adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Mart 2023 13:26
492
ƏDƏBİYYAT

Oxunaraq sevilən müəllif   

Onunla həmkəndlisi və qələm dostu Vahid Məmmədovla rayon qəzeti (“Ulduz”) redaksiyasında fəal ştatdankənar müxbirlərin yığıncağında, ayın son həftəsinin şənbə günü isə “Şəmkir inciləri” ədəbi birliyində görüşərdik. O vaxtdan həmkar münasibətlərimiz həmrəyliyini davam etdirir. Vahid Xəyal (Məmmədov) indi 7-yə yaxın şeir kitabının müəllifidir, əyalətdə yaşasa da, tanınmış şairdir. Məhərrəm Şəmkirli (Məmmədov) gənclik illərində yaradıcılığa klassik şeirlə başlasa da, mənsur şeir üslubuna daha çox üstünlük verirdi.

Məhərrəm 1950-ci ildə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində müəllim ailəsində dünyaya göz açıb. Kənddəki orta məktəbdə “yaxşı” və “əla” qiymətlərlə oxuyub. 15-16 yaşlarından yazmağa həvəsi olan Məhərrəmin qələm məhsulları nəinki, rayon qəzetində, hətta paytaxtda nəşr edilən “Pioner”, “Göyərçin” jurnalında, “Azərbaycan gəncləri” qəzetində də çap olunurdu.

Məhərrəm Məmmədov qələmi, səmimiyyəti, ailə tərbiyəsi, jurnalistikaya və ədəbiyyata bağlılığı ilə həmyaşıdlarından seçilənlərdən sayılırdı. O zaman hamılıqla ADU-nun Jurnalistika fakültəsində təhsil almaq arzusunda idik. Tale elə gətirdi ki, Məhərrəm digər ixtisas üzrə ali təhsil aldıqdan sonra, Azərbaycan Jurnalistlər İttifaqının nəzdində iki illik jurnalist sənətkarlığı institutunun dinləyicisi olmuşdur.

Tələbəlik illərində Məhərrəmin imzası universitetin çoxtirajlı qəzetindən tutmuş, almanaxlarda, mərkəzi qəzet və jurnallarda görünməyə başladı. Esseləri, publisistik məqalələri, fəlsəfi fikirləri maraqla qarşılanırdı. Mütaliə, dünyagörüşü, savad, təfəkkür publisistin yaradıcılığında mühüm rol oynasa da səmimiyyət, sadəlik onun yazı tərzinin ana xəttini təşkil edirdi. Qeyri-səmimi publisistin qələmi uğurlu ola bilməz. Bir az da dəqiqliyinə varsaq, görərik ki, esse, eləcə də publisistika poeziyanın nəsr formasıdır. Bu yazılar ruhu oxşamalı, sehrli dili ilə qəlbləri ovsunlamağı, insanları inandırmağı bacarmalıdır... Tam məsuliyyətlə deyə bilərəm ki, sadalanan amillər Məhərrəm Şəmkirli yazılarının canı-qanıdır desək səhv etmərik. Məhərrəm Şəmkirli qələminə hörmət edən publisistdir, sadə, səmimi və mədəni ziyalıdır. Dinləməyi bacaran, gözəl həmsöhbətdir…

Hələ 1982-ci ildə Nəbi Xəzri “Kommunist” (indi “Xalq Qəzeti”) gənc yazar Məhərrəm Şəmkirlinin qələm məhsullarına dair çap etdirdiyi “Şair fəhlə” sərlövhəli xeyir-duasında yazırdı: “Məhərrəm Şəmkirlinin mənsur şeirlərində isti, hərarətli bir nəfəs duyulur. Bu, həyatın öz nəfəsidir.. O. bildiyi, duyduğu mövzunu, fikir düşüncələri poetik şəkildə qələmə almağı və şairanə dil ilə ifadə etməyi bacarır”

Məhərrəm Şəmkirlinin ədəbi fəaliyyətinə yaxından bələd olan həmkarı - Azərbaycan Yazıçılar Birliyi Mingəçevir şəhər bölməsinin rəhbəri şair İsmayıl İmanzadə məqalələrinin birində deyir: “... Bu imza mənə həmişə doğma olub. Məhərrəm müəllimin özü ilə tanışlıqdan sonra əmin olmuşam ki, onun yazıları ilə həyatı bir-birini tamamlayır”

Məhərrəm Şəmkirlinin indiyə qədər nəşr olunan əsərləri sırasında "Dil açan körpə də dedi: Qarabağ Azərbaycandır!” kitabı xalqımızın Zəfər sevinci üstündə köklənib və oxucuya nəcib duyğular, tükənməyən həyat eşqi aşılamağı ilə seçilir”.

Kitabda "Mənsur şeirlər”, "Deyimlər”, "Lətifələr”, "Rəylər”, "Qəhrəmanlar” və "Məqalələr” bölümlərində yer alan yazıların demək olar ki, hamısında bu əlamətlər özünü bariz şəkildə biruzə verir... Kitabın"Qəhrəmanlar” adlanan bölümündə 30 il Ermənistan silahlı birləşmələrinin işğalı altında olan dədə-baba torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimov, Rövşən Əliyev, Əlif Hacıyev, Elşad Yəhyayev və II Qarabağ müharibəsinin iştirakçısı Mirsəfa Rzayevin gələcək nəsillərə örnək qəhrəmanlıq şücaətlərini böyük ehtiramla oxuculara çatdırır.

Onu yaxından tanıyan həmkəndlisi və həmyaşıdı şair Vahid Xəyalla Məhərrəmin ədəbi fəaliyyətini incələyərkən o dedi: “Məhərəm gəncliyindən yazıya, yaradıcılığa çox ciddi və məsuliyyətlə yanasırdı. Bu yolda müəyyən çətinliyə qatlaşmaqdan çəkinmird. Yadımdadır, asudə vaxtlarında kəndin ağsaqqal və ağbirşəklərindən maraqlı deyimləri, hər hansı hadisə ilə bağlı aforizmiləşmiş fikirləri dəqiqliyi ilə öyrənməyə, yazıb-toplamağa böyük həvəs göstərirdi”.

Məhərrəm Şəmkirlinin xalq yaradıcılığı ilə yoğrulan deymlərindən, Vətəni müdafiəsindən, Vətən ağrısı, insan modeli və sosial qayğıların uğurlu sonluğundan bəhs edən publisistik yazılardan ibarət “İşimi göynədən ağaclar” (2007), “Lətifələr, atmacalar” (2008), “Monopolis Güldəstə arvad” (2012), ”Əlimin içində çırpındı əlin” (2014), ”Qeyrətim əbədi sərvətim” (2016), “Həqiqət işığında” (2019) adlı kitabların müəllifidir. Onu tanıyan hər kəs tərəfindən oxunaraq sevilən, sevilərək oxunan müəllif olmaq üçün bu gün də gənclik həvəsi ilə yazıb-yaradır.

 

Rəhman SALMANLI,
Əməkdar mədəniyyət işçisi,
filologiya üzrə fəlsəfə doktoru