adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Fevral 2023 16:14
1725
MÜSAHİBƏ

QAFAR CƏFƏLİ: ARZU VƏ İSTƏKLƏRİMİZ SÖZƏ BAĞLIDIR - MÜSAHİBƏ

Yaradıcılığı və əməli işi təkcə ölkəmizin cənub bölgəsində deyil, eyni zamanda məmləkətimizdə diqqəti çəkən yazıçı- publisist Qafar Cəfərli ilə görüşməkdə iki məramım var idi. Onlardan birincisi təbii ki, dost görüşidi! Elə ikinci məram da bu görüşdən ictifadə edib Qafarla işimizdən, Lənkaran bölməsindən, oradakı yaradıcılıq düşərgəsindən xəbər tutmaq fürsətindən yararlanmaq idi. Necə deyərlər görşdük, birinci məramı uğurlu gedişatında bu müsahibə də alındı :

- Qafar, Ötən ili Lənkəran Bölməsi üçün necə xarakterizə edə bilərsən?

- Qədim yunan filosofu Epiktet deyir ki, “Həmişə özünlə danışmağa çalış, çünki özünə söyləyəcəyin və özündən soruşacağın çox şey var.”

Doğrudan da normal halda insan gün, ay və bəzən il ərzində gördüyü işləri vaxtaşırı götür-qoy edib özünü sorğu-suala tutmalı, etdiyi və edəcəkləri barədə düşünməlidir. Məhz bu zaman insan səhvlərini görə, qarşıda görməli olduğu işləri planlaşdıra bilər. Əslində, xaraktercə mən bu tip adamlardan olduğumdan özümlə danışmağı, özümə hesabat verməyi xoşlayıram.

Bu mənada ötən il Bölmədə görülən işləri elə yeni ilin ilk günlərində təhlil etmişəm. Sualınıza cavab olaraq həmin təhlili fikirlərimi sizin və oxucuların nəzərinə çatdırmağa çalışaram.

Ötən il, yəni 2022-ci il rəhbərlik etdiyim Bölmənin həyatında yadda qalan məqamlar çox oldu. Bildiyiniz kimi Bölməmiz cənub bölgəsinə aid olan altı rayonu birləşdirir. Ötən il qarşımızda duran əsas vəzifə kimi rayonlarda ədəbi mühiti gücləndirməyə, yazarlarla işgüzar əlaqələr qurmağa, onları müxtəlif tədbirlər ətrafında birləşdirməyə, qarşıya çıxan problemləri həll etməyə çalışmışıq.

2022-ci ildə ümumən 45 tədbir keçirmişik ki, bu da təxminən ilin hər həftəsində bir tədbir deməkdir. Tədbirlərimiz müxtəlif məzmunlu, müxtəlif istiqamətli olmuşdur. Belə ki, bölgə yazarlarının yeni nəşr olunmuş kitablarının Lənkəranla yanaşı Masallı, Lerik və Qaradağ rayonlarında təqdimatları ilə bağlı 7, ədəbi müzakirələrlə bağlı 5, müxtəlif kollektivlərdə yazarlarla görüşlə bağlı 15, tarixi və əlamətdar günlərlə (Xocalı faciəsi, Novruz bayramı, Beynəlxalq Poeziya günü, Vətən müharibəsinin anım günü, Zəfər günü və s.) bağlı 6, ədəbi müzakirələrlə bağlı 5, mərhum şair İltifat Salehin 85 illiyi ilə bağlı anım və yazıçı Meyxoş Abdullahın 60 illiyi, mənim 65 illiyimlə bağlı yubiley tədbirləri, ədəbiyyatımızda Qarabağ, müharibə mövzuları; Bölgədə uşaq ədəbiyyatı, qəzəl janrı və c. ilə bağlı tədbirlər həyata keçirilmişdir. Uzun illər nəşri dayanmış Bölmənin ədəbi-bədii orqanı oan “Şəfəq” jurnalları yeni sayları ilə oxucuları sevindirmişdir. Və yeri gəlmişkən deyim ki, həmin jurnalda yalnız bölgədə yaşayan yazarların əsərləri dərc olunur və jurnalda yeni ədəbi nəslin nümayəndələrinə daha geniş yer verməyə çalışırıq.

Ötən il bölgədə yaşayan yazıçı və şairlərin xeyli sayda kitabları nəşr edimişdir. Ölkənin “Azərbaycan”, ”Ulduz” ,”Yurd”, ”Xəzan”, ”Söz”, “Azad qələm” jurnallarında, “Ədəbiyyat”, “Ədalət”, “525-ci qəzet”, “Sözün işığı” və sair qəzet və jurnallarda bölgə yazarlarının çox saylı əsərləri işıq üzü görmüşdür. Bu sıraya 29 yanvar 2022-ci il tarixdə “Ədalət” qəzetində işıq üzü görən “Bir cənub şəhərində video söhbət” adlı geniş müsahibəmi də əlavə etmək olar və yeri gəlmişkən, həmin müsahibəni müəllifi Sən oldun.

Görülən işlər barədə qəzet və jurnallarda, saytlarda, sosial şəbəkə vasitələrində geniş məlumatlar verildi və bu məlumatlar böyük əks-səda doğurdu. Məhz bu səbəbdən də Bakıda yaşayan tanınmış yazarlar Bölmədə onlarla bağlı tədbirlərin keçirilməsində maraqlı olduqlarını bildirdilər. Ötən il Bölməmizin təşkilatçılığı ilə Lənkəran şəhərindəki Mədəniyyət Mərkəzində, Mərkəzi kitabxanada və rayonun müxtəlif təhsil müəssisələrində Bakıda yaşayan AYB üzvləri: tanınmış ədəbiyyatşünas-alim, tənqidçi Vaqif Yusifli, tanınmış alim və şair-publisist Elçin İsgəndərzadə, ölkənin ilk poliqrafçı alimi, şair-yazıçı-publisist Şəddad Cəfərov, tanınmış yazarlar Əyyub Qiyas, Fəxrəddin Teyyub, Ülkər Nicatlı ilə keçirilən görüşlər oxucuların böyük maraq və sevgisinə səbəb oldu.

Məlumat üçün bildirim ki, bölgədə mövcud problemlərdən biri və ən başlıcası tədbirin keçirilməsi üçün məkanın olmaması idi. Bölmənin fəaliyyət göstərdiyi bütün illər ərzində tədbirlərin tam böyük əksəriyyəti Bölmə sədrinin və ya ədəbi məsləhətçinin xidməti iş otaqlarında keçirilmişdir. Ötəl il AYB-nin dəstəyi və daxili imkanlarımız hesabına yararsız vəziyyətdə olan otağı tam təmir edib tədbir zalı kimi istifadəyə verdik. Artıq son bir neçə ayda tədbirlərimiz həmin geniş, yaraşıqlı otaqda keçirilir.

Ötən ilin ən sevindirici və ən ruhlandırıcı xəbəri isə əlbəttə ki, bölgə yazarlarından bir neçə nəfərin AYB üzvlüyünə qəbul olunmaları və Prezident təqaüdlərinə layiq görülmələri oldu. Bunu əlbəttə ki, AYB sədri, xalq yazıçımız hörmətli Anar müəllim başda olmaqla AYB rəhbərlyinin işimizə verdiyi yüksək qiymətin nəticəsi kimi qəbul edirəm.

Təbii ki, daha çox və daha rəngarəng tədbirlər keçirmək istəyində olsaq da müəyyən obyektiv və subyektiv səbəblər (ilin əvvəlində mövcud olan pandemiya, maddi və s.) ucbatından bunu edə bilməmişik. İnşəallah, qismət olsa bu il tədbirlərimizin kəmiyyət və keyfiyyətini artırmağa çalışarıq.

-Bölmənin ədəbi uğurları həqiqətən sevindirici və təqdirəlayiqdi. Bu qazanılan uğurların fonunda Şəxsi yaradıcılığında 2022-ci ilin yerini necə görürsən??

-2022-ci il həm şəxsi həyatımda, həm də yaradıcılığımda çox önəmli yer tutur. Ötən il ömrümün 65-ci ili tamam oldu. Buna qədər yaradıcılıq sahəsində müəyyən uğurlarım olmuşdu. Belə ki, “Qızıl qələm” və “Azərbaycan bayrağı” media mükafatlarının lauratı olmuşdum. 2018-ci ildə Türk Dünyası Araşdirmalari Beynəlxalq Elmlər Akademiyasının fəxri diplomuna və qızıl medalına layiq görülmüşdüm. 2019-ci ilin Prezident təqaüdçüsü olmuşdum. O ki, qaldı konkret 2022-inci ilə, deyə bilərəm ki, ötən2022-ci ildə də yaradıcılıq sahəsində müəyyən uğurlarım oldu.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının 12 may 2022-ci il tarixli qərarına əsasən “Türk dünyası ədəbiyyatına xidmətə görə” beynəlxalq mükafata layiq görüldüm. Mükafatı 27 may 2022-ci il tarixdə Akademiyanın Azərbaycanm üzrə nümayəndəsi,tanınmış alim, şair-publisist professor Elçin İsgəndərzadə təqdim etdi.

14 may 2022-ci il tarixdə ADPU-nun Cəlilabad filialında 65 illik yubileyimlə bağlı geniş tədbir keçirildi. Tədbirdə çox saylı təltiflərə, o cümlədən RİH Başçısı hörmətli Rafiq Cəlilovun imzaladığı Fəxri Fərmana layiq görüldüm. Tədbirin təşkili və keçirilməsinə görə yazıçı dostum Meyxoş Abdullaha və filialın direktoru hörmətli Xudayar Sultanlıya bir daha minnətdarlıq etməyi özümə borc bilirəm.

Ötən ilin may ayında pedaqogika üzrə fəlsəfə doktoru, dosent, ədəbiyyatşünas, yazıçı, onlarla elmi, publisistik və bədii kiitabların müəllifi Allahverdi Eminovun 65 illik yubileyimlə bağlı yazdığı “Qafar Cəfərlinin nəsr yaradıcılığı” adlı 280 səhifəlik monoqrafiyası işıq üzü gördü. Kitabda mənim ömür yoluma, yaradıcılığıma işıq salınaraq müxtəlif ədəbi üsul və vasitələrdən istifadə edilməklə nəsr yaradıcılığım bir çox aspektlərdən tədqiq və təhlil edilib.

20 iyun 2022-ci il tarixdə isə AYB-də keçirilən təntənəli tədbirdə AYB-nin sədri, xalq yazıçısı Anar tərəfindən öz imzası ilə təsdiq olunmuş “Azərbaycan ədəbiyyatının təbliği yolunda göstərilən xidmətlərə görə” AYB-nin Səməd Behrəngi adına beynəlxalq ədəbi mükafatı mənə təqdim edildi.

Keçən il yazdığım bir neçə hekayə, bədii-publisistkik yazılarım qəzet və jurnallda çap edildi. Amma ili mənim üçün xüsusilə əlamətdar edən isə illər ərzində ürəyimdə gəzdirdiyim, reallaşması üçün cürət edə bilmədiyim bir arzuma qovuşmağım oldu. Nə idi bu arzu? Fikrimcə, oxucular üçün də maraqlı olar.

Bir neçə il idi ki, həyatımla bağlı xatirələrimi qələmə almaq istəsəm də buna cürət edə bilmirdim. Qarşımda müxtəlif obyektiv və subyektiv maneələr var idi. Əslində ötüb keçənləri qələmə almaq çətin bir prosesdir. Səbəb başına gələnləri, yaşadıqlarını bir daha yaşamaqla o dövrün ab-havasına köklənməyin çətinliyi, ağırlığı idi. Nəhayət, ötən ilin mart ayının 7-də, yəni doğum günümdə mən bu istəyimi reallaşmaq üçün qələmi əlimə ala bildim. Təxminən 7-8 ay ərzində bu çətin və məsuliyyətli işin öhdəsindən gələrək “Ömür yolu” adlı avtobioqrafik romanı yazıb bitirdim. Romanda ömür yoluma işıq salmaqla bu yolda rast gəldiyim insanlarla, bir-birindən maraqlı, təəccüb doğuracaq hadisələrlə, həmçinin ətrafında olan yaxın-uzaq şəxslərlə bağlı mülahizələrim, fikir və düşüncələrim yer almışdır.

65 illik yubileyimlə bağlı hazırladığım “Ömür yolu” adlı kitabda eyni adlı romanla yanaşı yubileyimlə bağlı ölkənin və bölgənin tanınmış şairlərin və yazıçıların mənə ünvanlanmış nəsrlə və nəzmlə qələmə alınan təbrikləri; mənim maraq dairəmi, xarakterimi, xasiyyətimi, vərdişlərimi, istəklərimi, həmçinin müxtəlif səpkili digər məsələlərə münasibətimi açıqlayan ömrün 65 ilində 65 suala cavablarım olan “Özümlə müsahibə”; yubiley öncəsi mətbuata müsahibələrim, həmçinin, romanda barəsində bəhs olunan hadisə və faktlarla bağlı vaxtilə qələmə aldığım xatirələr, hekayələr və həyatının müxtəlif anlarını əbədiləşdirən foto-şəkilləri yer almışdır. Sayca doqquzuncu olan, hazırda mətbəədə yığılma prosesində olan həmin kitabın geniş oxucu kütləsinin marağına və sevgisinə səbəb olacağına inanıram.

- Qafar, həyatda elə anlar, elə hadisələr var ki, onları qeyd etməmək, unutmaq və onlardan iz qalmaması münkünsüzdü. Bu mənada Vaqif Poeziya Günlərinin yaradıcılığınızda və Bölmənin həyatında yeri, izi barədə nə deyə bilərsən?

-Şuşada keçirilən Vaqif Poeziya günləri mədəniyyət tariximizdə özünə məxsus yeri olan möhtəşəm tədbir olmuşdur. Ulu öndər Heydər Əliyevin göstərişi ilə 1980-1981-ci illərdə Cıdır düzünə yaxın ərazidə böyük şair Molla Pənah Vaqifin məzarı üstündə tikilən məqbərənin 1982-ci ilin yanvar ayında açılışı olmuşdur. Həmin ildən başlayaraq hər il avqust ayında Qazaxdan başlanan və Vaqifin məqbərəsi önündə bitən Poeziya günlərinin keçirilməsi bir ənənə şəklini aldı. 1992-ci ildə erməni –rus işğalçıları tərəfindən Şuşa işğal olunduqdan sonra bu möhtəşəm tədbirə ara verildi. Nəhayət, 2020-ci ilin 8 may tarixində müzəffər Ordumuz tərəfindən mədəniyyətimizin beşiyi olan Şuşa düşmən işğalından azad olundu. Vaqifin dağıdılmış muzey-məqbərə kompleksi yenidən bərpa edildi və 2021-ci ilin avqustun 29-da açılışı oldu.Həmin gün də işğaldan sonrakı ilk Vaqif Poeziya günləri baş tutdu.

Onu da qeyd edim ki, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olaraq mən 1988-1993-cü illərdə Qarabağın və ətraf rayonlarının müdafiəsində iştirak etmişəm. 1992-ci ilin fevral ayında Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərin iştirakçısı olaraq bu şəhər-qala ilə bağlı xatirələrimi 15-17 fevral 2017-ci ildə “Şəhid qala” adlı sənədli hekayəmdə ətraflı qeydə almışdım. Və budur, uzun illər düşmən tapdağında olan, şəhid qala deyib millətimin yanıb qovrulduğu Şuşa şəhəri artıq azaddır və mən həmin şəhərin ziyarətinə gedirdim.

Şuşada keçirilən Vaqif Poeziya günlərinin iştirakçısı olmaq həyatımın ən unudulmaz tarixi kimi ömür yoluma yazıldı.

Tanrı ikinci dəfə mənə şəhərlər gözəli Şuşada olmağı, şəhəri qarış-qarış gəzməyi qismət etdi. Fürsətdən istifadə edib vaxtilə döyüşdə olduğum yerləri də ziyarət edə bildim, özü də düz 27 il, 7 ay, 7 gündən sonra. Rəqəmlərin özündə də mistik bir aura olduğunu hiss etməmiş deyilsiniz. Bu doğrudan da belədir. Həmin günlərdə Şuşada sanki bir mistik ab-hava hökm sürürdü. Adam gördüyü hər yeri, hər şeyi və hər kəsi qucaqlayıb öpmək istəyirdi. Orda hər kəs deyib-gülürdü, şənlənirdi, bir-birinıə qucaq açırdı, insanların sevinci yerə-göyə sığmırdı. Bütün bunlar Tanrının bəxş etdiyi özəl və gözəl bir qismət, xoş bir tale yazısı idi.

Biz birlikdə hələ 2021-ci ilin 29-31 avqust tarixlərində keçirilən həmin möhtəşəm tədbirdə olduq. Mən üç gün Şuşanın can dərmanı olan havasını uddum, Xan qızı Natəvanın inşa etdiyi bulaqdan su içdim, çörəyindən yedim, Şuşaya dünya şöhrəti gətirən dahilər Üzeyir bəylə, Bülbüllə, Natəvanla həmsöhbət oldum və əlbəttə ki, dostlarla, həmçinin qiyabi tanıdığım bəzi görkəmli ədəbiyyat adamları ilə canlı təmas qurdum. Vaqifin məqbərəsi önündə keçirilən Poeziya günləri bir daha əvvəlki əzəmətini, şöhrətini özünə qaytardı. Cıdır düzündə olduğum saatlar, yaşadığım anlar isə həyatımın ən unudulmaz xatirəsinə çevrildi.

Şuşa ilə ikinci görüşüm barədə yazdığım “Şuşalı günlərim” adlı publisistik qeydlərimdə bu gözəl və müqəddəs məkanla bağlı yaşadığım hiss və düşümcələrimi genişliyi ilə qələmə aldım.

2022-ci ilin 13-15 iyul tarixlərində Şuşada keçirilən ikinci Vaqif Poeziya günlərinin də iştirakçısı oldum. Yenidən Şuşanın, Cıdır düzünün sehrinə düşdüm, Vaqifin, Üzeyirin, Bülbülün, Xanqızı Natəvanın müqəddəs ruhlarını salamladım. Bütün ağrı-acılarına rəğmən artıq dirçəlməkdə olan Şuşanın xoşbəxt, sevinc dolu halını gördüm və əmin oldum ki, mədəniyyətimizin beşiyi, təbiətin şah əsəri olan gözəl Şuşa etibarlı əllərdədir və kimliyindən asılı olmayaraq heç bir yağı düşmənin ayağı bir daha bu torpağa dəyməyəcəkdir.

Həmin günlərdə hiss və düşüncələrimi elə Şuşanın özündə Az. TV-nin xəbərlər proqramına verdiyim müsahibədə çatdırmağa çalışdım.

Hər iki halda Vaqif Poeziya günlərindən olan təəssüratlarımı Bölmədə keçirilən tədbirlərdə bölgə yazarları ilə bölüşərək geniş məlumat vermişəm.

-Gəl indi də AYB-nin qurultayından danışaq... Artıq tarixə çevrilmiş Qurultay və onun barəsində fikirlərin mənim üçün maraqlıdır..?

- Ötən ili unudulmaz edən hadisələrdən biri də oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Dram Teatrında keçirilən Azərbaycan Yazıçılarının 13-cü qurultayı oldu. Düzü, bu qurultay həyatımın ilki idi. Rəhbərlik etdiyim Bölmə AYB-nun ən böyük filiallarından biri olduğundan Qurultayda on beş nümayəndə ilə iştirak etdik. Bundan 11 nəfəri Bölmədə keçirilən səsvermə ilə, dörd nəfər AYB-nin müxtəlif seksiyalarından seçilənlər idi. Mən isə vəzifəmə görə bu hüququ qazanmışdım.

Qurultayda çox maraqlı çıxışlar oldu. Ədəbiyyatımızın dünəni, bu günü və sabahı ilə bağlı maraqlı müzakirələr keçirildi, dəyərli fikirlər söylənildi. Məşhur yazarlarımız Sabir Rüstəmxanlının, Elçinin, Ramiz Rövşənin, Vahid Əzizin və b. çıxışları qurultay iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Böyük etimad göstərilərək Qurultayın katibliyinə seçilən dörd nəfərdən biri olmağım isə mənim üçün önəmli bir hadisə oldu. Qurultay nümayəndələrinin yekdil səsi ilə növbəti dəfə AYB-nin sədri seçilən xalq yazıçısı, korifey sənətkarımız Anar müəllimi canlı olaraq təbrik etmək qismətini yaşadım.

Məlumat üçün deyim ki, mənim də Qurultayda çıxışım nəzərdə tutulsa da hörmətli Elçin müəllimin müzakirənin kəsilməsi barədə qəfil təklifi səbəbindən bu baş tutmadı.

Qurultayda bütün baş verənlər gözlərim önündə oldu. Anar müəllimin demokratik yolla yenidən sədr seçilməsinə heç kim şübhə etməməlidir və edirsə də demək burda hansısa qara niyyətin olması şəksizdir. Qurultay zamanı sədrliyə özünü namizəd sayan iki gəncin hay-küylü çıxışı da fikrimcə, təmiz niyyətə xidmət etmirdi. Əslində, mən də sədrliyə bir neçə namizədin demokratik yolla səsə qoyulmasının tərəfdarıyam və bu mənada həmin iki gənc yazarın da (onlardan biri hazırda da AYB-nin gənclər şurasının üzvüdür) bu seçkidə iştirakına tərəfdar idim. Qurultayın gedişində onların əvvəlcədən çıxışa yazılmadıqları və sədr kimi namizədlikləri qeydə alınmadığı məlum oldu. Fikrimcə, Anar müəllim özü demokratik adam olduğundan həmin iki gəncin seçkidə iştirakına razı olardı. Hətta həmin iki gənc əgər sədrlik seçkisində iştirak etsəydilər belə çox cüzi səslə kənarda qalardılar. Anar müəllimin yekdil-təxminən 95 faizdən yuxarı səslə qələbə qazanacağına isə heç bir şübhəm yox idi.

Qurultaydan sonrakı ajiotajı, giley-güzarı, narazılığı da təbii sayıram. Bu narazılığın hansı bir məqamınasa haqq qazandırmaq olsa da çox böyük əksəriyyəti haqsız, ədalətsiz, bəzi hallarda isə qarayaxma şəklində idi. Təəsssüf ki, qarayaxmaya qurultay bitən gün şəxsən özüm də tuş gəldim. Demək, həmin gün “Manşet.az” adlı saytın baş redaktoru mənimlə telefonla əlaqə saxlayaraq “qaraguruhçu qüvvələr tərəfindən AYB rəhbərliyinə qarşı əks-təbliğat aparanları susdurmaq ” bəhanəsi ilə (təbii ki, mən bunu sonra bildim) qurultayla bağlı fikirlərimi soruşdu. Mətbuat işçilərinə olan sayğım səbəbindən onun suallarına qısa və konkret cavab verdim. Həmin gün axşam saytın paylaşdlığı xəbərdə mənim heç vaxt demədiyim, amma mənim dilimdən əslində AYB rəhbərliyini ləkələyən məlumatın paylaşdığını gördüm. Mənimlə danışan baş redaktor zənglərimə cavab vermədiyindən məcbur olub saytın iki redaktoru ilə ayrı-ayrılıqda telefonla əlaqə saxladım. Hər ikisi əsassız olaraq demədiyim sözlərin müəllifi olduğumu israr etdilər. Bu arada onlarla olan telefon danışıqlarımın səs yazıları köməyimə çatdı. Mən bu barədə AYB rəhbərliyinə məlumat verdim. Sonda isə məcbur olub 31 oktyabr 2022-ci il tarixdə feyzbok səhifəmdə bütün bunlar barədə geniş statusla çıxış etdim. Necə deyərlər, nahaq ayaq tutdu, amma yerimədi.

Normal dialoqun, fikir mübadiləsinin tərəfdarı olsam da bu cür haqsız və ədalətsiz fikirləri qəti olaraq rədd edirəm.

-Yaradıcı adam üçün bu sual bir az normal sayılmasa da, amma maraq doğurduğundan bilmək istərdim ki, bu il üçünyaradıcılıq proqramınız -şəxsi və Bölmə müstəvisində necədir?

-İnsanı yaşadan, həyata bağlayan, onu gələcəyə səsləyən arzuları, istəkləri, sizin təbirinizcə desəm sabaha olan proqramıdır. Məşhur bir deyim var, deyir ki, “Kimin ürəyi arzu və ümidlə doludursa, o, artıq gələcəkdə yaşayır.” Doğrudan da, kimsənin arzu və istəksiz yaşaya bilməsi mümkünsüzdür. Amma arzu və istəklərin daha vacib, daha real və məntiqli olması əsas şərtdir. Böyük türk şairi və mütəfəkkiri Cəlaləddin Rumi demişkən:”Bu dünya tələdir, yemi də istəklər.”

Biz yaradıcı adamların-söz adamların arzu və istəyi, necə deyərlər gələcək üçün proqramımız təbii ki, sözlə, sənətlə, yaradıcılıqla bağlıdır. Düzü, əvvəllər yaradıcılıqla daha çox, daha aktiv məşğul ola bilirdim. Buna vaxtın geninə-boluna bəs edirdi. Amma son iki il yarımda, daha dəqiq desəm sədr keçəndən sonra yaradıcılıqdan müəyyən qədər uzaq düşmüşəm. Səbəb təbii ki, vaxtımın çoxu xidməti vəzifəmin icrasına sərf etməyimdir. Amma imkan tapdıqca, şəxsi yaradıcılıqla da məşğul olmağa çalışıram. Bu il üçün nəzərdə tutduğum işlərin siyahısına gündəliyimdə olan bəzi qeydlərə hekayə və ya povest şəklində “həyat” verməkdir. Lənkəran Dövlət Dram teatrına verdiyim bir dram əsəri ilə bağlı görüləsi işləri başa çatdırmalıyam. Təbii ki, qəfil, gözləmədiyim halda təsirlənə biləcəyim, necə deyərlər “planda nəzərdə tutulmayan” işlər də ola bilər.

Bölmə müstəvisinə gəldikdə isə görüləsi işlərimiz çoxdur. Məni tanıyanlar bilir ki, mən işimi qabaqcadan planlaşdırmağı xoşlayıram. Bu səbəbdən il ərzində görəcəyimiz işlər barədə tədbirlər planı hazırlamışıq. Kimlərsə bunun sovetdən qalma bir ənənə olduğunu deyə bilər. Amma planlı iş bütün mənalarda önəmlidir. İş kortəbii görüləndə bütün məsələləri əhatə etmək mümkün olmur, yaddan çıxan və ya vaxtında görə bilmədiyin işlər olur. Təbii ki, təsadüfi və ya istisna halların da olması mümkündür.

Bölmə olaraq əsasən bölgədə ədəbi mühiti inkişaf etdirmək, bölgə yazarların sıx, əlaqəli işini təşkil etmək, xüsusən gənc yazarların aşkarlanması və ədəbi mühitə gətirlməsi, onların inkişafı və tanıdılması sahəsində işləri gücləndirmək və əlbəttə ki, kitab təqdimatları, yubileylər, anım və yaradıcılıq gecələri keçirmək, təhsil və digər sahələrdə yazarların görüşünü təşkil etmək, xalqımızın həyatında əlamətdar olan hadisələri və günləri qeyd etmək, bölgə yazarlarının ölkənin əhəmiyyətli ədəbi orqanlarında çap olunmasını təşkil və təmin etmək və cair, və digər işlərin görülməsini nəzərdə tutmuşuq.

-Və nəhayət, bilmək istədiyimm bir məqama toxunaraq soruşuram : - AYB-nin üst qurumu və çevrəsi Lənkərandan necə görünür?

-AYB ölkə yazarlarının cəm olunduğu bir təşkilatdır. Kimlərin nə deməyindən asılı olmayaraq bu təşkilatın mövcudluğu, büdcədən maliyyələşməsi dövlətin biz yazarlara olan böyük xidməti və qayğısıdır. Prezident təqaüdlərinin verilməsi, müəyyən tədbirlər və konkret məqsədlər üçün maddi dəstəyin göstərilməsi, ömrünü sözə,sənətə həsr edən yazarların Prezidentin fərdi təqaüdünə, fəxri adlara layiq görülmələri, onların mənzil-məişət problemlərinin həlli və sair də yazarlara olunan qayğının təzahürləridir. Bütün bunları anlamamaq və qiymətləndirməmək isə sadəcə nadanlıqdır.

Birinci imamız Həzrəti Əli deyir ki, “Həqiqəti insanların ölçüləri ilə deyil, insanları həqiqətin ölçüləri ilə tanı!” Həqiqətə sahib olmaq insandan səbr, dözüm, güc-qüvvət istər. Deyirlər ki, Platonun fəlsəfəsini tənqid edən Aristotel ona verilən: ”Nə üçün müəllimini tənqid edirsən?” sualına belə cavab verib: “Mən müəllimimi sevirəm, amma həqiqəti ondan da çox sevirəm.”

Bakıdakı bəzi özündən müştəbeh ədəbiyyat adamlarından, ədəbi nəşrlərin rəhbərlərindən özümüzə - bölgə yazarlarına olan ögey münasibətin şahidi olanda gərginlik yaşamağa məcbur oluruq. Belə məqamda özümüz hərəkətə keçib imkanlarımız daxilində bu maneələri keçməyə cəhd edirik. Bir misal çəkim: “Ədəbiyyat qəzeti”nin 5 mart 2022-ci il tarixli xüsusi buraxılışı “2020-2021- ci illərin ədəbi yekunları”na həsr olunmuşdu. AMEA-nın Ədəbiyyat İnstitutunun hazırladığı həmin təhlili yazıların içində “2020-2021-ci illərdə Azərbaycanın bölgələrində yaranan ədəbiyyata bir baxış” adlı yazı yer almışdı. Yazını bir ədəbiyyatşünas xanım hazırlamışdı. Yazıda cənub bölgəsindəki ədəbi həyatla bağlı bir-iki cümlə yazılmışdı. Mən İnstitutun direktoru İsa Həbibbəylinin (hazırkı AMEA-nın prezidenti) mobil telefon nömrəsini tapıb onunla əlaqə saxlayaraq bizə olan haqsızlığı əsaslandırmağa çalışdım. Telefon danışığımızdan bir nəticə hasil olmadığını görüb bu dəfə hörmətli akademikin adına teleqramma vurub yazıya qarşı iradlarımı və bölgə yazarlarının narazılığını çatdırdım. Sonradan aldığım məlumata görə İsa müəllim tanınmış ədəbiyyatşünas alim-tənqidçi Vaqif Yusiflini çağırıb şikayətimi müzakirə etmiş və haqlı olduğumu görmüşdür. İsa müəllimin göstərişi ilə Vaqif müəllim bir neçə günlüyə Lənkərana ezam olundu və araşdırmalar apardı. Bakıya qayıdandan sonra İnstitut əməkdaşının qeyd etdiyim yazısına bölgəmizlə bağlı əlavələr edildi. Bundan başqa bölgəmizdə ədəbi həyatla bağlı “Azərbaycan” jurnalının 2022-ci ilin 7-8-cı sayında Vaqif Yusiflinin “Lənkəranın söz havası” adlı geniş məqaləsi çap olundu. Necə deyərlər, həqiqət öz yerini tapdı.

AYB rəhbərliyi ilə həmişə sıx, işgüzar əlaqələrimiz olub və var. Problemlərimizin həlli üçün bizə həmişə dəstək olublar. Amma bəzən elə məsələlər olur ki, AYB-nin köməyinə ehtiyac duyuruq.

Yuxarıda qeyd etdiyim kimi qurultayda çıxışım nəzərdə tutulsa da məlum səbəbdən bu alınmadı. Həmin vaxtı mən qarşılaşdığımız bəzi problemləri və arzu-istəklərimiz barədə fikirlərimi də qurultayda səsləndirməyi nəzərdə tutmuşdum. Mənə verilən bu fürsətdən yararlanıb bəzi istəklərimizi qeyd edərdim. Bölmədə jurnal çapı, qəzet və jurnallara abunə, bölməyə aid saytın açılması, bölgə rayonlarında tədbirlərin keçirilməsi, yazarların mükafatlandırılması və sair üçün maddi dəstək göstərilməsinə ehtiyacımız vardır. Bundan əlavə AYB-də müxtəlif layihələr üzrə hazırlanan antologiyalarda, məcmuələrdə, kitablarda, həmçinin Qarabağ müharibəsi, Zəfər-Qələbə mövzularında nəşr olunan kitab və ya almanaxlarda bölgə yazarlarının da əsərlərindən nümunələrin çap olunmasını arzulayırıq. Doğrudur, AYB-nin özü bu gün ciddi maddi çətinliklər içində olsa da ümid edirəm ki, AYB rəhbərliyi həmişə olduğu kimi bizə yenə də kömək əlini uzadacaqdır.

Son illərdə, xüsusən AYB rəhbərliyində olan kadr dəyişiklilərindən sonra orda çox ciddi və məhsuldar işlərin görüldüyünü, AYB-nin Natəvan klubunda demək olar ki, iş həftəsinin bütün günlərində, həmçinin paytaxtın digər tanınan məkanlarında rəngarəng tədbirlərin keçirilməsi, yazarlara, xüsusən bölgələrdə yaşayan yazarlara diqqət və qayğının artırılması fakt olaraq göz qabağındadır. Xüsusən, bir neçə gün əvvəl Anar müəllimin sədrliyi ilə keçən geniş tərkibli yığıncaqda AYB-nin rəhbərliyinə, mərkəzi mətbuat orqanlarına, ümumən AYB-nin fəaliyyətində əsaslı dönüşün yaradılması ilə bağlı qoyulan tələblərin tezliklə nəticə verəcəyinə əminəm. Mənim əminliyimi bölgə yazarları da bölüşürlər.

Bizim- söz adamlarının məbədi AYB-dir. Fikrimcə, hər bir yazar bu məbədin qorunub saxlanmasına, qorunmasına və yüksəlişinə öz töhfəsini verməlidir. Bu həm də bizlərin müqəddəs vəzifəsidir.

...Qafarla etdiyim bu müsahibəni elə onun söhbət zamanı yaratdığı xoş , səmimi ovqatlabitirirəm. Düşünürəm ki, müsahibim müsahibəni mükəmməl cilaladı...

Müsahibəni aldı: ƏBÜLFƏT MƏDƏTOĞLU