16 Sentyabr 2016 12:06
44281
MƏMLƏKƏT

Müqaviləsiz repetitorluq fəaliyyəti və vergi məsələsi

Yeni dərs mövsümü ilə bağlı repetitor hazırlıqlarının da həcmi artır. Paytaxtda fəaliyyət göstərən tədris kursları fəaliyyət göstərsə də lakin hazırda fərdi hazırlığa da üstünlük verilir. Apardığımız sorğuların nəticələrinə görə əksər valideynlər fərdi müəllim (repetitor) hazırlığını üstün tuturlar. Əsas səbəb kimi daha ucuz başa gəlməsi və keyfiyyət baxımından daha effekli olması göstərilir. Həmçinin bölgələrdə yaşayan əhali üçün hər hansı kənd və ya qəsəbədə fərdi hazırlıqla məşğul olan müəllimlərin şagirdləri çox olur. Bu isə onların aylıq məvaciblərindən dəfələrlə çox qazanc deməkdir. Əvvəlki illərdə bu tendensiyaya çox da önəm verilməsə də artıq dövlət vergi siyasətinə repititorların fəaliyyəti nəzərdən keçirilir.

Mütəxəssislər hesab edir ki, nəzərəçarpacaq dərəcədə maddi qazancı olan istənilən sahədən vergi tutulmalıdır. Repititorlara gəldikdə isə bunu müəyyən güzəştlərlə həyata keçirmək olar.

Təhsil üzrə ekspert Kamran Əsədov saytımıza açıqlamasında bildirib ki, son aylar daha aktual olaraq Vergilər Nazirliyinin dərzilər, sənətkarlar, repetitorluqla məşğul olan müəllimlər, eləcə də tərcüməçilərlə bağlı vergiqoyma problemləri var və qurum bu fərdi peşə sahiblərini vergiyə cəlb etmək istəyir: "Bilirsiz niyə testin mövcud olduğu 25 ilə yaxın müddətdə bu məsələ indi bu qədər aktuallaşdı? Çünki neftin qiyməti aşağı düşüb və dövlət öz ehtiyaclarını daxili imkanları hesabına ödəmək taktikasını tutub. Baxın, bu gün Azərbaycanda 350 mindən çox müəllim var. Çox yox, onlardan 100 mini repetitorluq edirsə və ayda orta hesabla 1000 manat qazanırlarsa, bu ildə 18 milyon manat büdcədən yayınma deməkdir. Hal-hazırda repetitorların vergidən yayınması bir neçə milyon manatla ifadə olunur və mənim fikrimcə, repetitorlar sadələşdirilmiş vergi subyekti olaraq vergiyə cəlb olunmalıdırlar. Bu vergi hesabına müəllimlərin sosial vəziyyətini yaxşılaşdırmaq olar".

Ekspert qeyd edib ki, repetitorların vergiyə cəlb edilməsi mexanizmi var: "Bütün hallarda onlar sadələşdirilmiş vergi subyektləridir. Onların əldə etdikləri dövriyyədən Bakı şəhəri üzrə 4, regionlar üzrə isə 2 faiz civarında vergi ödənilməlidir. Amma təəssüf ki, repetitorların böyük hissəsi VÖEN və mədaxil orderinə malik deyillər. VÖEN-lə işləmədiklərindən də məhz onların dövriyyəsi qeydiyyata alınmır. Qeydiyyata alınmadığından vergi də ödəmirlər. Burada problemli məsələ həmin fəaliyyətlə məşğul olan repetitorların vergidən yayınma istəyilə bağlı deyil. Problem əsasən repetitorların vergi ödəməklə bağlı məlumatlarının olmaması ilə bağlıdır. Ona görə də onların vergiyə cəlb olunmaq istiqamətində ciddi şəkildə məlumatlandırılmasına ehtiyac var.

Ümumiyyətlə repetitorlar düşünür ki, Azərbaycanda hər zaman bu kimi fəaliyyətlə məşğul olan insanlar vergi ödəməyib, bu səbəbdən özləri də eyni praktikanı davam etdirirlər. Əslində isə bütün hallarda qanunvericiliyə görə hər hansı bir əməliyyat aparılırsa, birmənalı şəkildə vergiyə cəlb olunmalar baş verməlidir. Repetitorların aylıq gəlirlərini nəzərə alsaq, onların sadələşdirilmiş vergi subyektləri olduğunu görərik. Onların aylıq dövriyyəsi 120 manatdan çox olmadığından sadələşdirilmiş vergi ödəyicisi sayılırlar. Bu istiqamətdə ciddi məlumatlandırma kampaniyası aparılmalıdır ki, proses qanunvericilik əsasında tənzimlənsin.

Müxtəlif sahələrdə çalışanların vergiyə cəlb edilməsində problemlər var. Repetitorluq sahəsində çalışanlar vergiyə cəlb olunan zamanı sosial durumlarının ağırlaşdığını dilə gətirirlər.

Repetitor hüquqi cəhətdən bir addım öndədir

Gündəmdə repetitorlarla bağlı daha bir məsələ var ki, onların hazırlaşdırdığı abituriyentlərin heç də hamısı ali məktəbə qəbul olmur. Mövzu ilə bağlı qəzetimizə daxil olan müraciətləri nəzərə alaraq bu məsələnin hüquqi tərəfini araşdırmaq lazımdır.Əsas məsələ isə valideynlərlə müəllim arasında hüquqi bağlılığın olmmasıdır. Övladın ali məktəbə daxil olmamasında cəmiyyət müəllimi də günahlandırsa da digər tərəfdən şagirdin məsuliyyəti qeyd olunmalıdır. Lakin nəticədə əsas yük repetitorun üzərinə düşür ki, bu da məsələnin hüquqi müstəviyə daşınması üçün kifayət edir.

Məsələ ilə əlaqədar tanınmış hüquqşünas Müzəffər Baxışa müraciət etdik. Hüquqşünas valideynlərin bu cür tələbinin əsassız olduğunu qeyd etdi: "Ümumiyyətlə nə repetitor, nə də valideyn müqavilə bağlamaqda maraqlı olmurlar. Ən yaxşı hal müqavilə bağlamaqdır və müqavilədə bütün şərtlər göstərilməlidir. İnanmıram ki, hansısa repetitor təminat versin ki, abituriyent ali məktəbə daxil ola bilməyəndə pulları geri qaytaracaq. Əslində bu valideynlərin haqsız tələbidir, hüquq prinsiplərinə uyğun deyil. Valideyn pulun qaytarılmasını tələb edə bilməz. Valideyn repetitoru məhkəməyə verə bilər ki, ona ödənilən pulun müqabilində övladına dərs keçirilməyib".

Hüquqşünasa görə, əgər hansısa repetitorla valideyn arasında müqavilə bağlanılarsa və müqavilənin şərtlərində göstərilsə ki, repetitor həmin uşağın ali məktəbə daxil olmasına təminat verir, artıq valideyn dərk etməlidir ki, o repetitor dələduzdur: "Bu imtahan elə bir prosesdir ki, orada bu və ya digər qarşısıalınmaz hallar baş verə bilər və bunun nəticəsində ən savadlı uşaq ondan gözlənilən nəticəni göstərə bilməsin. Müqavilədə belə bir şərtin göstərilməsi düşünürəm ki, düzgün deyil. Bu şərt ümumiyyətlə müqavilədə göstərilə bilməz. Bəzi şagirdlər var ki, dələduzluqla məşğuldur, dərs oxumur, valideynlər də sonradan günahı repetitorlarda görürlər, mən bunu əsaslı hesab etmirəm. Və düşünürəm ki, Azərbaycanda son dövrlərdə güclü repetitorlar olmasaydı, şagirdlər təhsil müəssisələrin hesabına güclü nəticələr göstərə bilməzdi. Çünki hamıya məlumdur ki, ölkədə təhsil müəssisələrin verdiyi təhsil hansı səviyyədədir. Ona görə də mən valideynlərin bu cür tələbini əsassız hesab edirəm. Repetitorlar isə müqavilə bağlamaqda ona görə maraqlı olmurlar ki, vergidən yayınsınlar. Əslində bununla vergi qanunvericiliyini əsaslı şəkildə pozmuş olurlar. Ölkədə elə repetitorlar var ki, çox yüksək gəlir əldə edir, amma vergidən yayınır".

Hər halda cəmiyyətin repetitorlarla bağlı müxtəlif haqsızlıq və ya haqlı prizmadan baxışları mövcuddur. Gələcəkdə bu məsələdə güzəştli vergi və hüquqi tariflərin tətbiq olunacağı gözlənilir.

Rüfət Soltan