adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Yanvar 2022 10:57
397
SİYASƏT

“Qarabağ klanı” ilə hakimiyyətin qarşıdurması: “Türk “agenti” deyilən vitse-spiker hədəfdə

Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması prosesində ölkəsinin xüsusi nümayəndəsi olaraq yanvarın 14-də Moskvada Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıçla görüşəndən onun haqqında deyilən “ türk ağenti” dedi- qoduları yenidən gündəmi zəbt edib.

Adalet.az xəbər verir ki, 17yanvar da Ermənistan parlamentinin növbəti iclasında “ türk ağenti” məsələsi ilə bağlı yenidən qarşıdurma baş verib. Parlamentdə görüşlə bağlı məlumat verən Rubinyan “Qarabağ klanı”nın liderləri Serj Sərkisyanın və Robert Köçəryanın tərəfdarlarının dəstəyi ilə parlamentə yerləşmiş müxalifət nümayəndələri tərəfindən “agent” olaraq ittiham edilib. Əvvəlcə kürsüdən söz atışması ilə başlayan qarşıdurma daha sonra bir-birinin üzərinə yeriməklə müşahidə olunub. Əlbəyaxa davanın qarşısı son anda alınıb.

 

Rubinyan niyə belə ağır “ləkə” ilə ittiham edilir?

Oxucularımız haqlı olaraq soruşa bilər, ermənilərin türklərə münasibəti əsrlərlə bəllidir. İndi Rubinyanın “ türk ağenti” olması ittihamı həqiqidir yoxsa, kimlərəsə sərf etdiyi üçün gündəmə gəlib. Ordu.azın məlumatına görə, Ruben Rubinyanın 32 yaşı var:”2006-2010-cu illərdə İrəvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində təhsil alıb, sonra bir il London Universitet Kollecində (UCL) təhsilini davam etdirib. “Siyasət və Təhlükəsizlik” ixtisası üzrə magistr dərəcəsi alıb. O, daha bir il Polşanın Yagellon Universitetində oxuyub, “Avropaşünaslıq” ixtisası üzrə magistr dərəcəsi alıb. Ruben Rubinyan 2017-2018-ci illərdə Hrant Dink Vəqfinin İstanbulda həyata keçirdiyi “Ermənistan-Türkiyə Təcrübə Mübadiləsi Layihəsi” çərçivəsində Sabancı universiteti nəzdindəki İstanbul Siyasət Mərkəzində (İPM) araşdırma aparıb. Rubinyanın araşdırmaları Türkiyədə demokratikləşmə prosesində qeyri-hökumət təşkilatlarının təsirinə həsr olunub. Sabancı Universitetinin qurucusu türk millətçi iş adamı Hacı Ömərdir. Bu iş adamı 1934-cü ildə Atatürkün məsləhəti ilə Sabancı soyadını seçib. Onun övladlarının 1994-cü ildə Sabancı Universitetini təsis etdiyi məlumdur. Beləliklə, 2017-2018-ci illərdə Rubinyan həmin universitetdə araşdırma aparıb. Bu, Ermənistanda inqilabdan az əvvəl baş verib. İddialara görə, Sabancı Universitetində fəaliyyət göstərən “İstanbul Siyasət Mərkəzi” (İİM) “QHT-lərin

rolunun artırılması və onların vasitəsilə siyasi dəyişikliklərin həyata keçirilməsi layihəsi” hazırlayıb. Rubinyan, London, Polşa və Türkiyədə bir il təhsil aldıqdan sonra 2018-ci ilin məlum hadisələri nəticəsində əvvəllər heç diplomatik sahədə olmayan bir şəxs kimi xarici işlər nazirinin müavini təyin edilib. Və onun Türkiyədəki şübhəli fəaliyyəti bir çox erməninin onun internetdə türk təsirinin agenti olması faktını müzakirə etməsinə səbəb olub. Yeri gəlmişkən, yalnız bu müzakirələrdən sonra onun “Vikipediya”da Türkiyədə olması barədə məlumat yenilənib”.

 

“Türk agent” nə deyir?

 

Məlumatlarda bildirilir ki, vitse-spiker ictimaiyyətdən hər gün “türk”, “agent”, “satqın” ifadələrini eşitməkdən yorulduğunu söyləyib və onları mənalı diskussiyalara çağırıb. Onu günahlandıranları isə bu sözlərlə qınayıb:.

“Siz və ya sizə bağlı qüvvələr və media gözlənilən addımlar atır, məni şübhəli əlaqələri olan şəxs kimi təqdim etməyə çalışır. Amma məni tənqid edən fraksiyaya “Daşnaksütyun” partiyasının nümayəndələri də daxildirlər, halbuki bu partiya vaxtında “Gənc türklərlə” əməkdaşlıq haqqında saziş imzalayıb, onun nümayəndələri 1918-ci ildə Konstantinopola səfər ediblər və orada bəyan ediblər ki, Ermənistan öz müstəqilliyinə görə Türkiyəyə borcludur, 1921-ci ildə isə onun təmsilçisi Simon Vratsyan hərbi yardım üçün Atatürkə müraciət edib. Bu gün isə partiya Robert Köçəryanı dəstəkləyir, amma onun prezidentlik dövründə Ermənistan və Türkiyə arasında gizli danışıqlar aparılıb”,

Qeyd edək ki, 1999-cu il 27 oktyabr da o vaxtkı hakimiyyət Ermənistan və Türkiyə arasında normallaşma prosesini müzakirə edərkən

Ermənistan parlamentinə silahlı hücum baş vermişdi. Həmin terror aktında baş nazir Vazgen Sarkisyan və parlamentin spikeri Karen Dəmirçiyan daxil olmaqla 8 nəfər öldürülmüşdü. Türklərə, Türkiyəyə barışmaz nifrəti olan “Qarabağ klanı”nın nələr edə biləcəyini bir daha analiz etməkdə, düşünməkdə fayda var.

Əntiqə Rəşid