10 Iyun 2023 09:39
365
HADİSƏ

“Qadın taleyi” rubrikası: “İş yerimdə onunla tanış oldum və mənə...”

Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edir. Bu dəfə sizə Mahirənin (adı şərtidir) həyat hekayəsindən bəhs edəcəyik. Mahirə ərindən boşanıb və iki övladıyla ayrı yaşayır. O, olanları belə nəql edib:

“O, mənə elçi göndərəndə universiteti təzə bitirmişdim. Aramızda yaş fərqi də çox idi, özü uzun müddət Rusiyada yaşamışdı. Valideynlərimin məsləhəti ilə onunla ailə qurdum. Rayondan Bakıya köçdük və normal yaşayırdıq. Amma zamanla onun başqa qadınlara düşkün olduğunu öyrəndim. Evə gec gəlirdi, sərxoş olurdu və mən də iradımı bildirəndə döyülürdüm”.

“Amma bilirdim ki, bu evliliyin sonu...”

“Bu dava-dalaşla 15 il birlikdə yaşadıq. Hər dəfə ayrılmaq istədiyimi deyəndə onun və mənim adamlarım buna mane oldular. Amma bilirdim ki, bu evliliyin sonu yoxdur, əvvəl-axır boşanacağıq. Nəhayət o məqam yetişdi və cana doydum çəkdiklərimdən. Ona görə də ayrılmağa qərar verdim. Boşandıq və yaşadığımız evi satdırıb pulunu aldım və  özümə ev də aldım”. 

“Düşünüb onun təklifinə...”

“Nə qədər ki, onunla ailəli idim sanki həbs həyatı yaşayırdım. Amma boşanandan sonra sanki azadlığa çıxdım. Ondan sonra özüm restoranda aşbaz köməkçisi işləməyə başladım. İşi öyrənəndən sonra artıq aşbaz kimi işləyirəm. Bir gün iş yerimə gəlib-gedən ziyalı bir adamla tanış oldum. Məlum oldu ki, onun da ailəsi dağılıb. Özü iş adamıdır, hər bir şəraiti var. Mənə evlilik təklifi etdi. Düşünüb onun təklifinə hə dedim. Kəbin kəsdirib birlikdə yaşamağa başladıq. Onun da, mənim də övladlarım bizim bu istəyimizə normal yanaşdılar. İndi həyatım  tam dəyişib. Həyatda doğrudan da yaxşı insanlar var. Keçmiş ərim isə Azərbaycanı tərk etdi və yenə Rusiyaya qayıtdı. O, Azərbaycanda yaşaya bilmirdi. Amma bu yerə gəlib çıxmaq üçün çox əzab çəkmişəm”. 

Vasif Əlihüseyn