birlikdə öz təlim proqramlarını hazırlayacaqlar. Layihədə iştirak etmiş gənclərin növbəti fəaliyyət müddətində öz əldə etdikləri biliklərinin öz auditoriyaları ilə bölüşməsi planlaşdırılır.

Həmçinin qeyd olunub ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi "İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir.