adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 May 2023 15:15
820
ƏDƏBİYYAT

“Misra-misra şeirə dönən sözəm mən”... - Zemfira Məhərrəmli yazır

Dayandur Sevginin poeziyası barədə mülahizələrim

 

Tanınmış şair-publisist, dəyərli qələm dostumuz Dayandur Sevginin ədəbiyyata gəlişi ötən əsrin 80-ci illərinin əvvəllərinə təsadüf edir. Uzun illər millətlərin azadlığının qənimi olan, artıq boyunduruğa çevrilmiş sovet rejiminin çöküş dövrü yaxınlaşırdı və bu, qaçılmaz idi. Az sonra Qarabağ hadisələri həyatımızı çulğalayacaq, öz məngənəsinə salacaqdı. Dayandur müəllim ədəbiyyata belə bir vaxtda qədəm qoymuşdu.

Oxucular, yəqin ki, onun iyirmi ildən artıq müddətdə “Kaspi” qəzetinin ədəbiyyat əlavəsində dərc edilən yazılarını yaxşı xatırlayırlar. Bəs, “Üçrəngli göy qurşağı”, “İkinci addım” və digər şeir kitablarının müəllifinin yaradıcılığında fərdilik, özəllik nədədir? Dayandur Sevgin illər ötsə də, onu ahənrübatək çəkən ədəbiyyata rəğbətini, məhəbbətini qoruyub saxlamış, poeziyamızı mövzu rəngarəngliyi, forma müxtəlifliyi ilə seçilən canlı, diri şeirləri ilə rövnəqləndirmişdir. Ərsəyə gətirdiyi sevgi şeirləri, yurdun təbiətini tərənnüm edən, yaxud ayrı-ayrı şəxslərə yönəlik adlı-ünvanlı misraları, habelə ictimai-siyasi hadisələrə həsr olunmuş bədii nümunələri Sevgin poeziyasının canını təşkil edir. Söz adamının şeirlərini oxunaqlı edən onun həm də folklorumuza bağlılığı, aşıq yaradıcılığında geniş yayılmış lirik şeir şəkli olan gözəlləmələrə, habelə qoşma və gəraylılara müraciət etməsi, milli poeziya ənənələrimizi yaşatmasıdır.

Müstəqillik dövrü poeziyamızda öz yeri, mövqeyi var Dayandur Sevginin. İlhamına sığınıb, haqqa söykənən şairin yaradıcılığında Vətən sevgisindən barınan şeirlər də mühüm yer tutur. Dayandur müəllimin Vətən sevgisi, onun ailəsinə, övladlarına, nəvələrinə olan sevgisi qədər saf və səmimidir. Özü deyir ki, bu sevgi hər şeyin fövqündə durur:

 

Yoxdu bu dünyada sənə tay, Vətən.

Borcunu ödəyəm əməllərimlə.

Sən mənim gözümsən, gözümsən, Vətən,

Səni qoruyaram kirpiklərimlə.

 

Müəllifin əvvəlki illərdə yazdığı, poetik ovqatının əks-sədası olan neçə-neçə şeiri qəm-kədər içindən boy verir, uzun illər yanıb qovrulduğumuz Qarabağ dərdimizdən, xəyanətkar, xəbis qonşunun əliylə köksümüzə sancılmış xəncər yarasından, urcah olduğumuz qanlı savaşda əzizlərini itirən, hətta məsum körpəsi yağı gülləsinə tuş gələn analarımızın bala dərdindən söz açılır. Şairin “Zəhraya ağı” şeiri bu qəbildəndir. Hələ 2017-ci ilin iyulunda Füzuli rayonunun Alxanlı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalmışdı. Tikililərə, əkin sahələrinə xeyli ziyan dəymiş, dinc sakinlər gülləbaran edilmişdi. Kəndin sakini Sahibə Quliyeva və nəvəsi, azyaşlı Zəhra qətlə yetirilmişdi. Hər birimizin insanlığa sığmayan bu qətliamdan sarsıldığımız günlərdə şair “Zəhraya ağı” şeirini yazmışdı:

 

Ağı deyim sənə necə,

Ağı dilimdən, Zəhra.

Nənəmi yanındaydı?

Qorxmadın ölümdən, Zəhra.

 

Nağıldan çıxdı düşmən,

Yaz ömrünə qış gəldi.

Zəhra alma gözləyirdi,

Qəfil gülləyə tuş gəldi.

 

“Bütün savaşları kişilər başlasa da, ən çox əziyyət çəkən qadınlar və uşaqlar olur” fikri sözün bu məqamında yerinə düşür. Qarabağ müharibəsinin məsum qurbanlarından olan, oyuncağı ilə birgə qana bələnmiş qızcığaza uşaq diliylə müraciət edən şair düşmənin iç üzünü, yaramaz xislətini açıb göstərir:

 

Nağılın şirin yerində,

Gör bəxtinə nələr düşdü.

Göydən üç alma düşmədi,

Göydən güllələr düşdü.

 

Təsəllimiz isə o idi ki, heç bir suçu olmayan körpə Zəhra Tanrı dərgahındadır:

 

Tanrı dərgahındadı,

Bu dünyaya baxmaz Zəhra.

Nənəsi yanındadı,

Yəqin darıxmaz Zəhra.

 

Düşmən əsarətində qalan yurd yerlərimizin xiffətini, acı nisgilini ürəyindən çıxara bilməyən şair Qarabağ düyününün açılacağı günün intizarındaydı. “Ağrılar, acılar minbir biçimdə, üzümdə təbəssüm, ancaq içimdə ağlayan gözləri görən olmadı” deyən şair digər şeirində bədbin fikirlərdən, dərd-ələmdən silkinib çıxır:

 

Zalım fələk, elə bilmə hər dərddən,

Bu dünyadan küskün olam, bezəm mən...

Karvan-karvan dərd gəldikcə üstümə,

Misra-misra şeirə dönən sözəm mən.

 

Şair “Vətəni qorumaq, əzəli torpaqlarımızı əsarətdən qurtarmaq üçün yetkin, mübariz olmaq lazımdır” qənaətinə gəlir:

 

Haqsızlığa qılınc çalan yağıyam,

Haqq yolunda körpülərin tağıyam, − deyir şair.

 

Yaxud:

 

Ürəklərdə nalədi, qulaqlarda top səsi,

Qaramat zindan idi azad olan ruhumuz.

İndi-indi düzəlir belimizin əyrisi,

İçimizdə boy verir, dikəlir qürurumuz.

 

Dayandur Sevginin bədii nümunələri acılı-şirinli gerçəkliyə fərqli yanaşması, bədii idrakı həyatın qatlarına enməklə əks etdirməsi ilə seçilir. Şairin Aprel şəhidlərinə həsr etdiyi şeirləri onun işğal olunmuş torpaqlarımızın düşməndən tezliklə təmizlənəcəyinə inamının ifadəsi idi. Söz adamının fikrincə, Aprel döyüşçüləri öz hünərləri, yağını geri oturdan həmlələri, Lələtəpəyə üçrəngli bayrağımızı sancaraq, sonralar qazanacağımız böyük qalibiyyətin təməlini qoyanlardır. Bu qanlı döyüşlərdə şəhid olmuş palkovnik Sənan Axundovun xatirəsinə həsr etdiyi şeir həmin mətləbləri yada salır:

 

Salam, şəhidliyə ucalan igid,

Mübarək adına-sanına alqış.

Beş arşın kəfənə deyil, müqəddəs

Bayrağa rəng verən qanına alqış.

 

Demərəm arzular qaldı yarımçıq,

Demərəm ulduztək söndü o gecə.

Bir evin yeganə oğluydun, indi

Bir xalqın oğluna döndün o gecə.

 

Həmişə gənc qalacaq, şəhid adının ucalığıyla yurduna göz aydınlığı gətirən oğullar ölümsüzdür, əbədiyaşardır:

 

Gözü üstə olar hər əsən mehin,

çəkər keşiyini adi daşın da.

Yazan düz yazıb ki, “ana kimidi,

elə oğullar da sərhəd başında”.

 

Rahatlıq gətirər yuxusuzluğu,

Dan yeri sökülər gözündən onun.

Sübhəcən tətikdə qalan barmağı,

Qoymaz çıxan olsun sözündən onun.

 

Şair elin-obanın keşiyində ayıq-sayıq dayanan əsgərlərimizi toxtaqlıq yerimiz, arxa-dayağımız, “yurdun yenilməzlik bayrağı kimi ərk yerimiz” hesab edir. Dayandur Sevginə görə, “yurdun yuxusunu şirin gətirənlər” başdan-binədən sayıq olan, sükutun səsini belə gözdən qaçırmayan, əli tətikdə “oyaq qalan” Vətən müdafiəçilərdir. Qışın sazağında, yayın qaynar istisində səngərdə gözüaçıq, sərvaxt olan əsgər barədə belə deyir vətənpərvər şair:

 

Vətən sevgisiylə, yurd sevgisiylə,

İlahi, nə qədər yaxındı mənə.

 

Dörd günlük Aprel döyüşləri 44 günlük Vətən müharibəsinin başlanğıcı idi. Düşmənlə savaş labüd, qaçılmaz idi. Harayımızı sərt maneələr batırırdı. İşğal edilmiş yurd yerlərimizin başı üstündən ağlar buludlar hələki çəkilməmişdi. Qara duman, çən bağrımızı çatladırdı. Azğın düşmənin təxribatları isə ara vermirdi. Müdrik Sərkərdəmizin qətiyyəti, Azərbaycan Ordusunun əzmi, əsgər və zabitlərimizin rəşadəti ilə 44 günlük Vətən savaşımız qalibiyyətlə nəticələndi. İndi şair və yazıçılarımız möhtəşəm Qələbəmizə köklənmiş əsərlər yaradırdı. Ədəbiyyat da, sənət də Zəfərimizi əks etdirməliydi. Torpaq naminə döyüşmüş, canından keçmiş real qəhrəmanları bədii qəhrəmanlara çevirmək zamanıydı. Qələm dostları kimi, Dayandur Sevgin də zəfər şeirləri yazır, Azərbaycan bayrağını vəsf edirdi:

 

Millətimin fəxridi, haqqa gedən yoludu,

Koroğlumun qılıncı, Babəkimin qoludu,

Müstəqillik günəşi, azadlıq simvoludu,

Seyr elə, igid əsgər, dalğalanan bayrağı.

Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!

 

Biz həm döyüşdə, həm də siyasətdə qalib gəldik. 44 gün çox böyük müddət olmasa da, müzəffər ordumuz tarix yazdı. Bütün dünya Azərbaycan oğullarının hünərinin şahidi oldu. Şairin fikrincə, indi dünyanın gözünə dik baxa bilərdik:

 

İndi qaçan görürük meydan sulayanları,

Yağış kimi süzülür Qarabağda qanları,

“Qovduq iti qovan tək, daban yalayanları,”

Azərbaycan xalqına Ali Komandan deyir.

 

 

Zemfira Məhərrəmli

yazıçı-publisist