adalet.az header logo
  • Bakı -°C
12 Oktyabr 2026 13:29
89
GÜNDƏM
A- A+

Məktəbli forması şagirdlərdə intizam və məsuliyyət hissini gücləndirir - Ceyran Mahmudova

Məktəblərdə vahid geyim qaydalarının tətbiqi şagirdlər arasında bərabərlik prinsipinin qorunmasına, intizam və məsuliyyət hissinin formalaşmasına, eləcə də sağlam təhsil mühitinin yaradılmasına xidmət edir.

Adalet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova deyib.

O bildirib ki, məktəbli forması məktəbin vahidliyini ifadə etməklə yanaşı, şagirdlərə müəyyən edilmiş qaydalara hörmətlə yanaşmağı və kollektiv həyatın tələblərinə uyğun davranmağı da öyrədir.

C.Mahmudovanın sözlərinə görə, uşaqların məktəb yaşlarından məsuliyyətli davranışa alışması vacibdir.

"Şagirdlər və valideyləri də hər bir kollektivin öz qaydalarının olduğunu və həmin qaydalara əməl etməyin ümumi mühitin sağlamlığına xidmət etdiyini anlamalıdırlar. Məktəbli formasına riayət də şagirdlərdə intizam, məsuliyyət və öz davranışına nəzarət kimi keyfiyyətlərin inkişafına müsbət təsir göstərə bilər".

O qeyd edib ki, vahid geyim qaydaları şagirdlərin geyimlərinə görə müqayisə edilməsinin və maddi imkan fərqlərinin məktəb mühitində qabardılmasının qarşısını müəyyən dərəcədə alır. Məktəbdə əsas meyar geyim deyil, şagirdin biliyi, bacarığı, davranışı və şəxsi keyfiyyətləri olmalıdır.

Rektor vurğulayıb ki, hər bir uşağın özünü bərabərhüquqlu təhsil mühitinin üzvü hiss etməsi sağlam məktəb atmosferinin formalaşması baxımından əhəmiyyətlidir.

C.Mahmudova vahid geyim qaydalarına əməl edilməsini tərbiyə və mədəniyyət məsələsi kimi qiymətləndirib. Onun fikrincə, əsas məsələ qaydalara formal şəkildə əməl etmək deyil, onların mahiyyətini dərk etməkdir.

O əlavə edib ki, məktəbin vəzifəsi bu prinsipləri şagirdlərə yalnız sözlə deyil, gündəlik münasibət və davranış nümunələri ilə də çatdırmaqdır. "Məktəbdə formalaşan mədəniyyət gələcək cəmiyyətin mənəvi mühitinə də təsir göstərir", - o bildirib.

Xatırladaq ki, 2026-cı il sentyabrın 21-də Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.