adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Dekabr 2016 13:00
19336
ƏDƏBİYYAT

Metroda öz-özünə gülən qadın

Adalet.az Oğuz Ayvazın "Metroda öz-özünə gülən qadın" yazısını təqdim edir.


Gündəlik metro istifadəçilərindən biriyəm. Vaqonda olanda ya kitab oxuyuram, ya da qulaqcıqdaretro mahnılar dinləyirəm. Bunların heç biri olmayanda isə gözümü insanlaratuşlayır, başlayıram saman altdan müşahidələrimə. Hər axşam işdən çıxandametroda tünlük olur. Qatara minməyə tələsən adamlar bir-birinə yer vermədən,gözləmədən vaqona Səlib yürüşü edirlər.


Gözlərimiz tuneldən gələn işığa yönəlmişdi. Yanımdakıinsanları müşahidə edirdim. Nəhayət qatar gəldi, nəfəsini dərdi və insanlar tezbazar özlərini vaqonlara dürtdülər. Özümü bir qırağa verib gözlərimi bu yorğuninsanların üzünə tuşladım.


Yaşlı bir adam ayaq üstə fikirli-fikirli tavanabaxırdı. Üzündəki qırışlardan anlaşılırdı ki, hekayəsi olan birisidir. Yəqin,işdən çıxıb evə gedir. Sabahı düşünür.


Yanındakı gənc oğlan isə planşetində diqqətlə nəyəsəbaxır. Həyatdan tamamilə təcrid olunub. Ətrafındakı insanlar, metronun uğulutusəsi onun vecinə deyil. Üzündə sızanaqlar görünür. Yaşını təxmin edirəm. Çoxgüman ki, 18-19 yaşı olar. Gözlərimi arxa tərəflərə fırladıram. Eynən birrejissor kimi kameranın istiqamətini dəyişirəm.


Bir qadın diqqətimi çəkir. Gözləri qapalı, üzündə birtəbəssüm. Bəzən isə gülümsüyür. Ətrafında üzlərindən mürdəşir yağan yorğun,miskin adamların arasında belə bir qadın tapmaq samanlıqda iynə axtarmaq kimibir şeydir. Hər kəsin üzündə eyni ifadə mövcuddur: yorğunluq! Bu qadın niyəöz-özünə gülür, fikirləşməyə başlayıram. Yəqin ki, bu gün ona çox adamkompliment deyib. Ya da uşaqlığı yadına düşüb. Xəyallarında qırımızı laləli düzənliklərdəqaçır, çərpələng uçurur...


"Ulduz” stansiyası. Sükutu "Ulduz” stansiyasındakı ikideyingən xala pozdu. Qapılar bağlanır, növbəti stansiya "Koroğlu”. İçəri girən xalalardan biri "ağez, sən gələssən?”deyə rəfiqəsinə dedi. Yoox! - sərt bir cavab digər xalanı əsəbiləşdirdi. Heç gələngünün olmasın! Vaqonun o başından gələn xəfif gülüşləri eşitmək olurdu. Sükutuartıq yorğun təbəssümlər əvəz etmişdi.


Hə, mən artıq yerimi yaşlı qadın və ərinə vermişdim.Qadın çox gözəl, kişi də çox yaraşıqlı idi. Cütlük bir-birini tamamlayırdı.Kişi yer verdiyimə görə çantamı saxlayırdı. Digər tərəfdən də içkili, yekəqarınkişi ilə pudralı, ətirli-qoxulu, yekəxana bir qız diqqətimi cəlb edirdi.Kişinin dünya vecinə deyildi. Tam bir sərxoş tablosu. Qız üzünü turşudur, ondanuzaqlaşmağa çalışırdı. Ancaq tünlük onun uzaqlaşmasına mane olurdu. İçki iyi vəqızın ətri bir-birinə qarışaraq qəribə bir qoxu yaradırdı. Qımışdım. Qəfilvaqonun aynasında üzümü gördüm. Əksim mənə gülürdü.İnsanların düşüncələri, xəyallarıilə sintez edə-edə son stansiyaya gəlib çıxdıq. Qatar elə bil öskürdü. İnsanlarqarışqa kimi səpələndilər. Platformada onların gedişlərini seyr etdim. Az sonraisə növbəti qatar gəldi.