adalet.az header logo
  • Bakı -°C
17 Noyabr 2026 16:33
47
MEDİA
A- A+

Mətbuat Şurası İdarə Heyəti üzvünün müəllifi olduğu sənədli film COP31-də nümayiş edilib

Türkiyənin Antalya şəhərində davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Mətbuat Şurasının İdarə Heyətinin üzvü Ayaz Mirzəyevin sədri olduğu "Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən çəkilmiş "Bir ovuc dünya” ( A Handful of World) sənədli filminin xüsusi nümayişi olub. Noyabrın 16-da keçirilmiş nümayiş COP31-dəki Azərbaycan pavilyonunda gerçəkləşib.

Bununla bağlı toplantıda çıxış edən A.Mirzəyev bildirib ki, Ermənistanın Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosidə dair film işğal illərində yaşananların sənədli vizual yaddaşıdır. Ekran əsərindəki hər bir kadr müəyyən ərazinin, təbiət mənzərəsinin və baş vermiş hadisənin gələcəkdə elmi araşdırmalar və ekoloji qiymətləndirmələr üçün də əhəmiyyətli mənbə kimi nəzərdən keçirilməsinə imkan verir. Başlıca məqsəd ekoloji dağıntıların miqyasını, nəticələrini və gələcək nəsillər üçün daşıdığı önəmi diqqətə çatdırmaqla yanaşı, beynəlxalq auditoriyanı da bu barədə məlumatlandırmaqdır. Belə məlumatlandırma isə təbiətə vurulan zərərin yalnız indinin deyil, gələcəyin də problemi olduğunu vurğulamaq baxımından zəruridir. A.Mirzəyev həmçinin filmin ərsəyə gəlməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə də minnətdarlığını bildirib.

Qeyd edək ki, nümayişə "Great Whale Conservancy” təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax, BMT-nin COP29 üzrə yüksəksəviyyəli iqlim çempionu Nigar Arpadarai, COP31-ə qatılan ekologiya sahəsi üzrə beynəlxalq mütəxəssislər, alimlər, ekspertlər, vətəndaş cəmiyyətlərinin nümayəndələri qatılıb, mövzu ətrafında müzakirələr aparıblar.

Onu da bildiririk ki, "Bir ovuc dünya” sənədli filminin ilk nümayişi 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində reallaşıb.