adalet.az header logo
  • Bakı 13°C
17 Noyabr 2021 11:07
3054
MÜSAHİBƏ

“Allahdan sonra ikinci yaradıcı Qadındır” - MÜSAHİBƏ

Həmsöhbətimiz şairə Sara Selcandır.

 

-Bir ara ədəbi mühitdə çox aktiv idiniz. Son illərsə belə deyil.

 

-Deməzdim ki, ədəbiyyatdan uzağam.Əslində olduğum hər yerdə gözəlim ədəbiyyatlayam. Düzdür, son vaxtlar az yazıram,az dərc olunuram. Bunun əsas səbəbi isə analıq missiyam və müəllimlik fəaliyyətim ilə bağlıdır. Çalışıram ki yetişdirdiyim övladlarım-şagirdlərim layiqli vətəndaş kimi,hərtərəfli şəxsiyyət kimi yetişsinlər.

-Bizim mühitdə adətən xanım yazarlar ilk mərhələdə çox aktiv görünür. Sonrasa qeybə çəkilir.

 

-Allahdan sonra ikinci yaradıcı Qadındır. Qeyb olmanın səbəblərindən biri də istedadın tükənməsi deyil, özünü ailəyə, işə həsr etməkdir.Yəni qadın tək özü üçün yaşamır, qayğıları çoxdur, bir sözlə qadının yükü ağırdır. Elə bu səbəbdən də kişi yazarlar özünü daha uğurlu təsdiq edir. Bu cür deməyimə baxmayın, mən feminist deyiləm. Reallıqdan danışıram.

 

-Siz də hiss etmisinizsə, tək xanımlar arasında deyil, cəmiyyətdə şeirə olan həvəs, maraq azalıb. Sanki bir mərhələ idi, oldu keçdi.

 

-Ədəbi mühiti izləyirəm.Düzdür,bir neçə il öncəyə baxanda azalıb,amma yenə də uğurlu imzalar var, yaxşı şeirlər yazılır.Lakin əvvəlki kimi axın yoxdur.Bəlkə də belə yaxşıdır.

 

Az yazmaq və az dərc olunmağımın səbəbi analıq missiyamdır

 

 

- Hacıqabulda müəllimlik edirsiniz. Bakıdan uzaqda bir kənddə təhsil həyatı necə gedir?

 

-Çox maraqlıdır. Kənd həyatına, kənd uşaqlarına siz də bələdsiniz. Bu uşaqlar çox saf olur,onların arzuları özlərindən böyük olur.Bu balacaların arasında özümü xoşbəxt hiss edirəm. Çünki müəllimlik də bir növ yaradıcılıqdır. Burda hazır reseptlə işləmək olmur. Uşaqlarla işləmək insanı saflaşdırır.Şagirdləri elmə həvəsləndirdikcə,onlarla işlədikcə nikbinliyim artır,zövq alıram.

 

-Ədəbi mühitin bir sıra imzaları ilə onlayn görüşlər keçirirsiniz. Bir növ canlı çətin görünən görüşləri onlayn təşkil etmək məktəbliərə, region şagirdlərinə nələr qazandırır.

-Pandemiya dövründə bir çox tanınmış imzalarla görüşümüz oldu. Rəşad Məcid, Qəşəm Nəcəfzadə,Əjdər OL kimi ədəbiyyat adamları ilə görüşümzü oldu.Virtual dünyanın imkanlarından istifadə edərək şagirdlərimizin bu imza sahibləri ilə görüşməsi həqiqətən,bizim uşaqlar üçün hadisədir. Bir biləsiniz ki onlar bu görüşə necə həvəslə hazırlaşırlar. Bu, onların ədəbiyyata marağını artırır, mütaliəyə həvəsləndirir,daha da yaxşı oxumağa, sıradan biri olmamağa ruhlandırır. Mən həm də öz rayonumuzun şagirdlərini dünya azərbaycanlıları ilə,Kanadadakı Qarabağ məktəbi ilə,Türkiyədəki M.İbrahimov adına məktəblə, onların müəllim və şagirdləri ilə sız əlaqəsinə çalışıram.Şagirdlərimin azərbaycançılıq məfkurəsi ilə yetişməsinə can atıram.Bu amal uğrunda bir çox keçilməzləri asan etməyə çalışıram.

-Ləqəbiniz Selcandır. Adətən ləqəb kimi ata adını, soyadını götürürlər. Sizdəsə bir xanım adıdır. Hansısa özəl səbəbi var?

 

-Özümü dərk edəndən içimdə su kövrəkliyi hiss etmişəm.Xalq musiqimiz var:Sellər aparsın Saranı.Yəni Sara sellərindir. Dədə Qorqud dastanından da Selcanı çox sevirdim.Bu üç səbəb- içimdə su bəyazlığı,sellər aparan Sara və Selcan xatun doğmalığına görə Selcan imzasını seçdim. İlk şeirlərimdən biri də budur Sara Selcanın gəlişini deyən

Bu Saranı daş el aparır,

Axan Arpaçayı deyil,

Fələyin verdiyi açar,

Hayıf,bəxt açarı deyil.


 

Bu Saranı daş el aparır,

Köməyə xan Çoban gəlir,

Aparır sellər Saranı,

Ağ sularda Selcan gəlir.


 

-Adətən varlığımızı qorumaqdan danışırıq. Bəs, yoxluğu qorumaq necə olur?

 

-Yoxluğu qorumaq özümüzdən sonra qoyduğumuz izlə, qalan əməllərimizlə ola bilər. Həmişəki yerin görünür, xatırlanırsansa, deməli yoxluğunu qoruya bilirsən. –

 

-Siz daxil olmaqla dərdi şeirlərdə doğmalaşdırırıq. Bəzənsə o dərdi başqalarına belə qısqanırıq. nədir şairlərdə bu mazoxizm?

 

-Şair özü-özünə əzab verəndir.O,dərdindən həzz alır.onu əzizləyə-əzizləyə sözlə qanadlandırır.Şəxsən məndə belədir. Yadıma gəlir, ilk dəfə 1999-cu ildə Azərbaycan jurnalında dərc olundum. İlk dəfə şeirimin qonorarını alanda düşündüm ki bu, dərdimin puludur, alıram.

Mən o dərddən danışıram ki, şeiri işıqlandırır, ona ilahilik qatır. Şair deyəndə elə ağıla gələn dərd olur. İçində dünyanın,insanların dərdini çəkən dərvişanədir şair. Dərd şeirin fəlsəfi yüküdür, Şairlərin qol-boyun olduğu dərd adi dərd deyil.Füzuliyə baxaq-Deyil bihudə gər yağsa fələkdən başıma daşlar, Binasın tişeyi-ahimlə viran etdigimdəndir".

Yaxud Seyid Əzim necə deyirdi,

Olmasaydı qəmi- eşqin dili -viranımda,

Saxlamazdım onu bu izzət ilə yanımda.

 

 

Söhbətləşdi: Emin Piri