LAÇIN – İSTİ OCAQ
Heç kimin ağlına gəlməzdi ki, qısa zaman kəsiyindən sonra Laçında çox böyük abadlıq, tikinti və inşaat işləri görüləcək. 2020-ci il 10 noyabr Bəyannaməsindən sonra ermənilər razılığa gəldilər ki, Laçını tezliklə tərk edəcəklər. Əlbəttə, müəyyən zaman kəsiyindən sonra üç ölkənin dövlət başçılarının imzaladığı bu Bəyannamə icra olunmağa başladı. Laçının kəndləri və əksər yaşayış məntəqələri ermənilər tərəfindən boşaldıldı. Və bircə Laçın şəhəri qaldı, o da Bə yannamədə göstərilmişdi ki, 5 kilometr məsafədə sülhməramlı qüvvələr yolda hərəkət edən ermənilərin təhlükəsizliyini təmin edəcək.
Təbii ki, qısa zaman kəsiyində Laçın şəhərinə qayıtmaq üçün dövlət başçısı İlham Əliyevin göstərişi ilə Laçın şəhərinə keçməmək şərtilə alternativ asfalt yol çəkildi. Bu ən möhtəşəm bir layihənin icrası idi. Yol istifadəyə verilməklə demək olar ki, Laçın şəhəri də sülhməramlıların nəzarətindən götürüldü və orda məskunlaşmış ermənilər şəhərdən çıxarıldı. Əlbəttə, belə bir füsünkar, gözəl təbiətə malik olan şəhəri diqqətsiz qoymaq olmazdı. Məhz yenə ölkə başçısı cənab İlham Əliyevin tapşırığı əsasında Laçın şəhərində çox böyük abadlıq və quruculuq işlərinə start verildi. Düzdür, Laçın şəhəri Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı kimi dağıdılmamış, əksər yaşayış binaları salamat qalmışdı. Bu da onunla bağlı idi ki, ermənilərin xarici ölkələrdən gətirdikləri əhalisi orda məskunlaşmışdı. Onlara da söz verirdilər ki, qorxub eləməyin, burda sizə hər cür şərait yaradacaq və işlə təmin edəcəyik. Bu ermənilərin «dayılarının» Laçında məskunlaşmış insanlara olan vədləri idi. Amma bir müddətdən sonra onlar gördülər ki, separatçılar və Ermənistanda vəzifə başında əyləşmiş şəxslər onları aldadıblar və pis vəziyyətə qoyublar. Ona görə də Laçını tərk edərkən bir çox ermənilər qəzəblənərək bəzi evləri yandırdılar və hətta tualetin unitazlarını belə söküb apardılar.
Aydındır ki, bizim ermənilərin heç bir avadanlığına, əşyasına ehtiyacımız yox idi. Çünki Azərbaycan iqtisadi və hərbi cəhətdən elə bir qüdrətli dövlətdir ki, xaricdən heç bir yardım almadan işğaldan azad olunmuş yaşayış məntəqələrini yenidən tikmək və qurmaq gücünə malikdir. Bunu biz həm Füzulidə, həm Ağdamda, həm Cəbrayılda, həm Zəngilanda, həm Qubadlıda , həm də Kəlbəcərdə gördük. Laçında isə demək olar ki, elə bir tikinti işləri görülür ki, bu möhtəşəm bir tarixdir. O tarixi görmək və yaşamaq laçınlılar kimi, bizim üçün də çox şərəfli və gözəl bir andır. Laçının hansı küçəsinə, hansı məhləsinə, hansı yerinə qədəm qoyursan orda böyük tikinti, abadlıq işlərinin şahidi olursan. Laçının mərkəzində demək olar ki, əksər yaşayış binaları yenidən tikilərək tam istifadəyə yararlı hala gətirilib. Üstəlik də ermənilərin dağıtdığı yarımçıq binalar da əsaslı təmir olunub. Sosial obyektlər, xəstəxanalar, məktəblər, uşaq bağçaları demək olar ki, hamısı yüksək səviyyədə və keyfiyyətlə tikilərək istifadəyə verilib. Şəhərin mərkəzinə asfalt yol çəkilib. İşıq, qaz və su xətti demək olar ki, tam istismara hazırdır. Hazırdır deyirik ona görə ki, yəni mənzilinə köçmək istəyən, daha doğrusu köçürülən istənilən laçınlı sakin otağa girən kimi işığını yandıra biləcək, suyu gələcək və ocağını təbii qazla isidəcək.
Laçına köçmüş bir neçə sakinlə söhbət edirik. Onların sevincinin həddi-hüdudu yoxdur. Ən azından ona görə ki, 30 ildən sonra doğma şəhərlərinə qayıdıblar. Laçına qayıdanlardan biri də 75 yaşlı Nəsir Cabbar oğlu Kazımovdur. Nəsir kişinin çöhrəsindən sevinc yağır. Deyir ki, oğul, elə bilirdim öləcəm, Laçını görməyəcəm. Amma Allah-Təala mənə ölməmişdən əvvəl Laçını görməyi qismət elədi. Bir də niyə ölürəm ey? Belə havanı udan, suyu içən, torpağın üstündə gəzən insan heç ölərmi? Allaha and olsun ki, Laçına gələn günü səhərə qədər sevincimizdən yata bilmədik. Oğlanlarım, gəlinlərim hamısı bu gözəl, yaraşıqlı otaqda toplaşdı. Axşam da çox dadlı bir Laçın aşı bişirdik. O aşı qaçqınlıq dövründə də bişirirdik ey, amma belə ləzzətli deyildi. Çünki nə yeyirdiksə elə bil balıq sümüyü kimi boğazımızda qalırdı. İndi bizə burda dördotaqlı mənzil veriblər. Allah prezidentimiz İlham Əliyevin canını sağ eləsin və ordumuzu qorusun. Bax, onların hesabına biz bu isti ocaqda oturmuşuq. İnanın, evə girəndə elə bil dünyanı mənə verdilər. Heç inanmızdım ki, bizim üçün belə yaraşıqlı, gözəl mənzillər tikilib. Tək bizim yaşadığımız mənzil yox, yeni tikilmiş mənzillər belə yaraşıqlı və gözəldir.
Nəsir kişi deyir ki, burda biz bekar dayanmırıq. İki oğlum tikintidə işləyir, həyat yoldaşım da xəstəxanada tibb bacısıdır. Bir nəvəmi də işlə təmin ediblər. Əsas məsələ odur ki, şəhərdə əvvəllər adam az idi , indi küçəyə çıxırsan, bazar-dükana gedirsən görürsən, maşallah, nə qədər köhnə qonşular, qohumlar var.
Laçından Kifayət xanım da bu yurdun gözəlliyindən, əsrarəngliyindən söhbət açır. Deyir ki, qardaş, gəlib Laçını gördüm elə bil dünyanı mənə verdilər. Allaha and olsun bəlkə də Laçın dünyanın ən gözəl yerlərindən biridi. Havası təmiz olduğu kimi , insanları da təmiz, sadə və səmimidir. Kifayət xanım düz deyir, kiminlə söhbət etdiksə hamı bizi evinə qonaq dəvət elədi, süfrə açmaq istədiklərini bildirdi. Kifayət xanımın qızı isə Laçını cənnətə bənzədir. Söhbət əsnasında deyir ki, vallah, adam burdan heç yerə getmək istəmir. Sevincimdən səhərə qədər yatmamışam, nə telefona baxıram, nə də televizora. O qədər sevindim ki, Laçının hər daşını, hər torpağını öpdüm. Düşünürəm ki, nə yaxşı göydə Allah, yerdə Cənab Prezident İlham Əliyev bizi bu yurda qaytardı!
… Laçının hər daşında, hər çiçəyində, hər qayasında, hər gülündə şəhidlərimizin izi, ləpiri, nəfəsi , sevgisi hiss olunur. Çünki o boylanan qaya da, o ucalan dağ da, o güllər-çiçəklər də elə şəhidlərin özüdür. Hər addımbaşı onların nəfəsi, həniri, ürək döyüntüsü hiss olunur. Bunu tək biz demirik, bunu həm də Laçında yaşayan və şəhidlərin ruhuna həmişə dua oxuyan minlərlə insan deyir. O insanlar ki yurda döndülər, ocaq qaladılar və öz torpaqlarına ürəkdən bağlandılar. Allah onları həmişə bu yurdda, bu obada, bu ocaqda əbədi saxlasın!..
Faiq QİSMƏTOĞLU
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.