adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Dekabr 2021 11:41
1922
MƏDƏNİYYƏT

Multikulturalizm Mərkəzinin müsabiqəsi yekunlaşdı

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin cari ilin iyul ayında yerli və xarici elmi-tədqiqatçılar üçün elan etdiyi multikulturalizm sahəsində elmi araşdırmalar müsabiqəsi başa çatıb.                                                                                                                                                                                                      


Multikulturalizm Mərkəzinin  təşkil etdiyi  “Multikulturalizm  elmi-tədqiqat müsabiqəsi-2021” beynəlxalq müsabiqəsinin missiyası multikulturalizm sahəsində yüksək səviyyəli elmi araşdırmaları dəstəkləməkdir. Məqsədlərdən biri də elmi-tədqiqat müsabiqəsinin vasitəsilə müxtəlif ölkələrdə fəaliyyət göstərən multikulturalizm mərkəzləri və alimləri ilə beynəlxalq əlaqələri genişləndirmək olub. İiyulun əvvəlindən elan edilən müsabiqə 2021-ci ilin dekabr ayının 1-nə qədər davam edib. Müsabiqəyə təqdim edilən elmi-tədqiqatlar arasından qaydalara uyğun olaraq Azərbaycandan 3, dünyanın müxtəlif ölkələrindən isə 9 elmi tədqiqat işi qəbul edilib. İkinci mərhələdə isə müraciət edən alimlərin fəaliyyəti, multikulturalizm sahəsi üzrə araşdırmaları nəzərə alınaraq elmi-tədqiqat işləri xarici alimlərdən ibarət müsabiqənin rəyçi qrupuna təqdim edilib. Dekabrın 20-də müsabiqəyə təqdim olunan araşdırmaların mövcud elmin prioritetlərinə uyğunluq dərəcəsi müəyyənləşdirilərək 3 elmi-tədqiqat işi qalib elan edilib. Türkiyənin Manisa Celal Bayar Universitetinin dosenti Ülviyyə Sanılı Aydının ”Azərbaycan multikulturalizminin geosiyasəti”, Çin Xalq Respublikasının Vuksi Universitetinin dosenti Müddəssər Sərfrəzin “Multikultural mühitdə istehlakçıların istehlak obyektinə münasibətinə və satınalma niyyətinə yeni baxış” və Rumıniya Respublikasının Vasile Alecsandri" adına Bakau Universitetinin dosentləri Dr.Brindua-Mariana Amalancei və Dr.Andreia-Irina Suciunun “Mədəni müxtəlifliyin vacibliyi, miqrantlarla bağlı perspektivlərin formalaşdırılması: KİV-də irqçilik və mədəni müxtəliflik” adlı araşdırmaları mükafata layiq görülüb. Qaliblər  fəxri diplomlar və müsabiqə mükafatları ilə  təltif edilib.


Qeyd edək ki, qalib olan elmi-tədqiqat işləri qısa müddət ərzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən qaliblərə dəstək məqsədi ilə kitab formatında nəşr edilərəcəkdir.