adalet.az header logo
  • Bakı -°C
16 Dekabr 2025 16:52
76
SİYASƏT
A- A+

Məşhur Məmmədov: "İlham Əliyevin amnistiya təşəbbüsü minlərlə ailəyə ümid və sevinc bəxş edəcək"

Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan edilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs dövlətimizin humanist siyasətinin, sosial ədalət və vətəndaşa qayğı prinsipinin növbəti bariz nümunəsidir. Bu təşəbbüs minlərlə ailə üçün yeni ümid, sevinc və mənəvi rahatlıq deməkdir.

Milli Məclisin deputatı Məşhur Məmmədov mətbuata açıqlamasında bildirib ki, dövlət başçısının bu addımı Azərbaycan dövlətinin gücünün yalnız hüquqi mexanizmlərdə deyil, eyni zamanda mərhəmət və bağışlama dəyərlərində ifadə olunduğunu bir daha təsdiqləyir.

“Prezident İlham Əliyevin amnistiya təşəbbüsü göstərir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır. Bu qərar təkcə hüquqi akt deyil, eyni zamanda insan taleyinə, ailə institutuna və cəmiyyətin sağlam inkişafına verilən böyük dəyərdir. Amnistiya cəmiyyətə yenidən inteqrasiya imkanlarının genişləndirilməsinə, sosial sabitliyin möhkəmlənməsinə xidmət edir”, – deyə deputat vurğulayıb.

Millət vəkili qeyd edib ki, dövlətimizin həyata keçirdiyi ardıcıl hüquqi və sosial islahatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ədalətli, güclü və humanist idarəçilik modelinin formalaşdığını açıq şəkildə nümayiş etdirir.

“Amnistiya aktının 20 mindən çox şəxsi əhatə edəcəyi gözlənilir. Bu isə təkcə məhkumlar üçün deyil, onların ailələri və bütövlükdə cəmiyyət üçün mühüm sosial-siyasi əhəmiyyət daşıyan tarixi qərardır”, – deyə deputat əlavə edib.