Naxçıvanın dünyaca məşhur "Əshabi-Kəhf" ziyarətgahı-Reportaj

"Əshabi-Kəhf” ziyarətgahı" -Azərbaycanın ən tanınmış dini turizm obyekti...
Ziyarətə bizi aparan yol abad olduğundan, "Əshabi-Kəhf ziyarətgahı" dini-mədəni abidə kompleksinə düşündüyümüzdən də tez yetişdik. Baxmayaraq ki, Naxçıvan şəhəri ilə bu ziyarəti 12 kilometr məsafə ayırırdı. İlandağ və Nəhəcir dağı arasındakı bu təbii mağara Culfa rayonunda Xəçəparaq adlı xaraba kəndin ərazisində yerləşir. Hazırda bura Bənəniyar kəndinin ərazisindədir. Qeyd edim ki, "Quran"da adı keçən bu müqəddəs məkanın yeri tam dəqiqləşməsə də, iddia edilən yerlərin sayı çox da deyil. Suriya, Türkiyə və Naxçıvanda olmaqla 3 yer üzərində dayanılır. Bu ziyarətgaha xarici ölkələrdən gəlmiş ziyarətçilərin çoxluğu da deməyə əsas verir ki, diqqət əsasən Naxçıvan üzərində cəmləşir. Bu gün "Əshabi-Kəhf ziyarətgahı" dini-mədəni abidə kompleksi Azərbaycanda tanınmış dini turizm obyektidir. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsilir. "Əshabi-Kəhf” ziyarətinin dəqiq vaxtı yoxdur, bura ilin istənilən fəslində getmək olar. Burada olarkən onu da öyrəndik ki, bu ziyarətə gəlmək üçün heç bir yaş məhdudiyyəti yoxdur. "Əshabi-Kəhf ziyarətgahı" dini-mədəni abidə kompleksi barədə məlumat əldə edərkən öyrəndik ki, bu müqəddəs ocaq, ümummilli lideri Heydər Əliyevin 1998-cu ildə "Əshabi-Kəhf”n abadlaşdırılması və bərpa edilməsi barədə göstərişindən sonra yenidən qurularaq, burada məscid tikilib, yol çəkilib, zəvvarlar üçün hər cür şərait yaradılıbdır. Ziyarətgahın ərazisində "Qonaq Evi", "Bələdçi otağı" da fəaliyyət göstərir. Girişi güneydən başlanan mağara quzey istiqamətdə, dağin içərisinə doğru uzanıb gedir.

Rəvayətə görə, "Əshabi-Kəhf”...
Mağaranın müqəddəsliyi xalq arasında yayımiş və bir sira qaynaqlarda əksini tapmıış rəvayətlə bağlıdır. Rəvayətə görə, Allahdan üz çevirib bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmü ərşə dayanmışdı. İnsanlar arasinda küfr hökm sürürdü. Buna dözə bilməyən vəzir Təmirxan tək Tanrıçılıq inancında olan bir neçə dostu ilə zülmdən qurtarmaq üçün dağlara sığınmaq və başlarına çarə qılmaq istəyi ilə şəhərdən qaçırlar. Yolda hökmdarın çobanına rast gəlirlər. Vəziyyəti öyrənən çoban da zülmdən cana gəldiyini və ümidini bir olan Allaha bağladığını bildirərək, onlara qoşulur. Bu vaxt çobanın iti də ardınca gəlir. İtin səs salıb onların yerini bildirəcəyindən qorxuya düşürlər. Çoban iti heç bir vasitə ilə qova bilmir, vurub ayağının birini sındırır. Bir azdan baxırlar ki, it yenə gəlir. Çoban onun ikinci ayağını sındırdıqda it insan kimi dil açıb zülmdən qaçdığını bildirir və ölür. Çoban onu mağaranın girəcəyindən bir az aralı, hazırda ”Qitmir” adlanan yerdə basdırır və çomağını taxır üstünə. Bundan sonra qaçıb, yaxınlıqdakı mağaraya sığınırlar. Onları dərin yuxu aparır. Oyandıqdan sonra acdıqlarını hiss edərək vəziyyəti öyrənmək və çörək almaq məqsədilə vəziri şəhərə göndərirlər. O, pul verib çörək almaq istəyərkən yaxalanır. Ondan soruşurlar ki, bu pullar hardandır? Xəzinə tapmısan? O, isə inandırmağa çalışır ki, pullar kimsənin deyil, onları dünən şəhərdən çıxarkən özü ilə götürübdür. Onu başa salırlar ki, pullar üç yüz il bundan əvvəl hökmdarlıq etmiş Dağ Yunisə aiddir. Burada bir möcüzə olduğunu bilən vəzir başına gələnləri danışdıqdan sonra maraqlanan insanlar mağaraya doğru axışırlar. Vəzir yoldaşlarının bundan qorxuya düşəcəklərini söyləyərək onları xəbərdar etmək üçün qaçaraq mağaraya gəlir. Baş vermiş möcüzəni bildirir. Hər biri əl qaldırıb Alahdan qeyb olmalarını diləyirlər. Allah onların səsini eşidir, hər biri qayaya söykəndikləri kimi də yox olur. Mağaraya daxil olanlar mağarada onların izlərini tapırlar və o zamandan mağara ziyarətgaha çevrilir. Xalq arasında yayılan bu rəvayət müəyyən dəyişikliklərlə qaynaqlarda da öz əksini tapıbdır. Sonralar bu rəvayətə əlavə olunmuş bir rəvayət mağaranın müqəddəsliyini daha da artırır. Həmin rəvayətə görə, Əhli-Beytin atası həzrəti Əli oranı ziyarət edib, namaz qılır, onun atı Düldülün ayaq izi qayada qalır.

Müqəddəs ocaqda "Damcıxana”nın ziyarəti- övlad həsrətində olanların ümid yeri...

Memar Əcəmi məktəbinin yadigarı, Arazın o tayından ayrı düşən "Gülüstan” türbəsi...
Media rəhbərləri ilə birgə ziyarətimizin qəbul olunması diləyi ilə bu müqəddəs ocaqla sağollaşıb yol alırıq Culfa rayonun Gülüstan kəndi yaxınlığında yerləşən "Gülüstan” türbəsinə. Bura çatanda artıq qaş qaralmışdı. İş vaxtı bitməsinə baxmayaraq, türbənin əməkdaşları qonaqların yolunu gözləyirdilər. XIII əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindən biri, Culfa rayonu ərazisində yerləşən türbə, böyük Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarı hesab olunur. Azərbaycanın qülləvarı türbələri sırasına daxil olan abidə iki hissədən – sərdabə və türbədən ibarətdir. Ancaq digər türbələrdə sərdabə hissə yerin altında yerləşdirildiyi halda burada sərdabə yerin səthindən yuxarıda inşa olunubdur. Yüksək sənətkarlıqla işlənmiş ornamentlərin taxçalarda təkrarı ancaq yaxından baxarkən hiss edilir. Bu naxış və ornamentləri ancaq Naxçıvan şəhərində 1186-cı ildə Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkir oğlu Naxçıvani tərəfindən inşa edilmiş Möminə xatın türbəsinin ornamentləri ilə müqayisə etmək olar. Yarandığı vaxtdan keçən müddət ərzində təbii qüvvələrin təsirindən Möminə xatın türbəsində olduğu kimi, bu türbənin də üst örtüyü dağılaraq sıradan çıxır. Ona görə də Gülüstan türbəsinin çadır örtüyünün piramidaya oxşar və ya konik şəkildə olması ətrafında müxtəlif fikirlər yaranıbdır. Sovet hakimiyyəti illərində türbə Araz çayı boyunca çəkilən sərhəd xəttinin arxasında qaldığı üçün baxımsız qalaraq, bərpa edilməyib,hətta əhalinin onun yanına getməsinə icazə belə verilməyibdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 7 oktyabr 2015-ci ildə "Gülüstan” türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncam imzalayıbdır. İndi bu türbə də Naxçıvanda olan digər memarlıq abidələri kimi özünə turist cəlb etmək baxımından əhəmiyyətli mədəni-tarixi abidə hesab olunur. KİV rəhbərlərinin bu qədim diyara səfərindən bir xatirə kimi "Gülüstan” türbəsində də bir şəkil çəkdirib yola düzəlirik. Naxçıvanda tarixi özündə yaşadan abidələr çox, vaxt isə azdır. Sabah isə hər qarışı insanı keçmişə aparan bu torpaqda, bizi başqa tarixi abidələrlə tanışlıq gözləyir. Davamı növbəti sayımızda...



Bakı -°C

