Söhbət böyük qələbəmizdən gedir
Vaxt, zaman öz işindədir. Heç kimi gözləmir, heç kimdən izin istəmir. Necə deyərlər, sular axır, gözümüz baxır. Elə mən də bu axan suyun, yəni zamanın bir nöqtəsində özümə yer seçib müşahidə edirəm. Dərk etməyə, yaddaşıma hopdurmağa, bildiklərimlə müqayisə aparmağa çalışıram. Olmuşlarla indi olanları və olacaqları bir araya gətirmək istəyirəm. Öncə bu günümüzə, daha doğrusu, hər bir insanın içərisində olduğu fəslə diqqəti çəkmək istəyirəm. Adətən biz payıza biraz fərqli yanaşırıq. Onu qışın astanası sayırıq və hətta bəzən bu fəsli qınayırıq da. Xüsusilə yarpaq tökümü ilə bağlı...
Etiraf ertməliyəm mən özüm də sevməmişəm payızı. Onun yarpaq tökümünü ömrün payızı ilə əlaqələndirmişəm. Bu nə qədər uğurlu bir müqayisədir, ya əksinə, deyə bilmərəm, amma bütün hallarda ömrün payızı həm niskil, həm kövrəklik, həm də biraz özünəqapanma təlqin edir adamda. Bax, bu səbəbdən payızı qışın həm bünövrəsi, həm də onu gətirən, onu qidalandıran, bəhrələndirən bir fəsil saymışam. Bu boya tünd də olsa mənimçün belədir. Lakin...
30 il acısını yaşadığım, yurdda yurdsuz olduğum, vətəndə vətənsiz yaşadığım unudulmayacaq bir tarixdi. O tarixin hər anı, hər günü mənə və mənim kimi minlərlə insana nələr yaşatmadı ki. Sadəcə içimizdə bir qəribə işıq közərirdi. O işıq da bizə hər söhbətimizin hər işimizin əvvəlində pıçıldayırdı:
- Lazım gəlsə... İnşallah... Tezliklə... və s. Bax bu sözlər 30 il dilimizi qabar etdi. Amma içimizdəki işığı sönməyə qoymadı. Və günlərin birində...
Həmin o dediyim “günlərin birində” gəlib payız fəslinə düşdü. Sanki payız yaza çevrildi, yay donu geydi. Təkcə üz-gözümüz yox, ürəyimiz də güldü. Ruhlar da sevindi. Sahiblərini gözləyən bağlar da, dağlar da, çaylar da, bulaqlar da, yollar, izlər də, hətta oradakı duman, çən də sevindi. Bu boyda sevinc, bu boyda şadyanalıq dünyanın heç bir yerində yaşanmamışdı. Özü də payızda! Bəli, 2020-ci ilin payızında, yəni sentyabrın 27-dən noyabrın 8-nə kimi bütün Azərbaycan gecə-gündüz ayaq üstə dayandı. Dünyanın dörd bir tərəfində “Azərbaycan” adına sevinənlər də ayaq üstə dayandılar. Çünki Azərbaycan ordusu tarix yazırdı. Azərbaycan əsgəri 30 il yağmalanan torpaqlarımızı geri alırdı. Bayrağımız Şuşada, Zəngilanda, Füzulidə, Hadrutda, Qubadlıda, Cəbrayılda. Xocavənddə... dalğalanırdı. Bayrağımız Xudafərinə sancılmışdı. Bu xoşbəxtlik payıza təsadüf edirdi və biz artıq ömrün payızını yox, həsrətin, kədərin, ağrı-acının, vətəndə vətənsizliyin son payızını yaşayırdıq!.. Həmin vaxt içimdə Xankəndinə sancılacaq bayrağımızın tərənnümü puçurlayırdı.
Bu payız ömrümün Baharı oldu,
Gözü aydın olsun torpağın, daşın!..
QƏLƏBƏ!- əbədi vüqarı oldu -
Sildi Qarabağım gözünün yaşın!..
Səksəndi bu yurdun kövrək ürəyi,
Açdıq müjdə ilə nurlu sabahı!
Çıxardıb əynindən işğal köynəyin -
Xanın kəndi oldu İLHAM şəhəri!
Axır ki, duruldu yurdun səması -
Dualar selləndi şəhid adına!
Əsgər oğulların Vətən anası -
Təbəssüm sarıdı yaralarına!
Qürura bələndi Vətən büsbütün ,
Ürəyim fərəhdən dalğa yarırdı...
Bayraq da yerinə qayıtdığıyçün -
Sonsuz fəxarətlə dalğalanırdı!!!
Bəli, Azərbaycan əsgəri tarix yazdı. Dəmir yumruq o tarixin silinməyən möhürü oldu. Hər kəs xəyalına gətirmədiyini gerçəklikdə gördü və şahidinə çevrildi. Və artıq birmənalı olaraq hər kəsin ürəyində növbəti qələbənin, yəni əbədi qələbənin işığı şölə saçdı. İnandıq ki, 44 günə sərhədlərimizi bərpa edən ordumuz məhz Ali Baş Komandanın rəhbərliyi altında antiterror əməliyyatı ilə Xankəndinə də bayrağımızı sancacaq. Biz Laçında da, Ağdamda da, Kəlbəcərdə də, Ağdərədə də var olduğumuzu göstərəcəyik. Və göstərdik də!
Bəli, bu bir yaşanmış tarixdir. Baxmayaraq ki, bu tarixin təsdiqi, doğum günü payız fəslinə düşür. Demək “hər fəslin öz gözəlliyi və özəlliyi var” deyənlər yanılmayıblar. Bizim Zəfər günümüzün doğum tarixi də özəlliyi və gözəlliyi olan payızla bağlıdır. Bərəkətli payızın sevinci yurdumuzdan, xalqımızdan heç vaxt əskik olmasın! Şəhidlərimizin Cənnətdə olan ruhu şad olsun, qazilərimizin isə canları sağlam olsun!
Və P.S. Bu gün hər birimizin içində hələ də 1988-ci ilin qarlı-çovğunlu günlərində xüsusi amansızlıqla evlərindən qovulmuş, doğulduğu yurddan didərgin salınmış və bu günə qədər də Zəngəzur niskili ilə yaşayan doğmalarımızın yaraları sızıldayır. Bu doğma yara dərmanını arayır, təbibinin qərar verəcəyi anı gözləyir. Bu anı şəhid ruhları da, şəhid ağrısını sinəsində daşıyan analar da yaşayır. Və bilirlər ki, gec-tez Zəngəzur yaramız da sağalacaq. Nə qədər ki, ordumuz və Dəmir Yumruğumuz var, biz Zəngəzurun da büsatını görəcəyik, şadlığını, şadyanalığını yaşayacağıq. Bu həm də şəhid analarının müqəddəs dualarından biridir.
Başını söykəyib gecənin üstə,
Səhərin ilməsin çözür bir ana...
Ömründən ağrılı keçənin üstə
Gözündən damanı düzür bir ana...
Niskil göyəribdi qırışlarında,
Dilinin ucunda “Şəhid” bitibdi...
Yurdun döyüş gedən qarışlarında –
Qəlpə yarışında gülüş itibdi...
Saçının sol üzün sığallı tutub,
Amma sağ üzünü ahla hörübdü...
Çoxdan yuxuların sayın unudub, -
Oğlunu Şuşadan dönən görübdü...
Bayrağa bükdüyü şəkillə onun
Söhbəti uzanır həmin anacan...
Oğul göstərərək Zəfərin yolun –
Deyir: Biz qalibik, şükr et, anacan!
Bayrağa bükdüyü şəkillə söhbət
Uzanır “Qırx dörd gün əfsanəsi” tək...
O, möhlət istəyir Allahdan, möhlət –
Bayraq Zəngəzurda ucalsın, görək!..


Bakı -°C
