06 Dekabr 2023 16:01
1361
ƏDƏBİYYAT

Qələmin həmişə əlində olsun, Əntiqə Rəşid!

Onun haqqında çoxdan yazmaq fikrindəydim. Nəhayət, o gün gəlib çatdı. Çünki Əntiqə Rəşidin ilk kitabı əlimdədi – “Ömrümün köç günlüyü”. Avtobusda oxumağı vərdişə çevirəndən çox vaxt özümlə iki kitab götürürəm ki, biri maraqsız olanda başqasına keçim. Amma Əntiqənin kitabını əlimə alanda yol yoldaşımın vəfasına inandım. Onun qələminə bələdəm, necə deyərlər, əlinin duzu var, sözünün kəsəri...

Bir yandan da, Əntiqə Rəşidi tanımamağım mümkün deyil, axı o da ağdamlıdı, hərəmiz bir kənddənik, demək çox doğmayıq. Əntiqə Rəşid əsl qarabağlıdı, əslinin-kökünün, Qarabağ adına nə varsa hamısının üstündə yarpaq kimi əsir. Kimin nə həddi var, bir qarabağlıya nəsə desin, Əntiqə qələmiylə ona od vurar.

Əntiqə Rəşid elə bir jurnalistdi ki, bütün qəlbi, əməli ilə yazır. Yəqin elə ona görə də, sözünün çəkisi, dəyəri var. Onu çalışdığı “Ədalət” qəzetinin yaradıcısı, yazıçı Aqil Abbas kitaba verilən ön sözdə oxucuya daha yaxşı tanıdır. Yazıçı yazır ki, hələ İkinci Qarabağ Müharibəsi başlamamışdı:" Onda cəbhə xəttinə təkər, şpal daşıyıdılar, səngər qazırdlar. Qazilər də bu işdə çox fəal iştirak edirdilər. Əntiqə Rəşidin də ömür-gün yoldaşı qazidi, amma məlum səbəbdən o bu hərəkatda iştirak edə bilmirdi. Bu xanım yoldaşını İkinci Qarabağ savaşında əvəz elədi. Məndən icazə alıb üz tutdu Ağdama. Gedib qazilərlə təkər daşıdı, şpal daşıdı, səngər qazdı... 44 günlük müharibədə də geri dönmədi, döyüşən əsgərlərin yanında oldu. O da, qələmiylə döyüşdü. Hər gün saytımıza və qəzetimizə cəbhədən ən doğru xəbərləri göndərdi. Göndərdiyi şəkillərin birində səngərdən doğma Qərvəndə elə həsrətlə baxırdı ki... Əgər kiminsə duası ilə Qarabağı azad etmişiksə, onun baxışları ilə Qarabağı niyə azad etməyəydik ki? O baxışlarda nələr vardı, İlahi? Səsi yetən yerə əli yetməyən bu xanımın o baxışlarını Tanrı görürdü. İndi səsi də yetir, əli də yetir..."

Əntiqə xanımın "Ömrünün köç günlüyü" bax belə, Aqil müəllimin bu təsirli yazısıyla başlayır. Sonra Əntiqə Rəşid doğma kəndi Qərvənddən yazır. Oxuduqca elə bilirəm, bizim kəndimizdi. Sonra Qərvəndin şəhid, qazilərindən danışır. Elə bilirəm, mənim atamdı, qardaşımdı hamısı...

Günümüzdə jurnalist, şair, yazıçı çoxdu, amma Əntiqə kimi vətəndaş mövqeyi ilə yazan, qələminin mürəkkəbi şəhid, qazi qanından olan müəlliflərimiz azdı. Amma o misal var e, deyir: nə yoğurdun, nə yapdın, hazırca kökə tapdın. Yəni, ortaya nəsə gələndə o sevgilisindən, uşağından, bər-bəzəyindən yazanlara çatır. Tarix yazanlar da qalır kənarda. Aqil Abbasın dediyi kimi, bir dəfə Əntiqə xanım haqlı olaraq öz FB səhifəsində müharibədən yazan, cəbhədə olduğuna görə mükafatlandırılan jurnalistlərin arasında öz adını tapmadığını deyir. Buna görə, Aqil müəllim onu danlayır, deyir ki, qızım, sənin mükafatın Qarabağın, elə  kəndinin alınmasıdı. Eybi yox, neynək, mən də sənin maaşını qaldıraram, mükafat nədir ki, istəyirsən yazım birini verim...

Əgər igid oğullarımız Ali Baş Komandanımızın rəhbərliyi ilə  qanıyla-canıyla tarix yazaraq Qarabağı alıb bizə geri qaytardılarsa, Əntiqə xanım elə bu gün də qələmiylə o tarixin davamını yazır... Onun kitabında hər iki Qarabağ müharibəsi və onların bizə vurduğu sağalmaz yaralar var. İki müharibənin içində olmaq, o ağrıları yaşamaq da bir jurnalist, yazar kimi Əntiqə Rəşidin qismətinə düşüb. Məncə, Əntiqə öz dövrünün rəsmini qələmlə gözəl çəkənlərdəndi...

“Ömrümün köç günlüyü” Əntiqə xanımın hələ birinci kitabıdı, amma sonda davamı olacaq, - deyir. Əlbəttə, olmalıdı, Əntiqə Rəşid yazmasa, yaşaya bilməz, çünki o qələmin müqəddəs vəzifəsinin nə olduğunu yaxşı bilir.

Qələmin həmişə əlində, yolun açıq olsun, qəhrəman bacım, "Ömrünün köç günlüyü" mübarək!

Mina RƏŞİD

vetensesi.az