MƏKTƏB İLLƏRİ...
... Onlar, yəni mənimlə orta məktəbi bitirmiş sinif yoldaşlarım tez-tez yuxuma girirlər. Və yuxuma girən sinif yoldaşlarımı görəndə çox sevinirəm. Çünki bəzilərini açığı uzun illərdir görə bilmirəm və görə bildiklərimlə də vaxt qıtlığına görə söhbət də eləmək olmur. Ancaq xeyirdə, şərdə və bir də vətənim Gürcüstanın Bolinisi rayonunun Faxralı kəndinə yolum düşəndə onlarla görüşürəm. Inanın, orta məktəbi bitirməyimizdən 50 ilə yaxın vaxt keçir, uşaqlarımızın çoxu baba olub, nənə olub və bəzən də saçlarına qar yağan o babaları, nənələri görəndə tanıya bilmirik. Axı uzun müddət bir-birimizi görməmişik. Yadıma məşhur bir şeir “Məktəb illəri”nin aşağıdakı misraları düşür:
Məktəb illəri, Ömrümün ən şirin,
duyğulu, qayğısız günləri.
Hər anı bir ömrə bərabər, sehirli günləri,
Ən təmiz arzulu günləri...
... Elə bil hər şey dünən olub. Amma elə ki, xatirələri yada salırsan, ötən günləri xatırlayırsan, bir çox şeyləri görürsən ki, heç də hər şey anidən baş verməyib. Bütün hadisələr 50 ilə yaxın bir zaman kəsiyində baş verib. Və bu zaman kəsiyi də bizim hər birimizin xatirəsində, yaddaşında və dünyasında silinməz izlər qoyub. O izlər ki, onu zamanın küləyi, şaxtası, qarı, tufanı silə bilməyib və silə də bilməyəcək.
... Bir-bir sinif yoldaşlarımı xatırlayıram. Gözümün qarşısına Musa Məmmədov (Allahın rəhmətinə gedib), Tofiq Bədəlov, Qurban Zamanov, Solmaz Zamanova (o da rəhmətə gedib) və digər şagird dostlarımız gəlir. O şagird dostlarımız ki, onlarla Faxralı kəndində 10 il bir yerdə oxumuşuq. Düz 10 il o məktəbə gedib gəlmişik. O məktəbdə təlim-tərbiyə və dərs almışıq. O məktəbdə bizim hər birimizin bir dünya xatirəsi var. Mən Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsini bitirmişəm. Düzdür, tələbəlik illərinin öz şirinlikləri, öz xatirələri və öz gözəllikləri var. Amma orta məktəb illəri və sinif yoldaşları tamamilə başqa bir dünyadı. Çünki 10 il bir yerdə oxumaq, müəllimlərimizi eşitmək, onların göstərdikləri yolla getmək və bəzən müəllimlərin dediklərinə əməl etməyib, dəcəllik etmək, dərsdən qaçmaq və hətta bir-birimizlə dava-dalaş etmək o illəri bizə daha da doğmalaşdırıb. Ən azından ona görə ki, bizim bu 10 ildə, yəni məktəb illərində sayı-hesabı bilinməyən çoxlu xatirələrimiz var.
Mənim bir sinif yoldaşım da var – Səlminaz Əsədullahqızı. Elə orta məktəb illərindən ədəbiyyata, poeziyaya böyük maraq göstərirdi. Ona görə də N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil oldu və oranı uğurla bitirib Faxralıya qayıdaraq 1 nömrəli tam orta məktəbdə ixtisasına uyğun işləməyə başladı. Onun bayaq dedidiym kimi, şeirə, poeziyaya həvəsi heç də ötəri deyildi. Və bu, zaman-zaman şeirə çevrilirdi. Günlərin birində Səlminaz Əsədullahqızı həmin şeirləri toplayıb “Durnalar köç edəndə...” başlığı altında kitab kimi çap etdirdi. Bu kitabda onun bir-birindən gözəl şeirləri, məqalələri və portret oçerkləri toplanıb. O, sinif yoldaşlarına neçə-neçə şeir həsr edib. Həmin şeirlərdən birini də rəhmətlik Solmaz xanıma və mənə ithaf edib. Şeir də belə adlanır: “Məktəb illərimiz yadıma düşdü”. Həmin şeirdən bir bəndi xatırlamaq istəyirəm:
Mən idim, sən idin, bir də ki, Solmaz,
Deyərdilər sizin tək dostlar olmaz.
O günlər yaşayır, heç vədə solmaz,
Məktəb illərimiz yadıma düşdü.
Bizim çox savadlı, çox istedadlı və çox da tələbkar orta məktəb müəllimlərimiz olub. Onların hər biri öz gözəl xarakteri, xasiyyətilə əbədi olaraq yaddaşımıza həkk edilib. Bir-bir o müəllimlərdən bir neçəsini xatırlamaq istəyirəm: Əli Səngərli (Azərbaycan dili və ədəbiyyat), İmdad Mikayılov (tarix), Bahar Mikayılova (bilologiya), İslam Göyüşov (rus dili), Rəhim Mahmudov (fizika), Nəbi Gülməmmədov (riyaziyyat), Sədrəddin Namazov (riyaziyyat) və ibtidai sinif müəllimimiz şair İsmayıl Güllər. Bu müəllimlər tək bizim yaddaşımızda deyil, Faxralıda dərs dedikləri bütün şagirdlərinin yaddaşında qalıblar. O müəllimlər ki, bizim savadlı və insan olmağımız üçün heç nəyi əsirgəməyiblər. Və bəzən ipə-sapa yatmayan sinif yoldaşlarımızın qulağının dibinə bir şillə vurublar ki, o şillə dəcəl uşağı əyri yoldan çəkindirib və adam eləyib. Və bizim müəllimlər həm də övladları qədər, balaları qədər şagirdlərini çox istəyirdilər. Övladlarını necə görmək istəyirdilərsə, bizi də o cür görməyi arzulayırdılar. Yolunu çaşan və bəzən də həddindən artıq dəcəllik edən uşaqlar o müəllimlərdən qorxaraq düz yola qayıdırdılar.
Kim nə deyir desin, 60-70-ci illərin müəllimləri bir ləyaqət, bir vicdan, bir ziyalı simvolu idi. Çünki onlar özlərini əsl müəllim kimi aparırdılar. Və onlar onu da təlqin edirdilər ki, bu cəmiyyətdə hər hansı vəzifəni tutmamışdan öncə insan olmaq lazımdır, adam olmaq lazımdır. Ona görə də bu müəllimlər 50-100 il keçsə də, heç vaxt bizim yaddaşımızdan və tarixdən silinməyəcək. Xalq şairi Zəlimxan Yaqubun bu misraları yada düşür:
Baxmağa güzgüsü, aynası yoxdur,
Yüz il yaşasa da mənası yoxdur.
Diri ölülərin dünyası yoxdur,
Bu dünya əbədi dirilərindir.
Mənim orta məktəb müəllimlərim də, sinif yoldaşlarım da, hətta onların arasında dünyasını dəyişənlər olsa da, həmişə, hər zaman diridirlər və bizim aramızdadılar. Yenə bir söz, bir kəlam yadıma düşür:
Ocağında dövlət daşa, var daşa,
Dostun yoxsa, kasıblardan kasıbsan.
Biz sinif yoldaşlarımızla həm də dost idik. Elə indiki kimi dost yox ey, o dost ki, sevincimizi də, kədərimizi də bölməyi bacarırdıq. Ən azından ona görə ki, bizim çox böyük xatirələrimiz var. Və kəndə yolum düşəndə elə ilk növbədə müəllimlərimi, sinif yoldaşlarımı axtarıram. Faxralıda iki tam orta məktəb var və hər iki məktəb mənim üçün doğmadır.
... Sinif yoldaşlarımı görəndə, onlarla söhbətləşəndə yenidən o illərə, o günlərə qayıdırıq, o qayğısız, o şirin məktəb illərinə! Əgər mənə desəydilər ki, zaman geri dönsəydi, sən nə arzulayardın? Düşünmədən cavab verərdim: orta məktəb illərinə dönmək istəyərəm! Çünki o illər bizim dərdsiz, kədərsiz, atalı-analı günlərimiz idi. Və o illər bizi bu günə aparan yollar idi.
... Indi çatmışıq bu günə, 50 ilə yaxın zirvədən məktəb illərinə baxırıq. Nə qədər kövrək, nə qədər həyəcanlı və nə qədər də yaddan qalan bir zaman. Bu günə də min şükür! Çünki sinif yoldaşlarımla tez-tez olmasa da, bir-birimizdən xəbər tuta bilirik. Uğurlarımıza sevinirik, balalarımızı, nəvələrimizi görüb yenə Allaha şükür eləyirik. Çünki bizim yolumuzu davam etdirən övladlar və nəvələr var...
Səməndər MƏMMƏDOV
Yazıçı-publisist, Prezident təqaüdçüsü


Bakı -°C

