adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Iyun 2023 20:26
778
GÜNDƏM

Qarabağın düzünün zümrüdü Soltanbud meşəsi  ölür, vallah ölür - REPORTAJ + FOTOLAR

Bu gün - 5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günüdür !

 Adalet.az xəbər verir ki, 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında da ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olub. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi məsələlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan tədbir iştirakçıları iyunun 5-nin Dünya Ətraf Mühit Günü və ya Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar veriblər. Növbəti ildən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlayıb.
Neçə gündür, içimdə gəzdirdiyim bir dərdi məhz bu gün sizinlə bölüşməyi özümə borc bildim! Bəlkə səsimizi eşitdilər deyə!


Mənim cənnət yurdum, mənim Soltanbud meşəm!


Ötən həftə yolum Qarabağ ellərinə düşmüşdü. Yazın ən gözəl çağında Qarabağın hər köşəsi yaşıllığa bürünmüş, necə deyərlər, gül gülü çağırırdı, bülbül bülbülü... Ağdam rayonunda da belə idi...
İşğaldan azad olmuş ərazilərə ayaq basmaq ixtiyarım olmasa da, vaxtı ilə təmas xətti olmuş əraziləri qarış –qarış gəzdim, Mahrızlı, Çəmənli, Sarıcalı, Zəngişalı, Əhmədağalı, Mireşelli, Kövər, İmamqulubəyli Ayaqqərvənd və sair kəndlərimiz zümrüd qumaşa bürünmüşdü. Kaş ki, Ayaqqərvəndə tərəf yolum düşməyəydi. Yanlış anlamayın, Ayaqqərvənd də insanı heyran edən kəndlərdəndi, amma kəndə gedən əsas yol Xan qızı Natəvanın saldırdığı Soltanbud meşəsindən keçir.


30 il əvvəl gördüyüm həmin meşəni “tanımadım”. 1980-89-cu illərdə meşədə ağacların, kolların sıxlığından meşəyə girmək mümkün olmazdı. İndi sanki meşə orasında-burasında tək-tük ağac olan bir düzənliyi xatırladır. Ağdam rayonun ərazisində Xaçın çayının boyunca uzanan Soltanbud meşəsi artıq meşə olaraq son nəfəsini verir. Vaxtilə saqqızağac - palıd meşələri Qarabağ və Mil düzündə geniş sahələri tutub. Burada palıd-saqqız meşəsinin sahəsi 2000 hektara yaxın idı. Məlumat üçün bildirək ki, saqqız ağacı püstə cinsinin Azərbaycanda yabanı halda yayılmış növü olub, üçüncü dövrün ən qiymətli relikt ağaclarından biridir. Oduncağından əldə olunan qətran yüksək texniki keyfiyyətlərə malikdir, aviasiya, elektronika və kimya sənayesində istifadə olunur. İstisna edilmir ki, nadir növ ağacların qırılmasının səbəbi məhz onun bu önəmli xüsusiyyətiylə bağlıdır.


Məlumatlarda o da deyilir ki, Soltanbud meşəsində 350 - 400 yaşlı saqqızağacların boyu 12-20 m-ə, döş bərabərində diametri isə 1 m-ə qədər çatıb. Çətirləri çadırabənzər sıx və çox gözəldir. Mütəxəssislərin fikrincə saqqız ağacı son dərəcə qiymətli oduncağa, meyvələrə və estetik gözəlliyə malik olmaqla yanaşı, uzunömürlü və çətin şəraitdə meşə əmələgətirmə qabliyyətinə malikdir. Dünyada nəsli kəsilmiş bu cinsin Azərbaycanda mühafizəsi üçün “Qırmızı kitab”a salınıb. Səhv etmirəmsə 1983-cü ildə verilən qərarla. 

Meşə altında və talalarda adi nar,(biz ona cır nar, yaxud da turş nar deyirdik) yemişan, qaratikan kolları bitir. Ot örtüyündə dəvəayağının mezofil formaları , çətiryarpaq, qarayonca boymadərən, dərman qulançan , ayrıqotu və tala sahəsindən gələn yovşan və qırtıc yayılmışdı. Deyilənə görə, cənub istiqamətində Xaçınçaya doğru torpağın nəmliyinin artması ilə əlaqədar saqqızağac seyrəkliyi tədricən saqqızağac - palıd və uzunsaplaq palıd meşəsi ilə əvəz olunur.

Mən o torpaqların qızı olduğuma görə, uşaqlığım, gəncliyim o yerlərdə keçib. Pambıq tarlalarında işləyən kənd zəhmətkeşləri həmin meşənin kənarında süfrə qurub günorta yeməyini yeyərdilər. Heç kəs ürək edib meşənin dərinliyinə gedə bilməzdi. Yəni, bitkiləri kol, quru-bozqır və yarımsəhra bitkiləri olduğu üçün keçib getmək mümkün deyildi, həm də meşədə yırtıcı heyvanlardan çaqqal, canavar, adi tülkü, müxtəlif zəhərli ilanlar olurdu.
Bəli, indi Soltabud meşəsi insan olsaydı, zəlil gündə olduğunu hər gün qiyyə, çəkib, haray salıb ağalyıb, hönkürüb söyləyərdi. Artıq burada nə dünyada məşhur olan və nadir ağac növlərindən biri sayılan saqqız ağacları qalıb, nə fauna gözə görünür.


Onu da qeyd edim ki, 1992—1993-cü illərdə Ermənistan silalı qüvvələri hücumu və işğalı nəticəsində yurd-yuvasında perik düşmüş ağdamlıların bir çoxu meşə zonasına pənah gətirdi. Burada evlər tikildi, qazın –elektrikin olmadığı bir vaxtlarda meşənin qiymətli ağacları doğranaraq istifadə edildi, yandırıldı. Köçkünlərin gəlişini bəhanə edib oradan qanunsuz olaraq odun, ağac kəsilib –satıldı. (Nə yaxşı ki, son 5-6 ildir ki, indi ağacların kəsilməsinin satışının qarşısı alınıb.
Amma açıq yaralar hələki müayinə-müalicə olunmayıb. Ağacsız – kolsuz qalmış meşə massivində qurumuş kötükdən başqa bir şey qalmayıb. Vaxtı ilə göz oxşayan yamyaşıl bitki örtüyünün əvəzində isə bomboz bozarmış səhra var . Siz bir də Soltanbuda yayda gəlin! Iyulda, avqustda Elə o vaxtlar siz də dəsmal götürüb Soltanbud meşəsinin ölmüş gününə ağlayacaqsınız.


Unutmayaq, meşələr havadakı karbon qazını və zəhərli maddələri udur, nəfəs aldığımız havanı oksigenlə zənginləşdirir, tozdan, zərərli maddələrdən təmizləyir.
Meşələr torpaqda su balansını nizamlayır, kəskin iqlim dəyişikliyinin, sellərin və torpaq sürüşməsinin qarşısını alır, güclü küləklərin təsirini zəiflədir, sovrulan qum kütlələrinin hərəkətini saxlayır. Necə deyərlər, su həyatırsa, o suyu bol edən meşə də həyatdır. Həyat isə artıq can üstədir.

Ekologiya və təbii sərvətlər nazirliyi, sözüm sizədir!


Ötən ilki hesabatlar deyilir ki, 2022-ci ilin son gününədək 1373 hektar meşə fondu torpaqlarının açıq və seyrək sahələrində əkin və səpin işləri həyata keçirilib və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən, hər bölgənin yerli iqlim şəraitinə uyğun 1,5 milyon ədəd müxtəlif növ ağac əkilib, 60 ton toxum səpilib. Eyni zamanda, yay aylarında yanğına məruz qalmış meşə fondu ərazisinin 35 hektar sahəsində meşəbərpa tədbirləri aparılıb. Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirdi.

Onun sözlərinə görə, ilin son həftəsi əlavə olaraq 140 hektar meşə fondu torpaqlarında əkin və səpin işlərinin aparılmasına həsr olunub və 158 000-dən çox ağac əkilib, 5,2 ton toxum səpilib.

Bu ilin aprelində isə “Agro Dairy” MMC “Hərəyə bir ağac əkək!” devizi altında böyük miqyaslı ağacəkmə aksiyası keçirib.“Agro Dairy” MMC-nin rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə keçirilən aksiya aprelin 14-ü və 18-də baş tutub. Samux, Tovuz, Hacıqabul rayonlarında və işğaldan azad olunmuş Qarabağda (Ağdam və Füzuli rayonlarında) təşkil olunan bu aksiya çərçivəsində 1500-ə yaxın ağac əkilib. Onlardan 1150 ədədi Eldar şamı və 350-si isə müxtəlif növ meyvə ağaclarıdır.

Buna sevinirik , hətta ölkəmizə xalqımıza xeyirli- uğurlu olsun deyirik! Amma Ekologiya və təbii sərvətlər nazirliyindən xahişimiz budur ki, Soltanbud meşəsini də unutmasın! Əminəm, bütün ağdamlılar orda iməcilik etməyə, təmənnasız ağac əkməyə sevinclə gələrlər.
Sonda yenə SOS siqnalı: Qarabağ düzünün zümrüd muncuğu olan Soltanbud meşəsinin məhv olmasına imkan verməyin! Soltanbud meşəsi ÖLÜR! ÖLÜR! VALLAH ÖLÜR!

Ürək ağrısı ilə: Əntiqə Rəşid