adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 May 2023 20:21
485
GÜNDƏM

Qarabağın işğal tarixi: İbrahimxəlil Xan, işğalçı Rusiya və  218 il əvvəlin "Kürəkçay" müqaviləsi 

Bu gün Azərbaycan tarixinin ən ağrılı günlərindən biridir.


Adalet.az xəbər verir ki, "Kürəkçay müqaviləsi", yaxud da Kürəkçay traktatı adı tanınan, Qarabağ və Şəki xanlıqlarının Rusiyanın tərkibinə keçməsini reallaşdıran müqavilədir ki, 218 ildir ki, Azərbaycan tarixinin qara zolağıdır. 14 may (26 may) 1805-ci il tarixdə Kürəkçay çayı sahilində - Knyaz Sisianovun düşərgəsində, (indiki Goranboy rayonu ərazisi) birinci olaraq Qarabağ xanı İbrahimxəlil xan tərəfindən, sonra isə - 21 mayda (2 iyun), Şəki xanı Səlim xan tərəfindən imzalanıb. Rusiya İmperiyası adından isə müqaviləyə Rusiyanın Qafqaz qoşunlarının baş komandanı Knyaz Sisianov imza atmışdır.


Tarixçilərin verdiyi məlumata görə, Mirzə Adıgözəl bəy və Mirzə Camal Cavanşir əslində Şəki xanlığının Qarabağ xanlığı ilə bir gündə, Kürəkçay görüşlərində Rusiyaya tabe edildiyini yazırlar: "Kürəkçayın qırağında bir neçə gün bayram, şənlik və qonaqlıq oldu. Sonra traktat və əhdnamə yazıldı. İbrahim xan və Şəki hakimi Səlim xan ona möhür basdılar, böyük sərdar (Sisianov) isə qol çəkdi".


Müqavilə əyani surətdə göstərir ki, İmperiya sırf Azərbaycan torpaqlarını işğal etmişdir, ermənilər isə bura sonralar Türkiyə və İrandan köçürülüb gətirilmişdir. Bu sənədlərin heç birində Qarabağda erməni malikanələri və onların Rusiya təbəəliyinə keçməsi haqqında işarə belə yoxdur.
Tarixi araşdırmalarda (A.Ə.Rzayev, “Azərbaycan tarixi XIX-XXI əsrin əvvəli”, Bakı Universiteti Nəşriyyatı, 2010, səh18.) bildirilir ki, 11 maddədən ibarət müqavilənin şərtlərinə görə, Qarabağ xanı Rusiya çarının vassalı olmağına razılıq verir (maddə 1), müstəqil xarici siyasət hüququndan məhrum edilir, (maddə 4), çar xəzinəsinə hər il 8000 çervon bac verməyi öhdəsinə götürürdü (maddə 8). Rusiya dövləti də xanın varis və davamçılarının Qarabağ xanlığı üzərində hakimiyyətinin dəyişilməz saxlanılmasını, daxili idarəetmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana, ölkədən yığılan gəlirin xanın səlahiyyətində qalmasını öhdəsinə götürürdü (maddə 5). Bundan başqa, müqaviləyə görə, Qarabağ xanı Qafqaz komandanlığının əmrlərini yerinə yetirməli və mayor Lisaneviçin rəhbərliyi altında 500 rus əsgərini Şuşada qalaya bitişik Xanbağı adlanan yerdə yerləşdirməli idi.

 Qeyd edək ki, İbrahim Xəlil Xan çox gec anladı ki, xalqı üçün böyük bir yanlışlığa yol verib. Peşmançılığını gizlədə bilməyən xanın cəzası ağır olur. Beləki, 12 iyun 1806-cı ildə İbrahim xan Şuşa yaxınlığındakı Xanbağında 17 nəfər ailə üzvləri ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi.

Əntiqə Rəşid