adalet.az header logo
  • Bakı -°C

““Möhtəşəmlər”in “siyasi sığınacağı”” - Aydın Can yazır

AYDIN CANIYEV
67442 | 2020-07-28 09:40
A- A+

TARİXƏ EKSKURS:

Mənim nəzərimdə üç cür qəhrəmanlıq var: situativ, intuitiv, genetik!

Amma mənim tanıdığım Aqil Abbas "3-ü 1-də” qəhrəmandır: yəni nadir hallarda hər üç halın qəhrəmanlığını bir adam edib: Nobel – biznes imperiyası qurmaqda, Heydər Əliyev – siyasətdə, bir də... Aqil Abbas – yaradıcılıqda! Situativ-intuitiv-genetik qəhrəmanlığın hər üçünü uzlaşdırmaq triumfal uğurdur, seleksionerlik məharətidir!

İntuisiyası situasiyanı nəzərə alıb, genetikasından (xaraktercə lider, öncül olmaq azarı, AĞDAMlı "tripaç”lığı-lotuluğu) irəli gələn KÜBARLIQ... qoymayıb dalğanı və koordinatı tribuna və trona yönəltsin! Bu, doğrudan da AQİLlik və MÜDRİKlikdir!

Və... Aqil Abbas bütün potensialını sərf edib... ədəbi-bədii yaradıcılığa – "Batmanqılınc”dan Qədir Rüstəmova, ta "Dolu”yacan, publisistikaya – saysız-hesabsız, hətta söyüş folkloruna – yaramaz, yarıtmaz "maral” əməkdaşlardan "ceyran” soydaşlaracan, lətifə obrazına – dostlarla sərgüzəştlər ta gedib Ramiz Rövşənə çıxır!

Aqil Abbas heç vaxt sözü altda-ayaqda saxlamayıb, söz altda da qalmayıb, Sözü ALT qatından ÜST qata qaldırıb, ALT-ÜST etməyib Sözü! Alt-Üst Sözü deyənə yedirdib – hələ tələbə olanda: tay-tuşları, dostları, qohum-əqrəbası şahiddir rəhmətlik müəllimi Qulu Xəlilovun bircə özünə dediyini üç elin yığışdığı məclisdə yadına salmağına!

Mən 45 il əvvəldən danışıram, 40 il əvvəli xatırlayıram, 35 il əvvəli göz önünə gətirirəm və 30 il öncə olmuş olaydan başlayıram danışmağa!

Elə əsas olanı da 30 il əvvəl olandır! 45 il, 40 il, 35 il əvvəlkilər Alim Qasımov oxuyan kimidir: "Qalanİ xatirədir!!!”

30 il əvvəl az adam bildi ki, bu ölkədə söz alt-üst olmağa doğru gedir və artıq Aqil Abbasa müdir olacaq adamlar ya onun müdiri olmaq istəməz, ya da elə Aqil Abbas müdirə tabe olacaq statusda deyil!

Aqil Abbasın intuisiyası onu mətbu qəhrəmanlığa təhrik, sövq, məcbur edirdi!
Bir şöbədə işlədiyi Mehman Cavadoğlu da yeni düşüncənin, yeni formasiyanın təsdiqinə, tətbiqinə, təqdirinə könül vermişdisə, Aqil Abbas... öz yerini göstərməliydi və bu ƏDALƏTli olardı, hər yanı "ƏDALƏTin BUmu DÜNYA?” şarkısının məxməri, zərif, kövrək üsyanı, etirazı bürümüşdüsə!
Ən ədalətli sözü qəsd, zənn, güman, iddia edən Aqil Abbas intuitiv qəhrəmanlığını situasiya üstündə gerçəkləşdirmək cəsarətini tapdı – genetik kodları sözünü deyirdi. Qalırdı Aqil Abbasın sözünü deyib qəhrəmana çevrilməyi!
1990-cı ilin bu günlərində - hər gün "Azərbaycan” nəşriyyatında çap olunan bütün qəzetlərdən bir nüsxə götürüb oxuyan, öyrənən, sözün sözdən fərqini anlamağa başlayan yeniyetmə, üstəlik də mogikanların müridliyində olan biri kimi deyirəm: HEÇ KİMİN heç vaxt, özü də elə gözəllik(l)də demədiyi "oborot”da dedi Aqil Abbas:
- ... filan işin maaşını filankəs alır!



Ən ədalətli ittiham idi, bunu ancaq və ancaq "ƏDALƏT” adlı qəzetdə oxumaq olardı!
"Ədalət” qəzetinin ədaləti təkcə bu deyildi: bu qəzetdə Azərbaycanın bu gününün ən işıqlı imzaları göründü! Ən işıqlı insanları göründü, ən işıqlı yazıları göründü! Tələbələr Vahid Qazidən, Yusif Rzayevdən Adil Minbaşıyacan! Bəlkə də və həqiqətən də ayrı redaksiyalarda ayrı sanballı imzalar ayrı işıqlı imzaları bacardıqları qədər xəlvət, dolayısıyla qəyyumluğa almışdılarsa, məhz Aqil Abbas ilk gündən bu günəcən həmişə və açıq-aşkar işıqlı imzaları-gəncləri qanadı altına alıb! Təmənnasız! Aqil Abbasın bu ƏDALƏT SİMFONİYASINI görən yaxınlardan ÜZDƏ bu yolu getdiyini sərgiləyənlər də oldu, amma MAHİYYƏTDƏ Aqil Abbas yolu gedə bilmədilər, Aqil Abbas ola bilmədilər – redaksiyalarını "olvis-ultra” iyi götürdü, amma yazılarını nəinki redaktə edənə, hətta oturub təzədən yazana bir stəkan çay verən "xanım” tapılmadı o "qəyyumuğa götürülmüş imzalar”dan! Çox tez üzə çıxdı elələrinin "qəyyumluğunun” nədəni: mesaj qutusundan ero-porno-seksual arzular-istəklər uçuşdu, "imza” olanı da oldu, "sevgili” olanı da, məşuqəyə çevriləni də! Bir az cəsarətli olanı hətta mətbuatda açıq mətnlə xatırlatdı...
Aqil Abbasın təqdim etdiyi imzalardan heç birini...
Bir dəfə Şirməmməd Hüseynov "Azərbaycan gəncləri” qəzetində Bəxtiyar Vahabzadənin yazdığı növbəti "Uğurlu yol”u oxuyur və zəng edir deyir ki:
- A Bəxtiyar, haindi sənin "uğurlu yol” yazdıqların axırda ya taksi şoferi olur, ya da... bu, hansındandır!?
Aqil Abbasın "Ədalət”də təqdim etdiyi imzaların heç biri bu 30 ildə nə taksi şoferi olub, nə də...
Amma... amma... amma... Aqil Abbası fikirlərinə görə ittiham edənlərin "as” və "möhtəşəm” yazarları ya Püstəxanım kimi "ikinci "kruq”u vurur”, ya "taksi şoferi”dilər, ya da... onları taksi vurmasa da, "taksi”lərdə "fırlanırlar”!
Aqil Abbasın qəyyumluğuna əlavə bunu da deyə bilərik ƏDALƏT naminə: hamısı İMZA oldu! Qəyyum olduğu kimi, qəyyumluğa aldıqları da İMZAlar olub!
Var olduğu 30 ildə "Ədalət” sabit, yeganə düzxətli prinsipə malik qəzet olaraq, mətbuata MAARİFPƏRVƏR missiya ilə gəlib də, qalıb da, davam da edir!
30 ildə dilənməyən YEGANƏ CİDDİ qəzet olub "Ədalət” - ədalətli olaq: reketlərlə qarışdırmayaq!
30 ildə dilənçi gününə düşənlərin qəzeti olub, dilənən jurnalistləri yaşadıb "Ədalət” - ədalətli olaq!
30 ildə... köhnə də olsa, işlənmiş də olsa, sözü bir az bilən, bir az abrı olan, bir az zəhmət çəkən imza üçün ev olub, ad olub, ocaq olub "Ədalət” - ədalətli olaq!
30 ildə təzə və isti, işıqlı söz deyə bilən üçün meydan olub, tribuna olub "Ədalət” - ədalətli olaq, unutmayaq... ədəbiyyat əlavələrinə yer verən, yazılara qəzetdə çıxandan sonra baxan baş redaktor olub Aqil Abbas!
Aqil Abbas sözə qazanc kimi baxmayıb, sözə qazanc kimi, şöhrət kimi baxan miskin şairlərə, yazıçılara, jurnalistlərə həyatı anlayana, sözün missiyasını dərk edənə, bilənə qədər xeyriyyəçi olub, sağ əlinin verdiyini sol əli "gördüm” deyəndə kəsib, vicdanını hələ itirməyəni olanda, götürməyəndə, götürtmək üçün özünü də, etdiyini də güldürüb deyib: "pul verən birqat axmaqdır, pulu götürməyən ikiqat axmaqdır”!
Bu qədər doğmalıqla, əzizliklə yanaşıb, təmənnasız olub, içindən şırımlar çəkilib istedadlı uşaqları-imzaları öz çirkin oyunlarına çəkən siyasiləri görəndə, haray çəkib: "nə işi var Elnur Astanbəylinin, Qan Turalının, Aqsin Yeniseyin bu siyasi dartışmalarda!?” Onda Aqil Abbası ittiham edən ayağıcarıqlı, çiynipatavalı "ziyalı-dahi”lər indi bəyanatlar yapırlar orden-medal eşqinə: "yozoço-şoor octomoi movqoyono boldormoyo do bolor!” Sartrın şeyləriylə-yazdıqlarıyla azadlıq carçısı-fədaisi, mübarizi statusuna yüksəldilən Qan Turalının "Azadlıq”ın səhifələriylə onanizm yapmasına, sonda manekenə çevrilməsinə susan həmin postmodern gerizəkalılar Aqil Abbasın azından on il öncə Söz və Söz Adamı təəssübünü topa tuturdular!
Amma Aqil Abbas "Ədalət”iylə ədalət sərgiləyirdi – söz üçün, söz adamlarıyçün, halbuki... onun qəzeti söz deməyə gəlmişdi, söz davası açmağa yox! Bunu da etdi "digər işlərlə” bərabər!
O "digər işlər” Ağdamın A-sını deyəndə rəngi qaçan, dodağı uçuqlayan, ürəyinin həyəcanı, qanı gözlərinə çıxan Aqil Abbas daşınırdı cəbhə yollarına! Öz qohumları döyüş meydanında şəhid olurdu, lənkəranl həkimi ordudan tərxis olunmaq istəyəni yerində güllələyəcəyini deyən Fəhmin Hacıyevin əlindən alıb evə göndərirdi ki, get, dərin yanıqlar üzrə mütəxəssissən, əsgərin yarasını tibb bacısı da sarıyar! Və... bunu təmənnasız edirdi!!! Ondan alırdı, bundan alırdı – polis rəisindən ta nazirəcən... daşıyırdı rəis-nazir tanımayan döyüşçü balalara, batalyonlara! O aldıqları pullarla sabah oxucuya çatması, oxunması üçün dozakl aldığı, çap xərcini ödədiyi qəzetdə yubileyini, təltif olunmasını təbrik etdiyim yazını verməyən adamlar "iqtidardan orden alıb” ittihamına qalxanda "sizin ədalətinizi Aqil Abbasın "Ədalət”i s..evsin” deməkdən başqa söz tapmadım! Tapdım e, dedim də, amma bilmirəm bu yubiley yazısında nə qədər uyğundur təkrarlamaq – çalışıram ədəbli şəklə salım deyim: "Birinə "əclaf” deyirsənsə hansısa prinsipə görə, əgər ədalətlisənsə, elə o prinsipə görə də elə "əclaflığı” öz "doğma qızın” edəndə ona da "əclaf” de! Öz "qız”ına demirsən, amma ayrısına deyirsən! Prinsip bir olmalıdır və hamıya eyni cür tətbiq olunmalıdır! Deyilmək növbəsi sənin "qız”ına çatanda susmamalısan!”
Nə isə... tovuzlular demiş, aaana raddolsunlar!
... Bu ölkədə hər şeyi və hər kəsi gözdən salmaqla məşğuldurlar, o cümlədən də ədaləti!
Atam son nəfəsinəcən bacardığını mənə etsə də, arada cəzanə gəlirdi, dilə gətirirdi, görürdüm bu kənd kişisinin xəyallarında mən indi göylərdə təyyarə sürməliyəm! Arqument o qədər tutarlı olmalıydı ki, adamın hövlü yerinə gəlsin. Deyirdim:
- Məmməd, bu ölkənin üç prezidenti didərgin salınıb, daxili işlər, xarici işlər, səhiyyə naziri, iqtisadi inkişaf naziri, spiker, baş nazir, milli qəhrəmanı türmədədir e, sən, sırıqlı pencək geyinən kişi, nə istəyirsən, oğlun harda olmalıdır ki? Hələ içəri qoymayıblar, şükür elə! O biri tərəfdən, harda işləməliyəm ki, bu ölkədə Mehman Fərzullayev, Şakir Yaqubov, Mehman Cavadoğu işsizdir e! Yaxşı, mən araq içdim axmaqlıq elədim, söyüş söydüm, hacı Mehman neyləyib, 1 il 3 aydır fasiləsiz oruc tutur! Şakir Yaqubov, Mehman Cavadoğlu neyləyib?
Və... Bakıya qayıdanda Şakir Yaqubovu... "Azərbaycan” nəşriyyatının qabağında gördüm. Salamlaşdıq!
Sevindim ki, yəqin işə düzəlib!
- Yox, Aqil Abbas özü axtarıb tapmışdı, dedi ki, yazılarımı verim, qonorar verəcək!
- Şaaakir müəllim...
- Nədi? İki qızın ikisi də tələbədir! Dərsə gedirlər...
Mənim nəzərimdə Şakir Yaqubov heç vaxt birinci olmasa da, həmişə "Birinci olmayan Birinci” olub! Görmüşəm, şahidəm! İndi... iki dəfə - Azərbaycan SSR-in və Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Şakir Yaqubov yazı yazıb gətirib yığdırıb çapa verirdi və qonorar alacaqdı!
Mənim Aqil Abbasa sonsuz sayğım, sevgim olsa da, Şakir Yaqubovun redaksiyaya yazı gətirib qonorar almaq ümidinə qalması - 45 il əvvəlki kimi, - heç də xoş deyildi, amma Şakir Yaqubov deyəndə ki, Aqil Abbas özü axtarıb... mən ədalətini söydüyüm dünyada Aqil Abbasın "Ədalət”inə səcdə edirdim.
Şakir Yaqubov "Azadlıq”da futboldan yazırdı, "Novator.az”-da "Yaddaşımın küncündən” silsiləsini, "Panorama”da atasıyla-anasıyla, özünün özüylə də iş yoldaşı olan Araz Zeynalovun baş redaktorluğu altında fasiləsiz çalışırdı!
Mən Aqil Abbasın "Ədalət”inin bu dünyanın pozulmuş mizan-tərəzisinə pərsəng verməsinə səcdə etməyə bilməzdim!
Azından 50 imzanın "yaşıl işığı” – bugünkü özünü müstəqil və azad mətbuatın nümayəndəsi sayan (tam olmasa da, bir çoxu o statusu qoruyur) "as” və "mübariz” imzalarının "baş məşqçisi” Mehman Cavadoğlu 60 illik yubileyini keçirtdi illər öncə! Və... illərləydi işsiz idi!
Bu gün "Ədalət”dədir, yazır, pandemiyaya qədər redaksiyaya gəlirdi! Onu redaksiyada görəndə dedim: "Atamı görsəydim burda, belə sevinməzdim!!!”...
Yenə səcdə etdim "Ədalət”in varlığına. Mehman bəyi "gözlərimiz görsün, ruhumuz şad olsun” deyə, artıq ünvan bəlliydi, bir bəhanəylə gəlib, əlini öpüb gözümüz üstə qoymaq şansı vardı!
Bu... Aqil Abbasın "Ədalət”ində və ədalətiylə nəsib olurdu!
Hər zaman işıqlı imzalar ocağı olub "Ədalət” dedim, ya...
Emin Piri ordadır indi!
Eminquey Akif ordadır indi...
Faiq Qismətoğlu – sevimli müəllifim əvvəldən ordadır!
Əbülfət Mədətoğlu – sevimli şairim çoxdandır ordadır!
Mahir Qabiloğlu olmasa da, yazıları ordadır!
İlqar Rəsul olmasa da, yazıları ordadır!
Əzizə İsmayılova orda olmasa da, yazıları ordadır!
Ayaz Arabaçı orda olmasa da, özbəöz öz qəzetidir!
Firuz Mustafanı orda görmək səadəti nəsib olur!
Fazil Mustafa da həmçinin – sosial şəbəkələrdə, digər yerlərdəki hətərən-pətərən, hərcayı müsahibələrindən fərqli olaraq, ağıllı, həqiqətən intellektual biri kimi tanıdığımız Fazil Mustafanı "Ədalət”də görən kimi oxuyuruq: Aqil Abbas axmaq yazıları vermir axı!
Seyran Səxavəti, Zakir Fəxrini ayrı harda görərsən ki? Tofiq Abdin daha çox harda yada salınır ki?
Xuraman Hüseynzadəni "Ədalət”dən tanımışam, sevmişəm yazılarını!
Aktyor, hüquqşünas, diplomat Rza Rzayevi imza kimi "Ədalət”dən oxumuruq ki?
Ümumiyyətlə, var elə bir imza ki, "Ədalət” ona qarşı ədalətsizlik etsin, görməzdən gəlsin!
İradə Tuncayın – oxucuları, pərəştişkarları, müəllifləri, əməkdaşları üçün... Ustad, Patron, Sultan, yazıçı, publisist, baş redaktor... - titanik zəhmətinin nəticəsində yaranan yazılarından kim feyziyab olmur ki, cəhənnəm əzabı boyda qəzet yükünü çiynində daşıyan maarifpərvər Məleykənin hansı yazısından vaz keçirsiniz ki?
Ədalətli olaq "Ədalət”ə və onun yaradıcı-yaşadıcı kollektivinə... ədalət naminə!
Və ədalətli olaq Aqil Abbası deputat olduğuna görə, dediyi fikirlərə görə!
Aqil Abbas Ağdamdan olub deputat seçilən sonuncu Ağcabədi əsilli ağdamlıdır!
Bu, onun haqqıdır... ədalətə görə və "Ədalət”inə görə!
İttiham edəndə heç olmasa bir gedin... deputatı olduğu bölgədə faydalılıq əmsalını araşdırın!
Bir faktı mən deyim: müqayisə edin Ağcabədidə Aqil Abbasdan əvvəlki təhsilin səviyyəsini Aqil Abbasın deputat olduqdan sonra nail olduğu göstəricilərlə. Birinci ondan başlayın: nə qədər fərq var abituriyent qəbulunda!
Siz Aqil Abbasdan nazir işini, icra başçısı işini niyə umursunuz ki? Deputatdır, a kişi – qanunverici orqanda qanunların qəbul edilib-edilməməsinə düymə basmaqdan ibarətdir ilk işi! Sonra müzakirələr zamanı çıxışları gəlir, sonra vətəndaşların arzu, şikayət və təkliflərini dinləmək, çatdırmaq əlaqədar orqanlara, mükəlləf şəxslərə!
Həll etmək, icra etmək səlahiyyəti yoxdur, a kişi!
Yazmaq?.. Hamınızdan çox yazır da! Gündə 16 səhifə!
Bəs eləmir təbrik etməyə, "sağ ol” deməyə?
Bəyənmədiyiniz fikirlərini sizin bəyəndiyiniz kimi deyəndə inqilab edirsiniz ki?
Deputatlığınızı da edir, qəzet də buraxır sizin üçün! Qəzetinə aldığı pulu evinə aparır, ya oğlanlarına ev üstündən ev alır?
Düzdür, Aqil Abbas verdiyini, etdiyini deyən deyil, amma nə yeri var "Ədalət” qəzetində sürmanşet verməyin: "Azərbaycan Respublikası Milli Məclisinin deputatı maaşını Aqil Abbas alır – ikinci dəfə dalbadal və... aldığı maaşı seçicilərinə xərcləyir! Hətta ayrı yerdən aldıqlarını da!”
Etirazınız yoxdur?
Di onda ədalətli olun, təbrik edin!
Adam yubileyi, ad gününü təbrik edər, umu-küsünü, ittihamı sonraya saxlayar.
Bunu və belə ədalətli və kişi adamlar edir!
Haydı, mənim ədalətli və kişi dostlarım: ayaq üstə, gurultulu, sürəkli, ardı-arası kəsilməyən alqışlarla
ƏDALƏT naminə "Ədalət” eşqinə!

P.S. bilirəm, çoxunun ürəyindən keçir ki, desin Aqil Abbas əvvəlki Aqil Abbas deyil! Amma ağ eləməyək də: Aqil Abbas elə həmin Aqil Abbasdır, "Ədalət” də həmin "Ədalət” – maarifpərvər, dövlətinin və xalqının yanında olan! Ədalətli və "Ədalət”li olaq!



TƏQVİM / ARXİV