"Qanun qüvvəyə minənə qədər sürətli şəkildə bir çox qohum evliliyi oldu" - Şöbə müdiri

“İyulun 1-dən artıq qohum evlilikləri ilə bağlı məsələ qüvvəyə minir. Amma bəzən elə faktlar aşkar olur ki, insanlar heç də hamısı bu dəyişikliyə hazır deyil”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
“Elə qanun qüvvəyə minənə qədər bir çox insan qohum evliliyi ilə bağlı sürətli şəkildə evləndi. Qeyri-rəsmi nikah hallarının olması faktları da var. Bu faktlar o zaman geniş ictimaiyyətə bəlli olur ki, məişət zorakılığı zəmnində cinayət hadisəsi törədilsin. Bu yaxınlarda Sabirabadda gənc bir qızın qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən öldürülüb Kür çayına atılması ilə bağlı dəhşətli fakt oldu. O qız 15 yaşından qeyri-rəsmi nikahda yaşayırdı, 16 yaşında isə həyata vida etdi. Çox təəssüfedici haldır ki, valideynlər cinayətin fabulasından danışırlar ki, ailədə hər şey baş verə bilər. Lakin əsas məqama toxunmurlar ki, qanuna 1 ilə yaxındır ki, belə bir dəyişiklik olunub, amma 15 yaşında qız qeyri-rəsmi nikahda olub. Dövlət Komitəsi yerlərdə bu məsələlərlə bağlı çox ciddi işlər görüb. Amma şüurda inqilab məsələsi deyilən anlayış var. Düşünürəm ki, bizim mental dəyərlərimizdə problem var”, - deyə Adil Vəliyev bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova cavab olaraq bildirib ki, qanunda dəyişiklik edib, yeni qayda qoyuruq. Onun sözlərinə görə, komitə yerlərdə bu istiqamətdə maarifləndirmə işləri aparır:
"Bu işi görməkdə ötrü rıçaqlarımız gender məsul şəxslərdir. Gender məsul şəxslərlə hər il bu istiqamətdə seminarlar keçiririk ki, yerlərdə bu işi edə bilsinlər. Bələdiyyələri daha çox bu işə cəlb etmək istəyirik. Ona görə də bələdiyyələrdə gender komissiyaları yaratmışıq. Bunlar necə fəaliyyət göstərirlər, bu, sualdır. Yerli icra hakimiyyətləri bu istiqamətdə maraqlı olmalıdırlar. Məsələn, məişət zorakılığı ilə bağlı hesabat alanda dəhşətə gəlirik. Yazırlar ki, rayonda məişət zorakılığı faktı qeydə alınmayıb. Bu gsötrəir ki, dönə-dönə işləməliyik. Əsas məqam ondan ibarətdir ki, yerli icra hakimiyyətləri maraqlanmalıdırlar".
Qeyd edək ki, bu ilin iyul ayından yaxın qohumlar arasında nikah qadağan olunacaq. 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib.
Digər Xəbərlər

“Azərbaycan qadını ictimai-siyasi, elmi-mədəni proseslərdə fəal iştirak edir” - FOTOLAR

Qurbanlıq heyvanın kəsimi zamanı hansı tələblərə əməl edilməlidir? - VİDEO

18 yaşı tamam olmayan analar 1 279 uşaq dünyaya gətirib
