06 Sentyabr 2021 11:38
1239
MƏMLƏKƏT

Novruz Gəncəli dramaturgiyası, reallıq və həqiqət

 Novruz Gəncəli – 100

 

Bir neçə vaxtdır ki, Novruz Gəncəli yaradıcılığı haqqında “Xalq şairi olmayan xalqın şairi” adlı monoqrafiyası üzərində işləyirdim. Kitab tam olaraq hazırdır. Hətta şairin 100 illik yubileyi ərəfəsində çap olunmasını nəzərdə tuturdum. Təəssüf ki, maliyyə problemləri ilə bağlı kitabın nəşrini həyata keçirmək mümkün olmadı. Yəqin ki, çox yaxın vaxtlarda bu arzum da reallaşacaq və Novruz Gəncəli yaradıcılığını özündə ehtiva edən elmi monoqrafiyanı geniş oxucu kütləsi ilə bölüşə biləcəm. Ancaq şairin xatirəsinə mənəvi borcumu onun 100 illiyi münasibətilə heç olmasa dövrü mətbuatda olsa belə yerinə yetirmək qərarına gəldim. Məhz buna görə də Novruz Gəncəli dramaturgiyası, reallıq və həqiqətləri oxucularla bölüşmək istəyirəm.

 

Novruz Gəncəli bir dramaturq olaraq Azərbaycan teatrına maraqlı və orjinal səpgili, dövrünün aktual problemlərini özündə əks etdirən pyeslər təqdim edə bilib. Onun qələmə aldığı “Düşmənlər içində” (1950-ci illərin sonlarında Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində quruluşçu rejissor, xalq artisti Lütfi Məmmədbəyov və 1951-ci ildə Gəncə Dövlət Dram Teatrının səhnəsində quruluşçu rejissorlar, Respublikanın Əməkdar incəsənət xadimi Həsən Ağayev və Yusif  Yulduz), “Şəlalə” (1956-ci ildə Gəncə Dövlət Dram Teatrının səhnəsində quruluşçu rejissor, Respublikanın Əməkdar incəsənət xadimi Həsən Ağayev), “Yanmış planetin sərvətləri” (1963-cü ildə Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində quruluşçu rejissor, Əməkdar artist  Kərim  Həsənov), “Ev bizim, sirr bizim” (1965-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində quruluşçu rejissor Niyaz Şərifov), “Niyə dirilmisən?” (1968-ci ildə Ağdam Dövlət Dram Teatrının səhnəsində quruluşçu rejissor, Əməkdar artist Heydər Şəmsizadə və 1992-ci ildə Füzuli Dövlət Dram Teatrının səhnəsində quruluşçu rejissor, Xalq artisti Valeh Kərimov), “Məhəbbət körpüsü” (1970-ci ildə Gəncə Dövlət Dram Teatrının səhnəsində quruluşçu rejissor, Xalq artisti Vaqif  Şərifov), “Səadət yağış deyil” (1986-cı ildə Gəncə Dövlət Dram Teatrının səhnəsində quruluşçu rejissor  Hilal Həsənov) kimi pyesləri orjinal səhnə traktofkaları ilə bu gün də maraqla izlənilən tamaşalardandır. Onun 1969-cu ildə Sumqayıt Dövlət Dram Teatrının səhnəsində rejissor Arif Ağayevin quruluşunda A. Makayenokun “Tribunal” və elə həmin ildə rejissor, görkəmli teatr xadimi Nəsir Sadıqzadənin quruluşunda C. Patrikin “Qəribə Missis Sevinc” pyesləri də məhz Novruz Gəncəlinin tərcüməsində hazırlanan maraqlı səhnə əsərləri olaraq uğurla teatrsevərlərə təqdim olunub.

1965-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Niyaz Şərifovun hazırladığı “Ev bizim, sirr bizim” əsərinin sujeti çox sadədir. Burada fövqəladə bir şey yoxdur. Sujeti cəmi bir  neçə cümlə ilə belə ifadə etmək mümkündür. Tamaşada Əsmət adlı məhdud düşüncəli bir qadını görürük. O, öz istəkli balasını, musiqi məktəbini bitirdikdən sonra rayona göndərmək istəməyib, qonşuluqda yaşayan İdrakla yalandan nigaha məcbur edir. Bununla da Əsmətin sirr kimi saxlamaq istədiyi bu əhvalatın üstü açılır, bir evin sirri hamıya məlum olur. İlk baxışda əsərin sujeti doğrudan da çox sadə görünür. Əslində isə burada ibrətamiz fikirlər, güldürən və düşündürən cəhətlər çoxdur. Əsərdə övlada qarşı olan münasibət tənqid olunmaqla gənclərin həqiqi məhəbbətinin qüdrəti, köhnə düşüncə tərzinə qarşı mübarizə ruhu öz ifadəsini tapır. Bəstəkar Şəfiqə Axundova və Novruz Gəncəli musiqili komediyaya ilk dəfə müraciət etmələrinə baxmayaraq, əsərdə şərh etmək istədikləri problemləri cəsarətli sənət boyaları vasitəsilə şablon üsul və priyomlardan qaçıra bilmişlər. Müəlliflər ideya baxımından zatən tamaşaçıya görün, tamaşa edin ki, Əsmət kimi adamlar necə gülünçdürlər, belələrini tərbiyə etmək üçün çarə tapın, elə edin ki, onlar öz çürük düşüncə tərzləri ilə cəmiyyətimizə ziyan vura bilməsinlər deyirlər.

Əsərdə hadisələr iki xətt üzrə inkişaf edir. Bunlardan biri Əsmətin meşşanlığı üzündən düşdüyü gülünç vəziyyətidir ki, müəllif Novruz Gəncəlinin bəstəkar Şəfiqə Axundova ilə birgə yaratdığı satirik səhnələr tamaşa boyu canlı və təbiidir. İstər dialoqlar, istərsə də ariya və duetlər eləcə də reçitativlər düşüncə tərzinin gülüş hədəfinə çevrilməsi üçün yaxşı bir vasitədir. İkinci xətt isə Çiçəklə İdrak arasında tədricən yaranan məhəbbətlə bağlıdır. Məhz bu xətti inkişaf etdirməklə müəlliflər lirik boyalar tapa bilməklə gənclərimizə xas olan yenilik duyğularını əks etdirməyə nail olublar.

Əsərdə hadisələr ciddi səpgidə cərəyan edir. Burada yersiz gülüş doğuran səhnələr, şit dialoqlar demək olar ki, yoxdur. Səhnə boyu müəlliflər tamaşaçıları “əyləndirmək” yox, onlara təzə bir fikir demək istəyirlər. Şəfiqə Axundova obrazların musiqi xarakteristikasını yaxşı taparaq, vəziyyətlərə uyğun ariya, duet və ansambllar yarada bilib. Xalq musiqisi əsasında bəstələnən “Sən hara, rayon hara?”, “Ev bizim, sirr bizim” reçitativi eləcə də  Əsmətin  ikinci  pərdədə oxuduğu “Neynim-neynim” mahnısı dinləyicilərdə xoş təsir yaradır. Müəllif  Novruz Gəncəli isə mətni yazarkən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının xüsusiyyətlərini nəzərə alaraq komik dialoqlar yaratmağı bacarıb. Müəllif, tamaşa üçün yazdığı ariya və duetlərdə şeriyyəti gözləyə bilib. Əsərdəki boyalı gülüş məzmunludur. Ancaq qeyd etmək istəyirəm ki, müəllif  bütün obrazları eyni səviyyədə işləməklə Əsmət, Çiçək, İdrak, Mələk, Tofiq, Aytən üçün münasib bədii boyalar taparaq Aslan, Qonşu qız və Şamama üçün əlverişli səhnə vəziyyətləri yaratmaqda çətinlik çəkib. Xüsusilə Şamama obrazının səhnəyə gəlişi dramaturji cəhətdən əsaslandırılmayıb. Qeyd etmək istərdim ki, “Ev bizim, sirr bizim” hər iki müəllifin bu sahədə ilk addımı, ilk yaradıcılıq axtarışlarının məhsuludur. Doğrudur Novruz Gəncəlinin dramaturgiya sahəsində müəyyən təcrübəsi olsa belə komediya janrında onun ilk həm də deyərdim ki, müvəffəqiyyətli əsəri hesab edilə bilər. Xüsusi olaraq qeyd etmək istərdim ki, komediya boyu musiqilər tamamilə xalq ruhundadır. Bəstəkar Şəfiqə Axundova əsər boyu el təranələrindən də bacarıqla istifadə edə bilib. Nəticədə əsər boyu musiqi dili ilə adi danışıq dili və intonasiya arasında üzvi bir yaxınlıq duyuruq. Surətlər oxuyur, eyni zamanda bu, söhbət səciyyəsinədək  yüksələ  bilir.

        

1968-ci ildə Ağdam Dövlət Dram Teatrının səhnəsində əməkdar artist Heydər Şəmsizadənin quruluşunda “Niyə dirilmisən?” adlı satirik komediyası da maraqla qarşılanıb. Belə ki, əsərdəki hadisələr süd-yağ kombinatında baş verir. Kombinatın direktoru Əli Sarıyeviç, dələduz, vəzifə düşgünü, məişət pozğunu kimi mənfi xarakterə malik olan bir tipdir. Müəllif  burada haqsızlığa, rüşvətxorluğa və yaltaqlığa qarşı mübarizə edən qəhrəmanının adını isə Ədalət qoyub. Satirik komediyada Ədalət öz prinsipiallığı, sözü üzə deməsi ilə yanaşı həm də ciddi xarakteri ilə fərqlənir. O, əsər boyu  Əli Sarıyeviç kimi tiplərə qarşı qəti və amansız mübarizə aparır. Komediyada  Ədalət  kərtənkələ kimi düşdüyü  mühitin  rəngini  alan bu parazit, rüşvətxor Əli Sarıyeviçin çirkin, əxlaqsız əməllərinə qarşı mübarizə aparır, onun iç üzünü açıb göstərə bilir.

  1970-ci ildə Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artisti Vaqif Şərifovun hazırladığı “Məhəbbət körpüsü” lirik komediyası da müəllifin uğurlu pyeslərindən biridir. Məlum bir həqiqətdir ki, əsl realist komediya ötəri, ikinci dərəcəli münaqişələr üstündə yox, ictimai kolliziyalar əsasında meydana gəlir. Yəni komik hadisə əslində ciddi, dəqiq problemləri özündə ehtiva edir. Təəssüf  ki, bu adi həqiqəti anlamayan müəlliflər komediya kimi daxilən fəlsəfi məzmunlu ədəbi növü çox zaman süni məzhəkə alətinə çevirirlər. Nəticədə dərin məzmunlu komik kolliziya əvəzinə bir çox hallarda biz bayağı məişət hadisələri ilə qarşılaşır, şit zarafatlar, mənasız söz oynatmaları ilə üzləşirik. Sözsüz ki, bu cür bayağı, bəsit yazılar isə həyat düşüncələrində tamaşaçının fikirlərini, qənaətlərini dəqiqləşdirmir, əksinə, çətinləşdirir. Məhz bu baxımdan 70-ci illərdə yaranan komediyaların bir çoxunu yalnız şərti mənada komediya adlandırmaq olar.

Qeyd etmək lazımdır ki, “Məhəbbət körpüsü”nün ümumi nailiyyətini təmin edən başlıca amil komik kolliziyanın dərin və problematik səciyyəsidir. Əsərdə yaranan gülüş məzmunlu, düşündürücü və bədii cəhətdən hər tərəfli əsaslandırılan boyalarla zəngindir. Azərbaycanda yaşayan və azərbaycanlı olaraq qalan Könül adlı bir qız Arazın bu tayında doğulan və boya-başa çatan Azər adlı bir gənci sevir. Onların sevgisinin qarşısında ictimai bir səd durur. Sərhədçi olan əsgər Azər və Güney azərbaycanlı qız Könülün sevgisi uğursuz və faciəli də ola bilərdi. Ancaq müəllif cərəyan edən hadisələri komik planda təqdim edir. Hadisələrdə Könül sevgilisinin Vətəninə gəlir və sərhəd qaydalarını pozur, həmçinin Azər Arazı adlayır beləliklə, yenə müəyyən qanun pozulur. Mənalı və düşündürücü komik kolliziyanın dərin ictimai mənası Vətən anlayışı ilə üzvi surətdə bağlı olan bir vəhdət kimi şərh edilir. Əslində Könül və Azər sərhəd qaydalarını poza bilməzlər, bu da başqa bir məntiqdir.  İki məntiqin arasındakı tarixi ziddiyyət çox ağıllı bir gülüş doğurur. Müəllif  ideyasına  görə məhəbbətin qarşısında çəkilən hər hansı bir səd əbədi, yaşarı səd ola bilməz, gec-tez o, aradan qalxmalıdır. Komediyanın əsas obrazları olan Könül və Azər yeni fikirli gənclərdir. Onların düşüncəsində yeni duyğular, əsl yurdsevərlik yaşayır. Novruz Gəncəli həm də əsər boyu komik gülüşü məhəbbət ilə yanaşı yapma sədlər arasındakı daxili uyğunsuzluqdan doğan amillər olaraq böyük ustalıqla təqdim edə bilir. Həm də müəllif tərəfindən əsərin ideyasının baxış bucağı fəci planda deyil komik planda işlənilməklə böyük bir ümiddən xəbər verir. Müəllif düşüncələri ilə inanır ki, bu sədlər nə vaxtsa aradan qalxacaq, məhəbbət körpüsü Arazın o tayını bu tayı ilə birləşdirəcək.

Sərhəddə, iki sahilin qovşağında su elektrik stansiyası tikilir. Bu stansiya dostluq bağlarının güclənməsinə yardım edir. Əsərdə göstərilən sərhəd komandiri Kozlov, fəhlə Miri və başqaları anlaşılan qanunpərəstlikdən, soyuq, quru rəsmiyyətçilikdən uzaq insanlardır. Buna görə də sərhəddin pozulması əhvalatı onlarda elə bir dəhşətli qəzəbə səbəb olmur. Onlar məhəbbətin məntiqinə heyran qalan təbii adamlardır. Bu kimi hadisələri göstərən səhnələr pyes boyu maraqla qarşılanır. Başqa tərəfdən bu kimi hallar çox incə bir alleqoriya vasitəsilə meylləri gücləndirir. Güneyli fəhlə olan Şirəli bu taylı əsgər Azərə heyrətamiz dərəcədə bənzəyir. Onlar sanki bir almanın iki üzü kimi ekizdirlər. Hər ikisi də eyni qıza vurulurlar. Bəzi hallarda Şirəli Azərin suçunu çəkməli olur. Burada Şirəli – Azər xətti və bu səpgidən doğan gülüş əsərin ümumi ideya yönünə yaxşı xidmət etməklə onu təsdiq edir. Surətlərin oxşar simalar kimi təqdimi müəllif ideyasına görə hər iki tərəfin bir-birindən ayrılmayan vahid tamlığının tərənnümü, xalqın daxilən bütövlüyüdür.

Əsərdə diqqəti çəkən ikinci cəhət komik gülüşü bədii səviyyəyə qaldıran orjinal detalların məzmunlu olmasıdır. Burada Könülün sevgisini göstərərkən müəllif  Hafiz və Xəyyamın obrazına üz tutur. Sanki Hafiz və Xəyyam məhəbbəti müşaiyət edirlər. Burada adi məhəbbət ilə qeyri adi sevgi, Hafiz-Xəyyam məhəbbəti arasındakı təzad acı istehza olaraq deyil çox həlim, mehriban bir gülüş doğurur. Burada gülüş özlüyündə qəhrəmanları tamaşaçılara yaxınlaşdırır, məhəbbətə bir şirinlik, saflıq, təmizlik, məlahət gətirir. Ümumən şer və poeziya əsərdə hadisələri lirik planda müşaiyət edən bir bədii vasitəyə çevrir. Sərhəd komandiri olan Kozlov şair təbiətli insandır. Könül və Pərvin Hafizin “Divanı”nı açır, Heydər baba, Hafiz və Xəyyam aşiqdir və s. Burada müəllif  təqdimatında şair olmayanların şerə sözün yaxşı mənasında aludəçiliyi də məzmunlu komik kolliziya yarada bilir.

Əsərdə diqqəti çəkən üçüncü xüsusiyyət isə Heydər baba obrazının müəllif tərəfindən verilən komik səpgidə şərhidir. Heydər baba müdrik bir kişi, ömrünün mənasını nəvəsi Könülün səadətində görür. O, məhəbbəti Xəyyamsayağı, Hafizsayağı ən böyük hikmət sayır. O, nəvəsinə görə “cinayətə” yol verir, sərhəddi keçir. Məhəbbətin böyüklüyünü sübut etmək üçün hətta tutulur da. Bu da tamaşaçılarda məzmunlu bir gülüş doğurur. Qoca bir kişinin “cinayətkar fəaliyyəti” ona görə hadisələr zamanı bizə doğma görünür ki, pyesin vəziyyətlər halında ülvi bir həqiqətin təsdiqi dayanır. Bununla da Heydər baba ilə bağlı hadisələrdə doğulan gülüşü lirik gülüş adlandırmaq olar.

 Müəllifin mənfi surətlərin əksində karikaturaçılıqdan qaçması, bayağı inkardan uzaqlaşması halında komediyada diqqəti çəkən amillərdən olaraq dördüncü cəhət kimi dəyərləndirilir. Güney Azərbaycanı ordusunun zabiti olan Rəmzi surəti qanunpərəst baxışları ilə diqqəti cəlb edir. Rəmzi surəti bir çox komediyalarda və dram əsərlərindəki karikatur mənfi qəhrəmanlardan fərqlənir. O, hər zaman ehtiyatlıdır, ağıllıdır. Təqdim olunan obraz cərəyan edən hadisələr fonunda Könül ilə Azərin məhəbbətini bayağı qanunsevərlik, əsgəri – inzibati qanunlar ilə ölçmür. Bütün qəhrəmanlar ilə yanaşı əsərdə bir qəhrəman da var ki, o da zəmanədir. Zəmanə əsərdə məhəbbətin tərəfini saxlayan qüdrət kimi təcəssüm etdirilir. Zəmanə ictimai sədlərin məhəbbət körpüsünə çevrilməsini tələb edən bir amil kimi səciyyələndirilir. Bütün bu cəhətlər əsərin uğurlu çıxmasını və komediya janrının inkişafında müəyyən müsbət hala çevrilməsini təmin edir.

Novruz Gəncəlinin “Məhəbbət körpüsü” pyesinə nəzər salarkən bir daha aydın olur ki, komediya janrının inkişafı ilk növbədə ciddi problemlər və ictimai komik münaqişələrin təsviri ilə bağlıdır. Bu cəhətdən  pyes  təqdirəlayiq  bir  ədəbi  məhsul  kimi  dəyərləndirilməlidir.

1986-ci ildə Gəncə Dövlət Dram Teatrının səhnəsində quruluşçu rejissor Hilal Həsənovun hazırladığı “Səadət yağış deyil” pyesi Böyük Vətən müharibəsi mövzusuna həsr olunub. “Səadət yağış deyil” pyesində qəhrəman Vətən oğullarının cəbhədəki  igidlikləri, partizan dəstələrinin düşmən arxasındakı əfsanəvi qəhrəmanlıq nümunələrindən danışılır. Əsərin qəhrəmanı həmyerlimiz Mirdaməd Seyidovdur. Məlumdur ki, o, Böyük Vətən müharibəsi illərində Yuqoslaviyada “İvan Russki” adı ilə şöhrət qazanıb və faşist işğalçılarına qarşı döyüşlərdə fədakarlıq göstərib. Müəllif  pyes  boyu  cərəyan edən hadisələr fonunda İvan Russkini elektrik yarımstansiyasını partladaraq gəmi təmiri zavodunun həmçinin digər müəssisələrin “qan damarını” kəsən, Sloven vilayəti hərbi valisinin rabitəçisi ilə birgə onun sənədlərini ələ keçirən, Opçina qəsəbəsində cəllad, hiyləgər Bromberqi eləcə də onun əsgərini məhv edən, əsrlərdən təşkil edilən fəhlə batalyonunda Hitlerçilərin əleyhinə təbliğat işi aparan Monfolkondan Triyestə gedən gəmini partlada nəhayət Sloven vilayətinin hərbi valisi Raynerin başçılığı ilə keçirilən hərbi müşavirə zalını məhv edən qəhrəman olaraq təqim edir. Müəllif həmçinin özlərindən asılı olmayaraq əsir düşən millətlərin nümayəndələrinin ağır, dözülməz vəziyyətlərini, həmrəylik nümayiş etdirməklə müharibə meydanında mərdliklə ölməyi belə özləri üçün şərəf bilmələrini əsər boyu bir xətt üzrə canlandırır. Hətta sarsılmaz dostluğu italyan Mario Miliçin – (“İvan Russkinin”) əvəzinə  Məmmədin, Rıbakovun ölümə getməyə hazır olmaları səhnələri təsirli epizodlarda daha aydın şəkildə təqdim olunur. “Səadət yağış deyil” pyesində diqqəti çəkən əsas amillərdən biri də müəllif tərəfindən oçerkizmə, sənədliliyə uymamaqla zamanının insanlarının xarakterindəki ən nəcib cəhətləri bədii inandırıcılıqla göstərməyə müvəffəq olmasıdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, həyat materialının zənginliyi, müəllifin insanların hünər və rəşadətini geniş miqyasda əks etdirmək meyli “Səadət yağış deyil” pyesini maraqlı və baxımlı edə bilib. Qeyd etmək lazımdır ki, psixoloji vəziyyətlərdən doğan hadisələr fonunda pyesdə dramatizim mahiyyətinin dəqiq açılması müəllif tərəfindən düzgün boyalarla təsvir edilib.

Novruz Gəncəli dramaturgiyası, reallıq və həqiqətləri özündə ehtiva etməklə hər zaman aktuallığını qorumaqla maraqla oxunur. Səhnə əsərləri bu gün də müasirdir. Onun yaradıcılığı uzun illər tədqiq olanraq dramaturgiyamızın Azərbaycan səhnəsinə daha müasir düşüncəli rejissor traktofkası olaraq tərənnüm tapması qədər uğurludur.

 

 

   Anar  Burcəliyev

 Teatrşünas-tənqidçi