03 Iyul 2024 09:37
7228
LAYİHƏ

Naxçıvanda və Bakıda əhalinin müxtəlif təbəqələri ilə görüşlər keçiriləcək

Vətəndaş Tribunası İctimai Birliyi “Qarabağ zəfərinin əsasları” layihəsini həyata keçirir. Görülən işlər sırasında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq salnaməsi və 19 sentyabr 2023-cü ildə Qarabağın tam azadlığı ilə nəticələnmiş antiterror əməliyyatının təbliği durur. Bu məqsədlə Naxçıvan MR, Bakının Qaradağ və Binəqədi rayonlarında əhalinin müxtəlif təbəqələri ilə görüşlərin təşkili nəzərdə tutulur. Layihə çərçivəsində hazırlanmış kitabçada Qarabağ münaqişəsinin tarixi aspektləri, Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, münaqişənin sülh yolu ilə nizamlanması üçün Azərbaycan diplomatiyasının beynəlxalq platformalarda göstərdiyi səylər, 27 sentyabr 2020-ci ildə başlanmış Vətən müharibəsində Azərbaycan Ordusunun parlaq qələbəsi və 19 sentyabr 2023-cü ildə Azərbaycan dövlətinin keçirdiyi bir günlük xüsusi əməliyyat tədbirləri ilə Qarabağın terrorçu qüvvələrdən tam təmizlənməsi geniş şərh edilir. 

Qarabağın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsi Azərbaycan xalqının tarixində əbədi yaşayacaq şanlı səhiflərindən biri, bu müharibənin şəhidləri, qaziləri və müzəffər Ali Baş Komandanı isə gələcək nəsillər üçün böyük qəhrəmanlıq örnəkləridir. Vətən uğrunda həlak olmuş bütün şəhidlərin xatirəsi xalqımız tərəfindən əziz tutulur, onların ailələri dövlət qayğısı və ümumxalq məhəbbəti ilə əhatə edilir. Qazilərin həyat şəraitinin yaxşılaşdırılması, yaralıların müalicəsi, onların sağlamlığının bərpası, əmək məşğulluğunun təmin olunması və sosial ehtiyaclarının ödənilməsi üçün ölkəmizdə müvafiq qurumlar tərəfindən ciddi işlər görülür. 

Azərbaycan Ordusunun Ali Baş Komandanı Prezident İlham Əliyev öz çıxış və müsahibələrində Azərbaycanın qələbəsini təmin etmiş əsas və həlledici qüvvə kimi ordumuzun əsgər və zabitlərinin – şəhid və qazilərimizin adını həmişə önə çəkir. Onların misilsiz qəhrəmanlıq nümunələri göstərərək vətən torpağını düşmən işğalından azad etdiklərini, qələbə bayrağını milli separatizmin yuvası Xankədiyə qədər mətanətlə, öz həyatlarını belə əsirgəmədən  apardıqlarını vurğulayır: “Dövlət nə qədər hazırlıqlı olsa da, düşmən üzərinə, ölümün üzərinə əsgər və zabit gedir. Onlar şəhid olur, yaralanırlar”... 

8 noyabr 2020 və 19 sentyabr 2023-cü il qələbələrindən ötən hər gün düşmən tərəfin həm yerli, həm də beynəlxalq miqyasda Azərbaycana qarşı hazırladığı məkrli planların, hərbi-siyasi təxribatların üstünü açır. Dünyanın supergüclərinin cəlb edildiyi bu mürəkkəb oyunlarda Azərbaycan diplomatiyasının çevik gedişləri, eləcə də ordumuzun canlı qüvvə itkilərini minimuma endirən hərbi taktika və strategiyanın ustalıqla qurulması Azərbaycanın qələbəsini təmin edən əsas şərtlərdəndir. Azərbaycan xalqının və dövlətinin 30 illik düşmən işğalı ilə heç zaman barışmaması, işğala son qoymaq üçün ən müasir silahlarla təchiz edilmiş qüdrətli milli ordunun qurulması, eləcə də əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi misilsiz qəhrəmanlıq nümunələri tariximizin ən parlaq səhifələrindəndir. Qəhrəman Azərbaycan əsgərinin Şuşa kimi alınmaz qalanı düşməndən azad etməsi təcrübəsi dünya hərb elminin dərsliklərinə salınmış taktiki-psixoloji hücum fəndi kimi öyrənilməkdədir.      

Qələbəmizi təmin etmiş qüvvələr vəhdətinin həm ölkə daxilində, həm də ölkə xaricində təbliği, tanıdılması Azərbaycanın nüfuzunun güclənməsinə, gənc nəslin vətənpərvərlik tərbiyəsinə, ordumuzun müdafiə qüdrətinin və xalqımızın milli ideallar naminə səfərbərliyinin daha da artırılmasına xidmət edir. Bu baxımdan əminliklə demək olar ki, layihənin icrası faydalı və əhəmiyyətlidir. 

 Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlatrına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.