adalet.az header logo
  • Bakı -°C
03 Oktyabr 2026 09:00
57
SİYASƏT
A- A+

“Gürcüstan dövlətinin rəsmi mövqeyi hazırda mübahisəni böyütmək deyil...”

“Gürcüstan Patriarxlığının Azərbaycanın Qax rayonunda yerləşən Kürmük məbədi ilə bağlı son bəyanatı ilk baxışda tarixi-mədəni irs məsələsi təsiri bağışlasa da, Bakının reaksiyasından sonra mövzu daha geniş siyasi məzmun qazandı. Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatda işlədilən yanaşmaları qəbuledilməz hesab edərək onların Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə münasibətdə ərazi iddiaları ehtiva etdiyini bildirdi”.

Adalet.az xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib. 

Politoloqun sözlərinə görə, məsələnin həssaslığı təkcə bir dini abidənin tarixi mənsubiyyəti ilə bağlı deyil:

“Söhbət Azərbaycan–Gürcüstan münasibətlərində indiyədək strateji əməkdaşlığın kölgəsində qalmış tarixi, dini və toponimik məsələlərin siyasi mübahisəyə çevrilməsi ehtimalından gedir. Hər şeydən əvvəl Gürcüstan Patriarxlığının bəyanatının vaxtı və məzmunu təsadüfi görünmür. Patriarxlıq rəsmi dövlət orqanı yox, dini qurum olsa da Gürcüstanda xüsusi ictimai-siyasi çəkiyə malik olan, milli identiklikliyi və ictimai rəyi formalaşdıran güclü institutlardan biridir. Gürcüstanın bəzi ekspert və siyasi dairələrində hadisələrin arxasında mümkün “Rusiya izi” barədə fikirlər səsləndirilir”. 

Onun fikrincə, iddia olunur ki, Moskva uzun müddətdir Azərbaycanla Gürcüstan arasındakı münasibətlərdə problem yaratmaqda maraqlıdır və Kürmük kimi həssas tarixi-dini mövzular belə məqsəd üçün əlverişli vasitəyə çevrilə bilər:

“Azərbaycandakı bəzi dini abidələrin tarixi və konfessional mənsubiyyəti ilə bağlı Gürcüstanda irəli sürülən iddialar yeni deyil. Gürcüstan Patriarxlığı əvvəlki illərdə də Azərbaycandakı bir sıra pravoslav abidələri ilə bağlı məsələlər qaldırıb. Deməli, hazırkı mübahisənin daxili tarixi, dini və ictimai zəmini mövcuddur.Bu baxımdan bir neçə il bundan əvvəl Gürcüstanla Azərbaycanın sərhəddində yerləşən Keşikçidağ (gürcülər onu David Qareci adlandırır) məbədlər kompleksi ilə əlaqədar yaranan insidenti xatırlamaq yerinə düşər. Həmin vaxt Azərbaycan–Gürcüstan sərhədinin delimitasiya olunmamış hissəsində yerləşən kompleks ətrafında vəziyyət kəskinləşmişdi. Gürcüstan Patriarxlığı kompleksin daxilindəki 2 məbədin Gürcüstan ərazisində yerləşdiyini iddia edirdi. Patriarxlığın əsas arqumenti bundan ibarət idi ki, guya həmin monastırların ərazi mənsubiyyətinə dair tarixi, mədəni, hüquqi və kartoqrafik qeyri-müəyyənlik yoxdur və buna görə onların Gürcüstana mənsubluğunu şübhə altına almaq olmaz. Eyni zamanda Gürcüstanın patriarxı maraqlı bir fikir də soyləmişdi: Patriarxa görə kilsə məsələsindən istifadə etməklə Azərbaycanla Gürcüstan arasında ciddi problemlər yaratmaq istəyən başqa qüvvə var və həmin qüvvə öz məqsədləri üçün həm bir, həm də digər ölkədə dayaq tapır. Buna görə də Patriarx təxribatlara uymamağa çağırırdı.Sonradan gürcü ekspertləri və bəzi rəsmi qurumları başqa qüvvənin Rusiya olduğu iddiasını irəli sürdülər”.

Q.Əlibəyli bildirib ki, Azərbaycan ərazisində yerləşən bəzi tarixi dini abidələrə münasibətdə Gürcüstan patriarxlığının mövqeyi və eyni zaman da “Rusiya izi” haqqında iddialar yeni deyil:

“Bu versiyanı tamamilə diqqətdən kənarda qoymaq düzgün olmasdı. Belə ki, Güney Qafqazda yeni nəqliyyat və enerji arxitekturasının formalaşdığı bir dövrdə Azərbaycan–Gürcüstan tərəfdaşlığının dayanıqlı olmasının regiondakı qüvvələr balansına təsir göstərən amillərdən biri olduğunu nəzərə alsaq, tarixi-dini mövzuların siyasi qarşıdurmaya çevrilməsinə kimin maraqlı olması haqlı və mühüm sualdır.Ümumiyyətlə Azərbaycan–Gürcüstan əməkdaşlığının regional geosiyasi əhəmiyyəti mühümdür. Azərbaycanla Gürcüstan arasında üç onillik ərzində formalaşmış münasibətlər Cənubi Qafqazda nadir əməkdaşlıq modellərindən biri hesab olunur. İki dövlət arasında ciddi ərazi və sərhəd mübahisəsi yoxdur, iqtisadi əlaqələr genişdir, enerji və nəqliyyat infrastrukturu isə onları strateji şəkildə bir-birinə bağlayır”.

O, deyib ki, indiki şəraitdə enerji və nəqliyyat-kommunikaslya sahələrində Azərbaycan – Gürcüstan əməkdaşlığının güclənməsi fonunda belə həssas mövzunun gündəmə gəlməsi təsadüfi olmaya bilər:

“Azərbaycanın yeritdiyi siyasət, Güney Qafqazın aparıcı dövlətinə çevrilməsi, regional sülh gündəliyinin və təhlükəsizlik arxitekturasının əsas dayağı kimi çıxış etməsi Güney Qafqazda Rusiyanın strateji maraqlarına uyğun gəlmir. Bakı–Tbilisi–Ceyhan, Cənubi Qafqaz qaz kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu və Orta Dəhliz iki ölkəni sadəcə qonşu deyil, Avrasiya nəqliyyat və enerji sisteminin mühüm tərəfdaşlarına çevirib. Bu infrastrukturların böyük hissəsinin strateji məntiqi Xəzər hövzəsini Gürcüstan və Türkiyə üzərindən Qərb bazarları ilə əlaqələndirməkdir.Belə bir şəraitdə münasibətlərin ən həssas nöqtəsi məhz tarix və dini-mədəni irs məsələləri ola bilər. Çünki enerji layihələri haqqında hökumətlər razılaşa bilər, nəqliyyat tarifləri barədə kompromis tapmaq mümkündür, lakin tarixi yaddaş və milli identiklik məsələləri ictimai emosiyaları daha asan səfərbər edir. Əgər tarixi və dini məsələlər siyasi ritorikanın predmetinə çevrilərsə, bir məbəddən başlayan mübahisə başqa abidələrə, toponimlərə və tarixi ərazilərlə bağlı diskussiyalara keçə bilər. Bu isə indiyədək praqmatik əməkdaşlıq üzərində qurulan Azərbaycan–Gürcüstan münasibətlərinə lazım olmayan yeni mübahisə xətti yarada bilər.Öz növbəsində Bakı ilə Tiflis arasında etimadın zəifləməsi regionda alternativ enerji və nəqliyyat marşrutlarının fəaliyyətinə marağı olan bütün güclərin hesablamalarına təsir edə bilər. Bundan başqa, Rusiya regional sabitliyin hər hansı bir formada pozulmasında, region dövlətləri arasında gərginliyin yaranmasında maraqlı görünür. Məhz regional qeyri-sabitlik və dövlətlərarası münasibətlərin gərginləşməsi fonunda Rusiya Güney Qafqazda ilişib qalmağa və nəqliyyat-kommunikasiya xətlərinə nəzarət etməyə çalışır. Regionda sabitliyinin pozulması enerji dəhlizləri və nəqliyyat layihələri ilə əlaqədar Qərb istiqamətli əməkdaşlıq formatlarının inkişafına təsir mənfi təsir gostərə və Rusiya üçün müvəqqərti də olsa strateji üstünlük yarada bilər.“Rusiya izi” ilə yanaşı başqa bir versiya da mümkün görünür. “Rusiya izi” versiyası Gürcüstan daxilində Azərbaycanla münasibətlərdə daha sərt mövqe tutan və tarixi-dini məsələləri siyasi gündəmə çıxarmağa çalışan qüvvələrin məsuliyyətini arxa plana keçirməyə də xidmət edə bilər. Yəni problem Gürcüstan daxilində yaranmayıb, kənardan – Rusiyadan təşviq və ixrac olunur. Əlbəttə bunu sübut olunmuş fakt hesab etmək olmaz. Lakin “Rusiya izi” versiyası kimi və Gürcüstanın daxili siyasi mübarizəsində bu versiyadan istifadə olunmasının mümkünlüyü də araşdırılmala bilər”.

Politoloqun sözlərinə görə, beləliklə, güman etmək olar ki, bir tərəfdən Rusiya Azərbaycanla Gürcüstan arasındakı mövcud tarixi həssaslıqlardan istifadə edərək dövlətlərarası münasibətlərdə və regional sabitlikdə müəyyən gərginliklər yaratmağa çalışır:

“Digər tərəfdən isə “Rusiya izi” versiyası Gürcüstan daxilində siyasi bir alətə çevrilir. Hətta bu iki yanaşmanın eyni zamanda mövcud olması da nəzəri cəhətdən mümkündür. Xarici güc mövcud ziddiyyətlərdən istifadə etməyə çalışa, daxili siyasi qüvvələr isə öz növbəsində həmin xarici amildən daxili mübarizədə yararlana bilərlər. Gürcüstanın Baş naziri Kobaxidzenin “hökumətlər arasında gərginlik yoxdur” bəyanatı bu baxımdan əhəmiyyətlidir. O bildirib ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında heç bir gərginlik yoxdur və bütün məsələlər dostluq şəraitində müzakirə edilir. Bu açıqlamanın siyasi mənası kifayət qədər aydındır: rəsmi Tiflis Patriarxlığın mövqeyi ilə Gürcüstan dövlətinin Azərbaycan siyasətinin eyniləşdirilməsində maraqlı görünmür, Kürmük məbədi ilə bağlı məsələnin Azərbaycan–Gürcüstan strateji münasibətlərinin gündəliyini müəyyənləşdirən siyasi böhrana çevrilməsini istəmir. Görünən budur ki, Gürcüstan dövlətinin rəsmi mövqeyi hazırda mübahisəni böyütmək deyil, onu idarə olunan çərçivədə saxlamaqdır. İndiki şəraitdə bunu ən məqsədəuyğun yanaşma hesab etmək olar: tarixi irs haqqında elmi və ya dini mübahisənin dövlətlərarası siyasi mübahisəyə çevirməsinə yol vermək təkcə 2 dövlət arasındakı münasibətlərə deyil, bütövlükdə regional sabitliyə və təhlükəsizliyə ziyan vurur”.

Vasif ƏLİHÜSEYN