27 Noyabr 2023 11:44
2161
MARAQLI

Oğrunun imperatora dərs verməyi

Bir vaxtlar Çində bir adam o qədər ac və yorğun olur ki, dözə bilməyib armud oğurlayır. Adamı tutub cəzalandırmaq üçün imperatorun hüzuruna gətirirlər. Oğru imperatoru görəndə ona deyir:

- Hörmətli cənab, mən çox ac idim, dözə bilmədim, oğurluq etdim və yedim. Məni bağışlamağınızı xahiş edirəm. Əgər bağışlasanız, sizə qiymətsiz bir hədiyyə verəcəm.

İmperator istehza edir:

- Sənin kimi bir insanda qiymətsiz nə ola bilər?

Oğru ovucundakı armud toxumunu uzadıb deyir:

- Bu toxumu əksəniz, bir gündə qızılı meyvələrlə çiçək açan bir ağacı görəcəksiniz.

İmperator gülür və deyir:

- O zaman onu ək, qızıl meyvələri görəndə səni bağışlayacağam.

Kasıb adam:

- Əlahəzrət, mən oğru olduğum üçün bu toxumu əkə bilmirəm. Bu toxumu ancaq heç vaxt oğurluq etməyən, başqalarına qarşı haqsızlıq etməyən, yalan danışmayan biri əkə bilər. Toxum o zaman öz gücünü göstərir, əks halda onu əkəni zəhərləyir və onu ağılagəlməz ağrı ilə öldürür. Sultanım bu toxumu ancaq sən əkə bilərsən..

İmperator çaşır, qaşlarını çatır, bir müddət düşünür, sonra sərt səslə deyir:

- Mən imperatoram, bağban deyiləm. O toxumu baş nazirə verin əksin, qızıl meyvələri görək.

Kasıb toxumu baş nazirə verəndə baş nazir tələsik imperatora üz tutub etiraz edir:

- Mən əkin və məhsul yığımında çox bacarıqsızam, əlahəzrət, sehrli toxumu israf edərəm. Düşünürəm ki, bu toxumu baş xəzinədar  əkməlidir.

Baş xəzinədar dərhal bir bəhanə tapıb bu vəzifəni başqasına ötürür.

İştirak edən hər kəs bir-bir cüzi səbəblərdən toxum əkmək vəzifəsindən yayınır.

Sonra imperator yaranan sükutda bir müddət düşündü. Baş nazirə, xəzinədarına və bütün məmurlara  gözlərini zilləyib deyir ki, gəlin bu oğru bağbanı ona toxumun necə qızıl meyvə verdiyini göstərib sevindirək. Cibindən qızıl sikkə çıxarıb atır ki, kasıb tutsun. Daha sonra hamıdan sakitcə ciblərindən bir qızıl sikkəsini çıxarıb kişiyə vermələrini istəyir.

Sonra gülür:

- Get buradan, bu dərs bu gün hamımıza bəsdir.

 

P.S İndi içinizdə toxumu əkə bilən biri varmı?

 

Dilimizə uyğunlaşdıran: Eminquey