28 Avqust 2023 15:17
631
ƏDƏBİYYAT

Pol Verlen (Fransa) - ŞEİRLƏR

Pol Verlen (Fransa)

1844-1896

 

 

 

Poeziya sənəti

 

Nədir musiqinin birinci şərti? –

Seçdiyin hər ölçü şux olsun gərək! 

Asan qavranılsın həm də bu təqti,

Bir az oynaq olsun, bir az da titrək.

 

Sözə ciddi yanaş, ən çox qorxduğun  

Qəribə sözün də qorxusu yoxdur:

Varlıqla yoxluğun canbir olduğu

Sərxoş nəğmələrdən yaxşısı yoxdur!

 

Gah – niqab dalından bir gözəl baxış,

Gah da günortanın titrək günəşi;

Yaxud payız günü, ikindi çağı

Uzaq səyyarənin solğun atəşi.

 

Rəng deyil, çalardı bizi sarsıdan,

Rənglərin işığı yaman ciddidir!

Çalarla güc alır arzu arzudan,

Fleyta şeypura calana bilir.

 

Mavi göyləri də gömgöy göyərdən

Tikanlı sözlərə yaxa tanıtma;

Uzaq dur bədqılıq kinayələrdən,

İyrənc süfrələrin tamını dadma.

 

 

 

Məni şərə salan şeirlər

 

Ölən günümə qədər yaddan çıxmaz o axşam,

Yaddaşımdan silinmir necə sakit yatmağın:

Hər şeyin puçluğunu o sükutda duymuşam,

Hər yanın boşluğunu onda bilmişəm axı!

 

Ey sevgim! Sənə bənzər ilahi möcüzənin

Erkən çiçəklər kimi bir baharlıqdı ömrü!

Qara qorxu, boğuldum zülmətində mən sənin!

Sən yat, mənsə oyağam. Durma hələ, yat görüm!

 

Mənim zavallı sevgim! Bu nə kövrək həvəsdi!

Yuxulu gözlərindən ölüm boylanır sənin,

Nəfəsin də elə bil çəkdiyin son nəfəsdir.

 

İçində ağrı dolu hönkürtülər gizlənən

Sən ey yuxulu gülüş! Söylə görüm, düzdümü?!

Oyan, mənə cavab ver: ruhlar ölümsüzdümü?

 

 

Mehmanxana

 

Qırmızı damlı bina! Gözlərinə nur gəlir

Bu istidən-bürküdən keçib yol gələnlərin.

“Sevinc” mehmanxanası! Şərab və yumşaq çörək,

Ye, iç, dincəl, kef elə! Pasporta da yox gərək!

 

Haçansa əsgər olmuş sahibinin nə dərdi –

Hər nə istəsən, buyur! Heç nəyə yox qadağa!

Amma cavan sahibə beş balanı yedirdib,  

Hələ macal da tapır sevgidən dəm vurmağa. 

 

Ləzzətli şorba ətri bürüyüb otaqları;

Taxta divarlardakı şəkillər də elə bil

Salamlayır həvəslə əhlikef qonaqları.

 

Eşidirsən səsləri? Nəsə bir az uzanır;

Quqquldayan saata “Sus” deyilir beqəfil

Və örtülür qapağı pıqqıldayan qazanın...

 

 

Axşam şorbası

 

Daxma kiçik, qaranlıq, havası da buz kimi, 

Qar içində qayıdan ər də kefsizdir yenə;

Düz üç gündü dindirmir, danışdırmır heç kimi,

Arvad da narahatdır, yer tapammır özünə.

 

Çarpayı, köhnə sandıq, dörd kətil uzaqbaşı, 

Bir də bir qıçı sınmış sınıq-salxaq boş masa;

Hünü, milçək qanının ləkəsinə bulaşıb

Nə vaxtsa bəyaz olmuş süfrə də başdan-başa.

 

Kişinin gözlərində sərt fikirlər qaynaşır,

Yanıb sönür də hərdən orda ruhu, zəkası;

Arvad isə həm cavan, həm də babat bir qadın,

Hər hansı başqasından əskik deyil ən azı.

 

Kasıblığın caynağı boğur onları ancaq!

İnsan kədərindəki o qüssəli ehtiram

Silinir üzlərindən günbəgün, aram-aram, –

Tezliklə biri erkək, biri dişi olacaq!..

 

Heç abajur da yoxdu onların daxmasında

Kölgələri tərpəşir çılpaq divarda yenə;

Bir qazan şorba olan masanın arxasında

Toplaşıblar hamısı indi həriscəsinə,

 

Yayda dəhşət istidən lap canları çıxsa da,

Soyuqdan donsalar da sərt keçən qarlı qışda, 

Bənizləri solsa da, acından sınıxsa da –

Şükür ki, sağlam idi, möhkəm idi uşaqlar.

 

İşıq düşür divarda iri mıxdan sallanan

Əcaib görünüşlü paslı tüfəngin üstə;

Başqa nə vardı görən gizlədəsən, dolabda

Nəsə gəzən, axtaran iti gözlü polisdən?

 

Özünü əldən salıb nə görəçəkdi burda? –

Yüzlərlə əldən keçən beş-on tozlu kitabdı;

Ya da ki, çarpayıda, yorğan-döşəyin altda,

Qıraqları yeyilmiş romanları tapardı.

 

Şam yeməyi başlanır. Ata dadsız tikəni

Zorla ağzına dürtüb, çeynəyir qaşqabaqla;

Deməzsən bir əsər var üzündə mütilikdən,

Başqa işlər üçündür əlindəki bıçaq da.

 

Arvadı xatırlayır köhnə rəfiqəsini –

Onun evi də vardı, bol yeməyi də vardı...

Uşaqlarsa qazandan ayırmadan gözünü,

Udqunur, fısıldayır, yalandan ağlayırdı.

 

 

Çevirəni Mahir N.Qarayev

(fransızcadan sətri tərcümə əsasında)